Yazıçılar Birliyinin rəhbərliyi

Türkiyə səfirliyini ziyarət edib

 

Fevralın 10-da Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi qardaş Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib. Səfirliyin önündə zəlzələdə həlak olmuş insanların əziz xatirəsinə gül dəstələri qoyulub. Sonra yazıçılar Türkiyənin fövqəladə səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə görüşərək, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı başsağlığı veriblər. Səfir Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edərək, bu çətin ağır günlərdə, Azərbaycan xalqının böyük dəstək nümayiş etdirdiyini bildirib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar matəm kitabına ürək sözlərini yazıb:

Qardaş Türkiyənin, canımız Türkiyənin başına gəlmiş bu müsibətdən sarsıldıq. Bu Türkiyəmizlə bərabər, Azərbaycanın da bağrına amansız təbiət tərəfindən saplanmış bıçaqdır. Türkiyənin dərdi bizim dərdimiz, Türkiyənin yaraları bizim yaralarımızdır. Zəfərdə bir yerdə olduğumuz kimi, kədərdə bir yerdəyik.

Azərbaycan Yazıçılar Birliyi adından, bütün yazıçılarımız adından Türk xalqına, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı veririk. Əlimizdən gələn maddi mənəvi yardıma hazırıq. Yaralılara şəfa diləyirik.

Hamımızın başı sağ olsun!

 

ANAR

 

Azərbaycan Yazıçılar Birliyinin sədri

10 fevral 2023”

 

Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.12.