Çeşmə kimi dumduru
İlham Məmmədli-60
İstedadlı ədəbiyyatşünas alim və publisist
İlham Məmmədli
yetişib pərvazlandığı
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, həmkarları,
qələm dostları
və oxucuları arasında təvazökar
şəxsiyyət, söz
sənətinin incəliklərini
dərindən duyan tədqiqatçı, həyatın
ən çətin məqamlarında belə öz ləyaqətini qoruyub saxlayan qələm əhli kimi hörmət və nüfuz qazanmışdır. İlham otuz
ildən artıqdır
ki, Respublika mətbuatında ədəbi-elmi
və publisist yazıları ilə çıxış edir.
Onun yaradıcılığında müstəqillik illərinin
ağrıları, əzabları
ilə yanaşı, milli azadlığa qovuşmağın və
doğma torpağın
qayıdışın təlqin
etdiyi fəxarət hissinin şahidi oluruq. İlhamın bir jurnalist, publisist kimi fəaliyyətinin vətəndaşlıq,
milli qeyrət tutumunu onun redaktoru
olduğu qəzetin adı sərrast ifadə edir: "Bütöv Azərbaycan".
Bu qəzetdəki adi xəbərlər də, tarixi mövzulu yazılar da siyasi bir
ustalıqla Vətənimizin
bütövlüyünə xidmət missiyasını
icra edir.
İlham Məmmədli ədəbiyyatşünaslığa
gələndə kifayət
qədər təcrübəsi
var idi. Xeyli müddət
idi ki, Kəlbəcərdə
yaranan ədəbiyyat,
zəngin saz-söz sənəti haqqında monoqrafik tədqiqat aparmaq iqtidarında olan müəllif sorağında idim. İlhamla ilk
tanışlıqdan qəti
qənaətə gəldim
ki, axtardığımı
tapmışam. İnstitutun Elmi
Şurasında İlham
Məmmədli üçün
"Kəlbəcər ədəbi
mühiti" adlı
dissertasiya mövzusunun
təsdiqi böyük
müzakirəyə səbəb
oldu. Bilənlər də danışdı,
bilməyənlər də.
Səs çoxluğu ilə mövzunu təsdiq etdik. Onu da deyim ki, mövzu əleyhinə meydan sulayanlar müdafiə zamanı bu əsəri ən çox tərifləyənlər
oldular. Qəribədir, bütün istedadlı
tələbələrimin mövzularının
təsdiqi zamanı xeyli əsəb gərginliyi keçirmişəm.
İlham Məmmədli tədqiqat işinə haqlı olaraq ədəbi materialın toplanması və nəşri ilə başladı. Əllidən artıq öz sözünü demiş şairin şeirlərindən
ibarət antologiya hazırladı. "Kəlbəcərin söz
sərvəti" adlı
bu kitaba yazdığı geniş
müqəddimə, şairlərin
qısa tərcümeyi-halı
da əlavə olunmaqla elmi prinsiplərə söykənən
sanballı bir məcmuə meydana çıxdı, elmi-nəzəri
ümumiləşdirmələr üçün geniş meydan yarandı. İlham Məmmədlinin "XX əsr
Kəlbəcər ədəbi
mühiti" monoqrafiyası
son on ildə bu səpgidə yazılmış
sanballı əsərlərdəndir.
Bu monoqrafiya ilə
İlham Məmmədli
bir ədəbiyyatşünas
alim kimi özünü ədəbi-elmi
mühitdə təsdiq
etdi. Ən başlıcası isə bu əsər
"ədəbiyyatşünaslıq vərdişləri" ilə
yazılmamışdı. Onun müəllifi poeziyanın
ideya-bədii tutumunu, estetik daşıyıcılarının
tarixi təkamülünü
və hər bir tarixi mərhələdə
kəsb etdiyi bədii funksiyanın çalarlarının duyur
və doğru şərh edir.
Müəllif haqlı olaraq qeyd edir ki,
Azərbaycanda vahid ədəbi prosesin formalaşması və təkamülündə ayrı-ayrı
regionlarda müəyyən
tarixi-sosial və ədəbi şərtlərin
reallaşdırdığı yaradıcılıq mühitlərinin
böyük rolu olmuşdur. Hələ ümummilli ədəbi prosesin formalaşmadığı
tarixi dövrlərdə
Şuşa, Tiflis, Şamaxı, Bakı və s. ədəbi mühitlərini birləşdirən
ümimi amillərlə
yanaşı fərdi
bədii-estetik dəyərlər
də mövcud idi.
Öz spesifık
cəhətlərini saxlayan
sonuncu ədəbi mühit kimi Kəlbəcər ədəbi
mühiti bu regionun erməni faşizmi tərəfindən
işğalından sonra
tarixi gerçəkliyə
çevrildi. Bu ədəbi-estetik
gerçəkliyin tədqiqi
Azərbaycan ədəbiyyatının
zəngin bədii çalarlara məxsus bir qolunu üzə
çıxarmaq kimi nəcib bir missiya daşıyır.
İlham Məmmədli incə poetik ruhu olan
tədqiqatçıdır. O, Kəlbəcərdə
yazıb-yaratmış yüzdən
artıq söz sahibinin poeziyasını tədqiqata cəlb etmişdir. İ.Məmmədli bu regionda yaranan ədəbi nümunələri və
şəxsiyyətləri dərindən
öyrənmiş, onların
bir çoxu ilə yaradıcılıq
əlaqələri yaratmışdır.
İlham Məmmədlinin monoqrafıyası
elmi strukturu və təhlil prinsipləri baxımından
mükəmməl əsərdir. O, birinci
növbədə bu mühitin formalaşmasını
şərtləndirən tarixi-coğrafı,
ictimai-sosial və ədəbi-bədii nümunələr
zəminində konseptual
elmi təsəvvür
yarada bilir. Tarixi və bədii materialların vəhdətdə,
bir- birini tamamlayan amil kimi təhlilə cəlb edilməsi müəllifə öz qənaətlərində ardıcıl
olmağa əsas yaradır.
Kəlbəcər ədəbi mühitinin bədii-estetik fərdiliyini
üzə çıxartmaq
üçün müəllif
səriştəli təhlillər
aparır, tipik nümunələr seçir. Bədii nümunələrin
poetikası səpkisində
aparılan təhlillər
həmin mühitin fərdi sənətkarlıq
cəhətlərini üzə
çıxarır.
Bu əsərin digər
elmi və ictimai əhəmiyyəti
ondadır ki, Kəlbəcər ədəbi
mühiti artıq tarixi anlamdır və onun bərpasının
mümkünlüyü şübhə
altındadır. İlham Məmmədlinin bu kitabı ədəbi-ictimai fıkir
tariximizdə belə bir spesifık mühitin varlığının
təsdiqidir.
İlham Məmmədli püxtə
qələm sahibidir. Onun jurnalistik
fəaliyyəti, ədəbi-ictimai
həyatla daim təmasda olması zəngin faktik materialı seçməkdə,
dəyərləndirməkdə ona yardımçı olmuşdur. Onun elmi-nəzəri ədəbiyyatla tanışlığı
mühakimə və qiymətləndirmələrinin dəqiqliyinə zəmin yaradır.
"XX əsr Kəlbəcər
ədəbi mühiti"
monoqrafiyasının digər
üstünlüyü ondadır
ki, vaxtında yazıldı. Bu bölgədən
çıxan sənətkarların
bir çoxu dünyasını dəyişdi,
özü də Kəlbəcər həsrəti
ilə qovrula-qovrula dünyadan köçdülər.
Yerdə
qalanlar bu gün doğma torpağa qovuşdular.
Ancaq çətin ki, "Kəlbəcər ədəbi
mühiti" anlamını
şərtləndirən vaxtı
ilə gördüyümüz,
yaşadığımız aura bərpa oluna.
İlham
Məmmədli xeyli vaxtdır Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
aparıcı elmi işçi kimi çalışır. Azərbaycan poeziyasında
dördlük formasının
tarixi təkamülü
barədə ciddi araşdırmalar aparır.
Bu mövzuda nüfuzlu
elmi dərgilərdə
dərc etdirdiyi məqalələr qədim
tarixi ənənələri
olan bu şeir
şəklinin poeziya tariximizdəki yerini müəyyən etməyə
yardımçı olur.
Şübhə etmirəm ki,
İlham tezliklə bu monoqrafiyasını tamamlayıb müzakirəyə
təqdim edəcək.
İlham əməkdaşı olduğu
şöbənin sanballı
nəşrlərinin əsas
müəlliflərindən biridir. Onun Səməd
Vurğun, Mir Cəlal,
M.İbrahimov, İ.Əfəndiyev,
M.Hüseyn, B.Vahabzadə,
H.Kürdoğlu, M.Aslan,
Fikrət Sadıq haqqında tədqiqatlarında
poetika məsələləri
əsas hədəf kimi götürülür
və müəllifin
ilk monoqrafiyasında qazandığı
təcrübə ona yardımçı olur. Çoxcildlik "Azərbaycan
ədəbiyyatı tarixi"nin müəlliflərindən
biri kimi onun yeni yaradıcılıq
keyfiyyətləri üzə
çıxır. Tarixi gedişatı
müasir nəzəri-praktik
qənaətlər əsasında
dəyərləndirmək onun seçdiyi doğru metodoloji prinsipdir.
Mən öz yetirmələrimlə (onların
çoxu artıq həmkarım kimi ədəbiyatşünaslıq elmimizi təmsil edirlər) fəxarət duyuram. Bu cərgədə İlham Məmmədlinin öz yeri var. O, vaxtından əvvəl
"ağsaqqal" statusu
qazananlardandır. Doğulduğu Kəlbəcərin çeşmələri
kimi saf və dumdurudur.
60-ın
mübarək, əzizim
İlham!
Şirindil Alışanlı
Filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2023.-
11 fevral.- S.10.