Bu küçədə ölüm var...
Hekayə
Payızın
sonuncu günləri də ağacdan düşən yarpaq kimi
tək-tək azalarkən sərxoş-sərxoş kafelərdən
bayıra atılıb bir neçə addımdan sonra yerə
yıxılaraq gözlərdən itən adamlar kimi həzin
musiqilər küçəyə çıxır, amma şəhərin
səs-küyü içində heç 10 metr getmədən
yoxa çıxırdı və Bakı üçün
dünəndən fərqlənməyən bir günün
daha sonuna gəlirdik. Məhəllənin düz
ortasında illərdi yaşanan hər şeyə şahid
olan çinar ağacının altındakı
"besedka"da oturub nərd atırdıq ki, hamının
döyüşə gedən qarışqalar kimi harasa
qaçdığını gördük.
- Əslində, yaşamağı sevirdim - deyə
qışqırdı məhlə uşağım Samir -
sevirdim amma uşaq olanda, böyüdüm və gördüm
ki, yaşamaq küləyin qoparıb atdığı
yarpaqlarını budaqlarına yapışdırmağa
çalışmaqdan başqa şey deyil. Elədisə, qopan yarpaq
torpağa düşməli və qarışmalıdı
torpaqla - dedi 5 mərtəbənin sonuncu mərtəbəsində.
Bu əcaib adamın poetik
çıxışını nəyə borclu olduğumuzu
bilməyən bütün məhəllə adamları Samirin
səsinə sarı yol aldıq.
Həm bir məhlədə böyümüşdük,
həm də bir sinifdə oxumuşduq onunla. 1-ci sinifdə
"Superman" olub uçmaq və insanları xilas etmək
istəyirdi pis adamlardan, 3-də polis olub insanları qorumaq, 5-də
vəkil olub, ən azından, günahsız adamların
haqqını onlara vermək arzusunda idi, 7-ci sinifdən rəsm
çəkməyə başladı amma. Deyəsən,
insanların bu həyatda xoşbəxt
olmadığını görüb vərəqlər üzərində
onlara rəngli dünyalar hədiyyə etmək istəyirdi,
ya da buna oxşar bir şey demişdi. Sonuncu
məşğuliyyəti onu o qədər içinə
almışdı ki, 9-cu sinifdən çıxıb
özünü qapamışdı evə. Bir də illər
sonra əsgərliyə getməyinə 2-3 ay qalmış
çıxmışdı adam içinə.
O vaxta qədər heç dükana gedən belə görən
olmamışdı Samiri. Yaşayarkən
ölü kimi unudulmuşdu. Mən bunları
düşünərkən yenidən monoloqunun bir hissəsinə
yüksək səslə davam etməyə başladı:
-
İnanın, heç birinizi də sevmirəm, hətta zəhləm
gedir, heç nədən baş açmayan insan
sürüsü...
Bu sözdən sonra sanki onun öləcəyinə
heyfsilənən adamların hamısı fikrini dəyişmiş,
onun yerə çırpılıb qarpız kimi necə
parça-parça olacağını görmək
üçün həvəsə gəlmişdilər. Samirin
atası düşdü yadıma. Görəsən,
indi onu belə görsəydi, nə deyərdi, nə edərdi...
Səhv etmirəmsə, atası bir dəfə çəkdiyi
bütün şəkilləri yandırmış və ona
da şəkil çəkməyi qadağan etmişdi. Əslində,
çəkdiklərindən bir-ikisini görsək belə,
heç nə başa düşmürdük. Hər dəfəsində insana bənzəyən nəsə
gah hardansa yıxılır, gah hardasa boğulur, gah da ovulub
tökülmüş kimi elə rəsmdəcə yoxa
çıxırdı.
Yenə atasını xatırladım. Cavan yaşda
ölmüşdü, onda Samir əsgərlikdə idi, bir
günlüyə gəlib-getmişdi. Üzünə
baxan heç deməzdi ki, atasının yasına gəlib.
Sanki belə də olmalı imiş kimi
yanaşırdı hər şeyə. Üzündə
xəfif gülüş gəlib-gedəni
qarşılayır, yola salırdı, havalanmışdı
elə bil. Əslində, hamı
düşünürdü dəli olduğunu. Amma deyəsən, Samir özünü hava
şarı, atasını isə onu yerə çəkən
bir ağırlıq kimi görürdü, onun
ölümüylə artıq istədiyi qədər havalana
biləcəyini başa düşmüş və bu sərhədsizliyin
verdiyi sevinclə hər kəsi gülərək
qarşılamağa başlamışdı.
Sonuncu dəfə danışanda artıq şəkil
çəkməkdən bezdiyini demişdi. Başqa
heç nə demədən qaçaraq
uzaqlaşmışdı bizdən.
İndi isə binanın başında gah
qışqırır, gah da susurdu. Bir anlığa diqqətlə
aşağı baxdı. Sallağı
oturub siqaret yandırdı, artıq aşağıda duran
hamı heç nə deməyəcəyini
düşünürdü. Elə oturduğu kimi də
qışqırdı:
- Ya da
yox, hamınızı sevirəm. Hamınızı fərqli
rəsmlərdə binadan atmışam, suda boğmuşam,
damarlarınızı kəsmişəm və zövq
almışam ölməyinizdən... İndi isə sıra
sizdədir, - dedi - sıra sizdədir bu zövqü yaşamaq
üçün...
Artıq yavaş-yavaş sağdan-soldan Samirin monoloquna rəylər
gəlməyə başlamışdı. Heç bizim məhəllənin
adamı olmayan bir kişi telefonu 5-ci mərtəbəyə
zilləyərək "fağır uşağın
başına nə gəlib Allah bilir" - deyirdi.
Üzündəki başa düşülməyən
gülüşüylə, sanki bir az da
sevinirdi gördüklərinə. Hər
günü eyni keçən bu adamlar üçün
gözlərinin qarşısında birinin intihar etməsi bir
neçə günlük həyatının rənglənməsi
demək idi hardasa. İndi o kişi
çəkdiyi videonu sosial şəbəkələrdə
paylaşacaq, dost-tanışına hər şeyi ən incə
təfərrüatına qədər danışacaqdı, hələ
bəxti gətirsə hansısa kanal məhəlləmizə
gəlsəydi, ağızdolusu yaşananlardan danışar və
son zamanlarda intihar edən gənclərdən giley-güzar
edib, sonda da ağsaqqalvari bir neçə məsləhət
verərdi.
Binanın
sonuncu mərtəbəsindən qanad açmağa
hazırlaşan sinif yoldaşımın səsi sərçə
yuvasında yem gözləyən körpə quşlar kimi
öz aramızda danışan bizlərin səsini kəsmişdi:
- Nədi?
Leşyeyənlər! Gözləyirsiz ki,
ölüm, sonra hamınız gedib anama təsəlli verəsiz?
Məhəllənin
"qara qutusu" olan Səmayə xala yaylığıyla ağzını
tutub bayaqdan dinməz-söyləməz duran Səmədlə
danışmağa başladı:
- Bu
uşağın başına hava gəlib. Deyirdim də belə
olacaq, bir qarış idi anası öldü, atası da
bir-iki il əvvəl. Özü
də bütün günü evdən bayıra
çıxmadı. Goruna od
düşsün atasının, gül kimi uşağı
incidə-incidə nə günə qoydu.
Ağzında
dişi olmayan Səmayə xalanın nə dediyini başa
düşmək üçün Səməd bir az ona yaxınlaşdı, amma bir faydası
olmadı. Heç nə başa
düşmür, sual dolu gözlərlə ətrafdakı
adamlardan mədət umurdu ki, biri dediklərini tərcümə
eləsin. Məhəllənin "qara qutusunun" nə
dediyini yaxşı başa düşsəm belə, Səmədə
bunları izah edəcək hövsələm
olmadığından binanın başındakı Samirin yerdəki
nəhəng kölgəsi kimi topalaşan adamlardan bir az uzaqlaşıb, çəkdiyi şəkillərdəki
əcaib varlıqlara bənzəyən Samirə baxdım.
İndi heç nə demir, elə sadəcə
aşağı baxırdı. Yanımda kiminsə siqaret
yandırdığını hiss etdim, çevriləndə
sinif yoldaşımız Aydını gördüm. Yenə həmişə
olduğu kimi hansısa vacib bir iş dalıyca gedirdi,
ayaqüstü bir-iki söz soruşub yoluna davam etmək
üçün dursa belə, ölümün
qarşısıalınmaz ehtirası onu da gedəcəyi yerdən
eləmişdi.
- Samir
deyil bu? - astaca soruşdu.
Başımı yellədib Samir olduğunu təsdiqlədim.
- Heyif
e...
Özümdən asılı olmadan Aydına tərəf
çevrilib nəyə heyfsiləndiyini soruşdum.
- Baxma da,
gic idi, dəli idi, nə idisə sinif yoldaşımız olub
da.
Üzündə uşaqlıqdan bəri dəyişməyən
o ürəkbulandıran təbəssümü yenə
görmüşdüm. İçi mən qarışıq bu qədər
insanın kiminsə ölümünü görmək
üçün bu cür həvəslə gözlədiyini
düşünəndə utanırdım. Amma bizim kimi hər günü bir-birinə bənzəyən
adamlar üçün kiminsə ölümü hələ
bunun gözümüzün önündə yaşanması əvəzedilməz
bir dəyişiklik idi. Deyəsən,
içimizdəki qatili qanunlardan qorxub nə qədər gizlətməyə
çalışsaq belə, ölümün
qırmızımtıl rəngi hansı tərəfdə
olur-olsun boy göstərəndə biz də ona sarı
qaçırıq.
Yenə
Samirin səsi eşidildi:
- Nə həvəsli
imişsiz... Gəlib dərdimi danışsam, biriniz bu qədər
dayanmazdı e, - deyib gülməyə başladı, siqaret yandırıb ölümə
susamış yerdəki adamlara diqqətlə baxdı - Anam
öldü... Heç nə dəyişmədi,
elə mənim üçün də dəyişmədi,
gündü doğdu, gecədi düşdü. Ölmək ona qaldı. Atam
öldü, yenə eynisi. Amma o
yaxşı ki, öldü. İndi burda
olsaydı, üstümə cumub, döyüb-söyüb,
axırda özü atardı məni burdan.
Yerdən yenə fərqli-fərqli rəylər gəlməyə
başladı.
"Ay
vicdansız, gör atası-anası üçün nələr
deyir".
"Atası gorbagor olsun onun elə, yazıq qızı
da öldürdü, uşağı da bu günə
qoydu".
"Əşi bu özünü öldürən zibil
deyil, dağılışaq".
"Bu ya içib, ya da çəkib".
Samirin və yerdəki adamların dediyi sözləri
eşidib öz-özümə düşünürəm,
1-ci sinifə başlamağımız yadıma
düşür. İsrarla sinifdə hamını
"Superman" olduğuna inandırmağa
çalışan, uçmağı
bacardığını deyən uşaq illər sonra
uça bildiyini göstərə bilməsə belə,
uçmağa cəsarətinin olduğunu bütün məhəlləyə,
bəlkə də bütün şəhərə
hayqıracaqdı. Bir gün dərsdən
iki aldığı üçün evə getməyə
qorxmuş, məhəlləmizdəki böyük əncir
ağacına çıxıb orda gizlənməyə
çalışmışdı atasından. Bir neçə saat Samirdən xəbər ala bilməyən
Mehriban xala düşmüşdü küçələrin
canına ki, "ah-vay, aman-zaman bir balam hardadı", onda da
bəlkə Samirin itməyindən çox yoldaşı Cəlalın
qəzəbindən qorxurdu. Bilirdi ki, gəlib
evdə hər ikisini görməyən Cəlal
başlarına nə oyun açacaq. Elə
həmin gün ağaca çıxandan sonra düşməyə
qorxan Samir atasının işdən gəldiyini görüb
onu səsləmişdi köməyə. Atası
da eləmə tənbəllik çıxmışdı
ağaca, Samiri qucağına alıb
düşmüşdü aşağı. Uzaqdan bu səhnəyə baxan atasız bir dostumuz hətta
köks ötürüb, incinmişdi
atasızlığından. Bir anın
içində Cəlal əmi bizim üçün super qəhrəmana
çevrilmişdi, düşünmüşdük axı belə
atası olan Samir niyə də "Superman" olmasın ki?
Bu uşaqca fikirlər Cəlalın Samirin
kürəyində şaqqıldatdığı kəmərinin
səsi gələnə qədər davam etmiş, hətta
atasız dostumuz belə, əslində, çox da bir şey
itirmədiyini düşünməyə
başlamışdı.
Barmaqlarım arasında siqaretim sönmüşdü,
hava da get-gedə qaralırdı. Samir oturduğu yerdən
ayağa qalxıb limana çatmaqda olan kapitan kimi bir əlini
qaşlarının üstünə qoyub uzaqlara baxmağa
başladı. Sonra var gücüylə
qışqırdı:
Hə, hazırsız?
Malik Atilay
Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.11.