Xəzər tarixi: xülya, yoxsa
reallıq?
Telman Cəfərov (Vəlixanlı)
Elxan Zal Qaraxanın “Xəzər genişliyi” kitabı
haqqında yazır
Elxan Zal Qaraxanın "Xəzər genişliyi"
kitabı (rus dilində çap olunmuş bu nəşr
"Xazarskiy prostor" adlanır - Bakı, Mütərcim,
2023, 296 s.) bizdə təkcə oxucu yox, həm də tədqiqatçı
marağı doğurduğu üçün tərəfimizdən
onun təqdimatına ehtiyac duyduq. Rəyi hazırlamaqda məqsədimiz
haqqında çox yazılan, lakin bizdə hələ də az tədqiq olunan və oxunan, bunlara rəğmən,
həm də birbaşa tariximizə aid olan kitaba oxucu diqqətini
yönəltməkdir. Xəzərşünas
olmasaq da, mövzu ilə əlaqəli, üst-üstə
düşən sahələr üzrə elmi ədəbiyyatlarla
tanışlığımız böyük zəhmət
hesabına ərsəyə gətirilmiş bu əsərin
elmi ictimaiyyətimiz və oxucularımız üçün
faydasını vurğulamağa imkan verir.
Xəzər xaqanlığı barədə müxtəlif
səpkili saysız-hesabsız materialların, ayrı-ayrı
dillərdə çap olunmuş tədqiqatların sistemləşdirilməsinə
və məhz rus dilində təqdim olunmasına müsbət
yanaşıram. Bununla belə, daxili oxucu auditoriyasını bizə az maraqlı görünən, lakin tarixi
keçmişimizin, milli dövlətçilik tariximizin və
perspektivdə siyasi-diplomatik münasibətlərimizin yeni
müstəvilərdə nəzərdən keçiriliməsi
baxımından bu iddialı nəşr ətrafında məhz
ana dilində bölüşməyə üstünlük
verdik.
Bu gün bu kitabı aktuallaşdıran bir-iki məsələni
qabartmaq istərdik. Bu, ilk növbədə, postsovet dönəmində
avrasiyaçılıq elmi-nəzəri istiqamətinin yenidən
gündəmə gəlməsi, ruslar tərəfindən
neoavrasiyaçılıq, yeni türk dövlətləri
yaranandan sonra isə Turan
avrasiyaçılığının bazasında Türkiyə
tərəfindən "Dialoq Avrasiya" platformasının
irəli sürülməsi və artıq hər iki istiqamətin
müəyyən məzmun və struktur formasında təşəkkül
tapmasıdır. Burada Rusiyanın təşəbbüsü
ilə ərsəyə gəlmiş Avrasiya İqtisadi
İttifaqı və Türkiyənin ətrafında
yaranmış Türk Dövlətləri Birliyindən
söhbət gedir.
İkinci bir məqam. Bu gün biz təəccüblənirik
ki, nə üçün Avropa və Rusiya alimləri (Toynbi,
Şpenqler, Danilevski, Çaadayev və s.) sivilizasiyaların
tarixini, xalqların tarixi-mədəni tiplərinin təsnifatını
verərkən ya türklərin adını çəkmir,
ya da onları "sivilizasiyaların
dağıdıcısı" kimi təlqin edirlər.
Biz öz yazılarımızda dəfələrlə qeyd
etmişik və bunu yenə də vurğulamağa məcburuq:
Böyük Çin Səddindən Balkanlaradək əraziləri
Böyük İpək Yoluna, kommunikasiya məkanına
çevirmiş, bu ərazilərin bir hökmdarın
bayrağı altında idarə olunması ideyasını
ortaya atıb, reallaşdırmağa cəhd etmiş və
zaman-zaman buna nail olmuş tüklərin yaratdığı
dövlətlərin bəzilərinin, eləcə də
müasir Türkiyənin avrasiyaçıların tərtib
etdikləri xəritələrdə çox vaxt təqdim
olunmaması faktı təəccüb doğurur. Kitabda Xəzər
xaqanlığının mövcud olduğu tarixi-mədəni
arealda sivilizasiyaların yaranmasında iştirak etmiş
etnosların, eləcə də etruskların missiyası,
sonradan isə skiflərin Midiya ilə əlaqələri,
müstəqil Midiya Atropatenasının (Azərbaycanın)
formalaşması prosesi tarixi-xronoloji ardıcıllıqla təsvir
olunur. "Xəzər" etnoniminin daxil
olduğu "Hazar vaejah" (Xəzər məkanı),
"Hazarpat" (xəzərlərin başçısı)
kimi tarixi terminlər şərh edilir. Akademik
tarixi-elmi dairələrdə təsdiqlənmiş
versiyaların əksinə olaraq, gətirilən sitatlar və
istinalar türk etnoslarının eramızın
çox-çox əvvəllərindən başlayaraq əsrlər
boyu burada formalaşmış sivilizasiyaların əsas və
aparıcı qüvvəsi olduğu fikrini bir daha diskursa cəlb
edir. E.Z.Qaraxan
"Azərbaycanlıların etnogenezi"
kitabının (Bakı, Elm, 1991, rus dilində) müəllifi
Q.Qeybullayevin "azərbaycanlıların etnik tarixini yenidən
yazmaq lazımdır" tezisini bir daha gündəmə gətirir.
Tanrıçılıq, islam və xristianlığın
yayıldığı Xəzər xaqanlığında yəhudi
dinin qəbulu, "Xəzərlər və karaimlər",
"Xəzərlər və səlcuqlar", "Xəzərlər
və macarlar" başlıqları altında
toplanmış materiallar vaxtı ikən bu regionda
formalaşmış dini təsəvvürlərin, mədəniyyətlərin,
etnik və siyasi rəngarəngliyin bu gün müasir dünyanın
müxtəlif guşələrinə
daşındığı barədə tezis də diqqətdən
yayınmır.
Digər
bir reallıq isə son 10 ilə yaxın bir müddətdə
regionda Azərbaycanın multikultural və tolerant bir ölkə
kimi dünyaya təqdim olunmasıdır ki, bunun da etnik-sosial və
tarixi-mədəni kökləri və bazası var. Bu
günümüzədək ölkəmizdə qorunub
saxlanılmış dini, etnik-milli və mədəni rəngarəngliyin
mövcudluğunun səbəbləri humanitar təfəkkürümüzü
məşğul edən məsələlərdəndir. Folklorumuzda, "Kitabi-Dədə Qorqud"
dastanında, Nizami "Xəmsə"sində, sonrakı
dövrlərə aid çoxlu ədəbi mətnlərimizdə
başqa mədəniyyətlərə və dinlərə
dözümlülük, Azərbaycan insanının
düşüncə və davranışında ümumbəşəri
dəyərlərə qarşı formalaşmış
münasibət maraq doğurur. Bu
marağın xalqımız üçün taleyüklü
məsələlərin beynəlxalq səviyyədə dərkində
və həllində xeyrimizə işləməsi
üçün atılan addımlardan biri də "Xəzər
genişliyi" kitabının nəşridir.
Kitabın bizə dost və tərəfdaş olan İsraildə
ölkəmizin səfirliyinin açılması ilə eyni
zamanda ərsəyə gəlməsini də təsadüf
hesab etmirik.
Son beş ildə beş Xəzəryanı
ölkənin səyləri ilə baş tutan Xəzər
İqtisadi Forumları təkcə iqtisadi və ekoloji problemləri
deyil, həm də mədəniyyət, media-kommunikasiya, təhsil,
ədəbiyyat və sair məsələləri əhatə
etməyi planlaşdırıb. Xüsusilə də Bakı və
Həştərxan arasında sıx təmasların
mövcudluğu, elə bu tandemdə keçirilən bir
sıra tədris, elmi, elmi-metodiki tədbirlərin (məsələn,
ənənəvi "Xəzər" Media Forumları,
"Xəzəryanı ölkələrin
yazıçılarının
yaradıcılığında klassik ədəbiyyatın ənənələri"
adlı ənənəvi Dəyirmi masa, Xəzəryanı
ölkələr üzrə regionşünas mütəxəssislərinin
hazırlığı və s.) sonradan daha geniş müstəviyə
keçməsi, təbii ki, regionun tarix və
arxeologiyasının birgə öyrənilməsinə
ümid yaradır.
Oxucu və
tədqiqatçı kimi ilk öncə bizə maraqlı gələn
o olub ki, Xəzər xaqanlığı həm adı, həm
mövcudluğu, eləcə də coğrafi-tarixi və
tarixi-mədəni varlığı ilə bizim Xəzərə,
tarixi torpaqlarımızın böyük bir hissəsinin aid
olduğu və əsrlər boyu türk dövlətlərinin
yaranıb-süquta uğradığı bir məkana həsr
olunsa da, nə üçün dünyaca məşhur "Xəzər
sözlüyü" kimi bir kitabı serb yazar Milorad
Paviç qələmə alıb. Niyə bizdə Xəzərətrafı
regionların, həmçinin Xəzər
Xaqanlığının müasir Azərbaycana aid olmuş ərazilərinin
tarix və arxeologiyası xüsusi olaraq öyrənilməmiş,
müvafiq elmi institut və mərkəzlərimizdə xəzərlərin
tədqiqinə dair ayrıca şöbələr, tədqiqat-arxeologiya
ekspedisiyaları təşkil edilməmişdir? Nə
üçün dünya xalqlarının iki böyük
köçünün səbəbkarı olmuş türklərin
hərəkət marşrutuna daxil olan Xəzərətrafı
ərazilərdə, eləcə də indiki Azərbaycanın
tarixi torpaqlarında yaşayan etnos və xalqların türk mənşəli
olması həmişə sual doğurub? Dünyanın
böyük imperiyaları dağıldıqca bir yerdən digərlərinə
köç etmək məcburiyyətində qalmış
qonşularımızla müqayisədə eyni tarixi-mədəni
arealda öz passionarlığı sayəsində zaman-zaman
yaranmış qüdrətli dövlətlərin -
Şirvanşahlar, Sacilər, Eldəgizlər, Qaraqoyunlular,
Ağqoyunlular, Səfəvilər, Nadir şahın qurduğu
Əfşar İmperiyasının, son imperiya
dağıldıqdan sonra xanlıqların, Azərbaycan
Demokratik Cümhuriyyətinin və Sovetlərin çökməsi
ərəfəsində böyük mücadilə sayəsində
yenidən müstəqillik əldə etmiş müasir Azərbaycanın
çoxəsrlik dövlətçilik tarixi və ənənələrini
hansı səbəbdən qırılmaz bir xətt üzrə
izləyə bilməmişik? Şərqdə ilk Demokratik
cümhuriyyətin yaradılması kimi təşəbbüslərə
çoxəsrlik tarixi və dövlətçilik təcrübəsi
olmayan bir xalq imza ata bilərdimi?
Bu cür sualların sayını artırmaq da
olardı. Əslində müzakirə edilən nəşrdə
sadaladığımız və sadalamadığımız
sualların bəzilərinə cavab tapmaq mümkündür.
Bəli, rus, fars və Avropa alimləri bilərəkdən Xəzəryanı
ərazilərdə yaşayan yerli etnos və xalqların
İran mənşəli olması və sonradan buraya gəlmiş
türk mənşəli xalqlarla qaynayıb qarışması fikrini ortaya atmış və
onilliklər boyu elə bu düyünün
açılması ilə bizim öz tarixçilərimizin də
başını qata bilmişlər. Xəzər
xaqanlığın yaranmasınadək bu torpaqların sahibi
- Qərbi Türk
xaqanlığının, böyük bir arealda
formalaşıb üç əsr mövcud olmuş Xəzər
xaqanlığının, onun süqutundan sonra isə bu ərazilərə
monqol-tatarlar gələnə və Qızıl Orda yarananadək,
Volqa Bulqariyası və Səlcuq
imperiyasının məhz türklərə məxsus
olmasını sübut edən mənbələrdən
seçilib gətirilən sitatlar, tarixi faktlar göstərir
ki, əhalinin əsas etnik tərkibini türk qövmləri təşkil
etmişdir. Hətta VIII əsrdə (mənbələr
740-cı ili göstərir) xaqanlıqda yəhudi
dinin rəsmi din elan olunmasının belə burada etiqad
azadlığına və tolerantlığına təsir
göstərmədiyi xüsusi qeyd olunur.
Yaxşı məlumdur ki, tarixdə onlarla türk
dövlətləri yaranıb, süqut edib və onların ərazisində
başqa türk dövlətləri formalaşıb. Lakin bu
dövlətlərin heç biri Xəzər
xaqanlığı qədər maraq kəsb etməyib və
mübahisə obyektinə çevrilməyib. Hansı səbəbdən? 1) İtil və Səməndər
kimi iri Xəzər şəhərlərinin deltada
möcüzəli şəkildə yoxa çıxması;
2) rus salnamə və povestlərinin məlumatlarına əsasən,
rus-şərqi slavyanların Xəzərə
yürüşləri, bir sıra slavyan tayfalarını xəzərlərin
asılılığından çıxardıqdan sonra
965-ci ildə rus knyazı Svyatoslavın xaqanlığı
Kiyev Rusundan asılı vəziyyətə salması, nəticədə
onu süquta yetirməsi; 3) VIII əsrdə burada yəhudi
dininin rəsmi dövlət dili elan olunması; 4)
xaqanlığın xalqların böyük köçü
marşrutunun və passionarlıq meydanının düz
göbəyində, o vaxtkı dünya siyasi və dini-mədəni
mərkəzləri - qərbdə
Bizans imperiyası, cənubda Ərəb xilafəti ilə
rəqabət və mübarizəyə üç əsrdən
çox bir müddətdə duruş gətirə bilməsi;
5) Şərqdə - Xəzər, Qara və Azov dənizlərinin
ətraflarındakı, Don, Dnepr, Volqa çaylarının
qıraqlarındakı münbit torpaqları, bütün cəhətlərdən
strateji mövqeyə malik Qafqaz və Krımı öz sərhədlərinə
qatmış təxminən Bizans modelində dünyəvi bir
dövlətin mövcudluğu (xatırladaq ki, sonradan bu
regionda yaranacaq dövlətlərin heç biri ona bənzəməyəcək.
Məncə, Lev Qumilyovun Xəzər Xaqanlığına
münasibətdə işlətdiyi "ximera" -
"xülya" ifadəsi də bu siyasi, etnik-mədəni və
dini özəlliklə bağlıdır).
Bir daha vurğulayırıq ki, "Xəzər
genişliyi" kitabını fərqləndirən
üstün cəhət burada istinad olunan antik, qədim, orta əsrlər
və yeni dövrlərə aid mənbələrin bolluğu
və qoyulan problemin ayrı-ayrı aspektlərinə uyğun
onların şərhidir. Əsasən şair kimi
tanıdığımız müəllifin təqdim etdiyi nəşrin
üslub və janrını müəyyən etmək bir az çətindir. Qoyulan problemin istənilən
aspekti üzrə istinadların çoxluğu, onların dəqiqliyinin gözlənilməsi
və istifadə qaydasına əməl olunması ilə
yanaşı, Elxan Zal Qaraxan, bir tərəfdən, geniş
mütaliə və maraq dairəsinə uyğun Xəzər xaqanlığı tarixi üzrə
öz biblioqrafik göstəricisini təqdim edir. Digər tərəfdənsə,
onun da öz Xəzər "xülya"sının, Azərbaycan
auditoriyası ilə publisist-informator dilində
bölüşmək bacarığının şahidi
oluruq. Burada mənbələrin
adının orijinalın dilində göstərilməsi
kütləvi oxucuya ünvanlanmış kitabın
oxunuşunu çətinləşdirsə də, müəllifin
qarşıya qoyduğu məqsədə nail olduğunu
sübut etmək üçün mühüm amildir. Axı, indi hamı hər şeydən yazır,
tarixi faktları məqsədli şəkildə interpretasiya
edir. Bu isə hazırlı oxucu tərəfindən
birmənalı qarşılanmır. Mənbələrin
bolluğu və onlara müraciətlərin çoxluğu
fonunda Azərbaycan tədqiqatlarının azlığı
diqqətdən yayınmır. Düzdür,
bəzi məsələlərin araşdırılmasında
Z.Bünyadovun, F.Məmmədovanın, N.Vəlixanlının,
Q.Qeybullayevin, Y.Cəfərovun, S.Qasımovanın əsərlərinə
də müraciət olunur. Əslində
müəllifin onları Xəzər tədqiqatlarına
yaxınlaşdırma cəhdi nəzərdən
qaçmır. Halbuki E.Z.Qaraxanın "Xəzər
genişliyi"ndə axtardığı məkanın, tarixi
hadisələrin, mədəni-tarixi arealın, etnogenez məsələlərinin,
dini və mədəni zənginliyin və sair ünvanı Azərbaycandır.
Biz bunu kitabdakı ilk başlıq ("Sirli xəzərlər")
altında verilən materialdan hiss edirik. Xəzərlərin
Zaqafqaziya, Albaniya ərazilərinə yürüşləri,
bu ərazilərdə məskunlaşması faktları ilə
bağlı mənbələrdən sitatlar gətirən və
onları sadalayan E.Z.Qaraxan (M.Artamonov, A.Krımski,
Z.Bünyadov, D.Danlop, Z.Toqan və b.) nüfuzlu mənbə
kimi məhz mərhum Ziya Bünyadovun versiyası üzərində
dayanır. Bizə maraqlı və rasional
görünən müəllifin o fikridir ki, sadalanan bu tədqiqatçıların
hər birinin xəyal etdiyi öz "Xəzəristan"ı
var və orta məxrəcə gəlməklə həqiqəti
tapmaq olar. İnsaf naminə deyək ki, azərbaycanlı
müəllifin tədqiqat amalı heç də
"yorğanı öz üzərinə çəkmək"
niyyəti deyil. O, hətta əsasən Azərbaycana aid
olan "Midiyaya yürüş", "Midiya Atropatenası
- Xəzərvayja", "Xəzərlər və Midiya
dili", "Savirlər, savromatlar, sarmatlar", "Türklərin
dini və xəzərlər" və s.) bölmələrdə
oxucunu məlumatlandırmaqla bərabər, ona öz fikrini
"sırımır", xüsusən də mövzuya
az-çox bələd adamlarda maraqlı fikir assosiyasiyaları
doğurur, onu bu istiqamətdə yeni elmi mənbələrlə
tanışlığa sövq edir.
E.Z.Qaraxan bizim üçün qaranlıq görünən
Xəzər tarixinə bugünkü reallıqlar müstəvisindən
baxır və öz traktovkasını verir. Tarixin təkərini
geri döndərmək olmasa da, insan tarixə dönməyi və
onun barəsində təsəvvür yaratmağı, onu
canlandırmağı, yaddaşı bərpa etməyi
bacarır. Bu yol ən qədim tarix
kitablarından, xronika və salnamələrdən, arxeoloji
ekspedisiyaların materiallarından, folklor və ədəbiyyatdan
keçir. Təəssüf ki, deyilən
mənbələr siyasi, ideoloji və dini mərkəzlər
tərəfindən istiqamətləndirildiyindən bəzən
ancaq onların sətiraltı oxunuşu və cüzi məlumatları
köməyimizə gəlir. Elə Xəzər
xaqanlığı ilə bağlı ölkəmizdə
vaxtı ikən lazımi tədqiqatların
aparılmamasının da kökü buradadır. Bu gün biz kitabda qaldırılan məsələlərlə
bağlı əsasən əcnəbi alimlərin
axtarış və tapıntılarına söykənməyə
məcburuq. Elə təsəvvür
yaranıb ki, Xəzər xaqanlığı tarixinin
ümumtürk və Böyük Çöl tarixi kontekstinə
dəxli yoxdur. Xəzər tarixinin irandilli
xalqların tarixi ilə əlaqələndirilməsinə və
ya Rusiya tarixinin tərkib hissəsi kimi, oğuz-türk tarixindən
kənar məkan və zaman kimi təqdim olunmasına cəhd
edilib.
Fikrimizcə,
"Xəzər genişliyi" kitabının (biz burada
"prostor" sözünü "genişlik" kimi tərcümə
etmişik ki, bu da təkcə Xəzər
xaqanlığının yerləşdiyi ərazilərə,
ehtiva etdiyi dil, din, etnik-mədəni zənginliyə yox, həm
də mövzu üzrə cəlb olunan tədqiqatların, Vətən
tarixi elmimiz qarşında açılan perspektivlərin
genişliyinə bir işarədir) Azərbaycan və ingilis
dillərində nəşrinə ehtiyac duyulduğu kimi, rus mətninin
də təkmilləşdirilmə və redaktə olunmaqla təkrar
çapına tələbat var. Bunun üçün isə əvvəlcə
nəşrə müvafiq institutlar və elmi mərkəzlər
tərəfindən rəy verilməsi məqsədəuyğun
olardı.
Telman Cəfərov (Vəlixanlı)
Ədəbiyyat qəzeti.- 2023.- 11
fevral.- S.8-9.