Minalanmış ərazilər:
həyat eşqinin dili...
(Əvvəli ¹1 sayımızda)
"Külək
buludları şərqə qovur
Ruh dincliyə
ehtiyac duyur
Buludların
getdiyi yerdə xoşbəxt olacağımı bilirəm...".
Həmin əsir düşərgəsində olmayan bir
dildə yazılmış şeir Azərbaycan dilində belə
səslənir.
Bu
şeir əslində yoxdur, yəni həmin əsir
düşərgəsində belə bir şeir
yazılmayıb,
onu filmin yaradıcıları uydurublar. Niyə şeir? İnsanın naməlum
bir labirintdə, müharibənin ortasında, əzaziliyin
qatı bataqlığında poeziyaya əlini uzatması
adamı dərin ümidsizliyə salır. Lakin nə qədər
qəddar yanaşma olsa da fikirləşirsən: Koç
şeiri özüylə müharibəyə aparıb. Lakin
bu şeirin filmin (hekayənin) əvvəlində verilmiş
cavabı var, bu qəfil poetik cavabı da Jil özüylə
gətirib, güllələnmədən xilas edib, cəsarətlə
qoruyub və dəyişməyən ölüm qorxusu
altında ilk dəfə mövcud olmayan bir dildə ifadə
edib:
"Günəşin
yavaşca batdığını görürsünüz, amma
qəfildən qaranlıq düşəndə
çaşıb qalırsınız...".
Görəsən, müharibələr neçə
yazılmamış və dilə gətirilməmiş
şeir deməkdir?
***
İkicə adamlıq dil.
Elə bil oyun oynayırsan. Başlayıb bitirə
bilməyəcəyini fikirləşdiyin dəhşətli
bir oyunun dili də olmalıdır. Ətrafda adamlar
ölüm-dirim mübarizəsi aparırlar, ətrafda adamlar
bir-birilə rəqabət içindədirlər, ətrafda
adamlar bir-birinin sirrini, vəzifəsini, qadınını,
kişisini, bir tikəsini, bir gününü... ələ
keçirmək və ondan istifadə etmək barədə
düşünə-düşünə həyatın
çirkinliyini müharibənin çirkinliyinə
daşıyıb töküblər, bütün bu nəhəng
ət maşınının içində cılız, zəif,
üfürsən yıxılacaq bir canlı
çıxıb oyun oynayır.
Jil başqalarından həyat eşqi ilə fərqlənən
bir tip deyil. Onun mübarizəsi yoxdur. İnsanlar onu maraqlandırmır. Gözünün qabağında baş verənlər
onun insani duyğularını heç bir şəkildə
qıcıqlandırmır. Sanki bütün
gücünü, bütün hərəkətverici cəhdlərini
donduraraq beyninə köçüb orada usta bənna kimi
özünə qala hörür. Hər söz
bir daşdır, sözdən-sözə divar qalxsa da, bu bənna
hər daşın yerini xatırlamağa, hər daşı
təkrar-təkrar yerinə qoymağa məcburdur, üstəlik,
ona daşları nişanlamaq imkanı verilməyib.
Jil insan həyatlarından
yapışıb, hər dəqiqəsi bir insan, bir insan
adıdır:
- Adın
nədir?
- Aviva.
"Viva
- dəlilik".
- Adın
nədir?
- Abramo.
"Bramo - ümid".
Aranko - anko - səbr.
Jilin səbri Tanrı səbrinin insanda əks olunmuş
halıdır.
Tanrı dəyişməz bir nizamla kiçik hadisələrə
- məsələn,
müharibələrə fikir vermir. Onun
yaratdıqları bir-birilərini qırıb tökürlər,
hamısı da buna onun xeyir-dua verdiyini irəli sürürlər.
Nə etmək olar? İşlərinə
qarışmağa dəyməz. Gec-tez
hamısı ölüb gedəcək və yenidən
yaranacaqlar, yetkin adamlardırlar, özləri bilərlər.
Amma görünür, onun da arada əyilib bəndələrindən
birinin qulağına nəsə
pıçıldamağı var, Jil bu
pıçıltını özü bildiyi kimi tərcümə
edib.
Sözlər məhv olmağa məhkum insanların
adlarının yarısı deməkdir. Bəs görəsən,
müharibə onların həyatının nə qədərini
kamına çəkib? Çəkib, amma
Tanrının nəzərində nəsə dəyişibmi?
Bu cılız yəhudini hər yerdə izləyən
gözlər, qulaqlar, şübhələr, inamsızlıq
həm də himayəçisini hədələyir. Yəqin, təsadüfi
deyil ki, qızışdırılmış şübhənin
təhrikiylə otuz doqquz şifahi öyrədilməli olan
sözün qırxıncısı "Həqiqət"dir.
Həqiqət varmı?
Bəli, yoxdur.
Amma Jil ona inanan insanı tapıb və xilası onun əlindədir. Jil xilas
haqqında düşünmür, bu ölüm düşərgəsində
o qədər uzun müddətə hesablanmış ümid
tapıla bilməz, burada məsələ anı ana calayıb
vaxt yaratmaqdır. Ölüm onsuz da hər
addımdadır, həyat başqalarının əlindədir.
Həyat eşqini isə insan heç vaxt
başqalarının öhdəsinə buraxmır.
Tanrı varmı? - Ona inanan bircə insan varsa, deməli, Tanrı da var.
Olmayan bir dil varmı? - Ona ehtiyacı olduğuna inanmış ikinci bir insan
varsa deməli, o da var.
***
İndi dünyamızda belə hadisələr baş
verə bilərmi? Yox. Müasir texnologiya
belə hallara imkan verərmi? Verməz.
İndi heç kimi heç bir dillə aldada
bilməzsən. İndi qırxıncı söz, - ən bəxti
gətirmiş yalan olsa belə çox əlçatandır.
Amma adətən
insanlar aldatmaq üçün xüsusi bir dilə ehtiyac hiss
etmirlər, keçmişdə də belə olub, gələcəkdə
də belə olacaq. Hamı bir-birini bildiyi dillə
aldadır və bu çox asandır. İndi
müharibələrdə dilin heç bir əhəmiyyəti
qalmayıb. Bəlkə də sözün
qiyməti də müharibədən-müharibəyə
düşüb.
Müharibə
təkcə insanların, mədəniyyətlərin, sərhədlərin
taleyini dəyişmir,
həm də sözlərə əl uzadır. Uzada-uzada
da həyatın və ölümün hər küncünə-bucağına
soxularaq özünü təsdiq etdirir. Biz
bu təsdiqi "Müharibənin dili"
adlandırırıq.
Bəli.
Sülh diliylə və müharibə diliylə
danışan bir dünya.
Bu dünyanın "həqiqətini"
qırxıncı sözdə gözləməyə, onun
qırxıncı otaqda olduğuna inanmağa ehtiyac yoxdur.
Müharibənin dili müxtəlif dillərdən istənilən
sözü əxz etməyə, istənilən sözü
sıxışdırıb çıxarmağa qadirdir. Müharibə
insanları da həyatdan sıxışdırıb kənara
atır, sıxışdırılıb kənara
atılmış insan bədənləri əbədi
dövriyyənin bir elementi kimi yoluna davam etsə də, səslər
və səsləndirdiyi sözlər havada asılı
qalır və onları bir daha canlı hala gətirəcək
heç nə yoxdur. Çünki səs barmaqlarımızın ucuna
vurulmuş ən qədim kod kimi təkrarolunmaz dalğalarla
boşluğu sözlərlə doldurur. Bütün
keçmiş həyatlar bu səslərdə qorunub
saxlanıb. Həyat heç nəyi yoxa
çıxarmağa qadir deyil, bir şeydən başqa
şeyə çevrilməyən şeylər öz
halında qalmağa məhkumdur. Əbədilik
öz halında qalmaq isə ölümdür.
Oxunmamaq ölümdür.
Dünyanı
eyni anda bütün səslərlə dinləmək
olsaydı heç kim nə deyildiyini
eşidə bilməzdi. Sözlər dar otağa
sığınmış zahid kimidir, özünə çəkilərək
gözünü yumur və varlığını
həyatın mərkəzində, O-nun qarşısında təkbətək
görür. Bu ikilikdir: Sən və O.
Koç və Jil.
İnanan və Tanrı.
Ümid və Səbr.
Hər
bir zahid otağı qırxıncı otaqdır və bircə
sözlükdür: "Ol!"
Amma hər
zahid öz "Ol" sözünü özü deməlidir...
***
İki min səkkiz yüz qırx qurban.
İki min səkkiz yüz qırx və bir qədər
artıq sözdən ibarət bir dil.
Bu dil
heç kim danışmasa da qurbanların
siyahıya alınmış adları əsasında məxsusi
olaraq bu film üçün yaradılıb.
Bu
müharibənin hekayəyə çevrilmiş və bizi
müharibəsiz təsəvvür edə bilmədiyimiz bir
dünyada hər addımda qırxıncı sözlə -
olmayan həqiqətlə üz-üzə qoyan xəyali dil özümüzə,
dar otağımıza çəkilib düşünməyimizi
istəyir. "Fars dili dərsləri"
öz-özlüyündə iki min səkkiz yüz qırx
sözdən hörülmüş həmin dar otaqdır.
Hər yerdə döyüş gedir, - beynimizdə,
qəlbimizdə, arzularımızda, dualarımızda, niyyətlərimizdə...
və biz onları sözlərlə ifadə edirik.
Bəs
görəsən, dünyada nə çoxdur: Söz, mina, ya
qurban?
"Fars dili dərsləri" göstərir ki, insan
qardaşlığı içində mübarizə əbədidir. Habildən -
Qabildən başlanmış mübarizə. Növbəti əsirlərin içində həqiqi
bir farsın aşkara çıxmasıyla ortaya atılan və
qısa müddətdə boğazının kəsilib
öldürülməsiylə tamamlanan əhvalat artıq fərdlərin
deyil, düşüncələrin, hisslərin - minnətdarlığın
ölümlə çatdırılması ideyasının təbiiləşdirilməsini
ortaya qoyur. İnsan insanı
öldürür, insan insanı müxtəlif səbəblərdən
öldürür və yenə də ədalət və cəza
son nəticədə Tanrıdan gözlənilən bir
şeydir. Özünü Tanrının
xidmətçisi hesab etmək insana xas cəhətdir.
"Fars dili dərsləri"
həm də bir səbəb - nəticə zəncirini halqa-
halqa gedərək Jilin xilasına səbəb yaradır. O bir
insanın ölümünü ləngidir (xilasdan söhbət
gedə bilməz), ölümü ləngidilmiş insanın
qardaşı öz həyatı bahasına da olsa onun
ölümünün qarşısını kəsir.
Nizamda pozulan heç nə yoxdur.
***
"Fars dili dərsləri" əbədi nizam haqda ən
təsirli hekayələrdən biridir.
Amma burada da
sıxışdırılıb
çıxarılmış insan həyatının mənzərəsi
dəyişməzdir. Bu dəfə o, son nəticədə
sıxışdırılıb əsir düşərgəsindən
- hamının taleyinə yazılmış məhv edilmə
anından çıxarılır. Anın
xaricinə çıxmaq burada inananın - Koçun əliylə
baş tutur. Amma bir daha fikirləşirsən: niyə
başqası deyil, Jil? Niyə başqası
deyil, Koç?
Amma nə qədər mənasız düşüncədir,
elə deyilmi?
Çünki adların nə mənası var?
Məna burada sadəcə daxili "Ol!" əmrindədir.
Məna burada sadəcə qarşı tərəfə
keçmək istəyən insanın körpü
axtarışı və özündən asılı olmadan
o körpünü nişan vermiş insan
arasında baş verən daxili razılaşmadadır.
Bu razılaşma Jili dəfələrlə
ölümdən xilas edib. Koç öz inancında
dürüstdür, bir vaxtlar şübhələndiyi (şəkk
gətirdiyi) üçün peşmandır, şükr etmə ehtiyacı
içindədir və Jili özüylə birlikdə
ölüm düşərgəsindən çıxarıb
qaçırdır.
Koç bu hekayədə səmimi və sadəlövh
inancıyla bütün inananları təmsil edir.
Son anda nəinki
hisslərinə məğlub olan, əksinə, o hisslərdən Tanrı
soyuqqanlığı ilə tamamilə uzaq görünən
Jil ona bəxş edilmiş xilasın əvəzində belə
Koçu oyundan xəbərdar etmir. Onun qəzəbinin həyatverici
eşqi qorxudan su içib, həm bağışlamaq, həm də
minnətdarlıq fikrindən uzaqdır:
"... -
Mənə niyə qəzəblisən, həmvətənlərini
mən öldürməmişəm.
- Sadəcə
yorulmuşam.
- Nədən?
-
Qorxmaqdan...".
İnsan qorxunu heç
Tanrıya da bağışlamır, qala bəndəyə..
***
"Hər kəs layiq olduğunu alar".
Bu sözləri filmin əvvəlində ölüm
düşərgəsinin qapısının başında
oxumuşduq.
Koç
xilas olduğunu düşündüyü anda heç olmayan
bir dildə danışdığına inandırmağa
çalışdığı insanlar tərəfindən ən
yaxşı halda dəli kimi qiymətləndiriləcək..
O,
qorxudanların ümumiləşdirilmiş obrazıdır,
hamının yerinə cavab verməklə lənətlənərək
taleyin öhdəsinə buraxılmış İnanandır və bəlkə
də bu, günahkar
İnananın əbədi taleyidir...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.6.