Hara baxıram, şairlər:

bu çığıran şairlər,

bu bağıran şairlər,

bayatı, ağı deyən,

ağıstan şairlər,

qayanı, dağı döyən

dağıstan şairlər...

Təşbehi bəndin içinə

iki əllə atanlar,

mikrofon önündə

kəllə atanlar

(qeybət daşıyır taksi qulaqları,

asmaq da olmur bu ipiqırıqları)...

Razıyam:

yuxarıda,

aşağıda

yerinizi bərkidin,

bircə yaxadan tutub

danışmağı tərgidin,

bircə misranın qulağın

burub qışqırtmayın,

bircə şeiri oxucu

üstünə qısqırtmayın!..

 

Qulu Ağsəs

 

Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.7.