Faniliyin hekayəsi- “Pah”
Sərdar Aminin hekayəsi
haqqında
Esse
Sərdar Aminin bu ilk baxışda
çox sadə, lap mətndəki pambıq kimi çəkisiz, qısaca hekayəsi ömrün asta ritmini, rituala çevrilmiş həyat tərzini təsvir edir. Yaşadıqlarına məhkum olanın
dərin ağrısından
doğan kiçikhəcmli
"Pah" 35 illik romandan qopmuş bircə günün hekayəsidir.
"Pah" tənhalığın
mətnidir - kişi
tənhalığının. Başqa ladlarda həm də vətəndaş gücsüzlüyünün,
ziyalı çarəsizliyinin...
"Bu gecə otuz beş yaşım oldu." yazır protaqonist
və bu cümlədəki ağrının
böyüklüyünü onun ardınca "Divana yayxanıb göbəyimə yığılan
pambığı barmağımın
ucuyla yumruladım."
cümləsinə süni
laqeydliklə sığdırır:
bir az qeyri-estetik,
bir az ironik,
ən çox da kədərli. "...ancaq bu ağrı
o qədər qardaşdı
ki, otuz beş yaşımda
onu hələ də hiss eləməyim pisimə gəldi." -
"Pah" 35 illik ömründə Turin atının
tənhalığını yaşayan qoca gəncin hekayəsidir - biri o birindən seçilməyən fərəhsiz,
rəngsiz, dadsız günlər və yeganə fərqin növbəti gün ömrün sona bir az daha yaxınlaşması.
Hekayədə xarakteri, situasiyanı,
hətta gizli faciəni ifadə edən çox detal var, amma
müəllifin başlığa
çıxardığı nida heç də təkrar-təkrar hallanan "göbək pambığı"ndan az əhəmiyyətli
deyil. "Pah" - faniliyin hekayəsidir. Göbək pambığı
- hünülər - "Nilufərlər"
- hamısı ayrılıqda
var kimi yoxluğun rəmzidir - köksüz, rişəsiz
yaşayanların, "tutunamayanlar"ın...
Bir mətninin içərisində
müəllif başqa
bir hekayəsinə göndərmə edir:
"Nilufərlər" hekayəsini
oxumaq keçdi içimdən. Nə qədər elədim,
müəllifini xatırlaya
bilmədim.
- "Nilufərlər" hekayəsini oxumaq istəyirəm.
- Hansı hekayədi o? Qız tumanıyla makiajını
silir, onu deyirsən? - qab yuduğu mətbəxdən əllərini
sabunlamaq üçün
hamama keçən arvadım indicə sabunladığı əllərini
önlüyünə silə-silə
qayıtdı."
Sərdar Aminin "Nilufərlər"i
də faniliyin mətnidir - nakamlığın,
ayrılıqların, olacağa
çevrilə bilməyən
xəyalların, romanlaşa
bilməyən hekayələrin...
"Pah" hekayəsinin
yazıçı qəhrəmanı
birdən xatırlayıbmış
kimi "Yadımdan çıxmamış deyim,
hekayəmin ilk abzasını
oxuyanda arvadımın
mızıldandığı bircə kəlmə çox da matah
bir söz deyildi, "pah" demişdi." replikası
ömrünü qara yumor kimi yaşayanlara,
acı-acı gülənlərə,
göz yaşlarının
şəffaflığında gizlənən mavi-yaşıl
təbəssümlərə ironiyadır.
Sərdar Aminin bu kiçik,
ilk baxışda oxucuya
bəsit gələcək
qədər sadə hekayəsi ömrün, taleyin, həyatın göz dolandıra bildiyi hər küncünə bir daş atır - nəyisə dəyişə
biləcək təsiri
olmayacaq qədər zəif zərbələrlə. Hekayə "görürəm, fərqindəyəm,
susmaq istəmirəm,
amma məhkumam" deyə bağırmaq istəyənin boğazında
düyünlənən qəhəri
qədər ağır,
kədərlidir.
Sərdar
Aminin əslində çox da bəyənmədiyim,
mətbuatdakı təriflərin
şişirdilmiş olduğunu
düşündüyüm "Su sərgisi" romanının
bircə cümləsi
həmişəlik beynimə
qazılıb ruhumda ciddi təlatümlərə
səbəb olmuşdu:
"Xəyal qurun, arzulayın... Xəyal qurmaq insanın
öz potensialını
Allaha xatırlatmasıdır."
Az qala,
yuxularına belə nəzarət edən, arzularına sayğac qoyan bir insanın
birdən-birə ağlasığmaz
xəyallar qura bilməsi möhtəşəmdir
- gerçək olub-olmayacağını
düşünmədən, sadəcə arzulamaq, xəyal qurmaq və prosesin özündən həzz almaq asudəliyi... Bu asudəliyin verdiyi
möhtəşəmlik duyğusu
"Pah" hekayəsinin
qaragünlü məhkum
qəhrəmanını tərk
edib. O, vəzifələrinin
əlində əsir-yesirdir
- Turin atı kimi buxovlu, məhkum və tənha...
Dördnala çapan at ayaqlarının
səsi qulaqlarında
sabah yenə
yazacaq, yaza bilməsə, yenə dibçəkləri sulayacaq...
bəlkə də, bir gün hünülər
yoxa çıxdığı
kimi, nəhayət, hər şey bitəcək. Kökü özündə nilufərlər kimi özümüzdən rişələnən
bir ömür yaşamağa məhkum olduqca "pah" deyə özümüzə,
həyata ironiya ilə yanaşmaq labüddür.
"Pah" sanki "özünüzə "mən
nə istəyirəm?"
sualını verin"
təlqininin hekayələşmiş
formasıdır və
sorğulamaq heç vaxt ağlımıza belə gəlməyən
kişi xoşbəxtliyinin qroteskini
cızır. "Xoşbəxt kişi hansı kişidir?" sualına mənim cavabım birmənalı olaraq "buxovlardan azad"dır. Mənim
nə həddimə, qoy hekayənin qəhrəmanı özü
cavab arayışına
çıxsın: "Azadlığını
süvarilərlə qazanmış
kişilərin ölkələri,
hanı o atlar? Hə?
Ay azadlığını süvarilərlə
qazanmış ölkələrin
kişiləri?"
Dibçəkləri sulamaq da yazmaq\yaratmaq qədər müqəddəs ritualdır. Qanadları özünə
yük olan 35 yaşlı nasir yaza bilmədiyi günlər dibçəkləri
sulayır - yarada bilmədiyi günlər yaradılmışları yaşatmaqçun
çalışır. Bəs "Görən, çapılan atların səs eləməyən ayağı hansıdır?"
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2023.-
18 fevral.- S.5.