İlham Əzizin "Elvira"
hekayəsi:
məişət əhvalatından insan dramına
İlham Əzizin "Elvira" hekayəsində
müəyyən bir təsadüf nəticəsində
reallaşan qısamüddətli
eşq macərasından
bəhs edilir. Yad şəhərdən
doğma yurduna qayıdan İlqarın qatarda gördüyü qadına marağı, ona qarşısıalınmaz
bir ehtirasla yanaşması hələ
vaqona minməzdən öncə beynində planladığı macəra
həvəsindən, həyatına
rəng qatmaq istəyindən qaynaqlanır.
Onun bu münasibətdən
gözləntiləri də,
istəkləri də
minimumdur: kiçik bir sevinc, ani
xoşbəxtlik. Müəllif
kişinin iç yaşantılarını, vizual
görüntü və
duyğu təsvirlərini
iri planda, son dərəcə estetik, həssas rakurslarla işləyir, zərif mimikalar, jestlər vasitəsilə qəhrəmanının
emosiyalarını onun
xarakteri ilə orqanik şəkildə uzlaşdırmağa nail olur.
Hekayə adi məişət mətni kimi qələmə alınsa
da, submövzusu - alt qatı da özünü
görünməz etmir. Bəzi
sınma məqamlarında
məişət əhvalatı
insan dramına keçir, öz talelərinə məhkum olan insanların həyat faciələrinə
işarələr yer
alır:
"Öləziyən işıqların altında
kişilər, qadınlar,
uşaqlar kədərli
görünürdülər. Bir anlıq
mənə elə gəldi ki, o vaxt repressiya olunan adamlar geri dönür. 60 il əvvəl
yük vaqonlarına doldurulub ac-susuz Sibirə ölümə gedənlər indi ailə-ailə yarıyuxulu
qayıdırdılar".
Yaxud "Qatar sürətlə
gedir, Rusiya torpaqları pəncərədən
vərəqlənirdi. Elə bil hansısa ali varlıq
Rusiyanı kitab kimi vərəqləyib, bizim kimi insanların
xoşbəxt taleləri
yazılmış sətirləri
axtarır, amma heç cür tapa bilmirdi, bizsə vərəqlərdəki
şəkillərə baxıb
həvəslənir, qədərimizi
bu qırmızı-göy
ölkəyə bağlayıb,
aldanıb bədbəxt
olurduq".
Repressiya,
Sibir, Rusiya torpaqları, qırmızı-göy
ölkə, hətta rəmzi mənada hekayədə qəhrəmana
daim maneə ovqatında görünən
qan rəngli qırmızını hər
tərəfdən göy
zolaqlarla bölən
top və s. Müəllif
rəmzlərlə işləyir.
Bəlkə bu da düşündürücü məqamdır ki, qəhrəman hər dəfə şirin xəyala dalıb nələrsə arzu edəndə İslam adlı uşağın atdığı top onun üzünə dəyib fikirlərini pərən-pərən
edir.
Müəllifin istifadə etdiyi maraqlı vizual fəndlərdən biri elə bu top obrazıdır. Yazıçı ona, sadəcə,
predmet, obyekt kimi yanaşmır. Əksinə,
onu subyektləşdirir,
qəhrəmanların münasibətindən,
situasiyalardan asılı
olaraq topun rolu, obrazı dəyişir, fərqli ovqata keçir, əsasən də, maneə, müqavimət aktının metaforu kimi mənalanır. Uşağın adının İslam
olması da simvolikasına varmağı,
diqqətli olmağı
labüdləşdirir. Hekayədə buna işarə
edilməsə də,
daim mühafizəkar statusda görünən obraz olaraq, bu
ad - rəmzin semantikasını
açan mətləblər
sayəsində öz
içindəki mənaya
çatır.
İslam
obrazı mətndə,
əsasən, top detalı
ilə xarakterizə olunur. Müəllif topu qəhrəmanın
istəyinə addım-addım
yaxınlaşdığı məqamlarda alətə çevirməklə həm
mətni çoxplanlı
edərək ona geniş miqyas verir, həm də simvolik tutum qazandırır.
Top obrazının bütün
mətn boyu peyda olaraq, zəruri
situasiyalarda qəhrəmanın
xəyallarına, duyğularına,
vəziyyətə müdaxiləsi
ilə sanki emosiyalarını tənzimləməsi
baş verir və bu hal
refren kimi hekayədə bir neçə dəfə təkrarlanır. Bu anlar oxucuda xəfif yumor yaratsa da,
hər halda ona vəziyyəti analiz etmək, maneənin dərkinə yetmək üçün
üçün imkan
da qazandırır:
"Amma qatar gedirdi,
mən də bu vaqonun ən
gözəl qadınıyla
üzbəüz oturub,
xoşbəxtliyimin və
bəxtimin açılmasının
verdiyi rahatlıqla gülümsəyirdim ki, sifətimə dəyən
rezin topun zərbəsilə gözüm
hər yeri qırmızı-göy gördü,
gözümün qabağında
xırda-xırda toplar
keçdi";
"Bu dəmdə İslam topu necə vurdusa, balaca masanın üstündəki
hər şey yerlə bir oldu";
"Bədənimin hərarətindən
qum tərləyirdi, su salırdı. Bu ilıq auranı İslamın üstümdən
vıyıldayıb keçən
nəm topu dağıtdı".
Müəllif bu fəndlərdən bir neçə epizodda istifadə edir. Yəni, personajlar reallıqda
bir mizandadırlarsa, topun vəziyyətə müdaxiləsi ilə mizan dəyişir.
İlham Əzizin yazıçı
kimi müşahidəçilik
qabiliyyəti yüksəkdir. Bu səriştə vizual mətnin plastik ifadəliliyində önəmli
rol oynayır. Müəllif cazibədar qadın
fakturasının kompozisiyasından
yaranan mükəmməl
təsvirə uyaraq mizanın digər ölçülərini unutmur.
Məsələn, qəhrəmanın daxili vəziyyətini ifadə edən tərləmə detalı
onun həyəcanının,
sıxılmasının, narahatlığının,
utancaqlığının xüsusi vurğusuna çevrilir. Mətndə
hər nüans estetik bir dalğanın
içindədir, hər
hərəkət yalnız
fiziki deyil, həm də emosional aktdır:
"Elviranın bir gözü mənə ehtirasla baxır, bir gözü İslamı göstərib
üzr istəyirdi";
"Xəzər bizi
sakit qarşıladı,
göz atıb üzünü o yana çevirdi. Elviranın gözəlliyi bir
anda Xəzərə qarışdı, sular parıldadı".
Diqqət
etsək, qəhrəmanın
qadınla sevişmə
məqamları da axıcı, yayğın,
hissolunmaz yumşaqlıqla,
sətiraltı estetik
rakurslarla təqdim olunur:
"O gecə Elvira səhərə
kimi qulağıma tatar mahnıları mızıldadı, qarmaqarışıq
sözlər pıçıldadı,
səbəbsiz güldü,
durmadan dərindən
nəfəs aldı, saçlarımı qatdı-qarışdırdı.
O gecə hər yer yumşalmışdı,
hara toxunsam axırdı, istədiyim formaya, şəklə düşürdü".
Hekayədə, demək olar ki, dialoqdan az istifadə edilib. Qəhrəmanın yaşantıları özünün daxili emosiyalarının davranışında,
hərəkətlərində, intonasiyasında, təmkinli
təhkiyəsində ifadə
olunur. Müəllif kişi-qadın yaxınlığını
da bədən dili ilə deyil,
qapalı, korrekt təsvir edir. Hətta dəniz, hamam, yataq səhnələrinin
təsvirində yazıçı
hisslərin vizual təsvirinə fokuslanmır,
iti, qısa montajla kifayətlənir və bu, manevrlə
- yəni mətn boyu davam edən
təhkiyənin formasına
sadiq qalmaqla kompozisiyanın bədii-estetik
keyfiyyətini yüksəldir.
Yazıçı qəhrəmanlarını psixologizmlə
yükləmir, onların
daxili aləmini, düşüncələrini dərindən
açmağa cəhd
eləmir. Adi kişi-qadın münasibətini
nəsr məkanında
obrazlaşdırır. Vəziyyəti romantik situasiyalardan
keçirərək sonda
dramatikləşdirir və
bununla bununla sadə məişət hekayəsinin sərhədlərini
genişləndirir. Epizodlar bir-birini
əsaslandırır və
toxunulan məqamlar zəncirvarı, riyazi dəqiqliklə sıralanır.
Məsələn, hekayədə əvvəldə
verilən həbslə
bağlı işarə
və sonda qadının həbs edilməsi haqda məlumat uğurlu detal olaraq biri
digərini tamamlayır.
Amma qadın niyə həbs olunur? Bu suala hekayədə
aydın işarə edilməsə də, ağır çantalar, sərhəd zastavasına
yaxınlaşan qadının
sanki onu qorumaq məqsədilə bilərəkdən kobud danışması kimi vəziyyətlərdən səbəbi
təxmin eləmək
çətin olmur.
Sonluq topun hekayədəki statusunu da dəyişir. Bura qədər daim maneə - sərhəd obrazında çıxış
edən topun qoruyucu, xilasedici statusu önə keçir və sanki öz missiyasını
başa vurubmuş kimi axıb çayın sularına qarışır:
"Baxmağa yer
tapmadım, Samura zilləndim. İslamın bulanıq suya
yaraşmayan göy-qırmızı
topu atılıb-düşə,
sevinə-sevinə bizim
ellərə axırdı".
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2023.-
18 fevral.- S.6.