Acın acımızdır, Türkiyə!
Acın
acımız, canın
canımızdır, Türkiyə...
Sinənə çəkilən
bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı,
oğul-qızlarımızı, körpələrimizi udan
yarğanlar bütün
Azərbaycanın, ümumilikdə
böyük türk dünyasının qəlbini
yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı...
Nə baş verdiyini anlamayan yaralı körpələr... özü
dağıntılar altında
qala-qala, soydaşlarının,
uşaqların, qadın
və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr... körpəsinə
sarılıb onu öz canı bahasına qorumağa çalışan analar...
həyatını dağıntılar
altında itirmiş
15 yaşlı qızının
uçuqlar arasından
imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata... təkanlarının gücü
getdikcə səngisə
də, binaları titrətməyə davam edən zəlzələnin
növbəti dağıntıları
altında qalmaqdan çəkinməyən, qaçıb
canını qurtarmaq əvəzinə, özünü
qaynar nöqtələrin
mərkəzinə atan
qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər,
operatorlar, xilasedicilər,
sürücülər, fəhlələr...
Bütün bu mənzərələr,
Ümuminsanlıq üçün
oyandırıcı, sarsıdıcı
hadisələr bir daha Sənin yenilməzliyini, Qəlbinin
nəhəngliyini, gücünü
Allaha, İnsana, həyata olan sonsuz Sevgidən alan Əbədi Qalib Ruhunun qüdrətini
bütün dünyaya
nümayiş etdirdi...
şərəfli Türk
Tarixinin yeni Səhifəsini yazdı...
Sarsılma, ruhdan düşmə,
ey bu dünyanın
Sarsılmazlıq və
Yenilməzlik Abidəsi!
Var ol, Yaşa, Ucal, Çiçəklən!
İşığın dünyanı
bürüsün!
Afaq Məsud
Xalq yazıçısı
Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.7.