Kamran Nəzirli nəsri:
bədii detalların gücü
Kamran Nəzirli
imzası ədəbiyyatımızda
realist nəsri təmsil
edən əsas imzalardandır. Yazıçının
ilk kitabı olan "Sevgi nağılı"nda
toplanmış əsərləri,
xüsusilə "Bazar
günü", "Həsrət"
hekayələri həm
mövzu, həm də üslub baxımından 70-80-ci illər
nəsrinin təzahürü
kimi çıxış
edir. Yazıçının daha sonralar qələmə aldığı
əsərlərdə bu
üslub və mövzular arxa plana keçir, solğunlaşır, əvəzində
isə müstəqillik
dövrü nəsrinə
xas keyfiyyətlər meydana çıxır.
Kamran Nəzirlinin
"Müharibə" hekayəsi
1941-45-ci illər müharibəsi
ilə bağlı hadisələrin uşaq aləmində əks-sədasını
əyaniləşdirir. Bu fonda müəllif əsl məhəbbətin
sadə, gündəlik
həyatın qayğıları,
carilik içində görünməyən izlərini,
naxışlarını müharibədə
itkin xəbəri gələn, uzun illər sonra vətənə qayıdan
kişinin qadınının
qəbrinədək dizin-dizin
sürünərək, ağlayaraq
getməsi kimi emosional yükü yüksək olan səhnə ilə əyaniləşdirir:
"Atam bircə anın içində büküldü; mənə
elə gəldi ki, o, inildədi, Abbas dayımın göz yaşlarını
görüb astaca:
- Qəbristanlıq bu yandadı? - deyə
əli ilə üzü qibləni göstərdi. Abbas dayım göz
yaşlarını silə-silə
başını tərpətdi.
Aman Allah, nə dəhşətli səhnə
baş verdi!
Atam qəflətən dizi üstə yerə çökdü; hamı
elə bildi ki, o, müvazinətini itirdi. Amma yox, o, üzü
qibləyə - qəbristanlığa
doğru inildəyə-inildəyə
iməkləməyə başladı.
Dayım
və mən nə qədər çalışdıqsa onu
durğuza bilmədik.
Camaat da bizim dalımızca
düşmüşdü; ağlaşma, hönkürtü,
uğultudan başqa qulağım heç nə eşitmirdi. Atam düz anamın qəbrinə kimi beləcə iməklədi".
Kamran Nəzirlinin
"Qoca uşaq" hekayəsi isə yaxın tariximizə aid olan başqa bir müharibənin - I Qarabağ savaşının
ağrılı nəticələrinin
bədii inikasıdır. Çadırda qaçqın həyatı
yaşayaraq, işğal
altında olan doğma kəndinə həsrətlə boylanaraq
ömür sürən
el-obanın yeknəsək,
ümidi sozalan həyatına yeni insanın - illərlə övlad həsrəti çəkən ailənin
körpəsinin dünyaya
gəliş prosesindən
doğan həyəcanların
qarışması ilk baxışda
müharibə və müharibədən sonrakı
həyatla bağlı
qələmə alınmış
çoxsaylı hekayələrdən
birinin anonsunu verir. Lakin süjetin hekayənin
sonunda verilən kulminasiya nöqtəsi gözlənilməz olur.
İllərlə yolu
gözlənən körpə
hamını heyrətə
salır, onun ağ saçları,
alnındakı qocalara
məxsus qırışları
el-obaya apokalipsis əhvalı yaşadır.
Bu körpə vətən həsrətinin,
yurdsuzluğun uzun illər soydaşlarımıza
yaşatdığı mənəvi
ağrıların - ruhən
qocalmanın simvoludur.
Bütün hekayə
boyunca da müəllif obrazların
vaxtından tez qocaldıqlarını, yaşından
böyük göründüklərini
vurğulayır: "Mənzərlə
əri yaşdan asılı olmayaraq, qocaldıqca onların ətrafında olan doğmalar, yaxınlar, qohum-əqrəba da elə bil onlardan
güc alıb yaşlaşırdı. Və bu
çadırın ətrafına
yığışan adamların
hamısı, demək
olar ki, yaşından qat-qat qoca görünürdü."
Kamran Nəzirli bu hekayəsi ilə Qarabağ ağrısını yeni,
fərqli rakursdan işıqlandırmış, vətən
həsrətini, dərdini
"qocalıq sindromu"
kimi təqdim edərək anoloji mövzulu çoxsaylı
əsərlərin mövcudluğu
faktına qarşı
tam orijinal auralı mətn yaratmağa nail olmuşdur.
Kamran Nəzirlinin "Komada olan adam"
povestində də əsas süjet xətti Qarabağ müharibəsi ilə bağlıdır: "Əsgər
bu kənddə doğulmuşdu və elə bu kənddə
də böyümüşdü.
Amma indi o, öz kəndinə gedə bilmirdi; ermənilər kəndi dağıtmışdılar;
qırılan qırılmış,
qaçan qaçmış,
itkin düşənlərdən
isə neçə illər idi ki, xəbər-ətər
yox idi. Kənddə
ins-cins gözə dəyməsə də, əsgər bilirdi ki, oraya getmək
olmaz. Kəndin girəcəyi, təpəliyin
aşağı tərəfləri,
sentyabrdan bəri yandırılmış taxıl
zəmilərinin göyərməkdə
olan böyür-başı,
qıjıltısını səhər-axşam eşitdiyi
arxın hər iki yanı minalanıb."
Kamran Nəzirli "Müharibə" hekayəsində
öz yaşından böyük müharibənin
acılarını və
ağrılarını effektli
şəkildə əks
etdirməyə nail olsa
da bu mətnlərin
əsasında dayanan hadisələr və duyğular ondan zaman və məkan
baxımından çox
uzaq idi. "Qoca uşaq" və "Komada olan adam"
povestində isə Kamran Nəzirli bir vətəndaş kimi ömrünə yazılan, real olaraq yaşadığı müharibənin
nəticələrini və
"məhəbbət-müharibə"
təzadının bədii
inikasını təqdim
edir. Bu kontekstdə
baxdıqda "Komada olan adam" povestinin "Müharibə"
hekayəsinin zamanla dolğunlaşmış, reinterpretasiya
olunmuş variasiyası
olduğunu qeyd etməklə bədii hipermətnin Kamran Nəzirli yaradıcılığında
varlığını irəli
sürə bilərik.
"Komada olan adam" povestində əsas aparıcı mövzu vətən həsrəti, yurd ağrısı olsa da əsl məhəbbətin
tərənnümü motivləri
də güclüdür.
Nurcan və İntiqamın son zəng mərasimi ərəfəsindən başlayaraq
tərənnüm olunan
sevgi hekayəti ağır sınaqlardan keçməli olur. İntiqam dörd oğlunu vətən yolunda qurban verib tək
balasına sığınan
anasının göz
yaşlarına baxmayaraq
Nurcanla evlənməyə
layiq olduğunu sübut etmək üçün əsgərliyə
gedir. Yaralanan traktorçunu xilas
edərkən minaya düşən İntiqam
ağır koma vəziyyətində həyat
uğrunda mübarizə
edir. Əməliyyatlara və güclü
dərmanlara baxmayaraq ayılmayan İntiqamı
Nurcanın inadlı sevgisi xilas edir.
Kamran Nəzirlinin mənəvi təmizliyin,
saf məhəbbətin
gücünə inamın
təsvir olunduğu
"Komada olan adam" və "Tokay və Manana" əsərlərindən fərqli
olaraq "Şeytan işığı" povesti
antiməhəbbəti, cismani
sevginin mənəvi aləm üzərində
qələbəsini tərənnüm
edir. Əsərdəki Con və Fira
xətti vasitəsilə
yalnız bu qəhrəmanların deyil,
müasir cəmiyyətin
də dəyərləri
sorğulanır. Universitet rektoru
Xanların timsalında
cəhalətin elm qiyafəsində
zühuru, şeytan işığının cəhaləti
bəzəyərək insan
oğlunu aldatması simvollaşdırılmışdır. Bütün bu çirkabın qurbanının yeniyetmə
İlkin olması cəmiyyətə və insanlara gələcəyin
təməlinin düzgün
qoyulması kimi vacib bir mesajı
ünvanlayır.
Kamran Nəzirli
hekayələrində olduğu
kimi povestlərində
də əsl mətləbi detal, element şəklində təqdim
edən nasir kimi qarşımıza çıxır. "Doğmalar
arasında" adlı
ilk povestində mərkəzi
mövzu insan və onun əhliləşdirdiyi
dostu - it arasında duyğusal, emosional münasibətlərin təzahürlərinin
bədii mətnə gətirilməsindən ibarətdir.
Lakin bu oxucunun ilk növbədə gördüyü,
bütün əsər
boyu izlənən süjetdir. Əsl mövzu isə povestin əvvəlində
bir neçə cümlə ilə qeyd olunub: "Əslində o taylı bu taylı evlər,
həyət-bacalar, kəndlər
eyni ruhluydu, eyni həvəsliydi. Amma bütöv kənd ikiyə bölünmüşdü və
ortadakı sərhəd
dirəkləri üstündə
girdə-girdə siqnal
xətləri də ondan ötrüydü ki, bu yandan
o yana, ya
da o yandan bu yana keçsinlər."
Cənubi və Şimali
Azərbaycan anlamlarının
ağrısı, tarixin
ədalətsiz qərarının
bir xalqın taleyində oynadığı
faciəvi rol detal şəklində təqdim olunsa da əsərin əsas mövzusu, vurğulanan məqam məhz bu ayrılıqdır.
Kamran Nəzirli
nəsri müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatında realizmin
parlaq şəkildə
təzahürünün faktoloji
əsasını təmin
edir.
Elnarə
QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2023.-
18 fevral.- S.7.