Qədim ortaq türk ədəbiyyatı (VI-IX)
Bu günə qədər bizdə hazırlanmış
və çap olunmuş Azərbaycan ədəbiyyatı
tarixi kitablarında ədəbiyyatımızın
tarixi-xronoloji yolu XII yüzildən başlamaqdadır. İstər-istəməz
sual olunur, bu dövrə qədər bizim ədəbiyyatımız,
tariximiz olmayıbmı? Əlbəttə,
olubdur. Sadəcə biz, siyasi-ideoloji səbəblər
üzündən, varislərindən biri olduğumuz VI-IX əsr
ortaq qədim türk ədəbiyyatı və tarixini nə
öyrənmişik, nə araşdırmışıq, nə
də ona sahib çıxmışıq. Uzun illər Azərbaycanda ortaq türk-oğuz tarixi,
ədəbiyyatı, dili, etnogenezi yox sayılmış, real
elmi həqiqət uydurma, qondarma siyasi xarakterli konsepsiyalarla əvəz
olunmuşdur. Məqsəd - ortaq türk
tarixi, mədəniyyəti və ədəbiyyatına
qarşı çıxaraq türkləri bir-birindən
ayıran konsepsiyaya dayanaraq qondarma bir tarix, tarixi-ədəbiyyatşünaslıq
yaratmaq idi. Akademik Nizami Cəfərovun bu yaxınlarda
"Ədəbiyyat qəzeti"ndə (27.08.2022) çap
etdirdiyi "Azərbaycan tarixi: qədim dövr haqqında yeni
konsepsiya" məqaləsinin birinci hissəsində akademik
İqrar Əliyevin yuxarılardan gələn "ustanovka"
əsasında məlum konsepsiyanı
hazırladığına, üç və yeddi cildlik
"Azərbaycan tarixi" kitablarının onun bu konsepsiyaya
dayanılaraq yazıldığına, orada bir dəfə də
olsun türk sözü işlənmədiyinə diqqəti
çəkir. Nizami Cəfərov eyni zamanda maraqlı bir məqama
da toxunur: "Mərhum akademik (İqrar Əliyev) "Tənqidçilərə
cavab"ın əsasında dayanan "Yeddicildlik Azərbaycan
tarixi"nın birinci cildinin işıq üzü görməsilə
bağlı bir neçə söz"ünü də
xatırlatır: "Bir vaxtlar midiyalıların dil mənsubiyyəti
məsələsində günaha yol vermişdim (mənim
"Midiya tarixi"mə baxın) ki, o da, əsasən,
dilçilik, xüsusilə iranistikada kifayət qədər
hazırlığımın olmamasından, bir də konkret
materialın çatışmazlığından irəli gəlirdi.
Leninqrada uzunmüddətli elmi ezamiyyətdən, orada bir
neçə il sami və İran dillərini
öyrənib əsaslı dilçilik
hazırlığı keçdikdən sonra artıq bir
sıra məsələlərə ayrı gözlə
baxmağa başladım" (səh. 39)... Nizami Cəfərov
haqlı olaraq yazır ki, bu sətirləri oxuya-oxuya adamın
ağlına gəlir ki, rəhmətlik o zaman Leninqrada
getmişkən sami və İran dilləri
ilə yanaşı, gərək bir neçə ay da türk
dillərini öyrənəydi... Çünki ən
azından, sami, yaxud İran deyil, məhz türkdilli bir
xalqın tarixini araşdırmalı idi".
Yuxarıda bəhs edilən siyasi-ideoloji basqı
üzündən Azərbaycan ədəbiyyatının
gerçək dövrləşmə prinsipləri də həll
olunmamışdır. Əslində, ortaq ümumtürk ədəbiyyatının
etkisi ilə formalaşan Azərbaycan ədəbiyyatının
inkişaf yolu dörd perioddan: 1. Qədim türk ədəbiyyatı
(VI-IX), 2. İslam dininin qəbulundan sonra
formalaşan erkən klassik Oğuz-türk ədəbiyyatı
(IX-XIV), 3. Milli-klassik Azərbaycan ədəbiyyatı
(XV-XVIII) və 4. Yeni dövr Azərbaycan ədəbiyyatı
(XIX-XXI) ibarətdir.
Bilindiyi kimi, qədim türk ədəbiyyatının
formalaşmasında Oğuz türkcəsi önəmli rol
oynamışdır. Beş cildlik "Sravnitelnaya qrammatika
tyurkskix yazıkov" ("Türk dillərinin
qarşılıqlı qrammatikası") toplusunun baş
redaktoru və yazarlarından biri, görkəmli türkoloq,
akademik Əthəm Tenişev kitabın giriş sözündə
yazır ki, "qədim türkcə (göytürkcə -
T.M.) qıpçaq və uyğur ləhçələrinin
qatılımı ilə Oğuz türkcəsinin əsasında
formalaşmışdır". Başqa
sözlə, qədim Türk ədəbiyyatının dili
Oğuz türkcəsi olmuş və bu dildə yaradılan əsərlər
gələcəkdə təşəkkül edəcək
türk-oğuz ədəbiyyatının inkişafında
önəmli rol oynamışdır.
Aparılan bir çox tipoloji
qarşılaşdırmalar da qədim türkcənin ilk ədəbi
dil variantının məhz Oğuz türkcəsinin təməlində
yarandığını təsdiqləməkdədirlər. Beləliklə,
oğuzcanın bir qolu olan Azərbaycan türkcəsinin qədim
ədəbi türkcənin varislərindən biri olduğu
meydana çıxır. Bu da bizim ədəbi
dil tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin
öyrənilməsi baxımından geniş perspektivlər
açır.
Heyiflər olsun ki, bu böyük mədəniyyət
abidəsinin qədim türk ədəbiyyatı
açısından incələnməsi indiyə qədər
lazımi səviyyədə aparılmamışdır. Kül Tiqin, Bilgə
Kağan, Tonyukuk kimi böyük abidələrin mətnləri,
heç şübhəsiz, qədim türk ədəbiyyatının
çox qiymətli və önəmli örnəkləri
olmaqdadırlar. Ancaq bu dəyərli mətnlərin
öyrənilməsi və incələnməsi yerinə,
onların şeir və ya nəsr olması ətrafında
uzun illərdir dartışmalar aparılmaqdadır.
Bəzi türkoloqlara görə, poeziya, bəzilərinə
görə isə epitafik nəsr kimi dəyərləndirilən
Türk runik yazmaları - qədim ortaq türk ədəbiyyatının
misilsiz örnəkləridir. Maraqlıdır ki,
Bilgə Xaqan, Kültəkin, Tonyukuka həsr edilmiş və
yüksək daşların üzərinə həkk
olunmuş runik yazmalarının geniş incələnməsindən
və mənim də qatıldığım uzun
dartışmalardan sonra tanınmış türkoloqlar mətnləri
ədəbi nəsr adlandırmağa başlamışlar.
VI-IX yüzillərdə yaranmış runik yazmalar, Uyğur ədəbiyyatı,
manihey dininin etkisiylə yaranmış fəlsəfi-etik
şeirlər, adı bizə bəlli olan ilk lirik türk
şairi Aprın Çor Tikinin əsəri, heç
şübhəsiz, VI-IX əsr türk-oğuz ədəbiyyatlarının
təkamülünə və inkişafına önəmli
ölçüdə təsir etmişlər.
Aralarında
rus türkoloqları A.Şerbak, P.Melioranski, Türkiyə
türkoloqu Tələt Təkinin və mənim də
olduğum bir qrup alim, Kül Tiqin, Bilgə Kağan, Tonyukuk mətnlərini
nəsr əsəri olaraq görmüş, F.Korş,
A.Bernştam, İ.Steblyeva kimi alimlər isə yuxarıda
adı keçən mətnləri şeir olaraq ələ
almış və incələmişlərdi. Sonuncu
qrupa daxil olan alimlər səs təkrarlarına və
paralelliklərə dayanaraq Kül Tiqin, Bilgə Kağan,
Tonyukuk mətnlərini şeir kimi dəyərləndirməyə
çalışmışlardı. İşin
maraqlı tərəfi ondadır ki, orijinalda bu mətnlər
misralara ayrılmamış, nəsrdə olduğu kimi yan-yana
həkk olunmuşdur. Lakin pofessor
İ.Steblyeva bu əngəli ilginç bir şəkildə
aşmağa çalışmış, Orhon-Yenisey
yazılarının strukturunu dəyişdirərək,
onları misralara bölmüş və mətnə nəzm
şəklini vermişdir. İ.Steblyevaya
görə, runik mətnin hər bir sətri bir tək
cümlədən ibarət deyil. Ana fikir,
bir qrup sadə və mürəkkəb cümlələr
vasitəsilə dilə gətirilməkdədir. Mətnlərin mənası cümləylə deyil,
bir qrup cümlələrlə açıqlanmaqdadır.
Bu prinsipə dayanaraq, Steblyeva cümlələri
parçalara bölüb qitə yaratmaqda və beləliklə
də onları şeir halına gətirməkdədir. Süni şəkildə şeirləşdirilən
bu runik mətnləri İ.Steblyeva daha sonra mənzum əsər
kimi ələ alaraq incələmişdir. Məsləkdaşımızın bu
görüşünü və metodikasını qəbul etmək
mümkün deyil. Bilindiyi kimi, şeiri
şeir edən əsas özəlliklərin başında
misranın ritmik ünsürü gəlməkdədir. Halbuki runik yazılarda belə bir ünsür yoxdur.
Professor Tələt Təkinin də qeyd etdiyi kimi "bu mətnlərdə
şeirin vazkeçilməz xüsusiyyətləri olan
ölçü və qafiyəyə rast gəlinmədiyi
kimi, inversiya və ibarələr də yoxdur".
Qədim türk runik mətnləri, heç şübhəsiz,
ədəbiyyat nümunələridir. Bu mətnlərdə
istifadə olunan üslub, təkrarlar, obrazlı dil
qarşımızda ədəbiyyat əsərinin olduğuna
dəlalət etməkdədir. Lakin bu mətnlərin
ədəbi növü, janrı
alışdığımız ədəbi növlərə
bənzəməməkdədir. Qədim
türklər runik mətnlərin məzmununa, şəklinə
uyğun və yalnız onlara məxsus olan janr meydana gətirmişlər.
Ədəbi fikri, düşüncəni ən
gözəl şəkildə ifadə etmək
üçün onlar mükəmməl bir ədəbi
struktur, kompozisiya yaratmışlar.
Bilindiyi kimi, böyük runik abidələr
xaqanların, sərkərdələrin, əsilzadələrin,
şahzadələrin, tanınmış dövlət
adamlarının xatirəsinə ucaldılmışdır. Bu abidələrdəki
runik mətnlər ölmüş insanların dilindən
yazılmışdır. Mətnin sonunda
onu yazan adamın adı həkk olunmuşdur. Bilgə
Kağan abidəsinin cənuba baxan üzündəki mətnin
ədəbi strukturu belədir: Bilgə Kağan əvvəlcə
qardaşlarına, övladlarına, bəylərə və sərkərdələrə
səslənir, daha sonra Türk xaqanlığının nə
qədər geniş torpaqları ələ keçirdiyini
göstərir, müharibələrdə tabqaçların
türklərə verdikləri zərərdən,
Kağanın türk ulusunu (xalqını) yenidən
ucaltmağından bəhs edir. Abidənin sonunda
mətnin yazarı runiq yazının yaradılma səbəbini
açıqlayır və öz adını həkk edir.
Bu mətnin Tələt Təkin tərəfindən Türkiyə
türkcəsinə edilmiş tərcüməsinin azəricələşdirilməsinə
dayanaraq bir neçə örnək vermək yerində olar:
"(Mən), Tanrı kimi (və) Tanrı'dan olmuş
Türk Bilge Kağan, bu dövrdə taxta oturdum. Sözlərimi başdan
sona eşidin, öncə (siz) qardaşlarım (və)
oğullarım, birləşmiş boyum və (xalqım)...
doğusuna, güneydə gün batısına qədər, geridə
gün batısına, quzeydə gecə ortasına qədər...
bu sərhədlər içindəki (bütün) xalqlar
ancaq mənə tabedir. Bu qədər xalqı mən
qaydaya, düzənə qoydum. Onlar indi
(heç də) pis vəziyyətdə deyillər. Türk Kağanı Ötükən
dağlarında oturur (və oradan hökm edər) isə
ölkədə (heç bir) sıxıntı olmaz.
İrəlidə Şantung ovasına qədər səfər
etdim, dənizə az qalmış durdum;
güneyde Doqquz...
Ersin'ə
qədər səfər etdim, Tibet'in
yaxınlığında durdum; geridə Dəmir Qapı'ya qədər
səfər etdim, quzeydə Yir Bayırku ölkesinə qədər
səfər etdim, bir çox diyara (ordu) sevk etdim (və
anladım ki), Ötükən dağlarından daha
yaxşı (bir yer) əsla yox imiş! Dövlətin yönəldiləcəyi
tək yer Ötükən dağları imiş! Bu yerdə oturup Çin xalqı ilə (əlaqələri)
düzəltdim. (İndi onlar bizə) qızılı,
gümüşü, ipəyi, ipək qumaşları bolluca
verirlər...
(Çinlilərin)
şirin sözlərinə (və) yumşaq ipək
parçalarına aldanıb (ey) Türk xalqı, çox
sayda öldün! (Ey) Türk xalqı, (sən) mütləq
öləcəksən! Güneydə Çuğay
dağlarına (və) Töyültün yaylasına yerləşək
desən, Türk xalqı, mütləq öləcəksən!
Ötükən ölkəsində oturub
(buradan) karvanlar göndərsən, heç bir dərdin olmaz.
Ötükən dağlarında qalsan, sonsuza qədər
dövlət sahibi olub hökm edərsən...
...Tanrı
lütfkar olduğu üçün, özüm (də)
talehli olduğu üçün (Kağan olarak) taxta oturdum. Taxta oturub yoxsul (və) fağır xalqı bir yerə
topladım. Yoxsul xalqı zəngin etdim, az xalqı
çox etdim...".
Yuxarıdakı parçadan da göründüyü
kimi, bu mətn poetik əsər deyildir. Tam tərsinə
sağlam bir nəsr əsəridir. Məntiqə,
özünəməxsus ifadə tərzinə, müəyyən
bir ədəbi şəklə dayanan bu əsərin
janrını, biz yazılarımızda "epitafik hekayə"
adlandırmışıq. Heç
şübhəsiz, bu tip qədim runiq mətnlərin
"epitafik hekayə" janrı çərçivəsində
incələnməsi, türk nəsr gələnəyinin
çox qədimlərə dayandığını göstərəcəkdir.
Şeir gələnəyinə gəlincə, qeyd etməliyik
ki, qədim türklər alliterasiya sisteminə dayanaraq əsərlərini
yaradırdılar. Bu şeir sistemi başda qafiyə, anafora,
alliterasiya, daxili qafiyə, assonansa dayanmaqdadır. Qədim türk qaynaqlarına dayanaraq, şeirdəki
morfoloji və sintaksis şəkilləri, Altay şeirində
qitənin quruluşunu araşdıran akademik V.Radlov başda
qafiyənin, anaforanın qədim türk şeirinin əsas
özəllikləri olduğunu yazmışdır.
Adı
bizə məlum olan ilk qədim türk şairi Aprın
Çor Tiqinin VII əsrdə yazmış olduğu şeir
bu baxımdan çox maraqlıdır:
Kaşınçıgımın
ö (yü)
Kadgurur
men
Kadgurduk(ça)
kaşı körtlem
Kavışıgsayur
men
Öz
amrakımın öyür men
Öyü
evirür men ödü...çün
Öz amrak(ımın)
Öpügseyür men.
Bayarın
tiser
Bac
amrakım
Baru yime
umaz men
Bagırsakım.
Kireyin
tiser
Kiçigkiyem
Kirü
yime umaz men
Kin yıpar yıdlıgım.
Yavruk
tengriler
Yarlık
kazunun
Yavaşım
birle
Yakışıpan adrılmalım.
Küçlüg
priştiler
Küç
birzünin
Közü
karam birle
K(ül)üşüp
(en)onuralım.
Yavuklumu
(sevgilimi) düşünüb,
Qayğılanıram;
Qayğılanaraq, ...Gözəlim
(Sənə)
qovuşmaq istəyirəm
Öz
sevgilimi düşünürəm
Düşünüb
durduqca
Öz
sevgilimi
Öpmək
istəyirəm
Gedim desəm,
Gözəl
sevgilim,
Gedə
bilmirəm,
Mərhəmətlim!
Girəm
desəm,
Balacam mənim,
Girə
bilmirəm,
Mis və
ənbər ətirli (sevgilim)!
Nurlu
tanrılar
Lütf
edib buyursun:
Yumşaq
xasiyyətlim ilə
Birləşək
(heç) ayrılmayaq!
Qüdrətli
mələklər
Güc
verin:
Gözləri
qaram ilə
Gülüşərək
(şən) yaşıyaq!
Lirik qəhrəmanın
sevgilisinin gözəlliyini mədh etdiyi, onunla
ayrılıqdan hüznləndiyi, yarına qovuşmaq həsrətində
olduğunu dilə gətirən və səmimiyyətilə
fərqlənən Aprın Çor Tiqinin bu şeiri
strukturuna, formasına görə, əsas özəlliyi
"şaquli", yəni anaforik alliterasiya, səs təkrarları
sistemi, misraların heca sayının sərbəstliyi olan
alliterasiya poeziyası sistemində yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, bu alliterasiya
şeiri qədim türk dilinin təbii qanunlarına
dayanılaraq formalaşmışdır. Şair əsərin
hər bəndinin ilk misralarını aaaa; bbbb və s. şəklində
alliterasiyaya tabe tutur. Şeirdə "şaquli"
alliterasiyadan başqa, "maili" alliterasiyadan, yəni misra
içində samitlərin təkrarından (kadguruk(ça)
kaşı körtlem) və feil tipli qafiyədən də
istifadə olunmuşdur. Bu əsərin bir
başqa özəlliyi də ondan ibarətdir ki, o, qədim
türklərin İslam ədəbiyyatı ənənələrini
qəbul etməzdən çox-çox əvvəl məhəbbət
lirikasına sahib olduğunu göstərməkdədir.
Bu şeirdə istifadə olunan "kozü kara"("qara
gözü"), "kaşı körtlem" ("qaşı
çatma") kimi bənzətmələrin
günümüzə qədər gəlib
çıxması, türklərin yüzillərlə
formalaşan gözəllik, estetik anlayışlarının
öyrənilməsi baxımından da ilginçdir.
Alliterasiya şeiri qədim türklərin əsas poetik
sistemi olmuşdur. Sibirdə tapılan türkcə yazılmış
anonim şeirlər bunu isbatlamaqdadır.
Tünerig
tünçüle basar tiyür,
Tunumlug tegir tiyür.
Töş öz-e olurup tültürür tiyür.
Tanmış üz-ütler taşıkar tiyür.
Yuxarıda verdiyimiz və ölümü təsvir edən
qədim türk şeirindən alınmış bu
dördlükdə göründüyü kimi,
"şaquli" (tö/tu/tö/ta), "maili"
(tü/tü/; tı/te/ti; tö/tü/ti/; ta/ti) alliterasiyalar,
misraların sonundakı təkrarlar əsərin
başlıca səs sistemini təşkil etməkdədirlər.
İslam mədəniyyətinin təsiri altına
düşməmiş Tuva, Xakas, Altay, Yakut ədəbiyyatlarında
bu gün də alliterasiya şeirindən geniş
ölçüdə faydalanılmaqdadır. Müsəlman
mədəniyyətindən uzaqda qalmış Altay
xalqlarında qafiyə Oğuzların poeziyasından fərqli
olaraq xeyli primitivdir, əvəzində birincilərdə
alliterasiya güclü inkişaf etmişdir. Qafiyənin inkişafı nəticəsində
alliterasiyanın zəifləməsi, şübhəsiz, qafiyəni
bilən, alliterasiyanı bilməyən fars-ərəb
poetikasının təsirinin nəticəsi idi. Tuva alimi A.Toguyool "Tuva şeirinin poetik
formaları" əsərində yazdığı kimi,
alliterasiya istər xalq ədəbiyyatında, istərsə də
çağdaş tuva şeirində başlıca səs
vahidi olaraq, qitə içində yeni misranın
başlandığını göstərən bir növ səs
işarətidir və başqa dillərdəki kimi qafiyənin
rolunu üzərinə almaqdadır.
İslam
mədəniyyətinin təsiri altına nisbətən az düşmüş Qırğız, Qazax,
Başqırd poeziyasında yeni dövrə qədər
alliterasiya əsas şeir sistemlərindən biri olmuşdur.
XV yüzil qazax yazılı ədəbiyyatının
ünlü şairi Dospambet aşağıda verilən
örnəkdə olduğu kimi, şeirlərində bu sistemdən
geniş ölçüdə faydalanmışdır:
Toğay,
toğay, toğay-su
Toğay
kondım, ökinber
Tolğamalı
ala balta kolğa alıp,
Top
basmadım, ökinben,
Tobırşığı
buik jay salıp
Tuşban attım, ökinben.
"Oğuz dilində yazılmış "Dədə
Qorqud Kitabı"nda alliterasiyadan sistemli şəkildə
istifadə olunmur, onlara yalnız bəzi söyləmələrdə
rast gəlinir.
Aşağıda verdiyimiz örnəkdə
"şaquli" və "maili" alliterasiyalardan
faydalanıldığını görürük:
Karşu
yatan karlı kara tağlar
karıyupdur
otı bitmez
Kanlı
kanlı ırmakları
karıyuptur
suyu bitmez...
İki
misralı bu örnəkdə səs uyumunun müxtəlif
şəkillərindən - alliterasiyadan (karşu yatan
karlı kara tağlar karıyupdur), anaforadan
(karşu\ kanlu), təkrarlardan (karuyupdur\ bitməz)
yararlanılmışdır.
Qədim türk şeirindən fərqli olaraq,
"Kitab"dakı söyləmələrdə kompozisiya
paralelizmlərinə dayanmaqdadır. Bu şeirlərdə
paralelizm sayəsində meydana gələn rədifli qafiyə,
ritmi təşkil edən əsas elementə
çevrilmişdir.
"Dədə
Qorqud Kitabı"nın şeir mətnlərində
yeni sillabik poetik sisteminin yaranma prosesini görmək
mümkündür. Paralelizm və amebeyn kompozisiyasının
təsiri ilə 4+3 ölçüsüylə
yazılmış yeddi hecalı beytlər buna misal ola bilər:
Vay
göz açup/ gördüğüm
Könül
verip/ sevdigüm
Yeddi
hecalı şeirlərdən başqa "Dədə Qorqud
Kitabı"nda səkkiz, on bir, on iki hecalı mətnlərə,
bəzi söyləmələrdə isə müxtəlif
hecalı və qafiyəli hikmətli beytlərə də rast
gəlirik:
Dünya
benüm diyenler
Ecel
aldı yir gizledi
Yaxud:
Gelimli
gidimli dünya
Ahır son ucu ölümlü dünya.
Heç şübhəsiz, bu beytlər türk
şeirində dörd misralı bəndə keçid rolunu
oynamaqdadır.
"Dədə Qorqud Kitabı"nda elə söyləmələr
vardır ki, tam formalaşmış olmasalar belə, onları
dörd misralı heca şeiri kimi dəyərləndirə
bilərik:
Yücelerden
yücesin
Kimse bilmez
niçesin
(Görklü
Tanrı)
Niçe cahiller seni gökte arar yirde ister.
Sen hod mü'minler könlindesin.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır
ki, "Dədə Qorqud Kitabı" oğuzlarda bədii təfəkkürün
formalaşması və gəlişməsində də
böyük rol oynamışdır.
"Dədə
Qorqud Kitabı"ndakı şeir mətnlərinin incələnməsi,
onların qədim türk şeirinin nümunələrilə
tipoloji qarşılaşdırılması türk
poeziyasının oluşma, gəlişmə yolunu izləməyə
və belə bir nəticəyə gəlməyə imkan
verir ki, oğuz eposundakı söyləmələr, qədim
türk poetik gələnəyinə dayanaraq və İslam mədəniyyətinin
təsirilə yeni bir poetik sistemin yaranmasına münbit bir zəmin
hazırlanmışdır.
Bilindiyi kimi, İslam mədəniyyəti türk
şeirinin yenidən formalaşmasında olduqca böyük
rol oynamışdır. X yüzildə İslam dinini qəbul etdikdən sonra bu
mədəniyyətin təsirilə türklər tamamilə
yeni bir şeir sistemi yaratmalı olmuşlar. Ancaq
bu təsirdən bəhs edərkən onu da unutmamaq
lazımdır ki, türklər ərəb-fars şeir sənətinə
kor-koranə yanaşmamış, öz genetik
düşüncə tərzinə, tarixi yaddaşına, gəlişmiş
ədəbi dilinin strukturuna, qanunlarına uyğun bir şəkildə
onu həzm etmişdilər. Yeni sillabik
şeir sisteminə keçid daxili inkişaf prosesi sayəsində
baş vermişdir. İslam mühitində
yazılmış ilk türk şeirlərində alliterasiya və
yeni formalaşan şeir sisteminin iç-içə
olmasını Turfanda yazılmış bu şeir də
aydın göstərməkdədir.
Aklar bulut
örlep kükirep
Alkuka mu
kar yağurur
Ak bir
saçlıg karı anam
Açıyu
mu yaşların akıtur
Karalar
bulut özlep kükirep
Kar mu
yağmur ol yagurur
Karı
yaşlıg ol anam
Kayguda mu
yaşın akıtur
Yazkı
bulut yaşlap kükirep
Yagmurlar
mu ol yagurur
Yaşı
kiçig olganlarım
Yaşların
mı akıtur
Küzki
bulıt, örlep kükirəp
Köp
mü yagmur ol yağurur
Köngül
iki kiçig taşım
Köz yaşların mu ol akıtur.
Hər bəndi
4 misradan ibarət olan bu ağıda, "şaquli"
alliterasiya - anafora, hər bəndin 1-ci, 2-ci, 4-cü
misralarının sonunda təkrarlanan kükirəp/yağurur/akıtur
kəlmələr, bənd içində 2-ci və 4-cü
misraların qafiyələnməsi, 3-cü misraların səs
bənzərliyi sayəsində bu şeirdə maraqlı bir
ritmik sistem meydana gəlmişdir. Şeirin
misralarında heca sayı 7-10 arasında dəyişir. Rəşit Rahmeti Aratın da qeyd etdiyi kimi, "nəzm
şəkli və ifadə tərzi ilə daha sonrakı xalq ədəbiyyatını
xatırladan bu mənzumələrin, qədim və yeni
arasında bir bağ vəzifəsini oynadığı fikri
irəli sürülürsə, bu həqiqətdən
çox da uzaq olmaz".
Heca vəznində yazılmış ilk xalq şeirlərinin
örnəkləri, Qaşqarlı Mahmudun 1072-1074-ci illər
arasında hazırladığı və nəşr etdirdiyi
"Divan-ü Lugati`t-Türk" əsəri sayəsində
bizlərə gəlib çatmışdır. 289 ata sözünün, 764
misralıq mənzum parçaların yer aldığı
"Divan" kitabı Tələt Təkinin də qeyd etdiyi
kimi, yalnız Türk dili tarixi baxımından önəmli
bir sözlük və ya sadəcə türk dili
araşdırıcılarının baş vuracağı
olduqca qiymətli elmi bir qaynaq olmayıb, eyni zamanda türk
xalqlarının ədəbiyyatını tədqiq edənlərin
də yararlanacağı zəngin bir qədim Türk şeiri
antologiyasıdır.
"Divan"dakı
mənzum parçalar araşdırılırkən, orada heca
vəznilə yazılmış dördlüklərlə bərabər,
heca vəznindən və alliterasiyadan bərabər
faydalanılaraq yazılmış dördlüklərə də
rastlanılmaqdadır:
Keldi esin
esneyü
Kadka
tükel osnayı
Kirdi bodun
kasnayu
Kara bulut kükreşür.
Baharın
gəlişini təsvir edən bu dördlük 4+3
ölçülü, 7 hecalı, son qafiyəli ve eyni zamanda
"şaquli" alliterasiyalı (keldi/kadka/kirdi/kara) bir
şeirdir.
Kuydı
bulıt yagmurun
Kerip tutar
ok torın
Kırka
Kodtı ol karın
Akın
akar engreşüz
4+3
ölçülü, 7 hecalı bu dördlükdə isə
3 misra "şaquli" alliterasiyalı
(kuydı/kerip/kırka); üçüncü ve
dördüncü misralar ise "maili"
alliterasiyalıdır (kırka/kodtı/karın; akın/akar).
Verdiyimiz
örnəklərdən də göründüyü kimi,
X-XI yüzillərdə İslam mədəniyyəti və ərəb-fars
ədəbiyyatlarının təsirinə daha çox
düşmüş bir çox türk xalqlarının, o
cümlədən oğuz türklərinin prosodiyasında,
ilk növbədə şeirin quruluş sistemində struktur dəyişiklikləri
görünür, alliterasiya və anaforanın əhəmiyyəti
yavaş-yavaş azalır, qafiyənin rolu isə yüksəlir.
Bunun nəticəsində qədim türk
şeirində ciddi transformasiya baş verir və heca vəzni
formalaşmağa başlayır.
Beləliklə, heca vəzninin qədim türk şeiri olan alliterasiya sisteminin İslam mədəniyyətinin təsiri altında və daxili inkişaf nəticəsində meydana çıxdığını deyə bilərik. Yeni yaranan heca şeir sistemi zamanla Əhməd Yəsəvi və Yunus Əmrənin şeirləri sayəsində daha da mükəmməlləşir və geniş coğrafiyaya yayılır.
Tofiq
MƏLİKLİ
Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.8-9.