Mən sabahımdan nigaran deyiləm

 

Yaradıcı insanlar (şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar) müəyyən yaş həddinə çatandan sonra, özündən geridəki ömür haqqında ara-ara dərin fikirlərə qapılırlar: "Görəsən, gələcək nəsillər məni xatırlayacaqlarmı, əsərlərim məni yaddaşlarda yaşada biləcəkmi?" Hətta dahilər belə bu nigarançılıqdan xali olmayıblar. Mən sabahımdan nigaran deyiləm. Bu adi öyüncəklik, özündən razılıq kimi başa düşülməsin. Bunu deməyə ciddi səbəblərim var. Birinci səbəb odur ki, beş ədəbi janrın beşində qələmimi  uğurla işlətmişəm. Altı roman, beş povest, çox sayda hekayələr, bir kitablıq şeirlər, publisist məqalələr, xatirələr tərcümələr müəllifiyəm.

"Vicdan susanda" romanım əlli iki ildir ki, oxucu marağını itirməyib, əsər öz aktuallığını hələ saxlayır. Kitab evlərindən zəng vurub romanın yeni nəşrini istəyirlər. Bu əsər rus, ingilis, türk, fars, ukrayna dillərində çap olunub. Rus dilində iki il dalbadal 100.000 (yüz min) tirajla 1979 1980-ci illərdə nəşr edilib. Nəşr aləmində bu nadir hadisədir, ümumiyyətlə, otuz mindən yuxarı çox az-az əsərlər nəşrə layiq görülürdü. Hazırda "Vicdan susanda" romanımın internetdə elektron variantı da mövcuddur. Öz dilimizdə dönə-dönə yüksək tirajlarla işıq üzü görüb. "Müqəddəs ocaq", "Ömürlük əzab", "Gecikmiş eşq", "Lotu" yaxud "Zəmanə adamı", "Sabaha ismarıc" romanları, "Gəlin", "Ayazlı gecələr", "Həyat bizi sınayır", "İnsaf nənə", "Ana intiqamı" povestləri oxucuların diqqətindədir. Görkəmli rus yazıçısı Valentin Rasputinin iki əsəri: "Mariyaya pul lazım idi",  "Son möhlət" povestlərinin tərcüməsi ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır. "Sınmış inam", "Öz evində qonaq", Birinci Vətən müharibəsi mövzusuna həsr olunmuş "Ana intiqamı" povestlərim respublikamızın teatr səhnələrində oynanılmışdır, şeirlərimə mahnılar yazılmışdır.

Sonuncu romanım olan "Sabaha ismarıc" əsərimi doxsan üç yaşımda, gözüm zəif olduğu əlim qələm tutmadığı üçün diktə ilə yazdırmışam. Qələm əhlləri, yazı-pozu adamları diktə ilə böyük əsər yazdırmağın çətinliklərini yaxşı bilirlər. Bütün əziyyətlərə baxmayaraq, əsər lazımi bədii səviyyədə alınmışdır, oxucuların yüksək məhəbbətini qazanmışdır, Azərbaycan radiosunda bütünlüklə dinləyicilərin diqqətinə çatdırılmışdır.

Bax, sadaladığım bu səbəblərə görə açıq alınla təkrar edirəm: "Mən sabahımdan nigaran deyiləm". İnanıram ki, beş ildən, on ildən daha sonralar mənim yaradıcılığıma daha düzgün qiymət veriləcək. O zaman vəzifə üzgörənlik asılılıqları olmayacaq, əsərlərə daha obyektiv münasibətlə yanaşılacaq, indiki kimi, qeyri-obyektiv fikirlər yoxa enəcək. Bu qənaətimə qəlbən ümidvaram.

Yeri gəlmişkən, bir məsələni açıqlamaq istəyirəm. Mənə qarşı qərəzli münasibətlər çox olub, fəxri adlardan, təltiflərdən kənarda qoyulmuşam. Ancaq bu qərəzli münasibətlərdən sarsılmamışam. Bunu şəxsiyyətimə yaraşdırmamışam. Ümidvar olmuşam ki, haqq yerini tapacaq doğrudan da, ümidim boşa çıxmadı. Hörmətli Prezidentimiz İlham Əliyev doxsan beş yaşımda ədəbiyyatımızın inkişafındakı böyük xidmətlərimə görə məni "Şərəf" ordeni ilə mükafatlandırdı. Bundan belə yaradıcılığıma daha yüksək qiymət veriləcəyinə inanıram. Bir daha təkrar edirəm: "Mən sabahımdan nigaran deyiləm".

 

6 fevral, 2023-cü il

 

Vidadi BABANLI

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.11.