Sevgilisinə qovuşmaq istəyən əsgər,
müharibədə
döyüşən aktyor, "Qarabağ
Azərbaycandır"
deyən erməni əsiri
Samirə Əşrəfin
"Balaca kişilər" tamaşasının məşqindən
hazırladığı reportaj
Pillələri
düşüb dolanbac, qaranlıq yollardan keçirəm. Bu yollar məni səhnəyə
aparmalıdır. Ya da səhnənin arxasına. Burnuma spesifik
qoxular gəlir, rütubət iyinə qarışmış o
qədər də bahalı olmayan ətir qoxularını
uzaqdan hiss edirəm.
Qaranlığın
düz ortasında dayanmışam... Həm də səhnənin
bir neçə metr arxasında. Burdan o tərəfə səhnədir.
Ordan üzü bəri həyat. Əslində, hər ikisi həyatdır.
Ancaq fərqli həyatlar...
Ömürlərini
teatra həsr edən, talelərini bura bağlayan aktyorlar səhnəyə,
kitablardakı, yazılardakı həyata, keçəndə,
başqa, özlərinin olmayan, amma özlərinkiləşdirdikləri
obrazlara can verirlər. Müxtəlif xasiyyətlərə, əhvala
bürünürlər. Bir neçə saniyəlik, dəqiqəlik,
saatlıq həmin insanların həyatını
yaşamalı, başqalaşmalı olurlar. Əslində,
yaşayırlar da. Kim nə qədər istedadlıdırsa,
bir o qədər başqasının ömrünü
yaşaya, hiss edə, duya bilir.
Sonra
alqış səsləri ucalır. Hər kəs
büründüyü qlafdan çıxır, səhnənin
arxasına, indicə mənim dayandığım yerə
dönməli olur. Aktyorların hamısının yolu bax
burdan, mənim ayaqlarımı cütləyib
dayandığım bu dəhlizdən ötüb keçir.
Bundan sonra
hər kəs bu dünyadakı ömrünü yenidən əyninə
geyinməli, alnının, kürəyinin tərini,
üz-gözünün qrimini, boyasını silib
yaşantısına qaldığı yerdən davam etməlidir.
Baxmayaraq ki, səhnədə yaşadıqları da
onların həqiqi ömrünün bir
parçasıdır. Amma səhnə qalıcı, daimi
deyil. Gec-tez hər kəs o səhnədən aşağı
enməli olur. Bütün bunlar sirli, izah olunmaz məsələlərdi.
Çox dərinə getməklə kələfin ucunu itirməkdən
ehtiyat edirəm...
İndi
isə səhnədə tamaşa yox, məşq gedir.
Aktyorlar yarı öz, yarı qəhrəmanlarının həyatlarındadırlar.
Kvant fizikası, deyəsən, bunu deyirdi. Əgər bir insan
öz həyatında xoşbəxtdirsə, kvant qanunlarına
görə digər bizim gözümüzə görünməyən
paralel dünyalarda əksidir. Yəni bədbəxtdir.
Əslində, səhnə, teatr bir az da bizə Kvant
fizikasını xatırladır.
Arxadan gələn
səsə fikirdən ayılıram. Mühafizəçi
istiqamət verırək deyir, Samirə xanım, gəlin, bu
tərəfdən keçin, yol sizi zala aparacaq. Həmişə
adamlarla dolu olan, indi isə sakitliyin hökmranlıq etdiyi foyeyə
daxil oluram. Öz həyatlarından boylanan aktyorların foyenin
divarlarına vurulan şəkillərinin yanından
ötüb keçirəm. Qapı açılır, zala
daxil oluram. Səhnədə məşq gedir. Adamların həmişə
dolu olduğu oturacaqlar boşdur. Keçib birində sakitcə
əyləşirəm. Heç kim tövrünü pozmur. Hərə
öz rolunu ifa edir.
İçimi
qəribə rahatlıq bürüyür. Teatrın sözlə
ifadə edilə bilməyən atmosferini, sevdiyim, rahat
olduğum məkanda olduğumu bütün qəlbimlə hiss
edirəm.
Nə
zaman yarandı teatr sevgim? Tezcənək öz-özümə
sual verirəm. Uşaq vaxtı? Yooox. Uşaq vaxtı teatrda olmamışam
axı heç. Bakıdan 279 km uzaqlıqda, Araz
çayına yaxın rayonda doğulmuşam. Bəlkə,
atamın nağılları yaradıb bu sevgini? Məlikməmmədin
qızıl alma dalınca getməsi, anasına dirilik suyu gətirməsi,
dilənçi olub sevgilisini axtarması. Hansı birini deyim axı?
Həmin nağıllar mənim teatr, kino, ədəbiyyat
sevgimi yaratdı? Bəs Koroğlunun Nigarı, oğlu
Eyvazın durna telinin ardınca getməsi, Qıratı,
Düratı? Bəlkə, bütün bunlar səbəb oldu?
Bəzən
gecə yarısına kimi danışdığı Məlikməmmədin,
Daşdəmirin, Cırtdanın nağılları buna təkan
olub yəqin. İlahi, div nə qədər xəlbiri
götürüb suya gedər, nə qədər xəlbirə
su doldurar, doldurar, amma xəlbir dolmaz ki, dolmaz. Həmişə
Cırtdan gecə yarı dostlarını götürüb
divin yanından qaçmaq istəyəndə, az
qalırdım ki, nağılın içərisinə girim,
Cırtdanı dostları ilə bərabər tez
çayın o tərəfinə keçirim, xəlbiri də
divdən alıb onun başına çırpım, deyim,
axı sən divsən, özünü niyə div kimi yox,
axmaq kimi aparırsan? Heç olmasa, xəlbir əvəzinə
bir saxsı qab götürərdin, sonra da ayağın
daşa ilişərdi, yıxılardın, saxsı qab da
daşa dəyib çiliklənərdi. Beləcə saxsı
qabın sınması, sənin yıxılmağın
vaxtı uzadar, Cırtdan da dostlarına qoşulub xilas
olardı. İndi sən boyda divi biz necə axmaq adlandıraq?
Axı nağıllardan qopub gələn enerjinin gücü idi
ki, sonralar hamımızın məftunu olduğumuz Nazim Hikmət
də özünə ithafən "Mavi gözlü bir
dev" adlı şeir yazacaqdı...
O mavi
gözlü bir devdi,
Minnacık
bir kadın sevdi.
Kadının
hayali minnacık bir evdi,
bahçesinde
ebruliii
hanımeli
açan
bir ev...
Bir
gün, necəsə həmin nağıllar mənim
uşaqlığımla birgə yoxa çıxdılar.
Nazim Hikmetin şeirindəki "minnacık evimiz" kimi
evimizi qoyub ondan uzaqlaşmalı, qaçmalı olduq.
Müharibə
bütün nağılların, real həyatların,
yaşantıların üzərindən bizim gözlə
görə bilmədiyimiz xətti çəkdi. Birinci
Qarabağ müharibəsi başlandı...
Hamımızın həyatında. Mənim, sənin, o
birisinin, bax, o səhnədəki aktyorların da, o əsəri
yazan yazıçının da, tamaşaya can verən
rejissorun da, bir sözlə hamımızın həyatından
Qarabağ müharibəsi qırmızı bir xətt kimi gəlib
keçdi...
Uşaq
idim... O xətt o vaxtı mənim gözümə
görünmürdü. Amma yaxınlarımın,
qohumlarımın, qonşularımın, evlərinə
oğul, ər, qardaş, əmi, dayı cənazəsi, şəhid
tabutu gələn ailələrin gözünə o xətt
qırmızı, qan rəngində əl əlbət
göründü.
Qarabağ
müharibəsi hamımızın həyatından "Şəhidlər
xiyabanı"nda sıralanan şəhid məzarlarının
sırası kimi gəldi keçdi. Sonra o xətt evindən
didərgin salınan insanların
sığındığı çadır şəhərciklərinin
sırası kimi uzanıb, getdi. O, xətt 30 il boyunca davam etdi
düz 2020-ci ildə başlanan ikinci Qarabağ müharibəmizə
qədər gəlib çıxdı. Və 30 ildə
itirdiklərimizi o xətlə yürüyərək 44
günün içərisinə özümüzə geri
qaytardıq. Yenə qırmızı rəng
gözümüzə göründü. Birinci Qarabağ
müharibəsi zamanı verdiyimiz 30 min şəhidlərimizin
sırasına 3 mini də qarışdı...
Özüm
qəsdən, bilərəkdən də bu mətnin içərisində
rəqəmlərlə danışıram. Rəqəmlər
göz yaddaşıdır. Qazandıqlarımızı da,
itirdiklərimizi də göz yaddaşı ilə yadda
saxlamağımızı istəyirəm.
Səhnədən
isə güllə-boran səsi gəlir.
Uşaqlığın, nağılların, xatirələrin
içərisindən, keçmişdən çıxıb
indiki zamanıma, öz həyatıma qayıdıram.
Müharibədən otuz il ötürən, yola salan,
saçı ağaran, gözlərinin altı
yavaş-yavaş qırışan həyatıma. Axı burda
da müharibədir. Uşaqlıqda başımın
üstündən yaşıl, narıncı alovlarla yanaraq
yanaraq ötüb keçən mərmi səslərini indi də
eşidirəm.
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsindən
gəlir bu səslər. Yazıçı İlqar Fəhminin
"Balaca kişilər" pyesi əsasında hazırlanan
tamaşanın məşqindəyəm. Əsər İkinci
Qarabağ müharibəsindən bəhs edir.
Əsərdəki
hadisələr Şuşa ətrafında baş verən
döyüşlərdən baş verir. Xüsusi Təyinatlı
Qüvvələrin hərbçiləri tərəfindən
azad olunan ərazilər gənc əsgərlərə həvalə
olunur. Müharibə görməyən bu gənclər həm
də sözün məcazi mənasında balaca kişilər
hesab olunurlar. Ancaq baş verən gözlənilməzliklər
hadisələrin təyinatını dəyişir,
insanların həyatlarına təsir göstərir. Həyat
şərtləri müharibə, qan-qada balaca kişiləri
böyüdür.
Tamaşanın
quruluşçu rejissoru Nicat Kazımov səhnədə,
üzü səhnəyə tərəf əyləşib.
Tez-tez ayağa qalxır aktyorlara tapşırıqlar verir. Hər
kəsin rolunu bir-bir ifa edir, hərdən yaralı hərbçi
olur, hərdən erməni əsiri, hərdən azərbaycanlı
zabit, hərdən sevgilisi ilə danışmağa can atan,
onunla evlənəcəyi günün xəyalını quran əsgər,
hərdən İbrahimxəlil xan, sonra Cavad xan. Qəhrəmanlar
qalereyası davam etdikcə, Nicat bəy də, yorulmadan
rolları ifa edir. Sonra yerinə əyləşir:
- İndi
sizə göstərdiklərimi mənə qaytarın
görüm, - deyib aktyorlara səslənir.
Səhnənin
mərkəzində dayanan gənclər, həm də əsərin
qəhrəmanları "Balaca kişilər"i yenidən
rollarını ifa edirlər.
Rejissor gərginləşir
yenidən ayağa qalxır:
- Yox, belə
yox... Axı mən bayaq göstərdim nə etmək
lazımdır.
Yaralı
əsgəri canlandıran aktyor yarıuzanılı vəziyyətdə
səslənir:
- Mənim
başım yerindədir? Ölmüşəm, ya sağam?
- Ölməmisən,
Allaha şükür, salamatsan. Amma yaralısan.
Digər əsgər
ona cavab verir.
Erməni
əsiri rolunu ifa edən Əməkdar artist Şövqü
Hüseynov divarın bir küncündə oturub. Qaltanlı,
aydın səsini çıxarmayana qədər onu
tanımıram. Səs isə hər şey
aydınlaşdırır.
O, Azərbaycan
bayrağını öpür. "Qarabağ Azərbaycandır"
sözlərini deyir. Dəfələrlə təkrar edir. Səhnəyə
xüsusi ovqat, ab-hava yayılır.
Şövqü
bəy rolunu ifa edəndən sonra zala enir. Oturacaqların
birində əyləşir. Sakitcə ona
yaxınlaşıram:
- Dağ
və Məhəmməd misalını eşitməmiş
olmazsınız (gülüşürük).
- Bəli,
bəli. Buyurun, xoş gəlmisiniz.
- Əsərdə
erməni əsirini canlandırırsınız. Nə
düşünürsünüz rolunuz barədə?
-
Razıyam sizinlə. Yeni rol ifa etmək obrazdan asılı
olmayaraq mənim üçün sevindiricidir. İndiki halda isə
erməni əsirini ifa edirəm. İlqar Fəhmi maraqlı
süjetlə erməni obrazını əsərdə qeyd
edir. Çox böyük məmnuniyyətlə işləyirik
və ümid edirəm ortaya yaxşı tamaşa ilə
çıxacağıq. Məqsədimiz düşmənimizin
törətdikləri vəhşilikləri tamaşa vasitəsi
ilə göstərməkdir. Səhnəyə yeni
düşmüşük, məşqlərə yeni
başlamışıq.
- Filmlərimizdə,
tamaşalarımızda müxtəlif erməni obrazları
olub. Təcrübə kimi siz hardan istifadə edirsiniz?
-
İndiyə qədər olub bəli. Amma mən
çalışacam obraz özümünkü olsun, öz
yanaşmamı, nifrətimi göstərim. Düzdür, ifa
etdiyin rola nifrət etsən, onu oynaya bilməzsən. Amma Nicat
müəllimlə gənc aktyorlarla bərabər öz
ideyamızla, rollarımızla bu yolda gedirik.
Nicat bəyin
başı məşqə qarışıq olduğundan onu
söhbətə tuta bilmirəm. Fasiləni gözləməli
oluram. Səhnədə isə gərgin məşq gedir.
Bayaqdan lojaların arasında var-gəl edən aktyor, Əməkdar
artist tamaşada Cavad xan rolunu ifa edən Elnur Bəhramxan səhəyə
qalxır. Səhnədki ağacın yanından keçərək
deyir:
- Allaha
şükür, hələ ölməmisən. Sənin
ağlın işləyir, başın da yerindədi. O mən
idim ağlım işləmirdi, başım da yerində
deyildi. Yoxsa, bu alçaqlara üz verib başımıza
çıxarmazdıq.
Nicat bəy
yerdən deyir:
- Elnur,
bir az sürətli.
Aktyor
sürəti artırır:
- Biz
hardan bilərdik ki, onların iştahı diş
altındadır.
Hüseynqulu
xan rolunun ifaçısı Anar Seyfullayev tərəf
müqabilinin sözlərinə cavab verir:
- Bakı
xanlığında onların izi-tozu da olmadı.
Bakını ələ keçirmək üçün onlar
çarın dabanlarını yalayırdılar. Mən
onları yaxşı tanıyırdım.
İfaların
fonunda davam edən musiqinin tempi artır. Amma rejissor yenə
narazılıq edir. Ayağa qalxır, istiqamət verir,
obrazların ifa tərzini yenidən aktyorlara daha vurucu, daha
qalıcı şəkildə göstərir. Masasına geri
qayıdanada, mənim diqqətlə baxdığımı
görüb deyir:
-
Görürüsünüz, iynəylə gor qazmaqdır
teatr sənəti...
Mən
saata baxıram, fasilənin vaxtını soruşuram. Beş dəqiqədən
sonra Nicat bəylə ayaqüstü söhbət edirik.
- Nicat,
müharibə mövzularında ən qorxulu məqam pafosdur.
Hiss edirəm ki, məşqdə siz də pafosdan uzaq
durmağa çalışırsınız.
- Bəli.
Haqlısınız. Əsərdə hadisə əslində
indi başladı. Bomba düşdü və başlandı.
- Hadisələr
Şuşada baş verir?
-
Şuşaya çatmamış. Əslində mərkəzdə
dayanan gənc aktyorlar əsərdə qabağa gedən
döyüşçülər deyil. Bunlar əsgərliyə
gələn gənclərdi. Onları burda saxlayırlar ki, təmizlik
işləri görsünlər. Bunlar döyüşməli
deyillər. Əsərin, tamaşanın
tamaşaçıya çatdırmaq istədiyi əsas məqam
yəni həyatda çox vaxt gözləmədiyimiz adamlar qəhrəmanlıq
göstərirlər, qəhrəmana çevrilirlər. Bura qədər
aktyorlar pafosla danışırlar, hərəkət edirlər.
Bu normaldı. Təki bundan sonra olmasın. Çünki bundan
sonra artıq real hadisələr başlanır.
- Bu əsərə
müraciət necə yarandı?
-
İlqar Fəhmi İkinci Qarabağ müharibəsi gedən
vaxtı əsəri əvvəlcə poema şəklində
yazmışdı. Sonra həmin poemanı səsləndirdim.
Teatrımız və Mədəniyyət Nazirliyi ilə poema əsasında
layihə şəklində klip hazırladıq. Bundan sonra
İlqarla məsləhətləşdik və belə qərara
gəldik ki, pyes şəklində əsəri hazırlayaq.
Əsərə tarixi qəhrəmanlar əlavə etdik.
Əsər isə teatrımızın elan etdiyi müsabiqədə
qalib gəldi.
-
Əslində bu da bir az qorxulu məqamdır. Yəni tarixi qəhrəmanları
müasir dövrə, hadisələrin içərisinə gətirmək...
- Qorxulu
deyil, amma müəyyən mənada haqlısınız...
İndi görək necə alıncaq.
Tamaşada
qadın obraz yoxdur. Açığı bunu biləndə niyəsə
məyus oldum. Mənə görə qadının
olmadığı məkan, məqam maraqsız və rəngsizdir.
Bu narahatlığımı dilə gətirirəm:
-
Heç olmasa əsərə bir qadın obraz əlavə etmək
olmazdı?
- Yox.
Əsərin adı "Balaca kişilər"di.
-
Maraqsız olmasından ehtiyat etmirsiniz?
- Yox.
Maraqsız olmayacaq! Ola bilməz. Çünki burda sarı sim
məsələləri çoxdur. Əsərdə baş
verən hadisələrin çoxu real həyatdan
götürülüb. Nə baş verir versin, mən bədiilikdən
qaça bilmərəm. Teatrın gücü onun bədiiliyindədir.
İşimizin çətinliyi gənclərlə işləməkdədir.
-
Şövqü Hüseynov, Elnur Kərimov, Rəşad Səfərov,
Rasim Cəfər və digər peşəkar aktyorlarla məsələ,
belə deyək də, məlumdur. Bəs gənclərlə
iş?
- Əksəriyyəti
cavandır aktyorların. Amma əsərin özü gənc
aktyorlar, yaşı az olan gənclər tələb edir.
Cavanların da təcrübəsi azdır, ümid edirəm
ki, düzələcək.
Nicat bəy
yenidən səhnəyə aktyorların yanına
qayıdır. Fotoqrafımız Əlini
çağırıram, birlikdə şəkillərə
baxırıq. Səhnədə Rəşad Səfərovla
Rasim Cəfər görsənirlər. Onlar bir-biri ilə
söhbətləşir, mən isə ehmalca səhnənin kənarına
yanaşıram. Rasim bəyə müraciət edirəm:
- Rasim bəy,
siz və Rəşad bəy zabit rollarını ifa edirsiniz. Bəlkə,
bir az məlumat verəsiniz?
Rasim bəy
düzəliş edir:
- Mən
gizir, Rəşad zabit. Bizim tamaşadakı rolumuz o qədər
çox deyil. Tamaşada əsasən cavanlar iştirak edir.
Biz postu ermənilərdən alıb əsgərlərə təhvil
verib gedirik.
- Mən
silah səslərini, güllə-boranı eşidəndə,
müharibə atmosferini hiss etdim. Siz necə?
Rəşad
Səfərov söhbətə qoşulur:
- Biz
vaxtıykən canlı yaşamışıq müharibəni.
-
İkinci Qarabağ müharibəsində?
- Yox,
birinci müharibədə.
Xeyli təəccüblənirəm.
Nədənsə mənə elə gəlir ki, I Qarabağ
müharibəsinin üzərindən otuz il yox, daha çox
zaman keçib və bu müharibənin
iştirakçıları xeyli yaşlı, başlı
insanlar olublar. Ona görə də Rəşad bəyin otuz il
əvvəl döyüşçü olması təəccübümə
səbəb olur.
- Siz
döyüşmüsünüz?
- Mən
o vaxt hərbi qulluqda idim. Füzulidə qulluq edirdim. Ermənilərlə
aramızda məsafə çox az idi. Ona görə də
istər istəməz müharibənin ən qaynar vaxtına
düşmüşəm. Müharibənin nə demək
olduğunu bilirəm.
Təyin
olunan fasilə bitir. Gənc aktyorlar yenidən səhnəyə
qayıdırlar. Rejissor masasına əyləşir.
Yorulduğumu hiss edirəm. Həm də artıq reportaj
üçün lazım olan bütün materialları
götürmənin rahatlığını duyuram. Ona görə
də zalda işimi bitmiş hesab edib yaradıcı heyətlə
sağollaşıram. Zalın ağır dəmir
qapısını örtüb müharibəni gurultu səslərini,
aktyorları, bir sözlə səhnə həyatını qapının
ardında qoyub mən də öz həyatıma
qayıdıram. Pillələri düşə-düşə
küçəyə, işığa çıxıram.
Reportajımın ilk cümlələrini düşüncələrimdə
yaza-yaza evə tələsirəm.
Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2023.- 18
fevral.- S.10-11.