Ağla, abi

 

Rauf Qaraişığın acı, mərhəmət, ümid dolu şeiri  

 

Rauf bəyin gözəl qəlbi zəlzələni qeydə alan cihazlardan daha həssasdır, bu duyarlı ürək zəlzələnin gətirdiyi ölümlə savaşan insanın ağıl, qəlb, vicdanındakı ən dərin düşüncələri, duyğuları, fırtınaları, acını, sızını hiss edir, qeydə alır, yaşayır, sözə, dəyərə çevirir, ona görə də diri, mərhəmətli, namuslu qəlbdir.

Şair abi deyir, bu sözə səkkiz dəfə yer verir, sözün təkrarı mərhəmət, ümid, işıq, doğmalıq, güvən mənası yüklənir. Rauf acılar içində qıvrılan türk insanının - əziz qardaşının ən çox sevdiyi, istifadə etdiyi, məhəbbət yüklədiyi, şəfqət dolu sözlərdən birini seçir, bu yolla onun yaralı duyğularına sığal çəkir, toxunur, məlhəm olur. Şeirdə abi sözü xitabdır - müraciət dəyər vermək, hayan olmaqdır, içində ümid daşıyır, tək deyilsən, mən burada, yanındayam, səni anlayır, çox sevirəm, abi, deyir. Acının sərxoş etdiyi insan üçün ən dəyərli - nemət onun yanında olduğunu hiss etdirmək, sözlü, fiziki təmasdır, şeirdəki abi sözü bu toxunuşu, təsəllini, ümidi, mərhəməti daşıyır, kədəri paylaşır ki, azalsın, duyğuları yaralanmış insana dərddaşı olduğunu hiss etdirsin.

Şeir dialoq biçimindədir, qısadır, az söz var, uzun danışmağa vaxt yoxdur, hərəkət, abini xilas etmək ehtiyacdır, ancaq bu dialoqda bircə tərəf var, o da Rauf bəydir, qarşı tərəf danışmır, qorxmuş, acıdan dili tutulmuşdur. Şair qısa, oyadıcı, dəqiq sözlərlə, kəsik-kəsik danışır, əmr feilləri seçir, əmr edir ki, abisi ayılsın, ağlasın ki, oyansın, qurtulsun. Şairin şəfqət dolu sözləri uçqunun altında sağ qalmış insanla xilasedicinin söhbəti kimidir, dərman, mərhəmət, ümid, məlhəmdir.

Rauf bəy çox ağıllıdır, ürəyi yansa da, özünü itirmir, duyğularına təslim olmur, dərd içində qıvrılan, dili tutulan, hərəkətsiz qalan insana öyüd vermir, hər şey gözəl olacaq da demir, ən doğru iki söz seçir, qorxma ağla. Acı çəkən insan o dərəcədə özünü itirmişdir ki, ağlamağa da gücü çatmır. Rauf bəy deyir ki, abi, ağla, ağlamaq boşalmaq, təmizlənmək, rahatlanmaqdır. Şair dərddaşına dörd dəfə əmr biçimində ağla deyir, təkid edir, belə ki, o anda ən doğru ağlamaqdır, yoxsa insanın içindəki acı zəlzələsi qəlbinə enər, həlakına yol açar, o, acı yükünün altında qalar. Mərhəmətli Rauf bəy bunu əsla istəmir, qorxma, ağla, abi deyir, israr edir, əmr feilləri təkid mənası yüklənir - o anda ağlamaq qurtuluşdur, abi.

Şair acı çəkən insanın duyğu gərginliyini, içindəki fay xətlərini partlaya bilməyən qumbaraya bənzədir, ağla, abi, boğma özünü, duyğularını göz yaşları ilə ifadə et ki, boşala, içindəki partlamamış qumbaranı çölə ata biləsən, xilas olasan, adamın gözləri ağlamaqdan qırışmaz, gülməkdən qırışar, abi, gözünü sevim, ağla ki, qurtulasan!

Rauf bəy duyğuları yaralanmış insana öncə sözləri ilə toxundu, abi, ağla, qorxma dedi, indi fiziki təmasa keçir - insana ən güclü təsir edən fiziki toxunuşdur, deyir ki, abi, başını qoy çiynimə, ağla, ağlayaq, dərddaş olaq, sən boşal, mən . Qucaqlaşmaq enerji, duyğu paylaşımıdır, ümid verir, acı yükünü azaldır, sən kimsəsiz deyilsən deyir, gözlərinin torunu göz yaşlarınla yu ki, ayıla, özünə gələ, boşala, qurtula, səni qucaqlayan, əllərindən tutan Rauf qardaşını görə biləsən, içinə ümid dolsun, Rauf abin səni heç tək qoyarmı?

Şair acı, kədər, mərhəmət dolu sözlərini ümidlə, işıqla bitirir, cəsarət, güvən verir, ümidi, qaranlığın içindəki işığı bu bədii vasitələrə yükləyir: abisini qucaqlayır, başını çiynimə qoy deyir - qucaqlaşmaq ümiddir, sən tək deyilsən, mən burada, sənin yanındayam mesajıdır, sonra ağla deyir - ağlamaq sağalmaq, şokdan ayılmaq, boşalmaq, diri olmaq, acını azaltmaq, onu idarə etmək, acıya qalib gəlməkdir, abilərin ağlaması acizlik deyil, cəsarətdir. Sonra qorxma deyir, biz birlikdə, ürək-ürəyə qorxunu məğlub edəcəyik, sonra abi deyir, bu dərddaşlıq, qardaşlıq yüklü sözə birlik qurtuluşdur anlamı yükləyir, sonra Azərbaycan türklərinin yaxınlığı, doğmalığı, ümidi, sevgini, güvəni, ərki ifadə edən ən gözəl sözlərindən birini seçir: çəkinib eləmə - qardaşın ölməyib ki, o, səni əsla darda qoymaz, sonra da biz güclüyük mesajı verir: əl-ələ, çiyin-çiyinə, ürək-ürəyə bu qaranlıq quyunun dibindən ümid, paylaşma, yardımlaşma ipi ilə çıxacağıq deyir, görün söyləyir: mən bərk adamam - güclüyəm, ümid, mərhəmət doluyam, arxanda dağ kimi durmuşam, sonda da acını, kədəri, ümidi, mərhəməti, yardımı, birliyi içində toplayan sözə - böyük qardaşlığı ifadə edən abi kəlamına yer verir, şeirə bu enerjili sözlə nöqtə qoyur - abilik varsa, yardımlaşma, paylaşma, mərhəmət, qurtuluş da var, dar zor gündə dostların, qardaşların üzünü görmək, sözünün, əlinin, ürəyinin, vicdanının istisini hiss etmək mərhəmət, ümid, rəhmətdir, indilik sən ağla ki, acı yükün boşalsın, insanı xilas edək ki, Türkiyə qurtulsun, böyüsün, inkişaf etsin, insanlığa, xeyrə, barışa, ədalətə, məzlumlara dayaq olsun.

Sağ ol, Rauf bəy, işıq adam, ümid insanı, mərhəmətli, iman dolu, namuslu ürəyindən öpürəm, abi!

 

Ağla, abi!

 

Abi,

uçulub-dağılmış evlərə baxıb

qorxma,

ağla,

Abi!

Abi, boğma özünü

partlaya bilməyən qumbara kimi,

ağla,

Abi!

Adamın gözləri ağlamaqdan qırışlanmaz,

Gülməkdən

qırışlanar,

Abi!

Başını qoy çiynimə

Ağla,

Abi

Yu gözlərinin torunu!

Qorxma,

Ağla,

Abi,

Çəkinib eləmə...

Mən bərk adamam,

Abi!..

 

Siracəddin HACI

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.13.