Söz və yaddaş
Sözün əsas funksiyası yaddaşı idarə
etməkdir.
Rəhim Əliyev
Sözümüz özümüzdən
güclüdür. Ulu türk sözü - "Avesta", "Kitabi-Dədə
Qorqud", Nizami Gəncəvi, İmadəddin Nəsimi,
Mövlanə Məhəmməd Füzuli, Molla Pənah Vaqif,
Aşıq Ələsgər... sözü
dünyanı çoxdan - qədim dövrdə və Orta əsrlərdən
fəth edib. Lakin biz hələ dünyanı fəth
etməmişik. Bu gün - "Türk
dünyası əsri" (İlham Əliyev) olan XXI əsrdə
dünyanın ədalətli Türk İdarəçiliyinə
böyük ehtiyacı var. Çünki türk milləti həm
siyasi, həm iqtisadi, həm hərbi, həm də fikri-mənəvi
cəhətdən güclənib. Bütün dünya
türkləri ortaq məxrəcə doğru hərəkət
edir, möhtəşəm Türk birliyi yaranmaqdadır:
"Ortaq türk keçmişindən Ortaq türk gələcəyinə"
gedən tarixi hərəkət başlanıb. İndi
"Bütün dünya türkləri, birləşin!"
- dünyaya, müxtəlif ölkələrdə
40 adla yaşayan Türklərin əsas şüarı
olmalıdır.
İrəliyə getmək üçün biz geriyə
- yaddaşa qayıtmalıyıq. Bizi dünya tarixində
hərəkətə gətirən güc, enerji mənbəyi
keçmişdədir. Onu Sözlə bu günə gətirməkli
- gələcəyə daşımalı, bizdən sonra gələnlərə
təhvil verməliyik...
Söz tarixin anasıdır. O, tarixi izah və təsdiq edir, əbədiləşdirir:
ədəbiyyat əbədiyyətdir. Bədii ədəbiyyat
tarixi qoruyur, onu əsrlərin və illərin arxasından
insanların həyatına və yaddaşına gətirir.
Bədii ədəbiyyat özündə millət
haqqında həqiqətləri gizlədən tarixi arxiv və
muzey fondlarından çıxararaq canlandırır. Arxivdə Sözün faktı, sənədi,
panteonda cansız heykəli, yaddaşda ruhu yaşayır.
Söz də su kimi, hava kimi, od-atəş kimi
vulkan və zəlzələ kimi, dağ və dəniz kimi
canlıdır. Fəqət, Sözün
dilini bilmək lazımdır. Sözün
dilini bilməsən onu idarə edə bilməzsən.
İdarə olunmayan söz vulkan kimi, zəlzələ kimi
dağıdıcı ola bilər. Söz qəlbdən gəlməli, lakin
şüurla düşüncə ilə idarə
olunmalıdır. Çox zaman bu iş qətiləşir,
poetik söz dəli kimidir.
Sözün gücü və estetik dəyəri həqiqəti
hansı səhiyyədə ifadə etməsindədir. Həqiqət də digər
anlayışlar kimi mütləq anlayış deyil, nisbi
anlayışdır: hər bir fərdin, hər toplumun hər
bir millətin və xalqın öz həqiqəti var. Həqiqətin
meyarı tarixdir, müəyyən bir qənaət nə qədər
tarixə uyğundursa, o qədər həqiqidir. Bu baxımdan bədii ədəbiyyatda həm realist
Söz, həm romantik söz mövcuddur. Romantik
söz gözəldir, cazibədardır. Hüsnü
ilə hamını məftun və fəth edir. Realist söz həyatın (həqiqətin!)
özü kimi acıdır, coddur, cəzbedici deyil, amma
hökmü böyük və güclüdür. Dahi
Füzuli yazıb:
"Gər deyirsə Füzuli ki, gözəllərdə
vəfa var, Aldanma, şair sözü, əlbəttə,
yalandır". Şair sözü yalandır və bu
yalan əqlin idrak etdiyi doğrudan daha qiymətlidir. Dahi şair hətta əqlin sevgili olmasını belə
qəbullanmır.
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Füzuli eşqi də ağıllı adamın işi
hesab edirdi. Ona görə də dahi şairin
yaradıcılığında Eşq onu duyan, qiymətləndirən
irfan əhlinin mənəvi ucalığı idi.
Ey
Füzuli, eşq mənin qırma nasehdən qəbul
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
Eşq ən böyük "əql tədbiridir" -
deyir şair-mütəfəkkir.
"Füzuli
sevir - Füzuli düşünür deməkdir" (akademik Məmməd
Cəfər)
Nə ağlın, nə düşüncənin, nə
də Eşqin sərhədləri hələ müəyyənləşməyib. Eşq də
istedad kimi Allah vergisi, Tanrının insana bəxş etdiyi
mükafatdır. Ona görə də
Eşqdə Tanrı qüdrəti var. Bunlar hamısı
Sözlə ifadə olunur. Söz
doğrunun da, yalanın da şahididir. Bəli, söz
yaddaşı idarə edir: istər mənfi düşüncəni,
istərsə də pozitiv qənaəti. Buna görə də
Sözü hər yerdə işlətmək olmaz: yerində
işlənən söz hörmət, yersiz işlənən
söz töhmət qazanır:
Sözün
də su kimi lətafəti var,
Hər
sözü az demək daha xoş olar.
Bir inci
saflığı varsa da suda,
Artıq
içiləndə dərd verir su da
- deyirdi Şeyx Nizami Gəncəvi... Dahi
Füzuli isə belə deyib:
Gər
çox istərsən, Füzuli, izzətin az
et sözü,
Kim, çox olmaqdan qılıbdır çox əzizi
xar söz.
Biz tarixən sözümüzü daşlara
yazmışıq, daha doğrusu, daşlara həkk
etmişik. Çörəyimiz kimi sözümüz də
daşdan çıxır. Daşlar
yaddaşın saxlancıdır. Daş
yaddaşı əbədi yaddaşdır.
"Daş qəlbli insanları neyləyərdin,
İlahi?"
- deyirdi milli şairimiz M.Ə.Sabir. "Dağa dersən eşidər, sonra verər əksi-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım!"
- bu misralarsa talesiz romantik M.Hadinin fəryadıdır.
Deməli, daş qəlbli insan cəmiyyətdə
faciə mənbəyidir.
Qeyd etdik ki, bədii ədəbiyyat insana məxsus ən
qiymətli sərvətin - yaddaşın qoruyucusudur. Ümumən,
bədii əsər yazıçının ağrı
yaddaşından doğulur. Azərbaycan
oxucusu ağrıya-ağrıya təbəssüm göstərən
insandır. Yazıçı bunu bir an
da unutmamalıdır. Yazıçı oxucunun
ağrısına şərik olmalıdır, yaddaş
ağrısına da, qəlb ağrısına da. Məcnunun
böyüklüyü dərd çəkməsindədir -
o, bütün varlığı ilə dərd çəkirdi
ki, dünyanın dərdini bir az da olsa
azaltsın: "Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir"
(Füzuli. Əsərləri. 6 cilddə. III c. B.,1996.
s.15)
Dərd insanı ya aşiq - Məcnun edir, ya da şair. Bütün istedadlı
şairlərdə bir az məcnunluq var.
Şair Sözün Məcnunudur. Sözü
sevmək - şairlik müqəddəs işdir. Həqiqi
qələm əhli Sözlə söhbət etməyi bacarmalıdır. Söz həm yandırır, həm də
qandırır. İnsan Sözün
qazanında bişib şair olur, şairləşir.
Söz yaddaşı tarixə çevirir, yaddaşa həkk
olunmayan hadisə və faktlar tarixə çevrilmir, arxivdə,
muzeydə cansız əşya - muzey eksponatı kimi
düşüb qalır. Əşya məhv
olsa da, onun obrazı bədii ədəbiyyatda - ruhda
yaşayır Yaddaş ən etibarlı tarixi sənəddir.
O, nə itmir - nəsildən nəsilə keçərək
yaşayır, nə odda yanmır, nə də suda batmır. Əcdadların yaddaşına yazılanları
övladlar oxuyub öyrənir. Adət və
ənənələr, rituallar, mərasimlər yaddaşı
vəsiqələridir. Ehramlar, qalalar, məscidlər,
kilsələr, abidələr, yazılı baş
daşları yaddaşın gələcəyi göstərən
ox işarələridir. Qədim türklər
qurucu idi, əcnəbilər - kafirlər onları təhqiramiz
olar "köçəri" adlandırırlar. Düzdür tarixin müəyyən dönəmlərində
onları dədə-baba torpaqlarından hiylə və zorla
köçürüb bu ərazidərə sahib
çıxıblar. Ancaq türklər, o cümlədən
türk qövmü olaraq bizim əcdadlarımız özgə
torpaqlarına köçməyiblər, öz
ucsuz-bucaqsız ərazilərinin bir tərəfindən
başqa səmtinə - Mancuriyadan Macarıstana, Altaydan, Sibirdən
İtil çayı boyuna, Orta Asiyadan - Türküstandan
Qafqaza və Anadoluya köç ediblər. Bu əraziləri
qorumaq uğrunda yadellilərlə qəhrəmanlıqla
mübarizə aparıblar. Bu gün də
türkün gücü, qüdrəti Vətən sevgisi ilə
bağlıdır. Türklərin ərazisi
yer kürəsinin yarısı-türkün vətəni Yerlə
Göy arasıdır. Türkün
özü qədər Atı bu sərhədsiz ərazidə
qan yolları ilə yox, nur yolları ilə hərəkət
edib. Türkün əcdadı səmadan
enmiş parlaq Nurdan törəyib. Ona görə də
dünya bizə qısqanır, çünki ən gözəl
və zəngin torpaqlar, ən bərəkətli təbiət,
bol sulu çaylar, münbit ərazilər
bizim Vətənimizdədir. Burada yerin altı
da, üstü də zəngin xəzinələrdən ibarətdir.
Gözələ göz dikən çox olar, fəqət
Gözəllik gözü öz sahibindədir. Belə
gözəlliyin (sərvət və bərəkətin!)
sahibi olan Millət xoşbəxtdir!
Biz bu gün tarixdə yaddaşımızın Yol xəritəsi
ilə hərəkət edirik. Bu xəritə bizi
tarixin parlaq üfüqlərinə doğru aparır. 44 günlük tarixi Zəfərimiz, qəhrəman
xalqımızın, diplomatik və siyasi nüfuza malik cəsur
Ali Baş Komandanı qüdrəti sayəsində biz
dünyada yeni düzən yaradırıq. Azərbaycan Prezidentinin türk respublikalarına və
ərəb-müsəlman dövlətlərinə son illərdə
baş tutmuş uğurlu işgüzar səfərləri,
dünya türklərini birləşdirmək uğrunda
mübarizəsi əməli nəticələr verir. İndi Azərbaycan dünyaya ədalət və cəsarət
dərki verir, yeni Azadlıq ölçüləri təqdim
edir. Dünya istərsə də, istəməsə
də bizimlə hesablaşır, Azərbaycanın diktə
etdiyi meyarlara yaşamağa başlayıb. Biz Avropaya, Avroasiyaya, Yaxın və Orta Şərqə
təkcə enerji yox, həm də demokratik yaşam
qaydaları təklif və təqdim edirik. Bunlar milli
liderin xalqın qüdrətinə türkün tarixinə və
birliyinə, Prezident, Xalq və Ordu birliyinə güvənməsi,
balanslaşdırılmış xarici siyasəti, diplomatik məntiqi
və çevik idarəçilik bazarın sayəsində
başa gəlir - tarixi həqiqətə çevrilir.
Söz və
Yaddaş! Bir-birini idarə edən iki fenomen - İnsan qüdrətini
ifadə edən iki vəhdət! Gələcəyə
yönəlmiş iki milli iradə! Bizdən sonra gələnlərə
əbədi vəsiyyətimiz! Bunlarsız
mövcudluğumuz mümkün deyil. İnamımız
və imanımız bu vəhdətdən asılıdır:
inam millətə və dövlətə, iman müqəddəs
İslam dininə və Əqidəyədir.
Sərhəd tanımayan qloballaşmanın amansız pəncəsində
əzilməmək üçün vətənimizin sərhədləri
ilə bərabər Qəlbimizin və Şüurumuzun sinirlərini
də möhkəmlətməliyik. Yaddaşın
qorunması, ailə kultunun möhkəmlənməsi bu
günün və gələcəyin - bizdən sonra gələnlərin
ümdə vəzifəsidir.
Biz bu gün yeni gerçəkliyini yeni təfəkkürün,
yeni dünya düzəninin təməl daşlarını
düzürük. Bu tarixi işin uğurlu olması
üçün Sözümüz və
Yaddaşımızın vəhdətini qorumalıyıq.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.15.