Nöqtə boyda həyat
işığı
Hekayə
Türkiyədəki dəhşətli
zəlzələ qurbanlarının xatirəsinə
Gənc Ayişə Aykutun ana olmasına bircə ay
qalmışdı. Bətnində gəzdirdiyi, canından bir can olan
kiçicik varlığın dünyaya göz
açacağı günü səbirsizliklə gözləyirdi.
Nəbzi ciyərparəsı ilə bir vurur,
çöhrəsindən gülüş əskik olmurdu.
Bapbalaca ayaqları ilə ana bətnini döyəcləməsi,
sürətli hərəkətlə
qıvrılıb-açılaraq müxtəlif şəklə
düşməsi və yenidən sakitləşib öz
doğma "yuva"sında uyuması Ayişəni çox
sevindirir, qəlbini munis hislər bürüyürdü. "Tezliklə ilk balam doğulacaq, gül ətrini
doyunca içimə çəkəcəyəm,"- deyə
düşünür, özünü dünyanın ən
xoşbəxt qadını sanırdı. Həkimlərin
dediyinə görə, bir qız cocuğuna sahib olacaqdı.
Vaxt yaxınlaşdıqca qayğıları da
artırdı.
Körpəyə veriləcək addan tutmuş,
ona ilk günlərdə qulluq göstərilməsinədək
bütün incəlikləri ölçüb-biçir,
götür-qoy edirdilər.
Həyat yoldaşı Engin anasının bu işdə
yardımçı olmasını istəyirdi. "Anam altı uşaq
böyüdüb, bizim balamıza da kömək əli
uzadar", - deyirdi.
Ayişə bu təklifdən çox məmnun
olmuşdu. Kahramanmaraşda yaşayan, ixtisasca həkim olan
qayınatası zəng edərək vəziyyəti
soruşmuşdu. O, gəlininə məsləhət
görmüşdü ki, uşağı dünyaya gətirmək
üçün yaşadıqları Malatyadan Kahramanmaraşa
gəlsin.
Gənc
ailə bu məsləhətə qulaq asaraq, az
sonra valideynlərin ziyarətinə gəlmişdi. Körpənin doğulacağı klinika ayırd
edilmiş, müəyyən hazırlıq işləri də
görülmüşdü.
Vaxt-vədə tamam olmuşdu. Gəlişi ilə
ata-anasına, nənə-babasına bir dünya sevinc bəxş
eləmiş balaca Ahunu gül-çiçəklə
qarşılamışdılar. İlk iki
ay ərzində cocuğun baba evində qalmasına qərar
verilmişdi.
"Pis günün ömrü az olar", - deyiblər. Amma bu dəfə
xoş günlər uzun sürmədi.
...Xəstəxanada
tibb bacısı işləyən qayınanası gecə
növbəsində idi. Ayişə körpəsinin
qığıltısına oyandı. Gecə yarıdan
keçmişdi, səhərə az
qalırdı. Masaüstü lampanın
işığını artırıb körpəsini
qucağına aldı. Qızcığaz
yaman acmışdı. Onu təzəcə
əmizdirib qolları üstündə uyutmuşdu ki,
qarşıdakı divar saatına baxdı. Əqrəblər
04:17-ni göstərirdi.
Gözünü balasından ayıra bilmir, müşk-ənbər
qoxusundan doymur, çöhrəsinin zərif, incə cizgilərinə
tamaşa edirdi. Uşaq qucağında ikən birdən
ayaqları altından yer qaçdı. Cocuğu
köksünə sıxıb qapıya tərəf getmək
istədi. Yeraltı təkanlar fasiləsiz
davam etdikcə güclü zəlzələ baş verdiyini
anladı. Var qüvvəsi ilə çölə
çıxmağa, mənzili tərk etməyə can
atırdı. Dəhşətli uğultu,
gurultu səsləri, müxtəlif mərtəbələrdə
insanların çığırtısı, ah-naləsi
eşidilirdi. Sanki indicə dam-daş,
hündür divarlar, pəncərələr, eyvanlar
çartıltı ilə bir-birindən aralanıb
dağılacaqdı.
Özünü
birtəhər toparlayıb körpəsi ilə birgə
otağın bir küncünə sığınarkən
binanın çökdüyünü hiss etdi. Ananın
və on dörd gün öncə doğulmuş Ahunun ətrafına
daş qalaqları, beton yığınları uçub
tökülürdü. Darısqal bir
boşluqda qalmışdılar və yaxşı ki, nəfəs
ala bilirdilər. Dağıntıların
törətdiyi toz-torpaq, vahimə doğuran qatı
qaranlıq göz açmağa imkan vermirdi.
Beşcə saniyə ərzində hər şey
alt-üst olmuşdu. Ayişə özündən çox
balasını düşünürdü. Bu məsum yavrucığazın günahı nəydi?
Dəqiqələr, saatlar ötdükcə
Ahunun əhvalı qarışırdı, qızcığaz
üşüyür, qızdırırdı. Daş-kəsək, taxta parçaları Ayişənin
qollarını qanatmış, dizlərini
yaralamışdı. Şaxta, soyuq da bir
yandan.
Ana körpəsini tez-tez əmizdirirdi. Onun
dodaqları qupquru qurumuş, taqətdən
düşmüşdü. Artıq
üç gün idi ki, ac-susuz qalmışdı, ana
südünü artıran heç nə yoxuydu. Bəs vəziyyətdən necə
çıxsın, yavrusunu necə ovutsun? Ağlına
qəribə bir fikir gəldi və ağız boşluğunda
udquna-udquna yaratdığı tüpürcəyi
balasının dodaqlarına ötürməklə onu
yedizdirməyə çalışdı. Susuz
qalan qızcığaz bu "qida"dan azca duruxdu. Ağzına düşən damcıların ana
südü olmadığının fərqində idi, deyəsən.
Sivri daşlar, beton qırıqları aşağı
yuvarlandıqca Ayişə qatı zülmətdə əllərinin
yüngül təması ilə balasını yoxlayır,
onun zədələnmədiyindən arxayın olmaq istəyirdi. Cocuğu
aramla yedizdirir, başına sığal çəkir, soyuqdan
buz kimi olan xırdaca ayaqlarını ehmalca ovuşdurur, titrək
əllərini ovcuna alıb dodaqlarına
yaxınlaşdırır, nəfəsi ilə isidirdi. Günün hansı vədəsi - gecə və ya
gündüz olduğunu dərk edə bilmirdi. Bir sözlə, vaxt, zaman məfhumunu itirmişdi.
İtirilməyən isə təkcə Ümid
idi. Axıradək çarpışan, sonadək
duruş gətirən Ümid!
Balaca Ahu ilə nə vaxtsa xilas olacağı anın
intizarında idi. Uçqun altında qaldıqları ilk dəqiqələrdən
bu inam onu tərk etməmişdi. Dualar
edir, uca Yaradana üz tutub imdad diləyirdi. Darısqal arakəsmədə hərəkət etməyə,
addım atmağa, oturmağa imkan yoxuydu. Elə
düşdüyü vəziyyətdə də
qalmışdı: ayaq üstə, uşaq qucağında.
Necə deyərlər, ayağının birini
götürüb, birini qoyurdu, qolları keyiyib az
qala odun parçasına dönmüşdü. Sağ
qalmaları üçün bütün gücünü
toplayıb olumla ölüm arasında
çarpışırdı.
Bu arada zavallı körpə bərk ağlamağa
başladı.
Anası onu kiridə bilmirdi. Ahu heç
cür aram olmur, qıyya çəkib elə
bil yeri-göyü köməyə
çağırırdı. Ayişə
sağına-soluna səpələnmiş daş-kəsəyə
əlləri ilə, bəlkə, yüzüncü dəfə
toxunur, bu keçilməz səddi nə olur olsun yarmaq,
övladını ölümdən qurtarmaq istəyirdi.
Fəqət bu mümkünmü?
Birdən
lap yaxından danışıq səsləri və itlərin
hürüşməsini eşitdi. Ona elə gəldi
ki, beton qalıqları təmizləyən kimsə onları
axtarır. Arxaya qanrılanda isə ....
nöqtə boyda bir boşluqdan
işıq süzüldüyünü gördü. Bu həyat işığı cocuğun
çöhrəsini də aydınlatdı. Artıq
nicat yolu tapılmışdı!
Uzun sürən axtarışdan, çabalardan sonra
ana-balanı xilas etmək mümkün olmuşdu. Üzüntülü
günlər, dəhşətlı anlar yaşamış
Ayişənin qurtularkən dediyi: "Nə böyük
xoşbəxtlik! Uca Tanrım, sənə minnətdaram!" -
nidaları dağıntıları
dövrələyib, əzizlərinin
öldü-qaldısından xəbər gözləyənləri
sevindirmişdi. Ətrafdakı hər kəs onları görməyə
can atırdı. Ən çox sevinən isə
xilasedicilər idi. Bu canlar alan zəlzələ
baş verən gündən ayrı-ayrı ölkələrdən
fəlakət zonasına axışan, uçqunlar altında
qalanları gecə-gündüz demədən,
gözünün çimirini almadan axtaran, olmazın əziyyətlə
daş-kəsəyin, beton qatlarının altından çəkib
çıxaran xilasedicilər!
Saatlarca məhkum olduğu qorxunc, qaranlıq hücrədən
gün işığına çıxarılmış
Ayişənin gözləri qamaşırdı. Gücsüz,
taqətdən düşmüş, ayaqları bir-birinə
dolaşan ananın körpəsini ehmalca ondan alıb isti
adyala bükərək başları üzərinə
qaldırdılar. Sonra isə onları xərəyə
qoyub təcili tibb yardımı göstərən
maşına çatdırmağa tələsdilər.
Sərgərdan qalmış, doğmalarının
öldü-qaldısından xəbər gözləyən
kütlənin sağ-salamat tapılmış ananı və
körpəsini görərkən bir an içində
çalxalanıb sevinc dolu "Keçmiş olsun,"
"Tanrı türkü qorusun!" sədaları ətrafı
bürüdü, gözlərdə ümid qığılcımları
göründü. Xilasedicilər
dağıntılar altından sağ-salamat
çıxardıqları gənc qadına və onun ciyərparəsinə
heyranlıqla baxırdılar. Bu, əsl möcüzə
idi! Həyat verən və qoruyan Allah onları hifz eləmişdi.
Ayişə
onları xərəkdə aparan xilaskarlarının azəri
türkcəsində söylədiklərinin fərqindəydi:
- Ceyhunun
gətirdiyi cihaz işimizə çox yaradı.Yoxsa bu
ana-balanın vəziyyəti görən necə olardı, -
bu sözləri axtarış-xilasetmə qrupunun bir
üzvü dilə gətirmişdi.
- İlk günlər inanmaq olmurdu ki, bu qədər maneələri
dəf edib çökən binanın alt qatına yetişə
bilərik. Görünür, qismətdə varmış.
- Ceyhun sevincini sanki var gücüylə çatdırmaq istəyirdi:
-
Dağıntılar altından, təxminən on altı metr məsafədən
görüntülər əldə edib, səs ötürmək
və çox zəif səsləri tuta bilməklə
neçə məsum tifili və bu ana-balanı uçqundan
qurtardıq. Allaha şükürlər olsun!
Ayişə başlarındakı
qoruyucu kaskalarında və xüsusi geyimlərində məmləkətlərinin
bayrağı əks olunmuş bu gənclərin dost Azərbaycandan
gəldiklərini, bəlaya düşmüş türk qardaş
və bacılarına yardım əli uzatdıqlarını
anlamış, məmnunluq hissi keçirmişdi...
Əvvəlcə onları çadırlarda
salınmış səhra hospitalına
çatdırmışdılar. Ahunu həkim nəzarətinə
götürüb, qızcığazın qidalanması
qayğısına qalmışdılar. Ananın
yaralarına məlhəm, sarğı qoymuşdular. Az sonra isə müalicə üçün
ambulans təyyarə ilə Ankaraya gətirdilər. Ailə üzvləri onlarla paytaxtda görüşəcəkdi.
...Uçuş
zamanı Ayişə bir an
gözünü balasından çəkmir, həkimdən
onun sağlıq durumunu xəbər alırdı. İndi bütün olub-keçənlər dəhşətli
bir filmin gərgin, ürəkağrıdan epizodları kimi
gözü önündə canlanırdı. O
üzüntülü, amma ümid dolu saatların,
yaşantıların hər saniyəsi, bəlkə, bir insan
ömrünə bərabər idi. Nə
yaxşı ki özündə təpər tapıb
balasının sağ qalması üçün ağlı
kəsən hər şeyə əl atmışdı. Həm də nə yaxşı ki Ahu vaxtından iki
həftə əvvəl doğulmuşdu. O, ana bətnindəykən
zəlzələnin qurbanına çevrilsəydi, onda taleyi
necə olardı? Dağıntılar arasında qalıb
doğuş ağrıları çəkən hamilə
qadına kim kömək edərdi? Şükürlər olsun ki, artıq bu nədənlər
cavablanmayacaqdı və hər şey geridə
qalmışdı.
Təyyarədə
onlarla birgə uçan, bu amansız təbii fəlakətdən
qurtulmuş şəxslər Kahramanmaraşda 7,7 bal
gücündə baş vermiş zəlzələnin
acılarından, bəlaya düşən insanların aqibətindən
danışır, xilasedicilərin
dəhşətli hadisələrlə
qarşılaşdıqlarını nəql edirdilər. Ayişə bitib-tükənməyən bu
olayları eşitdikcə bir daha sarsılır,
için-için ağlayır, göz yaşları
yanağı boyunca süzülürdü. Azca toxtayanda məhəbbət dolu nəzərlərlə
qızına baxırdı. Balaca mələklərə
bənzəyən, başı müsibətlər çəkmiş,
ölümdən qayıtmış körpəsi indi isti bələkdə
uyuyurdu...
Zemfira Məhərrəmli
Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.14.