Dildə anarxiya olmaz
Dil
bütöv bir xalqın düşüncə tərzini ifadə
etmək vasitəsidir. Rəsmi mənbələrin məlumatına əsasən
dünya dilləri təhlükə
qarşısındadır və dünyada hər iki həftədən
bir hansısa bir dil ölür. Statistik məlumata əsasən,
bu proses getdikcə sürətlənir. Bir xalqın, bir millətin,
bir dövlətin dili elə bir mövzudur ki, onun qorunması,
təəssübünün çəkilməsi o dilin
daşıyıcılarını daim diqqətli olmağa,
dilini qorumağa, dilin yad ünsürlərlə zəhərlənməsindən
hifz etməyə borclu edir. Xalq, ədəbiyyatını
öz dilində yaradır. Hər bir xalqın öz
keçmişinə söykənən, adət-ənənələrini
əks etdirən, yaşayış tərzini özündə
əks etdirən söz ehtiyatı yaranır. Bu, hər bir
xalqda özünəməxsus və orijinal bir formada təzahür
edir. Hətta bir-birinə çox yaxın dil və dil
qrupları belə bir-birindən fərqlənir. Şifahi xalq
ədəbiyyatından tutmuş yazılı mənbələrə
qədər müxtəlif xalqların dilindəkiləri
müqayisə etsək, o söz, ifadə və fikirlərdə
xalqların yaşam tərzinin, qidalandığı ərzağın
təsirlərini görə bilərik. Bir neçə misala
baxaq: biz "Eşşək nə bilir zəfəranplov (indi
son mənbələrdə bunun "zər palan"
olduğunu iddia edirlər) nədir" deyiriksə, ingilis
dilində bunun alternativi "Donuzun qabağına mirvari
atma" kimi formalaşıb. Bizdə
"Başmaqçının ayağı yalın
olar"ın Türkiyə türkcəsindəki variantı
"Terzi kendi söküğünü dikemez"dir. Rus
xalqının "Muj i jena - odna satana" atalar
sözünün bizdəki ekvivalenti "Ərlə
arvadın torpağı bir yerdən
götürülüb" kimidir.
Əlbəttə, dilin daim inkişaf etməsi, onun lüğət tərkibinin zənginləşməsi, yeni söz və ifadələrin yaranması qaçılmaz haldır, eyni zamanda da labüd bir prosesdir. Heç bir dil bundan kənarda qalmır, qala da bilməz. Əgər biz dünyaya inteqrasiya oluruqsa, cürbəcür mədəniyyətlərlə tanış olur və qaynayıb-qarışırıqsa, bu prosesin yanından "dilsiz" keçə bilmərik. Hər iki mənada "dilsiz" deyirəm - həm hərfi, həm də məcazi mənada. Dünyada baş verən bütün proseslər - istər siyasi yöndə, istərsə də mədəniyyət sahəsində, bu, xalqın, ölkənin, dövlətin dilinə, lüğətinə təsirsiz ötüşə bilməz. Əks halda hansı inkişafdan söhbət gedə bilər?! Amma hər bir şey müəyyən qaydalara tabedir, olmalıdır, əks təqdirdə düzəldilməsi çətin olan hallar qaçılmazdır. Mən bunu dildə anarxiya adlandırıram.
Dilin lüğət fondunun zənginləşdirilməsini başlı-başına buraxaraq onu kortəbii gedən proseslərə qurban etmək gələcək nəsillər üçün dili şikəst hala salaraq ötürməkdən və bununla da həm bizdən əvvəlkilərin, həm də bizim "dil"imizi anlaşılması çətin olan bir vəziyyətə gətirib çıxartmaqdan başqa bir şey deyil.
Mən bu məsələdə heç də mühafizəkar mövqedən çıxış etmirəm, amma biz hər gələn söz və ya ifadələri də kor-koranə qəbul edib dilin "anasını ağlatmamalıyıq". Kim bizə bu haqqı verir? Heç kim. Bəs onda niyə ana dilimizin bugünkü düşdüyü vəziyyət ziyalılarımızı, qocaman aydınlarımızı narahat edir? Onların narahatlığı, qorxusu dilimizin bərbad vəziyyətə düşməsidir. Və bu aydınlar canfəşanlıqla indi - 2023-cü ildə, artıq son iyirmi ildə ana dilimizin başına gətirilənləri müşahidə edərək həyəcan təbili çaldılar. Hamımıza məlumdur ki, bir işin yerinə yetirilməsi, gözəl nəticənin əldə olunması üçün səfərbər olmaq lazımdır. İnsanlar təkcə hərb vəziyyətində səfərbər olmurlar ki! Hal-hazırda ana dilimiz hərtərəfli - həm orfoqrafiya, həm leksik, həm qrammatik, həm də üslub baxımından elə xoşagəlməz hallara məruz qalıb ki, tam mübaliğəsiz "adam lap dəsmal götürüb ağlamaq istəyir" deyərdim.
Yaxşı, bəs kim doğma dilimizin "qol-qıçını sındırıb" şikəst edib? Burada ah çəkərək uzun bir siyahı təqdim etmək olardı, amma mən bir neçə misal verməyin aydın mənzərə yaradacağını düşünürəm:
* Televiziya kanalları və onların naşı, dildən, sözdən xəbəri olmayan müxbirləri, aparıcıları və jurnalistləri;
* Radiolar;
* İnternet saytlar (söhbət adi, hansısa savadsız sosial şəbəkə istifadəçilərindən getmir. Məsələ daha ciddidir: xəbər saytları və digərləri - spesifik sahə üzrə (tibb, informatika və s üzrə) açılmış saytlar;
* Rusdilli zümrə (azərbaycanlı olub öz dilinə xor baxan, vətənində oturub dilini bərbad vəziyyətə salanlar);
* Türk seriallarının qurbanları (çünki öz müşahidələrimə əsasən tam əminliklə deyirəm ki, Türkiyə türkcəsinə "yoluxanlar" öz leksikonlarını məhz türk seriallarına tamaşa etməklə "zənginləşdirərək" doğma dilini ağlar vəziyyətə qoyanlardır);
Məhz bu halların aradan qaldırılması üçün işlərin görülməsi artıq bir zərurətə çevrilib. Əgər bir tədbir görülməsə, Azərbaycan dilinin təhrif olunmasının qarşısı yekdilliklə alınmasa, onda təəssüflə qeyd edim ki, bir neçə onillikdən sonra dilimizin saflığından əsər-əlamət qalmayacaq. Bu dil hamımızın dilidir. Bu dildə danışmağı özünə ayıb sayan üzdəniraqların, öz dilinə xor baxıb başqa dillərin intonasiyası, lüğəti ilə naşıcasına dili bilmədən "şikəst" edənlərin qarşısı alınmalıdır. Vəziyyət, həqiqətən, bərbaddır.
Çox sevindirici hal odur ki, artıq bir neçə ildir bu qarmaqarışıqlıqdan narahat olan ziyalılarımız daha dözə bilməyib ayağa qalxıblar. Öz ölkəmizdə, öz vətənimizdə öz dilimizi "dilbilməz"lərdən qorumaq üçün mübarizəyə başlayıblar. Yanvarın 30-unda "Dilimiz" mövzusunda AYB-nin Natəvan klubunda keçirilən tədbirdə iştirak etmək məqsədilə məni də dəvət etdiyi üçün hörmətli yazıçımız, söz xiridarı Seyran Səxavətə minnətdarlığımı bildirirəm. Açılışı hörmətli ziyalımız, AYB-nin sədri Anar müəllim etdi və sözü Seyran müəllimə verdi. Seyran müəllim uzun müddət TV kanallarında rast gəldiyi dil qüsurlarından ibarət böyük bir siyahı oxudu. Bu qədər "xoruz səsi eşitməmiş" əndərəbadi söz və ifadələrin jurnalistlər tərəfindən və mötəbər xəbər saytlarında işlənməsi biabırçı haldır. Seyran müəllimin siyahısından bir neçə misal gətirmək istərdim:
"Soyğunçuluğa imza atanlar..."
"Səhər yeməyini həyata keçirdi"
"Messi rəqiblə toqquşub yerə yıxıldı"
"Marallar
çox tez hamilə olur"
"Hinduşkanı
ucuz qiymətə xalqa təqdim etdilər"
"Ən
çox qanun pozuntusunu pozan televiziya..."
"Eynəyi
geyindim"
"Topu
başla tora yerləşdirdi"
"Ukraynada
əkiz öküz dünyaya gəldi"
"Vəhşi
öküz zənciri açıb getdi"
"Köhnə
təyyarələr təqaüdə göndərilməlidir"
"Dilimizin
təcili yardıma ehtiyacı var, onu komaya düşməyə
qoymayaq" deyən Seyran Səxavət bütün bu
nöqsanları görüb narahat olan
ziyalılarımızdandır. Seyran müəllim haqlı
olaraq tele-radio işçiləri üçün attestasiya
keçirilməməsindən giley etdi. Hörmətli
yazıçımızın sözünə qüvvət
olaraq əlavə edim ki, bu üsul faydalı ola bilər.
Əgər doğrudan da şəffaf keçirilərsə,
biz bu yöndə yaxşılığa doğru müəyyən
addım atmış olarıq. Niyə tibb işçiləri
və müəllimlər üçün attestasiya
keçirilir, saf-çürük edilir, amma KİV
işçiləri başlı-başına buraxılıb?
Seyran müəllimin təbirincə desək
"ölünü də özbaşına qoysan kəfəni
yırtar". Bəs bu özbaşınalığa niyə
rəvac verilir ki, indiki bərbad vəziyyətə gəlib
çıxmışıq? Həkimin səhvi pasiyentlərin
ölməsinə, müəllimin səhvi bütöv bir nəslin
savadsızlığına aparırsa, KİV işçilərinin
səhvləri və naşılıqları onlara baxan,
onları dinləyən və oxuyan milyonların dilinin "əyilmə"sinə
səbəb olur. Məəttəl qalmalı işdir: sanki
böyük bir insan ordusu növbəyə durub dilimizi
korlamağa and içib. Nəticə? Bəli, görünən
mənzərə budur ki, hər yerdə - küçədə,
mağazalarda, ailələrdə, dost-tanış arasında
sınıq-salxaq dildə danışan saysız-hesabsız
sıravi vətəndaşlarımız var. Çünki bu
insanlar özləri də bilmədən hər gün evlərinin
"qapılarını açıb içəri
buraxdıqları" aparıcıların "felinə
düşüblər". Bu haqda danışanda mütləq
kimlərsə etiraz edərək "dil daim inkişaf etməlidir"
cümləsini bayraq kimi əlində yelləyir. Yaxud burada
pis heç bir şeyin olmadığını deyir. Hətta
öz aparıcılarına haqq qazandıran TV kanal rəhbərləri
"həmin filan aparıcının kanala reytinq
qazandırdığını" əsas gətirərək
adamın ürəyinə lap ox sancır. Deməli belə
çıxır ki, pul varsa, hər şeydən imtina etmək
olar. Dəyərlərdən də, dildən də, əxlaq
meyarlarından da! Xeyr! Belə deyil. Televiziyalar dilin bərbad
hala salınması - lüğət fonduna zərbə
vurmaqla, tələffüzdə, orfoqrafiyada
aparıcıların at oynatmasına imkan verməklə qazanc
əldə edirlər. Axı bu dili pula satmaq deməkdir. Bu isə
gələcək üçün ağır fəsadlara səbəb
olacaq. Bunu dərk etmək bu qədərmi çətindir?!
Dilin
qorunmasının əhəmiyyəti lazımınca nəzərə
alınmır. Belə məsələlərə
soyuqqanlı yanaşmaq gələcəkdə
peşmançılığa aparıb çıxardacaq.
İş işdən keçəndən sonra da geri
qayıdıb səhvləri düzəltmək ya çətin
olacaq, ya da ümumiyyətlə mümkün olmayacaq.
Çünki bütöv bir nəsil bizim indi
danışdığımız, yazdığımız dildən
fərqli formada, fərqli ləhcədə, fərqli leksikonla
danışacaq, yazacaq. Bunu itirməyi gözə alacaq qədər
cəsarətli olmaq nə qədər yanlış bir hərəkət
olar.
Təəssüf
ki, dillə bağlı bütün məsələlərdə
mən belə bədbinəm. Bu da gördüklərimdən
qaynaqlanır. Müəllifini unutduğum bir aforizm var:
"Dil elə bir qurğudur ki, gərək yayının
cırıldamağına imkan verməyəsən". Bəs
niyə bizim KİV-miz "ciddi-cəhdlə" bu
qüsurları edirlər? Dil heç kəsin şəxsi
malı və ya sərvəti deyil ki, ondan istədiyi kimi istifadə
edərək korlasın. Dilimizə ayrı ləhcə, fərqli
intonasiya, başqa lazımsız sözlərin gətirilməsi
bir yana, yad dildə olan ifadələrin və frazeoloji birləşmələrin
tərcüməsində də peşəkarlıqdan uzaq
düşmüşük. Rus dilində "okazatğ
medvejğö usluqu" frazeoloji birləşmənin
"ayı xidməti göstərmək" kimi bərbad tərcüməsinə
təxminən 10-12 il əvvəl mötəbər bir saytda
rast gəlmişdim. İndi axtarışa versək, onlarla
internet saytının - bura tanınmış xəbər
saytları da daxildir - bu ifadəni belə biədəb formada
işlətməsini görə bilərik. Halbuki dilimizin
verdiyi imkanlardan bixəbər jurnalistlər bunun sadəcə
olaraq "qaş düzəltdiyi yerdə vurub göz
çıxartmaq" olduğunu bilmir.
Xalq
yazıçısı Elçin də qısa bir
çıxış edərək obyekt adları məsələsinə
toxundu. Bu da bir ayrı bəladır ki, onun haqqında bir
geniş yazıya ehtiyac var.
Tədbirin
sonunda yekdilliklə qərara gəlindi ki, belə tədbirlərin
sayı artırılsın, mümkün variantlarda tele-radio məkanına
nəzarət gücləndirilsin, hətta dilçilərin
kanallara məsləhətçi kimi cəlb olunmasının
zəruriliyi vurğulandı.
Sözümü
hörmətli Seyran Səxavətin sözü ilə
yekunlaşdırmaq istəyirəm: "Cümlə qurmaq
dövlət qurmaq qədər çətindir".
Gözümüzün qarşısında dilimizin
"doğranması"na yol verməyək, əsk təqdirdə,
inanın, bir neçə onillikdən sonrakı nəsil nəinki
XX əsrin aydınlarının yazdıqlarını,
heç indi bizim dövrün yazdıqlarını da başa
düşməyəcək.
Aygün Əziz
Ədəbiyyat qəzeti.- 2023.- 18
fevral.- S.18.