Nə aparacaq?

 

Azacıq nur çilə yoluma mənim,

Mənzilim çox yaxın, yolumsa uzaq.

Gəldim, gəlişimi dünya bilmədi,

Bəlkə gedişimdən xəbər tutacaq.

 

Dedim ki, dünyanın dərdi azalsın,

Demədim, pis artıb, mərdi azalsın.

Paxıllıq, yamanlıq şərdi, azalsın,

Kim bizi bildi ki, kim unudacaq?

 

Dərddən yük qalanıb sağım-solumda,

Çözülməz tor qurub, durub yolumda.

Bu qısa həyatda, uzun ölümdə

Kimsə nə tapdı ki, nə aparacaq?

 

***

 

Göz yaşını yığ göndər,

yuyum, qəlbim soyusun.

Bircə kərə sevgini

duyum, dərdim ovunsun.

 

Özün boyda ürəksən,

sandım duyarsan məni.

O cənnət bağçasından

dərim, qoyarsan məni?

 

Baxışın çiçək açsın,

bircə gülü bəsimdir.

Sevgiyə təşnə qəlbi

barı bircə yol dindir.

 

Gəzdiyin çəmənlərə

cığır olub burullam.

Dərd bulamış könüləm,

səni görcək durullam.

 

Budaqda tumurcuqdum,

yaşıl yuxu görürdüm.

Yarpaq ömrüm qırıldı,

Düşüb, xəzana döndüm.

 

Uç-uç, Fatma nənə...

 

Uç-uç, Fatma nənə, babamı gətir,

Davaya gedəndir dönməyib geri.

Axı nə biləydik Fatma nənəmiz

Gözü yolda qoyur, üzür bizləri.

 

Uç-uç, Fatma nənə, atamı gətir,

O yazıq ömründə bir gün görmədi.

Biz Fatma nənəni yenidən tapdıq,

Fəqət, atamızı heç kim görmədi.

 

Uç-uç, Fatma nənə, anamı gətir,

Gör neçə illərdir həsrət qalmışıq

Ana nəfəsinə pərvanə olub,

Ayrılıq dərdində şam tək yanmışıq.

 

Uç-uç, Fatma nənə, dostumu gətir,

Onu da yurd dərdi alıb apardı.

Səhər yelləriylə bir soraq yetir

Dağlar bizsiz qalıb, tufan qopardı?

 

Uç-uç, Fatma nənə, uç, Fatma nənə...

 

Bir ovuc torpağın

sərhədində

 

Dayanıb bir ovuc torpağın

Bir ömürlük sərhədində

səni gözləyəsiyəm

Dodaqlarımada kilidlənmiş sükutun,

Bir də üç aylıq həsrətin

partlayışını görəsiyəm.

Nisgilimi ürəyimdə boğa-boğa

İçimə axan göz yaşlarımı

            bəbəklərimə sıxa-sıxa

Həsrətindən qovrulmuş torpağa

köksümü dayayasıyam

"Bir ovuc torpağın" ayrılığına inanmayanda,

Uzalı qalmış qollarını

Həsrət-həsrət puçurlamış

            baxışlarını arayasıyam.

Ayrılığın bir addımlıq ömrünü qıra bilmədim

Həsrətini bir ömürlük daşıyasıyam.

Bir cüt uzalı qolun bükümünü açmağa

Qatar-qatar yüyürəsiyəm.

Həyat-ölüm sərhədinə qədər

Dizin-dizin sürünəsiyəm.

Yüyürə-yüyürə gəldiyim yollar

Qışqıra-qışqıra dediyim sözlər,

Bir də gözlərini qapamağa

barmaq-barmaq uzanmış əllərim

bir ovuc torpağın

            bir ömürlük sərhədində ilişib qaldı.

 

Adam öz boyundan

uca olanda

 

Yüz dərdin içində qəlbi gül açar

Adam öz boyundan uca olanda.

Yerdə qərar tutmaz, uçar, hey uçar

Adam öz boyundan uca olanda.

 

Sözün düzün deyər çəkilsə dara,

Əhdinə sadiqdir, düzdür ilqara,

Sevgisin, rəğbətin deməz aşkara,

Adam öz boyundan uca olanda.

 

Hər baxan görənməz, eşidən duymaz,

Göydə şimşək olar, buluda sığmaz.

Zirvədə buz olar, çalaya axmaz

Adam öz boyundan uca olanda.

 

Çox olmaz bədxahı, dostu bilnməz,

Başından tufanı, çəni əksilməz,

Dağ alsın çiyninə, qəddi əyilməz

Adam öz boyundan uca olanda.

 

Haqq deyər, haqq umar, kükrəyər-daşar,

Alnı açıq olar, üzü ağ yaşar.

Ən adi hiylədən aldanar, çaşar

Adam öz boyundan uca olanda.

 

Taledir, başından yüz duman keçər,

Nadir bir çiçəkdir, qayada bitər.

Bir ömür yaşayar, min qəlbə köçər

Adam öz boyundan uca olanda.

 

Ruh olub uçuram

göyün üzünə

 

Bu haqsız dünyadan inciyib, küsüb,

Yol aldım göylərin dərinliyinə.

Əlimi biryolluq yerlərdən üzüb,

Gedirəm qovuşum öz mənzilimə.

 

Qərib bir məzarda başdaşı kimi,

Qurudum kiprikdə göz yaşı kimi.

Azdım yer üzündə bir naşı kimi,

Ruh olub uçuram göyün üzünə.

 

Hər yetən məclisdə söz ala bilməz,

Söz sözü çəkməsə, söz ola bilməz,

Söz haqdan gəlibsə, sozala bilməz,

Sərraf ol, qaldırsın dağ zirvəsinə.

 

Lətif Şüküroğlu

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.19.