Sayman Aruz
poeziyasında bütövlük ruhu
Şeir hisslərin, duyğuların
ən gözəl şəkildə sözə
çevrilmiş halıdır. Şeir dili
ilə ən böyük dərdini də deyəndə səni alqışlayırlar.
Çünki şeir dili
dərdi də isidir, yumşaldır və hətta gözəlləşdirir. Sayman Aruz şeirlərində sanki dərdlərinə əzizləmə deyir, layla çalır, sığal çəkir.
Qarşımda dayanan və
bayaqdan maraqla oxuduğum bu şeirlərdən misallar
da göstərəcəm,
amma öncə deyim ki, bütün
şairlər bir-birinə
oxşasalar da, Sayman Aruzun şeir
taleyi, şeir nəfəsi tamam fərqlidir. Onun şeirlərindən
xalq səsi gəlir. Sanki hər misranın, hər sözün küncündən insan boylanır, "azadlıq,
ədalət" deyə
bağıran insanlar.
Bu da mənə
Güney Azərbaycanda
yaşayan soydaşlarımızın
hazırkı vəziyyətini
xatırladır. Bütöv Azərbaycana
səslənən, hamını
bütövlüyə, tamlığa,
birliyə səsləyən
insanların həm də "atıb getdiyin yerdəyəm, gəlginən" deyə
nalə çəkməsini
poetik dildə xatırladır.
Məni
atıb getdiyin o tindəyəm, gəlginən,
Çünki cahan dövr edir yerində pərgar kimi.
Sayman Aruzun yaradıcılığında əsas qayə bütövlük, birlik, milli kimlik, milli
ruh, milli düşüncədirsə, din, fəlsəfə, elm və
əsasən də tarixi kimliyimizə bağlılıq da məharətlə özünü
göstərməkdədir. Şair
bir qəzəlində
deyir:
Babək, Hələbə kimsə aparmır səni mehman.
Niyətləri var qanına qəltan eləsinlər.
Yusif, quyudan çox da sevinmə ki, çıxıbsan,
Misrə aparırlar səni zindan eləsinlər.
Bu misralar eləcə
tarixi özündə
əks etdirən sadə beytlər deyil, Sayman Aruz
bu misralarla, yəni tarixi və dini hadisələrlə
bu günümüzün
faciələrindən, acılarından,
zülmlərindən danışır. Sözügedən
qəzəlin son beytində
şair belə deyir:
Arxanda sənin qəddi əyilməz Savalan var,
Hər nə eləyirlər de ki, Sayman, eləsinlər.
Bu misralar zalimə,
zülmə qarşı
şair üsyanıdır.
Sayman Aruz xalqın
dərdini öz dərdi kimi sadalayır və sonda "nə edirlər, qoy etsinlər" deyir, xalqının dərdini deyən şairin xalqa-Savalana söykəndiyini
bilir. Növbəti
qəzəldəki bu
misraların isə məncə izaha ehtiyacı yoxdur, çünki bu misralar bir şairin
tarix qarşısında
fəryadıdır:
Bayquş
kimi hər gecə dil açıram
şeirlə,
Söyləyirəm dərdimi, həm Allaha, həm sənə.
Bu bəndin növbəti misraları insanla danışır, xalq dilində danışır,
vətən dilində
üsyan edir, tarixi şəxsiyyətlər
dilində susur, din, fəlsəfə dilində
oxucuya mesaj ötürür:
Ah, İsmayıl, qoç kimi gah oluram
qurbanın,
Gah da Kəbə yanında oluram Zəmzəm sənə...
Mənə bir tar verginən
ki, ifşa etsin məni,
Bu sevginin sirrini çalım zilü-bəm
sənə...
Hürr
olmağa "Quran"ı
oxumağa gərək
yox,
Bəs eyləyər inan ki, hətta bir ayəm sənə...
İçimdəki vulkanım partlayacaq haçansa,
Yanımda olsan yəqin, dəyəcək qəlpəm
sənə...
Məndən uzaq dur, ey dost,
yoxsa qəmim bir gecə,
Ya olacaqdır Əfşin, ya İbni-Mülcəm sənə...
Bu kədərin mənşəin
soruşma məndən
əsla,
Elə sirlər vardı ki, danışa bilməm sənə...
Məncə, bu misralar Sayman Aruzun ağır
missiyasını, məsuliyyətini,
vətəndaş mövqeyini
göstərməklə yanaşı,
özü dediyi kimi, şeir dili ilə belə
danışa bilmədiyi
məqamları, şair
çarəsizliyinin önündəki
vətəndaş mübarizəsini
göstərir.
Sayman Aruzun şeirlərini tam izah etmək üçün gərək Sayman Aruz olasan. Çünki bəzən bir misrasında bir əsr gizlənir, bir xalqın taleyi yatır, bir meşənin ağacları yaşayır.
Mən Sayman Aruzu onda-bir əsrdir ki, tanıyıram, bizi şeir birləşdirib,
O, mənə universitetdə
dərs deyib, mən ona "ustad" deyirəm. Onu şair kimi, ziyalı kimi, filosof kimi yaxından
tanıyan adam
kimi deyə bilərəm ki, Sayman Aruz dövrümüzün
böyük alimlərindən
biridir. Onun dövlətçi, millətçi ruhu, vətəndaş mövqeyi
həmişə biz gənclərə
nümunə olub.
Poetik düşüncə və
bütövlük yolunuz
mübarək olsun, ustad.
Elşad Barat
Ədəbiyyat qəzeti.- 2023.-
18 fevral.- S.19.