Qəlbləri titrədən mizrab

 

Rəfail Tağızadənin ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir. Onun yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir.

Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları - söz sənəti nümunələri yaradır.

Onu başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını - sevinci , kədəri qeyri-adi eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir:

 

...Pəncərə önündə ağac kimiyəm,

xatirə yarpaqlar uçur havada,

ömrün payızında bir xəzan kimi

ayrılıq səs salır yalqız odada.

Tutub boz səmanı qara buludlar,

pərdələr üşüyür bomboz otaqda.  

Səmtini itirib, yolunu azıb,

cığırlar o kövrək yarpaq yataqda.

 

Payızı hamımız sevirik, onu hər kəs gördüyü kimi təsvir edir. Rəfail Tağızadə isə həm ilin sonbaharının yaratdığı həzin kədərin həyata, insan varlığına transfer edilməsini mükəmməl izah edir. Bu da bir fərqlilik, bu da bir bənzərsizlik.

Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir. Rəfail müəllimin poetik fikirlərini bu dərəcədə dəqiq bənzərsiz çatdıra bilməsi Allah vergisidir məncə. Sanki bu sözlər, bu ifadələr ona diktə edilir, hansısa ilahi bir qüvvə onun şeirlərini ölçüb-biçib tənzimləyir, səliqəyə salır oxuculara məhz bu şəkildə çatdırır. Lakin bununla yanaşı, hər bir söz adamını ətraf mühit, görüb götürdükləri yaşadığı cəmiyyət formalaşdırır da deyə bilərik. Rəfail Tağızadə bu baxımdan istisna deyil. Füsunkar Qarabağ torpağında doğulub yaşaması, bir neçə xarici ölkədə təhsilini təkmilləşdirməsi nəhayət, birinci Qarabağ müharibəsi iştirakçısı olması qazi şairin insan kimi formalaşmasında gələcək yaradıcılığında böyük rol oynayıb.

"Mən öz əsgərlərimi balalarım qədər, bəlkə bir az da çox sevirdim", - deyir keçmiş döyüşçü Rəfail Tağızadə. Elə bu bir cümlə onun qədər dərin, genişürəkli, qayğıkeş, mərhəmətli, məsuliyyətli vətənpərvər olmasının danılmaz sübutudur.

Eldən, obadan uzaq düşən insan kövrək olsa da dərd, kədər, həsrət onu bərkidir, dözümlü edir. Rəfail müəllim uzun müddət yurd həsrəti ilə yaşayıb. Bəlkə qazi olmasaydı, müharibənin dəhşətlərini görməsəydi, yurd itirməsəydi, el-oba həsrəti yaşamasaydı, belə yanğılı, ağrılı yazmazdı:

 

...Bu qazi toyunda, bu ər toyunda,

yerində oynayan süzənindən çox,

yerdən təbrik edən gəzənindən çox,

saqqallı gələni bəzənəndən çox.

 

Bu qazi toyunda, bu ər toyunda,

tək əl ovcun döyür çəpik yerinə,

çəliklər səs salır təpik yerinə.

Qazilər oynayır, qazilər indi -

başları üstündə qoltuq ağacı,

yellənir boş, qıçsız şalvar balağı.

Bu qazi toyunda, bu ər toyunda.

...Bu qazi toyunda, bu ər toyunda,

çəngəllər, bıçaqlar əllərdən artıq,

susanı danışan dillərdən artıq...

Göylərə ucalan tək qol oynayır

yanında oynayan bir xəyal qolla,

yol gedir, yol gedir bir kölgə yolla.

Ananın yol çəkən gözləridi bu,

oğluna söz qoşan sözləridi bu.

Səngərdən dağlara uzanan yol,

sonunda qaliblər dayanan yol,

bu gecə yol gedən tək ayaqlılar

döyüşə səsləyir ayaqlıları,

bu qazi toyundan, bu ər toyundan.

 

Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı? Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır.

Dəqiq bilirəm ki, Rəfail müəllim ya ən yaxşı bildiyini, ya da heç kimin yaxud çoxunun bilmədiklərini yazır həmişə. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə "Qoru məni" şeirini oxumaq kifayətdir ki, onun istedadının həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:

 

Bu gecə yuxumu ərşə çəkdirən      

dərdlər göy əskiyə bükəcək məni.

Tutub öz əlimlə, dırnaqlarımla,

hələ codlaşmamış barmaqlarımla

məni öz qanıma boyuyacaqdı.

Sonra maddım-maddım baxıb üzümə

bu dərdi taleyə bağlayacaqdı.

Qanımı dondurub, səsimi kəsib,

küyümü içimdə saxlayacaqdı.

 

Arzular qurtarmır, güman yetişmir,

uzanan əlimə ümman yetişmir.

Sən məni dənizin üstünə çıxar,

istərsən yeriyib gedim bu yerdən.

Məni utandırma özüm-özümdən.

 

İlahi, sən məni günahdan qoru,

məni utandırma gecə yanında,

bu dəniz yanında, o Ay yanında,

məni utandırma Onun yanında.

 

...qoru bu gecəlik günahdan məni,

qoru bu gecəlik qınaqdan məni... 

 

Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı sevgisi ona sevmək sevilmək kimi gözəl neməti bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:

 

Götürüb gedirəm səni özümlə

gecənin ən sakit, gizlin yerinə.

Qıymaram mən sənə könlümdən başqa   

bir baxış toxuna, yerin bilinə.

 

...İlahi, sən bunda cazibəyə bax!

Bu sevgi özümdən qoparır məni.

Bu xumar gecədə bədirlənən Ay,

salıb işığına aparır məni.

 

Şairin "Götürüb gedirəm səni özümlə" şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə bizə "İlahi, sən bunda cazibəyə bax!" dedirtməyi bacarır.

Yaradıcılığının ən maraqlı məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, Zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən - cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı möhtəşəmdir. Məhsuldar çalışqan yazarımıza - eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar arzu edir səbirsizliklə yeni əsərlərini gözləyirik.

 

Təranə Məmməd

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.21.