Rus poeziyası: Puşkindən
Yevtuşenkoya qədər
I yazı
Rus poeziyasına marağım nə vaxt yaranıb, xatırlamıram. Sözsüz,
uşaq vaxtı Puşkinin, Lermontovun dilimizə tərcümə
olunmuş şeirlərini dərs kitablarından oxuyub əzbərləyirdik.
Amma bu əzbərçilik bizim qəlbimizdə
hansısa hissləri oyatmırdı. Xatırlayıram,
80-ci illərin ortalarında "Azərbaycan" jurnalında
Sergey Yeseninin "İran nəğmələri" çap
olunmuşdu. Bax, o silsilədə rus
poeziyasının cazibəsi vardı. "Sevimli
Şahanə, gözəl Şahanə" misralarının
energetikası yeniyetmə qəlbimizi ehtizaza gətirirdi.
Sonra Puşkinin "Yevgeni Onegin"i ruhumuzda təlatümlü
duyğular oyatdı. Əlbəttə, bu əsəri
Səməd Vurğunun tərcüməsində oxumuşduq.
Şair bu tərcüməyə sərf etdiyi zamanını
qürur hissiylə nəzmə çəkmişdi:
Axıtdım
alnımın inci tərini,
Yanmadın ömrümün iki ilinə.
Rusiya
şeirinin şah əsərini
Çevirdim ilk dəfə türkün dilinə.
Onu da xatırlayıram ki, gənclik illərimdə
Puşkinin bir şeirini dilimizə çevirmişdim. Sonra o
şeiri "Sənət qəzeti"ndə dərc etdirdim.
Mənim rus poeziyasıyla sözün əsl mənasında
dərindən tanışlığım 90-cı illərdən
başlandı. Gümüş dövr şairlərinin
yaradıcılığı ilə tanış
olduqdan sonra bu temaya yaxından aşina ola bildim. Anna Axmatova,
Marina Svetayeva, Mandelştam, Pasternak, Blok, Afanasi Fet...
Və bu şairlərin acıdan acı taleyi...
XIX əsrin
əvvəllərində çar dekabrist şairləri
sürgünə göndərmişdisə, XX əsrdə
Stalin ideologiyaya boyun əyməyən barışmaz
mübarizləri - Mandelştamı, Axmatovanı, Marina
Svetayevanı, İsaak Babeli, Bulqakovu, Platonovu mənəvi-psixoloji
basqılar altında saxlamaqla cəzalandırırdı. Onlar
cəmiyyətin ögey övladları kimi damğalanmışdılar
və onlara heç yerdə iş verilmirdi, əsərləri
çap olunmurdu. Sənətə tətbiq edilən
təzyiqlər Çar Rusiyasındakı cəza növlərindən
daha amansız idi. Pasternak sovet hökumətinin
təzyiqi altında Nobel mükafatından imtina etmək məcburiyyətində
qalmışdı. Platonov kimi nəhəng
yazıçı dalandar işləməyə məcbur
edilmişdi, oğlunun həbsdən azad edilməsi haqqında
Stalinə yazdığı məktublar cavabsız
qalırdı. Bulqakovun pyeslərinə
teatrlarda qadağa qoyulmuşdu. İsaak
Babelin əlyazmalarını məhv etmişdilər. Marina Svetayeva acından ölməmək
üçün hansısa kafedə qabyuyan işləməyə
vadar olmuşdu. Mandelştam Sibir
sürgünündə canını tapşırdı.
Sergey
Yesenin intihar edəndə Mayakovski yazırdı:
Görən
hələ neçələri
Gözləyir ölüm payını?
Görən
nə vaxt dincələcək
Şair qəlbi yer üzündə?!
Gəlin
azaldaq, azaldaq
Bu
ölümlərin sayını...
Mayakovski
bu misraları yazaraq öz şair dostunu canına
qıydığı üçün qınayanda
ağlına gələrdimi ki, cəmi beş
ildən sonra özü də ömrünü intiharla
başa vuracaq?! Nə idi bu intiharların səbəbi?
Şair qəlbinin aldanışları? Doğrulmayan ümidlər? Yesenin
gözəllik aşiqi idi, siyasətə o qədər də
meyilli deyildi, Mayakovski isə inqilabi romantikanın
dalğalarında imperativ şeirlər yazırdı. Onun intihar xəbərini zarafat zənn etmişdilər,
çünki Mayakovski həmişə intiharın əleyhinə
olmuşdu. Bu fakt təsdiqlənəndən
sonra şairin özünə qəsdini uğursuz sevgi macərasıyla
bağlayanlar da oldu. Amma həqiqət daha
dərində gizlənmişdi. Versiyalardan
biri də şairin qətlə yetirilməsi idi. Amma tarix bu məsələdə hələ də qəti
qərara gələ bilməyib. Bu haqda
kifayət qədər yazıldığından geniş
yazmağa lüzum görmürəm. Söhbətimizin
mövzusu bu deyil, rus poeziyasının zamana və
quruluşlara müqavimət gücündən bəhs edirik.
Hələ 1919-cu ildə Maksim Qorki "Ümumdünya ədəbiyyatı"
nəşriyyatını təsis etmişdi. Məqsəd
dünya ədəbiyyatının ən gözəl nümunələrini
xalq kütlələrinə çatdırmaq idi. Amma, nədənsə, Qorkinin bu istəyi həyata
keçmədi, nəşriyyat bağlandı. Səbəbləri haqda düşünmək
lazım gəlir.
Aleksey
Tolstoyun fikrincə, inqilaba qədər sənətin formulu belə
idi: "Mən düşünürəm - demək mən hər
şeyi inkar edirəm". İndi isə bu formul belə səslənir:
"Mən düşünürəm - demək mən həyat
qururam".
Ədəbiyyatda konfliktsizlik nəzəriyyəsinin əsası
məhz bu sözlərlə qoyuldu. Hamı müsbət qəhrəman
axtarışına çıxdı, mənfi obrazlar yaramaz
ünsürlər kimi damğalanmağa başladı. Sanki bu "mənfi obraz"ın heç müsbət
tərəfi yoxmuş. Həyat sanki iki rəngdən
ibarət idi - ağ və qara. Bu, əsasən prozada baş verirdi. Poeziyada isə müxtəlif cərəyanlar
şeirə cüzi rəngarənglik qata bilirdi. Futuristlər, dadaistlər, simvolistlər, imajinistlər
bu gur axında özlərinə mövqe seçməyə
çalışırdılar. Tarixin
uzaqlığından baxanda Mayakovskini futurist şair kimi, Bloku
simvolist, Yesenini imajinist cərəyanda təmsil olunan
görürük. O zaman bu cərəyanlar zərərli
burjua sənəti kimi proletar ədəbiyyatında yad
ünsürlər olaraq yarğılanırdı. Durğu işarələri ilə mübarizə,
sintaksisi dağıtma, formanı məzmundan təcrid etmə
və sair eksperimentlər rus şeirini siyasiləşməkdən
qoruya bilmədi. Mayakovski inqilabın
ruporuna çevrildi. Blok da poetik
istedadının inqilabi romantika üzərində
sıxıb suyunu çıxartdı.
Xruşşov mülayimləşməsindən sonra da
şairlər gözümçıxdıya salındı. Y.Yevtuşenko,
A.Voznesenski, R.Rojdestvenski və onlar kimi azad ruhlu şairlər
də öz sələflərinin taleyini təkrarlamaqda idilər.
Bütün dahilərin qələmi mürəkkəbə
batırması üçün münbit şərait, zəmin
lazım gəlir.
Ötən əsrin 60-cı illərinin adlı-sanlı
şairlərini də bu şərtlər olmadan xatırlamaq
bir qədər çətin olardı. 60-cılar ədəbi
nəsil məhz "Xruşşov mülayimləşməsi"
dövründə düşüncənin, fikrin mütləqi-hakiminə
çevrildilər. İndi bəlkə də
buna inanmaq olmur, amma o vaxtlar şairlər böyük
zalları, nəhəng stadionları öz vurğunlarıyla
doldurmaq gücündəydilər. Əlbəttə,
hamısı yox.
Yevtuşenko, Axmadulina, Rojdestvenski və hamıdan daha
çox Voznesenski üçün bu, bir içimlik su qədər
asan idi. Onun saysız oxucuları vardı ki, Voznesenski adı
eşidiləndə dərhal ora üz tuturdular.
Bəlkə də buna heç təəccüblənmək
lazım deyil.
Çünki hər bir əsrin dirçəlişini tənzimləyən
"partlayış"lar olur. Həmin
dövrün ədəbi partlayışı da az qala, hamını ədəbiyyat əsirinə
ona görə çevirə bilmişdi ki, total kütlə
düşüncəsi əvəzinə cəmiyyətə fərqli
baxışla, münasibətlə ətrafa baxmaq təklif
olunurdu. Cəmiyyətdə gedən bu dəyişkən
ictimai, sosial-siyasi fikrin başlanğıc nöqtəsi
1956-cı ilə təsadüf edir. Həmin il XX qurultay artıq keçirilmişdi,
stalinizm, şəxsiyyətə pərəstiş aradan
qalxmışdı. Elə həmin ildən
başlayaraq "Molodaya qvardiya", "Moskva",
"Don" kimi ədəbi-bədii jurnallar nəşr
olunmağa başlamışdı. Gənclər
ilk dəfəydi ki, lənətlənən, söyülən
Axmatovanı, Svetayevanı, Bulqakovu, Platonovu, eləcə də
xarici ölkə yazarlarının qadağan edilmiş əsərlərini
qorxmadan, açıq-aşkar oxuya bilirdilər.
Artıq "Literaturnaya qazeta" da
"qıpqırmızı rəng"də
çıxmırdı, həyatı bütün rəngləriylə
göstərə bilirdi. Əlbəttə, əsl istedadlar bundan
yetərincə bəhrələnirdilər. Amma həmin dövrdə Voznesenski çox zərbələr
aldı. "Mülayimləşmə"
bütövlükdə hakimiyyətin mahiyyətini dəyişməmişdi.
Hakimiyyətdəkilər Voznesenskinin dediklərini
heç cür həzm edə bilmirdilər. Voznesenski isə qələmini sərt yumruğa
çevirib hara gəldi çırpırdı. Onu hansı yollasa cəzalandırmaq lazım gəlirdi.
Onun şeirləri çap olunan kimi ideologiya
güdükçülərinin sərt əmrləri bir-birini
əvəz edirdi, hansısa jurnal redaktoru işdən azad
edilirdi, kiməsə şiddətli töhmət verilirdi.
Voznesenskinin ədəbi karyerasının
başlanğıcı onun Boris Pasternakla
tanışlığı dövrünə təsadüf
edir. 14
yaşlı Andrey Pasternaka öz şeirlərini yollayır və
az vaxtdan sonra ondan məktub alır.
Pasternak ona yazırdı:
"Sizin ədəbiyyata ilk gəlişiniz haçansa
çox sürətli, fırtınalı günü
xatırladacaq.
Şadam ki, o günün
başlanğıcının ilk şahidi mən oldum".
Voznesenskinin özü də sonralar etiraf edirdi ki,
Pasternakın ona həyatda həm bir şair, həm də bir
insan kimi çox təsiri olub.
Voznesenski öz yaradıcılığı ilə
"sovet poeziyası" bütünü dağıdan, onu
bütün qadağalardan, buxovlardan azad edən bir şair
idi. O, sakit səslə
sovet ideoloqlarının canına vəlvələ
salmağı bacarırdı.
Bu yazıda onun yaradıcılığı haqda
heç nə yazmayacağam. Bir tarixi sənəd
haqda danışacam. Bu sənəd 7 mart
1963-cü ildə Kremldə Sovet İttifaqı Kommunist
Partiyasının rəhbər işçiləriylə bir
qrup yaradıcı şəxslərdən ibarət sənət
adamlarının görüşünün 5 dəqiqəlik
stenoqramıdır.
Görüş
başlar-başlamaz N.Xuruşşov Voznesenskiyə birbaşa
hücuma keçir:
"Siz,
Voznesenski, hansı səbəbə və nəyə görə
partiya üzvü olmadığınızı ağız
dolusu hər yerdə bəyan edirsiniz? Bunun meydan oxumasına
bir bax! Biz Kommunist Partiyasının əksinə
çıxan hər kəsi məhv edəcəyik, bunu
unutmayın! Lazım olarsa, hamını və hər kəsi
silib-süpürəcəyik! İndi deyəcəksiniz
ki, sizi sıxışdırıram. Mən
birinci katibəm, həm də sədrəm. Ancaq bunlardan
əvvəl mən Sovet İttifaqının vətəndaşıyam!
Mən döyüşçüyəm və hər növ
pisliyə qarşı vuruşacağam!".
Xruşşov sonra bildirir ki, "siz elə bilməyin
Stalin ölüb. Heç bir mülayimləşmədən
söhbət gedə bilməz. Ya tam olaraq isti yay, ya da
şaxtalı qış!".
Xruşşov Voznesenskiyə ləngimədən
SSRİ-ni tərk etməyi tapşırır. Voznesenski isə deyir:
- "Mən rus şairiyəm. Birdan niyə getməliyəm
axı?".
Sonralar
Andrey Voznesenski müsahibələrindən birində deyirdi:
"Məni, 29 yaşlı bir gənci daha çox ona
görə ittiham edirdilər ki, xarici ölkələrə
verdiyim müsahibələrdə Puşkini və Mayakovskini
öz müasirim hesab edirəm. Burada pis nə
vardı, bilmirəm və heç cürə anlaya bilmirdim
ki, onlar məndən nə istəyirlər".
Xruşşov
və onun ətrafında olanların əlindən Voznesenskini
bilirsinizmi kim xilas edib? Bəlkə
də, inanmayacaqsınız. Amma bu,
faktdır.
Amerikanın həmin vaxt prezidenti olan Con Kennedi
N.Xruşşova zəng vurur və gənc şairi -
Voznesenskini rahat buraxmağı xahiş edir. Əks halda,
onu həbs təhlükəsi gözləyirdi.
N.Xruşşov
SSRİ-də "azad sözün" at
oynatdığını dünyaya nümayiş etdirmək
üçün bu sözdən sonra yumşalır və hətta
Voznesenskiyə Amerikaya yaradıcılıq səfərinə
çıxmağa icazə verir.
Məhz bu səfərdə Voznesenskiyə dünya
şöhrəti qazanmaq nəsib olur. Az sonra onu Qərbdə
"rus möcüzəsi" adlandırırdılar. Vosnesenski bu səfərində Haydeggerlə, Sartrla,
Pikassoyla həmsöhbət olur, Artur Millerlə əbədi
dostluq münasibəti yaranır.
Amma Sovet İttifaqında xüsusi icazə olmadan onun
adının çəkilməsi qadağan edilir. İlk dəfə
bu qadağanı Vladimir Vısotski pozur. O, konsertlərdən
birində gitarayla səhnəyə çıxır və
Voznesenskinin şeirini oxuyur.
İndi Sovet İttifaqı yoxdur. Xruşşov
da yaddaşlarda bir-iki təhqiramiz lətifəylə
qalıb. Amma Voznesenski zamanın sərhədlərini
aşmağı bacardı.
Yevtuşenko "yalanla döyüşmək
xeyirxahlıqdır" yazırdı. Onlar total yalanla
döyüşürdülər və qismətlərinə
həqiqəti yazmaq düşmüşdü. Vladimir
Vısotskinin nəğmələri də sovet
imperiyasının dayaqlarını sarsıdırdı.
O, "qeyri-leqal poeziya"nın
yaradıcılarından idi. Gitara onun silahı
idi.
Bakıda doğulmuş rus şairi Oleq Şestinskinin
sovet imperiyası çökdükdən sonra
yazdığı "Həqiqəti söyləmək
çox çətindir, çox çətin, həqiqəti
deməmək ondan daha çox çətin" misraları əslində
yetmiş illik sistemin boğduğu azad sözün əks-sədası
idi.
Rus
poeziyasında bizi həmişə duyğulandıran, qəlbin
ən incə tellərinə toxunan lirik şeirlərin
siyahısını tutası olsaq, o siyahıda mütləq
Pasternakın "Qış gecəsi", Marina
Svetayevanın "Sənin adın...",
K.Simonovun "Gözlə məni", Bella Axmadulinanın
"Bir gün qapın döyüləndə" şeirləri
yer alacaq.
Samuil Marşakın "Kitablar haqqında kitab"
poemasını bütün uşaqların oxuması vacibdir. Qrişka
adlı bir uşaq evdə kitablara qarşı kobud
davranır, onların vərəqlərini qoparır, hara gəldi
atır, kitablar əzik-üzük, kirli vəziyyətdə
olur. Bir gün bu kitablar sözü bir yerə
qoyub Qrişanın əlindən kitabxanaya qaçırlar.
Kitabxanadakı səliqə-sahman onları heyran
qoyur. Burada kitablara qayğı göstərilir,
onlara təzə cildlər çəkilir. Qrişa
kitablarının ardınca kitabxanaya gedir, ağ
günə çıxmış kitablar ona deyirlər ki, sənin
bura gəlməyə hələ cürətin də var? Poemanın sonunda müəllif yazır ki, Qrişaya
uzun illər sonra rast gəldim, o, artıq mühəndisdir,
balaca oğlu isə kitabları çox sevir.
Qonaq oldum
onlarda,
Divarlar kitab rəfi.
Rəflərdə
göz oxşayır
Cürbəcür kitab səfi.
...Kitabları
hörmətlə
Götürüb açırdılar.
Kitablar da
çətin ki,
O evdən qaçardılar!..
Bu kiçik poemanı təkcə uşaqların deyil, böyüklərin də oxumasında fayda var. Kitablarını evlərdən atan nadanlar üçün ibrətamiz bir əhvalatdır.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.27.