Rüstəm Kamalın altmış
yaşında demədiklərim
İlk görəndən belə idi, indiki kimi təmkinli,
özünəməxsus və dürüst danışan
ilahi fikrin, düşüncənin qarşısında dil-dil
ötən, ruhu açılan.
Görməmişdən qabaq haqqında
eşitmişdim. İncə Dərəsində, Kəmərlidə
müəllim işləyirdi. Sərhəd müəllim
danışmışdı Rüstəm Kamal barəsində:
- bir müəllim peyda olub dedi, Şıxlı kəndindəndi,
Rusiyada təhsil alıb. Fikir və mülahizələrində
yerə-göyə sığmır, göynən əlləşir.
Heç kimə bənzəmir. Hər kəsin dilini bilir, qar kimi bəyazdır, su
kimi dupdurudu. Fikirləşdim ki, yəqin kənd
müəllimidir. Qeyri-adi, terminlərlə,
ibarələrlə danışıb, diqqət çəkir
özünə. Elə də fikir vermədim.
Sonra Şəkidən eşitdim
sorağını, Şəki Müəllimlər
İnstitutunda dərs deyirdi. Orda artıq ədəbi
mühitə xeyli yaxınlaşdı, Bəxtiyar Vahabzadənin,
Yaşar Qarayevin diqqətini cəlb elədi. Tapıntı kimi qiymətləndirdilər - Rüstəm
Kamalı. Sonra Mingəçevir Dövlət
Universitetində işlədi. Orda
gördüm onu. Mingəçevirə
ezam olunmuşdum. Gənclər şəhərində
özü cavan fəqət ruhu "qoca" və uca Rüstəm
Kamalla əyani tanış oldum. İlk baxışda maraqlı və səni
düşünməyə vadar edən fikirləri ilə
adamı çəkir. İki-üç
gün ərzində, iki-üç dəfə vaxt tapıb
onunla söhbət elədim. Mingəçevirin
mənəvi mühiti ilə bağlı müsahibə
götürdüm - Rüstəm Kamaldan. Ancaq
efirə getmədi. Texniki baxımdan
yararsız oldu. Bu münasibətdə bir soyuqluq
yaratdı: "Məqam" verilişini
hazırlayırdım o vaxt. Dəqiq yadımda deyil, deyəsən
"özünüdərk" məqamıyla bağlı tərəf
müqabil olmalıydı, nəsə alınmadı. Bu 65 illik ömrümdə bunun dəfələrlə
şahidi olmuşam. Bütün sevdiyim adamlarla
bağlı ürəyimdən bir iş görmək istəyəndə,
müdam uğursuzluğa düçar olmuşam. Rüstəm Kamalla da elə. İndi, ilin il
boyu boş vaxtım olduğu halda Rüstəm Kamalın Natəvan
klubunda 60 illiyi qeyd elədiyi vaxtla mənim üçün
taleh yüklü elə bir iş çıxdı ki, sadəcə
haqqı salam üçün yarım saatlıq gəlib,
üzrxahlıq eləyib getdim-qaçaraq və gərgin. Gəlməsəm ayıb olardı. O
görüşdə deməli olduqlarımı indi deyirəm.
...Rüstəm
Kamal harda olur-olsun sanki özümü balığın dəryada
olduğu kimi hiss eləyib. İncə dərəsində,
Şəkidə, Mingəçevirdə... Çünkü,
o doğulduğu, yaşadığı coğrafi ərazilərin
bir parçasıdır. Şıxlı
da, İncə də, Şəki də, səfər elədiyi
Təbriz də, Ərdəbil də, Urmiya da. Əslində Rüstəm Kamalın ruhu o və
olmadığı başqa doğma məkanların
özüdü, onun bir parçasıdı. Ruh tənə
qovuşan kimi o yerlərə can atır, içinin rəngləri
o yurdun havasına köklənir. Və olurlar bir canın, bir
qəlbin daşıyıcıları... O yerlərin otu da,
ağacı da, insanları da Rüstəm Kamalın
könül parasıdır. Ona görə
maqnit kimi çəkir o doğmalığı içinə.
Heç yerdə özünü yad hiss eləmir. Mətbəxindən
tutmuş iç düşüncəsinə kimi hər
şeyi can, ürək köynəyindən keçirib
özününkü eləyir. Odur ki, ən uca, bir az da qəliz, anlaşılmaz mətləbləri
elə isti, yumşaq, yanğılı ifadə eləyir ki,
sözün doğmalığı canına od salır. "Mənə həmişə elə gəlib ki,
Gəncə sadəcə qədim şəhərin adı
deyil, gəncəlilərin tale-qədər adıdır.
Gəncə güclü ezoterik obraza malik məkandır.
Ayrılıq, hicran Gəncənin ruhuna hopub..."
Rüstəm
Kamal bir az Şıxlıdır, bir az
İncə dərəli, bir az Şəkili, bir az da Mingəçevirli
bütünlükdə Azərbaycanın özüdü,
mahiyyətidi, öz yavrusudur. Odur ki, Vətən
torpağı dağıyla, daşıyla,
ayrılıqlarıyla, gəncliyilə onun
yazılarından, esselərindən boy göstərir.
Rüstəm Kamalın Bakı həyatı böyük
bir mərhələdir. Bütün bu gəzimlər, görümlər,
yaşantılar, üstəgəl Bakı mühiti Rüstəm
Kamalı salğarlı, ruhlu bir alim yetişdirdi. Rüstəm müəllimin etnoqrafik yazıları,
etnik araşdırmaları, əsintiləriylə ürəyi
titrədən esseləri mətn bolluğunda seçildi,
mötəbər söz adamlarının, tələbkar
oxucunun nəzər-diqqətini özünə cəlb elədi,
başladılar onu Səməd Qaraçöp demişkən
"barmaqla göstərməyə". İdrak
qatı daha da dərinləşdikcə, alt kökə
işıq saldı. "Dədə
Qorqud" Oğuznaməsini yetkin çalarlarla yenidən tədqiqata
cəlb elədi, görünməzləri göstərdi.
İsa Muğannanın sirli dünyasının
dərinlərinə vardı. Milli kökənli
etnik yaddaşın şah damarını silkələyə
bildi. "İsaya inanmaq..." məqaləsindən:
"İsa Muğanna sağlığında artıq müqəddəsləşib,
mifləşmişdi. "Muğanna"
adı artıq
bir yazıçı təxəllüsü deyil,
kahin-təriqət şairi adı kimi səslənirdi. İsa Muğanna statusunda olması üçün
mütləq realist-yazıçı statusundan
uzaqlaşmalı idi. Kosmogonik-sürreal gerçəkliyi
"yeni müəllif" statusunda görməsi
üçün "Kollu Koxa"dan, "Teleqram"dan,
"Saz"dan, "Yanar ürək"dən imtina etməli
idi. Bu romanlar yazılan sözdən, nazil olunan
sözə keçidin ifadəsi idi".
İsa Muğannaya, eləcə də başqa yüksək
sənət kredosuna malik yazıçılara bu cür yeni
yanaşma tərzi, məhz Rüstəm Kamalın adıyla
başlayır.
Rüstəm
Kamalın bir çox
fərdi yaradıcılıq manerası var ki, o bu
ucalıqla heç kimlə əvəz və müqayisə
olunmaz dərəcədə fərqlidir.
Onun qələmi və zəkası bütün ziddiyyətlərin
fövqündə dayanır. Məsələn,
qadın intiharını Səməd Vurğunun poetikasında
araşdırmaqla yanaşı, A.Kamyunun intihar məsələsini
fəlsəfənin əsas problemi sayırdı. Və üçüncü baxış, müəllif
yanaşması hər iksindən maraqlıdır. "İntihar, özünü öldürmək
aktı dini düşüncədə günah sayılmaqla bərabər,
ölümün öz hüququnu əlindən almaq deməkdir.
O, yüz
müəllifin, tədqiqat obyekti olan mövzuya ürəklə
girir, heç kimin gəlmədiyi qənaəti bədii səviyyəyə
qaldırır. Akademik Nizami Cəfərovun dediyi kimi,
çünki o
"mövzunu yazmır, mahiyyəti yazır".
Yanımızdan "səssiz" ötüb keçən
hər bir həyat görüntüsünə heyranlıqla
yanaşır, elə şərh eləyir, sanki insan
qarşısında sanki yeni mənzərə
açılır. Təsadüfi deyil ki, xalq şairi Nəriman Həsənzadə
ona "yağın içində" bir diktafon alıb verib
ki, ala, bunu qurulu halda yanında saxla, sənin fərqinə
varmadığın söhbətləri o aparat yaddaşa
köçürsün. Hazır materialdı,
sonra hardasa, nədəsə istifadə eləyə bilərsən.
Həyatda fikirlərin itib batmasın, havaya
sovrulmasın. Təbii ki, bütün
istedadlı, bəşər övladı kimi Rüstəm
Kamal da səs yazan aparatdan bir dəfə də istifadə eləmədi.
(Nəriman müəllimin qulağına çatmasın)
İstedad insana südlə, sümüklə verilir
ilahi tərəfindən, mühit, mütaliə onu
cilalayır, müəyyən axara salır.
Rüstəm Kamal özü bilmədən qələmə
aldığı mövzuyla elə uyğun ümumiləşdirmələr
aparır ki, yerində dik dayanırsan. Bu intellektlə
yanaşı, ilhamın ilahi
pıçıltılarıdı. "Fonoqraf:
Mikayıl Müşfiq və Asəf Zeynallı"
yazısından; "Aralarında təxminən bircə
yaş fərq vardı; Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də, Asəf Zeynallı isə
1909-cu il aprelin 5-də anadan olub. Asəfin bir
yaşı olmamış atası rəhmətə gedib.
Müşfiqin anası öləndə altı aylıq
olub..." Anası ölmüş artıq
cizgiləri cızıb, bədii situasiyanı sətir-sətir
cızır. "Səmavi, ilahi Şuşa" ezoterik
- bədii etüd"da oxuyuruq... Şuşalının
varlığını hasarsız təsəvvür etmək
mümkünsüzdür. "Əslində
Pənahabadın kompozisiyası XVIII əsr insanının
dünyanı dərketmə formasının ifadəsi idi.
Dünyanın modeli idi, qala divarları isə
dünyanın sərhədi idi". XVIII əsr
insanı, dünyada qala, gəl indi buna etiraz elə.
Pozulmaz fikirləri mismar kimi beyninə çalır.
Hər bir yaradıcı insan alimdir. Alimlə
yaradıcı insan arasında sədd çəkib, sərhəd
yaratmaq cahillikdir. Bu şeyx Nizamidən bəri
belə olub. Aşıq Ələsgər
də - yerin, göyün, ərşin-fərşin
arğacı" - deyib, sərhəd çəkək ki
Nizami alim idi. Ələsgər yox... Bu son
yüz ilin, sovetin uydurmasıdır. Şair də alimdi,
alim də şairdi...
Güşənişin, "alkaş" şairləri,
kitabdan köçürən "mizrə" alimləri
demirəm. Elmi əsər də, bədii əsər də
eşqlə yaranır. Ona görə eşqli alim Rüstəm
Kamalın "İcad" elədiyi elmi əsərlər
eşq diliylə ürəyə yol tapır və isti oxunur.
...Eşq
əhli tənhalıq gəzər. Ağzınacan
dolu saraylar onların ruhuna yaddır. İşıldayan
gözlərdən gələn həyatı umacaqlar onu
çəkməz, gılıqcıl baxışlar onu tovlaya
bilməz. Beş-on nəfər duyan
söz, fikir sevdalıları ona bəs eyləyər.
Ona görə az
yığmışdı ocağının hənirinə
sevdalıları. Bəs eləyərdi bu sayı azlar,
sambalı çoxlar Rüstəm Kamala...
Sənə və yaradıcılığına dərin
sayğılarla.
Avdı QOŞQAR
Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.29.