"İnam"ın verdiyi
dərs
Əziz Kərim-90
Əziz Kərimin "İnam"
romanı ilk növbədə
halallıq, əhdə
vəfa, milli dəyərlərə sayğı
ətri, təravəti
qoxuyur. Ömrün əllinci, altmışıncı
illərinə qədəm
qoymuş, gənclik illərinin nostalji duyğularına dalan insanlar üçün
"İnam"da təsvir
olunan hadisələr bir köynək daha tanış,
doğma və unudulmazdır. Ötən
əsrin 50-60-cı illərindən
yönü bəri daha çox bölgə, kənd həyatı üçün
xarakterik olan yaşam tərzi, dövrün nəfəsi,
insanların fərdi durumu "İnam"dan təbii, orijinal və bənzərsiz, eyni zamanda da
hər kəsə tanış cizgilərilə
keçir. Bu dönəmi
yaşamış, dövrün
yaşam, davranış
tərzini unudulmaz duyğularla xatırlayan oxucu üçün Sərdar simsarlığı,
doğmalığı var. Həmin dönəmin xatirələrilə yatıb-duran
oxucu üçün
bir Nəriman fədakarlığı, Nurqələm
duyğusallığı var. Birinci Cahan savaşından
sonra yeni-yeni dirçəlməyə başlayan
təsərrüfat həyatının
ümidlə açılan,
ümidlə qapanan səhəri-axşamı var. Cahan
savaşının ocağını
söndürdüyü yurd-yuvaların külü
üstündə, ömrünə
qıyılmış kötüklər
üzərində təzədən
közərən, rişələnən,
boy atan yeni həyatın şaxlanışı,
qol-budaq atması var...
"İnam"ı oxuduqca unudulmaz həyat səhnələri kino lenti kimi keçir
oxucu gözü önündən... Davanın
odu-alovu içindən
çıxıb doğma
kəndinə gələn
Sərdar yağışdan
çıxıb yağmura
düşür; doğma
ata ocağında, ona əziz olan
həyətlərində onu
qarşılayacaq kimsə
qalmayıb... Əcəl alıb,
yer gizləyib. İçərisinə baş
salınası daxma belə uzaq xatirəyə dönüb...
Qonum-qonşu başına yığılır
Sərdarın. Kol-kos basmış,
kimsəsiz həyətə
qədəm basır döyüşə oğul
yola salmış ata-analar, qardaş yolu gözləyən bacılar, ər yolu gözləyən gəlinlər. Kimisi oğlunu,
kimisi qardaşını,
kimisi də utana-utana yarını-yoldaşını
xəbər alır.
Sərdar təsəlli
verir hamıya: "Sağ-salamatdılar, tezliklə
qayıdıb gələcək
hamısı" - deyir.
Ümid verir doğma kəndinin gözü yolda qalanlarına. Öz qəlbisə qan ağlayır; qoyub getdiyi ev-eşikdən nişanə qalmayıb.
Atası
dünyasını dəyişib.
Anası
oğul həsrətinə
dözməyib. Boş
qalıb həyətləri...
İlk dəvət
qosqoca Mir Əhməd
babadan gəlir. "Bizə gedəcəyik"
- deyir. Etiraz edir Sərdar.
Doğma
həyətlərində əsgər
şinelinə bürünüb
yatacağını, ata-anasının
qoxusunu almaq istədiyini bildirir. Kənd əhli razı olmur. Amma qəlbini də
sındarmaq istəmirlər
qanlı döyüş
meydanından qayıtmış
yaralı əsgərin.
Hər kəs imkanı çatan ev əşyası
gətirir. El-oba yığışıb xudmani
bir ev
inşa edir. Lazımi avadanlıqlar bir araya gəlir. Ev tikir, ocaq qalayırlar
yaralı əsgər
üçün. Kimsəsiz qalmasın
deyə yığışıb
elçi gedir, toy tədarükü görür,
sevdiyinə qovuşdururlar
Sərdarı. Yeni həyat
başladırlar.
Bu məqamda kənd
həyatının, orada
ömür sürən
insanların pak həyat tərzi, qəlb genişliyinin gerçəklikləri an-an izləyir
təsvir olunan hadisələri. Ferma müdiri, müharibə veteranı Turabın, Nəsirin, Əfsərin, Kövsərin bədii obrazları illərin doğması, tanışı
kimi gəlir göz önünə... Hələ bir həssas, xeyirxahlıq nümunəsi olan Şəmayə xala! Elə bil ağır zəhmətdən sonra hazırladığı südlü
sıyığın iştahaçıcı
ətrinin məstliyini
yaşayırsan. Bu insanlar
necə duyumlu, necə qayğıkeş,
vəfalı və etibarlıdılar, İlahi!
Şükranlıqla yaşayırlar. Sevincli günlərinin şadyanalığından keçib
gəlirlər: "...Hamının
fikri Sərdarda idi.
- Bala, Nüsrət, Qərib, yaxın gəlin.
- Nə etmək istəyirsən, Sərdar
qardaş?
- Sizlik deyil, mənə
kömək edin.
Onlar kələni
tappıltıyla yerə
yıxdılar. Sərdar bıçağı kələnin boğazına
apardı. "Bismillahir
- Rəhmanir - Rəhim"
- dedi. - İlahi,
bu xoşqədəm insanların xatirinə bu heyvanı sənin yolunda qurban kəsirəm. Sən qəbul elə, ya Rəbil-aləm.
- Amin! - Hamı bir ağızdan dedi.
- İşimiz avand
olsun, ruzumuz bol olsun. Əmin-amanlıq olsun. Mehribanlığı
bizdən kəm eləmə, ya qüdrət sahibi - Sərdar dedi.
- Qurbana görə çox sağ
ol, Sərdar dayı. Allah qəbul
eləsin. Mal-dövlətin birə min artsın. - Bunu da İntizam söylədi.
- Sənin xatirinə, Allahın şərəfinə
qoy bu axşam
hamının qazanı
qaynasın.
- Allah o mübarək qədəmlərinizi
ruzulu eləsin. Xoşməramınızı kamına yetirsin.
İndi çıxın
yuxarı, həmsüfrə
olaq..."
Xoş günün
yaşantısı belədir. Qəlb genişliyi,
şükranlıq duyğuları
an-an izləyir bu yaşantıları. Ağır
günü, qəmli anları, ayrılıq məqamlarını da eyni mərdanəlik, qədər, tale buyruğu
kimi qarşılayır
bu adamlar: "Sərdar gözlərini geniş açdı. Ətrafına baxdı. Gördü bütün
ailə üzvləri
onun ətrafında cəm olub. Sevindi:
- "Həmişə bir olun, balalarım. Bir-birinizə dayaq olun. Dayaqsız dirəklər tez yıxılır. Siz nə
qədər bir-birinizə
dayaq dursanız mənim ruhum bir o qədər sevinər. Əgər
mənə cənnət
arzulayırsınızsa, bir-birinizdən
muğayam olun... Sizi o gözəgörünməzə ümid eləyirəm.
Nə istəsəniz Ondan diləyin. Onun mərhəmətinə sığının..."
Əbədi ayrılıq anının
tapşırmasıdı bu. Qorxu, xof, ah-uf, giley-güzar, aman diləmək yoxdur. Təskinik, ruh rahatlığı, səlim
qəlb tapşırması
var. Maarifləndirici missiya
hər an göz önündədi.
Müharibənin od-alovu içindən
keçmiş, bir göz qırpımında
yüzlərlə ölüm-itimin,
həyat qaybının
şahidi olmuş, sadə bir ailədə
böyüyüb, gec
olsa da bütün
istəklərinə qovuşmuş,
sevib-sevilmiş, övladlar
böyütmüş bir
insanın həyat hekayəsi belə bitir. Ancaq bədbin deyil.
Qədərindən artıq ömür
diləmir. İstəyi dünyanın əmin-amanlığı,
paklığın, səmimiyyətin
- deməli, insanlığın
yaşadılmasıdır.
"İnam"ın baş qəhrəmanı
İntizam bu pak düşüncənin,
namuslu əməyin aşıladığı ruh
böyüklüyünün köynəyindən keçib
gəlir. O, ömrünü
dədə-babalarının təlqin etdiyi mənəvi dəyərlər
hücrəsində yaşayır.
Çağdaşımız olaraq müstəqillik
dövründə kənd
təsərrüfatının inkişaf etdirilməsi, kopperasiyaların yaradılması,
məhsul bolluğunun
əldə olunması
naminə gecəli-gündüzlü
çalışır. Onun bu yolda çəkdiyi
çabalar, qonşu dövlətlərin qabaqcıl
təcrübələrindən yararlanmaq bacarığı,
ümumən, halal zəhmətin, torpağa sonsuz məhəbbətin ən incə detallarla təqdimatı əsərin adını geniş anlamda ehtiva edir. "İnam"ı gözümüzdə, könlümüzdə
böyüdür, ucaldır.
Annatosiyada deyildiyi kimi,
əsərin sonuna çatdıqda oxucu bu inama qoşulur,
yazıçının arzularına,
ideallarına həmrəy
olur. O halallıq
aurasında nəfəs
alır. Yaşayır
və bu aura qovşağında
öz həyat yolunun istiqamətlərini
müəyyənləşdirmək qayğısına qalır.
"İnam" haradasa ta gənclik illərindən oxucuya yaxşı tanış
olan "Böyük dayaq" (Mirzə İbrahimov), "Mehman"
(Süleyman Rəhimov),
"Tamaşa qarının
nəvələri" (Əli
Vəliyev) kimi əsərlərin əməyə
hörmət, məsul
olduğun peşəyə
sədaqət, mənəvi
paklıq düşüncəsini
yenidən yaddaşlarda
oyadır. Adı çəkilən əsərlərdə olduğu
kimi, "İnam"da
da əks qütüblü insanların
fərqli mövqe çarpazlaşmaları önə
çıxır. Xeyirlə şərin
əbədi mübarizəsində
Xeyirin qalibiyyəti
"İnam"ın başlıca
qayəsini təşkil
edir. Yazıya pozu olmadığını
anladır oxucuya.
"Yuxu yaddaşı
və zərbə"
olaylarının nədənliyini
qoyur ortaya. Heç bir pisliyin, məkrin
əvəzsiz qalmadığına,
qalmayacağına olan
ümidi şölələndirir.
"İnam"ı oxuduqca müəllifin kənd həyatına yaxından bələd olmasının heyranlığını
yaşayırsan. Az
qala bütöv bir dövrün köynəyindən çıxmış
insanların ayrı-ayrı
zaman məsafəsində
hansı durumda olmalarının şahidinə
çevrilirsən. Nəsillərin bir-birini əvəz etməsi mərhələlərində
psixoloji, əxlaqi yaşamın fərqli, eyni zamanda da
ənənəyə bağlı
gəlişmələrinə şahidlik edirsən.
90 yaşlı müəllifin
hafizəsində yurd salmış xatirələr,
nostalji yaşantılar
"İnam"da bir
araya gəlib. Oxuduqca özünü
o talelərin, ömrün-günün
ayrılmaz bir parçası hiss edirsən.
Öz yaşamının hesabatını
verirmiş kimi talelə üz-üzə
qalırsan. Taleyindən keçən
nələrinsə cavabını
"İnam"da arayırsan.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2023.-
18 fevral.- S.28.