Essevari fikirlər
Səkkizinci
silsilə
Sinizm,
yoxsa...? Meşələrdə, cəngəlliklərdə
çöl camışı, ceyran dalınca qaçan pələng,
ya şir onları tutub iri dişlərini boğazlarına
keçirən kimi, pikap maşınların, üstü
açıq avtobusların mühərriki dərhal işə
düşür, - mühərrikin tənbəl, həzin səsi
sanki faniliyə işarədir, - maşın karvanları
heyvanlara yaxınlaşır. Yırtıcılar xilas
olmağa can atan, çapalayan, xırıldayan, nərildəyən
heyvanları boğmaqda, didib-parçalamaqda, bir anı
qaçırmaq istəməyən paparatsi ruhlu adamlarsa həvəslə
şaqqaşaq şəkil, video çəkməkdə, arada
maraqdan doğan pıçıltı və gülmək səsləri
eşidilməkdə. Düzü, indiyə qədər
yutubda baxdığım onlarla ovlama səhnəsində
tamaşaçılardan heç olmasa, birinin ceyranı, ya inəyi
yırtıcının pəncəsindən xilas etməyə
cəhd etdiyini görməmişəm. Məncə,
maşını şirin üstünə sürməklə,
qışqırmaqla onu qorxutmaq, meymunu, quzunu diri-diri, yavaş-yavaş udan komodonun ağzından
xilas etmək elə də çətin iş deyil. Nadir hallarda hansısa ürəyi yumşaq
qadının "Ohh my God" (Aman Allah) deyib ah çəkdiyini
eşidirik. Amma elə ki, ceyranlar
yırtıcıların pəncəsindən qurtulub
qaçmağa başlayır, tamaşaçılar bir
ağızdan "Bravo!" qışqırır.
Yırtıcının ceyranı tutub yeməsi onun bir
növ, halal zəhmətinin bəhrəsi sayılır deyə,
tamaşaçılar gördüklərinə "təbii
proses", "cəngəllik qanunları" prizmasından
baxır. Şirin, pələngin pəncəsindən
qurtulan çöl camışı, ceyran isə onlara görə
qəhrəmanlıq göstərmiş olur, bu səbəbdən,
sonda alqış və rəğbət qazanır.
Bu səhnələr
mənə bir ili tamam olacaq Rusiya-Ukrayna
müharibəsini təhlil edən bəzi kabinet ekspertlərini
xatırladır. Ukraynada ağır döyüşlər
gedir, çoxlu sayda itkilər, dağıntılar var. Ekspertlərsə
qəhvə, çay içə-içə kompüter
ekranlarından müharibə səhnələrinə
baxır, xəbər oxuya-oxuya soyuq başla məqalələr,
hesabatlar yazır, proqnozlar verir, magistrant və doktorantlar
dissertasiyaları üçün xəbərləri
kopyalayıb fayllaraa köçürürlər. Orda raket, bomba, həmin yerlərdən min kilometr
uzaqlarda olan kabinetlərdə, sayt redaksiyalarında isə
klaviaturanın şaqşaq səsləri eşidilir.
Qarşıma çıxan həvəskar çəkilişlərin
birində Keniya meşəsində göldən su içən
camışları və onları güdən şirləri
gizlicə kameraya çəkən bir azərbaycanlının
reaksiyasını yəqin ki, heç vaxt unutmayacam. Şirlərin hücuma
keçməsini həvəslə, səbirsizliklə gözləyən
həmin azərbaycanlı yanındakı həmyerlimizə
pıçıldadı: "O şirə bax,
qabaqdakını, yavaş-yavaş gedəni deyirəm". - "Aha, gördüm". Az
sonra şirlər qəfil hücuma keçdi, camışlar
isə bunu hiss etmirdi deyə, rahatca su içməkdəydilər.
Öndə qaçan şir qəfildən ən yaxında
olan camışın belinə hoppanıb onu yerə
yıxanda, kamerayla çəkən həmyerlimiz
qışqırmağa başladı: "Tutdu!! Ay daa,
tutdu!!" Ən maraqlı olan şey sonra baş verdi, o biri şirlər özünü yetirib
camışı parçalamağa başlayanda, emosional şəkildə
reaksiya verən həmyerlimuz deyəsən, az öncəki
sevincini büruzə verməyini günah bilib təəssüf
etdi: "Ay da, yazıx". İlk dəfəydi
mən belə səhnəyə baxanlar arasında ikili hisslər
keçirən adama rast gəlirdim.
P.S. Səhər
işə gedərkən, qabağımdan keçən,
göyərçini dişlərinin arasında bərk-bərk
tutan pişik onu rahatca, gözdən iraq
bir yerdə yemək üçün özünü
kolluğun içinə vurdu. Vaxtım olsa da,
quşu xilas etməyə həvəsim yox idi. Eyni zamanda fikirləşdim ki, pişiyi qorxudub
quşu xilas etsəm belə, o, yaralı qanadlarıyla
uça bilmədiyindən, gec-tez yenə ya həmin, ya da
başqa pişiyə yem olacaq. Necə deyərlər,
təbii proseslə barışıb yoluma davam etdim.
***
Müharibə
və sənətkar mövqeyi Norveç
yazıçısı Knut Hamsun ömrünün sonuna qədər
Hitlerə rəğbətini gizlətmədi, cəngavər
hesab etdi onu, 1940-cı ildə ölkəsini işğal edən
Almaniyanı alqışladı, 1939-45-də alman faşizmini
müdafiə edən on beş məqalə
yazdı. Hitlerlə bağlı oğluyla ciddi
mübahisələri oldu, üstəlik, bəşəri cani
özünü öldürəndə, bu yazıçı
utanmaz-utanmaz nekroloq yazdı. Bütün bunlar məni
yazıçı Hamsundan soyutmayıb, nə vaxtsa ola bilsin, "Aclıq"ı təkrar
oxuyacam, "Torpağın bərəkəti"ylə
tanış olacam. Amma bir vaxtlar həvəslə oxuduğum nəsildaşlarım
olan rus nasirləri Zaxar Prilepinin, German Sadullayevin, Andrey
Şarqunovun əsərlərini Rusiyanın Ukraynaya
qarşı hərbi təcavüzünə dəstək
verdikləri üçün oxuya bilmirəm, onlara ideoloji
qatillər kimi baxıram, sayı 450-dən çox
ukraynalı uşağın ölümünə görə
onların ya bu, ya da o biri dünyada cəza almasını istəyirəm.
Eyni zamanda özümə sual verirəm,
Rusiya-Ukrayna müharibəsi tutaq ki, Rusiyanın, ya
Ukraynanın qələbəsiylə bitsə, mən
onların dünya ədəbiyyatında səs salacaq yeni əsərlərini
oxuyacağammı? Cavabım belə olur: Ukrayna uduzsa,
ömrümün sonuna qədər oxumayacam. Ukrayna udsa, onda...
hmm, bir az düşünəcəm və
bunları yazarkən, hiss edirəm ki, oxumağa meylli olacam. Qəribə
səslənsə də, Ukraynanın mümkün qələbəsi,
nəticədə adlarını çəkdiyim imperiya təfəkkürlü
nasirlərin məğlub, miskin durumda görməyim, ya təsəvvürümdə
canlandırmağım onlara olan nifrətimi bir az
azaldacaq. Müharibədə hansı ölkənin
qalib gəlməsindən asılı olmayaraq, adlarını
çəkdiyim həmyaşıd nasirlərdən kimsə,
hətta xoşsimalı A.Şarqunov intihar etsə belə,
acımayacam. Sonra qəfil sənətini bəyəndiyim
rus aktyoru, Krımın işğalına, RF-nin Ukraynada
törətdiklərinə haqq qazandıran Nikolay Burlyayev
yadıma düşür. Təsəvvürümə gətirirəm,
Moskvaya təyyarədə bir uçuruq, yanımda oturub və
onun cavanlıqda çəkildiyi "Anam ərə gedir"
filmiylə bağlı suallar vermək ürəyimdən
keçir, amma qəfil yadıma düşür ki, bu adam... Birdən o, məni söhbətə tutur, yeri gəlmişkən,
N.Burlyayev həm də intellektualdır. Nə
edərdim? Cavab verməmək
alınmazdı məndə. Bəs soyuq
tonda cavab vermək, başımdan etmək
alınardımı? Ən azından, "Bilirsiz, sizin həmkarınız
Aleksey Panin birinci Rusiya-Ukrayna müharibəsində Rusiyanı
müdafiə etsə də, ikinci müharibədə Qoy
ölən ukraynalı uşaqlar bu müharibəni dəstəkləyən
rusiyalıların yuxusuna girsin deyib?" deyərdim.
Yeri gəlmişkən,
1830-31-ci illərdə Polşada milli istiqlaliyyət uğrunda
xalq üsyanını yatıran rus ordusuna haqq qazandıran,
öz qələbələri haqda şeir yazan, eyni zamanda
tutduğu bu mövqeyə görə dostu, həmvətəni
Vyazemskinin və həmin dövrdə yaşayan başqa
söz adamlarının qınağına tuş gələn
böyük rus şairi Puşkin məlum kontekstdə nadir
hallarda xatırlanır. Milli istiqlaliyyət tərəfdarı
olan puşkinsevərlər təsadüfən onun
anti-Polşa mövqeyi ilə rastlaşanda, uzağı, təəssüf
hissi keçirir, çünki indi Polşa müstəqil,
Avropanın inkişaf etmiş ölkəsidir və həmin
dövrdən iki əsrə yaxın bir zaman keçib. Bu gün Ukraynada Puşkinin heykəllərinin
kütləvi şəkildə sökülməsinin səbəbi
onun Polşa üsyanının yatırılması ilə
yox, sırf ruslara olan nifrətlə bağlıdır.
Qısası, "Ədalətsiz müharibəni dəstəkləyən
yazıçını oxumaq, ya aktyorun çəkildiyi filmə
baxmaq", dilemması ilə üzləşəndə, ənənəvi
olaraq "Sənətkar, yoxsa şəxsiyyət?", "Sənətkar,
yoxsa prinsiplər?" suallarıyla üzləşirik. Bunun cavabı
isə sadə və məlum məntiqə söykənir.
Yazıçının qələmindən,
printerindən çıxan mətn, səhnəyə
çıxan film artıq öz müstəqil həyatını
yaşayır, oxucu, tamaşaçı istəyər, sənətkarın
ideoloji prinsiplərini nəzərə alar, istəməz,
almaz. Sonda mətnin, aktyor oyununun dəyəri
sənətkarın ideoloji baxışlarıyla
ölçülə bilməz.
***
Əşyaların
ruhu Mərhum atamın evdə gördüyü, əl
vurduğu, istifadə etdiyi əşyalar itəndən, istifadəyə
yararsız olduğuçün atılandan, kiməsə hədiyyə ediləndən,
bir sözlə, evimizi tərk edəndən sonra atam sanki bir
az da məndən uzaqlaşır və həmin əşyalar
məndən inciyir.
***
İnsan
qəddarlığının sərhədləri Bir neçə
il öncə Suriya və İraqda canvermə
dövrünü yaşayan İŞİD
terrorçuları son dayaq məntəqələri, -
Suriyanın Başiqa qəsəbəsində koalisiya qüvvələrinə
qarşı müqavimət göstərirdi. ABŞ
qırıcılarının onların mövqelərinə
atdığı raket zərbələri nəticəsində
yüzlərlə İŞİD
döyüşçüsü ailələriylə bir yerdə
məhv edilmişdi. Bu xəbəri mömin, humanist insan
kimi tanıdığım dostuma deyəndə, onun
"Əcəb olub, kaş elə hamısı
qırılaydı" reaksiyasına öncə heyrətlənmişdim,
sonra elə bilmişdim, dediklərimi tam eşitməyib, əlavə
etmişdim: "Ölənlər arasında uşaqlar da
olub". - "Sağ qalsaydılar
böyüyüb ataları kimi qaniçən olacaqdılar
da. İlanın ağına da lənət,
qarasına da". Yenə heyrətlənmişdim,
necə yəni, humanist, mömin dostum uşaqların qətlinə
sevinir, bu dəfə heç nə deməmişdim.
Düşünürəm ki, dostumun qohumlarından, ya əzizlərindən
kimsə İŞİD vəhşiliyinin qurbanı
olsaydı, o, Başiqadakı həmin hadisəyə daha
emosional reaksiya verərdi, "Oxxaay, davamı gəlsin",
"Belə xəbərlərdən tez-tez eşidək"
deyərdi, özü qırıcı təyyarə pilotu
olsaydı, bombanı terrorçuların mövqelərinə
atmaqçün həvəslə düyməni basardı. Hərçənd
mənə etdiyi etirafdan sonra bəlkə də təəssüf
hissi keçirmişdi, ürəyində özünə
demişdi, mənə nə olub, şeytan məni yoldan
çıxarıb, uşaqların ölümünə niyə
sevinirəm, İslama görə, onların axı
günahı yoxdur.
Eyni zamanda əminəm ki, əgər ürəyiyumşaq
dostum hansısa əzizinin İŞİD vəhşilyinin
qurbanı olub-olmamasından asılı olmayaraq, bombardmandan dərhal
sonra Başiqada, həmin yerə gedib ölü, ya
yaraların ağrısından çığıran,
ağlayan uşaqları görsəydi, hönkürərdi. Bir sözlə,
dostumun İŞİD-çilərin ailələrindən
olan uşaq və qadınların ölümünə olan
instinktiv reaksiyası terrorçuların vəhşiliklərinə
qarşı nifrətdən doğurdu.
Sonra özümlə bağlı bir məqamı
xatırlayıram. Tanımadığım bir
uşağın əlinə qaynar çay töküləndə,
onun ağlamağına pis olmuşam, qəhər
boğazıma tıxanıb, yanımda başqa adamlar olub deyə,
özümü güclə ağlamaqdan saxlamışam.
Eyni zamanda tanımadığım
uşağı zorlayıb öldürən adama üç
gün əzab verildikdən sonra öldürülməsinə
razı olan adamam.
***
İki zaman arasında Saytlarda Rusiyanın azman meşələrinin
birində 2-ci dünya müharibəsində basdırılan
minaya düşən adamın ölməsi haqda xəbəri
oxuyanda, içimdə bu xəbərə qəribə reaksiya
olur. Sanki partlayışın baş verdiyi anla minanın
basdırıldığı zaman arasında əlaqə itir,
partlayışın səsi sanki o dövrdən gəlib bura
çatır, sonda ölüm iki zamanı birləşdirir.
***
Tənbəlliyin
sirri İşdən çıxıb evə qayıdıram,
qəfil dörd ildən çoxdur yazdığım, daha
doğrusu, bəzi məlumatların
çatışmazlığı səbəbindən bitirə
bilmədiyim sənədli povestlə bağlı mənə
kömək edə biləcək bir adam
yanımdan ötüb keçir. Ona
yaxınlaşmıram, səbəb utancaqlığımla, cəsarətsizliyimlə
bağlı deyil, əksinə, povestlə bağlı indiyə
qədər (2022, sentyabr) neçə adamı
üzlülüyümlə bezdirmişəm. Sadəcə, tənbəl bir ovqata
düşmüşəm. Obyekt artıq məndən
uzaqlaşır, hələ də onu arxadan səsləyib
suallarımı vermək şansım var, eyni zamanda ehtimal
edirəm ki, yaxınlaşıb məqsədimi desəm,
kefsiz olduğundan, başından edər məni, ya xahişimə
soyuq reaksiya verə bilər.
O,
gözdən itir, tənbəlliyimi qəfil ümid əvəz
edir. Eyni zonada yaşayırıq, gec-tez yenə
rastıma çıxacaq, anlayıram ki, həmin an məndə
yarana biləcək cüzi tənbəlliyi anında yenib ona
yaxınlaşacam. Uzun müddət onu
görməsəm, o tərəflərdə yaşayanlardan bu
adamın yerini soruşacam, az-çox tanınmış sənət
adamlarından (Q.V.) biridir.
Artıq altı aydır hər gün işə gedib gələndə,
həmin yerdən keçirəm. Ən azı, işdən
qayıdanda gedib soraqlaşa-soraqlaşa Q.V.-nı tapa bilərəm.
Səbəbsə yenə tənbəllikdir və
təzad ondadır ki, dörd ildir tükənməz enerjiylə
yazdığım povestin sona yetməsində nəzəri
olaraq mənə kömək edəcək bu adamı tapmaq cəmi
iki-üç dəqiqənin işidir. Beş-on
addım atmağa, sual verə biləcəyəm bir nəfərə
"Yazıçıyam, BSU-da dərs deyirəm, bir əsərlə
bağlı Q.V. mənə lazımdı, onu necə tapa bilərəm?"
deməyə ərinirəm. Tənbəlliyimə haqq
qazandırmaqçün özüm özümə deyirəm:
"Bəlkə, bu adamın heç povestdə
yazdığım hadisədən xəbəri yoxdu?",
"Bəlkə unudub o hadisəni?"
Bu gün
2023-cü il, 4 fevral həmin yerdən
keçəndə, təxminən mənimlə yaşıd
olan bir kişidən həmin adamın yaşadığı
binanın hansı olduğunu öyrəndim, amma ayaqlarım
yenə məni ora aparmadı. Gözümü binadan çəkmədən
başqa yerə gedə-gedə özümə sual verdim:
"Axı niyə də niyə?" Sonda tənbəllik
və povestimi yazmaq enerjisi arasında belə bir təzadlı
ziddiyyət mənimçün sirr olaraq qaldı.
Alpay AZƏR
Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.30.