Türkiyəli aktyor Levent
Üzümçü:
"Teatr tanrıları bizi
bağışlasın"
Türkiyəli aktyor və siyasətçi
Levent Üzümçü 6 iyul 1972-ci ildə yunan mühacir
ailəsində anadan olub. İbtidai təhsilini
Qarşıqaya Aydoğdu İbtidai Məktəbində
alıb, liseyi İzmir Əşrəfpaşa Liseyində
bitirib. Daha sonra Eskişehir Anadolu Universiteti
Dövlət Konservatoriyasında Teatr aktyorluğu üzrə
və Los Anceles Film Məktəbində rejissorluq üzrə təhsil
alıb.
2004-2009-cu illər
arasında yayımlanan "Avrupa yakası" adlı
serialdakı Cem Onaran rolu ilə məşhurlaşıb. Bir müddət aparıcılıq da edən
aktyor daha çox teatr aktyoru kimi tanınır.
2015-ci ildə "Bir yay gecəsi
röyası" adlı tamaşadakı roluna görə Sədri
Alışıq Teatr Mükafatlarında "İlin ən
uğurlu aktyoru" seçilib.
Bir müddət siyasətlə
məşğul olan aktyor müxalif
çıxışlarına görə 2015-ci ildə
teatrdan uzaqlaşdırılsa da 2020-ci ilin martında yenidən
İstanbul Şəhər Teatrlarına geri qayıdıb.
20 ilə yaxın psixoloji məsləhətçi
Ebru Tuay ilə evli olan aktyorun Batu və Ata adlı iki oğlu
var.
Aktyorun Türkiyə teatrının
günümüzdəki vəziyyəti, irəliləyişi,
uğurları və nöqsanları ilə bağlı
verdiyi müsahibəni təqdim edirik.
- Son illərdə teatrda nəzərəçarpacaq
dərəcədə dəyişikliklər var: Xüsusən,
tək adamlıq pyeslər həddindən çox artıb. Sizcə, bunun səbəbi nədir?
- Əslində, hər hekayənin ekonomik tərəfləri
də var. Komanda yığmaq, Türkiyənin hazırki şəraitində
iqtisadi baxımdan çox çətindir. Çünki
həddindən çox seriallar çəkilir, filmlər
çəkilir və dotasiyalı teatrların proqramları da
kifayət qədər doludur. Belə olanda başqa yerlərdən
sənətçilər dəvət edib komanda yaratmaq, teatr
bahalı iş olduğu üçün həm maliyyə
baxımdan, həm də eyni zamanda strateji olaraq mümkün
deyil. Adamların məşqdə iştiraklarını eyni
vaxta salmaq, saatlarını uyğunlaşdırmaq
müşkülə çevrilib... İnanın
mənə, indi Türkiyədə dörd nəfərdən
çox adamlıq tamaşa qoymaq artıq çox çətinləşib.
Onunçün də məsələyə bir az
da bu tərəfdən baxmaq lazımdır.
Əgər teatrlarımızda baş verən dəyişikliyi
yalnız təkadamlıq tamaşaların artımında
görürüksə, bu təbii ki, məhdud çərçivədən
baxdığımızı göstərər. Heç bir
şey yerində dayanmır. Teatr da dəyişir, illərə
görə mövzular fərqlənir, mövzular tamam fərqlidir,
aktyorluq standartları başqadır... Məsələn,
tamaşa əvvəllər daha emosional oynanırdı. Həddindən artıq pafoslu. Aktyorlar
hisslərini ifadə edə bilmək üçün daha
çox pafosdan, qışqırıqdan istifadə edirdilər.
Amma bu gün, xüsusilə serial və filmlərdə
çox asanlıqla görə bildiyimiz, eşidə bildiyimiz
səsli çəkiliş texnikasının inkişafı
ilə aktyorluq da başqa yöndə irəliləyib. İndi aktyorlar çox aşağı tonda
danışırlar. Texnikanın köməyi
ilə səslər yüksək səviyyədə
eşidilir, hisslər tamaşaçıya olduğu kimi
çatdırılır. Bu da dediyim fərqlərlə
baş verir. Təbii aktyor oyunu indi
teatrlarda daha üstünlük təşkil edir. Yəni, həm təbii şəkildə oynayıb,
həm də səsinizi normal, aşağı temprdə
istifadə edirsiniz. Bütün bunlar, əlbəttə
ki, yavaş-yavaş sınaqdan keçirilir. Təbii ki, insanlar bir müddət sonra eyni şeyi dəfələrlə
izləməkdən və oynamaqdan sıxılırlar. Müxtəlif yeniliklər lazım olur, bunlar çətin
işlərdir. Təbii ki, təhsil də
dəyişir. Silsilə olaraq çox
şey dəyişir və inkişaf edir. Biz
buna bu yöndən baxa bilərik. Tək
adamlıq tamaşalar, necə izah edim, teatrda baş verən dəyişiklər
sırasında səhrada görünən su kimi bir
şeydir.
- Həddindən artıq təvazökar,
minimalist dekorlarla oynanılan tamaşaları necə qiymətləndirirsiniz?
Səhnədəki insanların sayı ilə
yanaşı dekorasiya da azalmağa başlayıb. Bu barədə nə deyə bilərsiniz? (Məsələn,
təkcə çiçək, bir çanta, bir qutuluq dekor əşyaları...)
- Bəli,
elədir. Gəlin bunu bir az kobud şəkildə izah edim: Məsələn;
bir aktyor geyimi və dekoru ilə problem yaşamağa
başlayıbsa, demək ki, onun rolu ilə problemi var. Nə qədər
az dekor, aksesuar, kostyum varsa bunun mənası budur ki, mətnə
güvənirəm, aktyorluğuma güvənirəm. Amma çox təkmil dekorasiyalar, çox gözəl
kostyumlar olması o demək deyil ki, aktyorluğuna güvənmir,
aktyor ya da rejissor aktyoruna güvənmir.
Təbii ki, yenə də maliyə baxımdan
yanaşmalıyıq bu məsələyə də. İstanbulda
200-ə yaxın teatr var. Bu, çox mühüm rəqəmdir.
Nərdivan altında teatrlar da var bu rəqəmin
içində və bu təvazökar teatrların
uğurları da qiymətləndirilir. Bu mənim
üçün çox vacibdir. 50-dən
çox tamaşaçısı olan teatrlar kateqoriyalara daxil
olur, qiymətləndirilir və onların tamaşaları
münsiflər heyəti tərəfindən izlənilir.
Yəni, indi mən bu axşam 500 nəfərlik zalda
oynayıram, amma 50 nəfərlik zalda oynasaydım bu tamaşanı
10 gecə nümayiş etdirməliydim. Arada fərqə
fikir verin. Bunlar çox vacib parametrlərdir.
Diqqətli olmaq lazımdır. Bunlara münasibət bildirərkən, belə
şeyləri nəzərə almaq lazımdır.
Minimalizm çox yerdə özünü göstərməyə
başlayıb. İnsanlar indi evlərində daha az
xalçadan istifadə edirlər, daha az divan dəstindən
istifadə edirlər. Bu həyatın teatra
yansımasıdır. Sənin soisal həyatındakı
statusunun göstəricisidir. Məsələn,
artıq çox qalın geyinmirlər, çünki
çöldə çox vaxt keçirmirlər. Küçədə çox gəzmirlər.
İctimai nəqliyyat, avtobuslar, metrolar çox
artıb.Ona görə da çox qalın geyinib çölə
çıxmırlar. Bu da bir növ
minimalizmdir. Sosial həyata da təsir
göstərir. Köhnə təmtəraqlı,
yorucu şeylər yoxdur. Məsələn, 1970-ci illəri
düşünün, o vaxtı dəbi, evləri, çərçivələri,
mebel dəstlərini... İndi nə qədər
sadə olmuşuq. İnsanlarda nə qədər az şey var. Həyatımızdakı
bütün əşyaları azaldırıq. Lazımsız
kapitalist xərcləri etmirik. Biz kapitalizmdə
yaşasaq da, bunu etmirik. Bunların
hamısı teatrda da öz əksini tapır.
- Teatr aktyorunun bir mövsümdə
birdən çox tamaşada rol alması ona fiziki və
psixoloji cəhətdən necə təsir edir? Siz belə vəziyyətlə
qarşılaşmısınız? Necə
təsir göstərib?
- Dörd
gün ardıcıl dörd fərqli tamaşada
oynadığımı xatırlayıram. Yadımdadır,
cümə axşamı İstanbul Xalq Teatrında bir
tamaşada oynayıb, cümə günü başqa
tamaşada oynamışdım. Həmin həftənin
şənbə günü şəhər teatrında bir
tamaşada, bazar günü də başqa bir tamaşada
oynamağa getmişdim. Dörd
ardıcıl gündə dörd fərqli rol
oynamışdım. Bir müddətdən sonra təbii
ki, çox yorulur adam. Amma
Avropa belə işləyir. Ruhr Regional
Teatrında (Theater a. d. Ruhr) bir aktyor dörd gündə
dörd fərqli tamaşada oynaya bilir. Bu
necə baş verir? Bir az
avtomatlaşır insan, zövq almağı azalır. Amma həm də əyləncəlidir. Çünki bu gün başqa ertəsi gün
başqa rol oynayırsan, hər gün eyni tamaşada
oynamırsan. Əgər özünüzə
bunun öhdəsindən gələ biləcək şəkildə
diqqət etsəniz, həm fiziki, həm də mənəvi
baxımdan, problem olacağını düşünmürəm.
Düzü bilmirəm, Türkiyədə
ardıcıl dörd gündə dörd fərqli tamaşada
oynayan neçə aktyor var. Amma mən varam.
- Gələk səhnələrin vəziyyətinə.
Xüsusilə İstanbulda çoxlu teatr var. Sizcə, ortalama
olaraq bunlardan neçəsi teatr üçün uyğun məkandır?
- Qara dəniz
sahili boyu Artvinə doğru gedəndə sağa, Artvindən
İstanbula doğru gələndə sola baxanda binalar
görürsünüz. Keçmişdə tikilmiş binalar
da daxil... Əcnəbi birindən
soruşsanız ki, buradakı insanlar hansı işi görməsinlər,
birmənalı olaraq cavabları tikintidən uzaq dursunlar olar.
Binalar çox səliqəsizdir. Məsələn, tikinti sahəsi Qara dəniz
regionundan olan podratçıların əlindədir. Kərpiclər,
formasızlıq, səliqəsizlik... Bizim, məncə,
mədəniyyətimi içində çox olmayan oturaq həyat
tərzi məntiqi binalarımızda da öz əksini
tapır. Ruhsuz, darısqal... Yeni teatr
yaratmaq istəyən, hər hansı çıxış
yolu axtaran insanlar təəssüf ki, ancaq belə yerləri
tapa bilirlər. Bu gün teatr binası kimi
tikildiyi iddia edilən bir çox bina fiziki olaraq teatr
binalarına bənzəmir. Akustika pisdir,
tavan sızır, işıqlar parıldayır və əks
olunur. Dirəklərin üzərinə bərkidilmiş
işıqlar altında oynaya bilməzsən, oraya qalxıb o
işıqları hərəkətə gətirə də
bilməzsən. Bu cür
ağılları yerindən oynadan "mühəndizlik
şah əsərləri" var günümüzdə.
Təbii ki, bina tikintisi ilə bağlı bu cür dəhşətli
problemlər olan yerlərdə yaxşı səhnə tapanda
sevinən aktyorlardan biriyəm mən də. Bu sistemdə
bəzən çox nadir hallarda yaxşı səhnələrə
rast gəlmək mümkündür. Məsələn,
bir ticarət mərkəzi var. Onun yuxarı mərtəbəsində
zal var. Oynadığım ən yaxşı zallardan biridir
Türkiyədə. Möhtəşəm
zaldır. Akustikası, effektləri
çox möhtəşəmdir. Ən
yuxarı mərtəbədədir, yəni birincə mərtəbədə
də deyil. Yaxşı zalların, səhnələrin
azlığı böyük problem yaradır. Özünüz təsəvvür eləyin,
akustikası çox yaxşı olan bir yer olsa, bütün səhnələr
elə olsa, sən də öz rolunu müəyyən
standartlara uyğun oynaya bilərsən. Məsələn,
indi danışdığım səs tonu ilə
danışa bilərəm. Heç kim
arxadan "Səs"! deyə
qışqırmaz.
Mən 2500 nəfərlik yerlərdə oynamışam. Bu
yaxınlarda bir özəl zalda oynadıq. Tamaşada, təəssüf ki, mikrofon istifadə
etməli olduq. Müxtəlif səbəblərə
görə. Mikrofonlarımız da, təəssüf
ki, çox pis idi. Səs sistemi bərbad
id. Final alqışalarının sədaları
altında üzümü tamaşaçılara tərəf
tutub dedim: "Eramızdan əvvəl 2500-cü ildə 3000 nəfərlik
bir amfiteatr tikəndə heç bir səs sistemi yox idi və
onlar öz səslərini bir-birlərinə eşitdirə
bilirdilər. Çırtma səsi də
eşidilirdi. Biz 21-ci əsrdə
mikrofonlarla səsimizi eşitdirə bilmədik. Teatr tanrıları bizi
bağışlasın".
- Sizi aktyor kimi teatrda narahat edən;
Şikayətçi olduğunuz hallardan birini mənə deyə
bilərsiniz?
- İntizam. Mən nizam-intizamdan şikayətçiyəm.
Bir maddə kimi bunu deyə bilərəm.
Sadəcə bir sözlə ifadə etmək istəyirəm:
İntizam. Hər kəsin nizam-intizamı.
- Teatr jurnallarını, xüsusən
teatr tənqidini nə dərəcdə izləyirsiniz və
necə qiymətləndirirsiniz?
- Məncə,
teatr jurnalı indi demək olar ki, qalmayıb. İnternetdə
yayımlanan "Teatr" jurnalı var. Onu deyə bilərəm.
Teatr tənqidi mənim artıq izləyə
bildiyim bir şey deyil. Düzünü desəm,
kimsə gəlib soruşsa ki, nə qədər teatr tənqidçisi
var, onu da bilmirəm. Məsələn,
teatr tənqidçilərinin köhnə
yazılarını xatırlayıram. Teatrı
və tamaşanı təqdim edirdirlər. Pyesin yazılma səbəblərini,
yazıldığı dövrü, aktyorların
çıxışlarını, rejissorun, bütün
yaradıcı heyətin işini və aktyor işini qiymətləndirirdilər.
Bu aktyor necə oynadı, o biri necə oynadı
və s. Artıq xeyli vaxtdır, çox uzun müddətdir,
mən tamaşalar barədə tənqidi yazı oxumuram.
Çap olunan teatr jurnalı da görmürəm.
Təəssüf ki, buna maraq
günü-gündən azalır. Dediklərimə
əhəmiyyət vermədiyim üçün deyil, səhv
başa düşülmək istəmirəm. Bəlkə də, həddindən çox teatr
olduğuna görə daha onu izləyə bilmirik.
Hazırladı: Nilufər
Hacılı
Ədəbiyyat qəzeti.- 2023.- 18 fevral.- S.31.