Ənvər Məmmədxanlı - zamanın

içində üzən nəhəng buz adası

 

Ənvər Məmmədxanlı – 110

 

M.S.Ordubadi:

Ənvər Məmmədxanlı başqalarının bütöv bir povestdə və ya romanda verə bilmədiyi əsrarəngiz əhvalatı bir hekayəyə sığışdıra bilən sənətkardır. O, şair təbiətli yazıçıdır. Onun əsərləri ümumxalq etirafı qazanmışdır.

 

Mikayıl Rzaquluzadə:

Məmmədxanlı Ənvər yaradıcılığında ən çox seçilən xüsusiyyət onun lirik bir nasir olmasıdır. Böyük düşməzsə demək olar ki, o bizdə lirik-psixoloji emosional nəsrin banisi sayıla bilər. ...Məmmədxanlı Ənvər verdiyi bu daxili aləm təsvirində insan psixologiyasının bir cəhətinə-hissiyyatın, emosiyaların təsvirinə çox əhəmiyyət verir. Onun əsərlərində soyuq mühakimələrə, dərin təfəkkürə və bunların ifadəsi olan ritorikaya, didaktik nəticələrə az təsadüf edilir. Onun qəhrəmanları düşünməkdən artıq duyur, mühakimədən artıq hiss edirlər

 

Əzizə Cəfərzadə:

Bugünkü nəsr dilimizin, bir şeiriyyət qədər incə, zərif və zərif olduğu qədər də mənalı dilimizin yaradıcılarından biri olan ustad Ənvər Məmmədxanlının ... incə, lirik, şairanə dilinə vurğundum. Həm də təkcə mən yox. Məncə, yaşıdım nasirlərin hamısı. O, bizimçün ilk gəncliyin məhəbbət məktubları qədər əziz, əvəzolunmaz, təkrarsızdı. Onun kimi yazmaq, dili onun kimi bilmək mavi arzumuzdu.

 

Mehdi Məmmədov:

Ənvər Məmmədxanlının səhnə əsərləri milli dramaturgiyamızın realist ənənələrini yaşadan, müasir həyatın, sənətin mühüm, mürəkkəb problemləri ilə səsləşən sanballı dramlar, böyük çərçivəli dramatik tablolardır.

 

Qılman İlkin:

Ənvər Məmmədxanlı bizim ədəbiyyata lirik hekayə janrını gətirdi. Onun "Buz heykəl" əsəri sözdən düzəlmiş canlı abidədir. Onun övladı əsərləridir. Ənvər Məmmədxanlının hekayələri sapa düzülmüş inci dənələridir.

 

Abbas Zamanov:

Ənvər Məmmədxanlı sözü ilə əməli arasında vəhdət olan sənətkarlardandır. O, bütün həyatı boyu vətən üçün hər cür fədakarlığa hazır olduğunu əməli və işi ilə sübut etmişdir.

 

Hüseyn Abbaszadə:

Ənvər Məmmədxanlı yüksək mədəniyyətli, dərin erudisiyalı bir insan idi. Ənvər Məmmədxanlının təmənnası ancaq ədəbiyyat idi.

 

Anar:

Ənvər Məmmədxanlıda müdriklik, nuranilik, əqidəsinə sadiq qalmaq kimi müsbət xüsusiyyətlər mövcud idi. Ənvər Məmmədxanlının qəribə, unikal yaddaşı vardı. Haçan nə kitab oxumuşdusa, nə məlumat almışdısa hamısı yadında olardı. Azərbaycan və dünya tarixinə, ədəbiyyatına, fəlsəfəsinə, müasir siyasətə aid ensiklopedik biliklərə malik idi və onunla söhbət etmək adamı bir universitet qurtarmaq qədər zənginləşdirir, savadlandırırdı. O, islam tarixini Azərbaycanda ən dərindən bilən adamlardan idi. Onun yüksək zövqü, intellekti, mədəniyyəti imkan verirdi ki, o, ədəbi orqanlardan, nəşriyyatlardan birinin başında dursun. Lakin o, bunlardan qaçırdı.

 

Fikrət Qoca:

Hamının sakit, mülayim adam kimi tanıdığı Ənvər müəllimin içində  sərt və lazım olanda üsyankar bir Ənvər Məmmədxanlı da yaşayırdı.

 

Sabir Rüstəmxanlı:

Ənvər müəllimin saçları bir bulud parçasına bənzəyirdi. Mənə elə gəlir ki, o, yağışını yağdırmaq üçün yer, məqam axtara-axtara yaşadı, yağışını yağdırmadı, getdi...

 

Kamal Abdulla:

Ənvər Məmmədxanlı özünün, sözünün, şəxsiyyətinin ucalığında dayanan sənətkardır. O, həm sənətkar, həm də şəxsiyyət kimi nadir, təkrarsız və müqayisəolunmaz idi. Ə.Məmmədxanlı elə bil nağıllar aləmindən gəlmişdi bu dünyaya.. Onun söz dünyası sirli-sehrli, çoxlarına əlçatmaz görünən cazibəli, füsunkar bir aləm idi.

 

Ramiz Rövşən:

Ənvər müəllim ümumiyyətlə, sözə xəsis idi. Kağız qaralamağı o qədər də sevmirdi. Amma cild-cild kitab yazanlardan daha artıq sevilirdi, əsl yazıçı sayılırdı. Əslinə qalsa, əsl yazıçı olmaq üçün adama çox şey lazım deyil, istedad lazımdır, bir də vicdan. Ənvər müəllimin vicdanı ilə istedadı həmahəng idi, amma bərabərhüquqlu deyildi. Onun istedadı vicdanının qulu idi.

 

Vaqif Bayatlı:

 

Əsl döyüşçüyə səngəri qəfəs

 

Azərbaycanı Babəkləşdirməyə

cəhd edən Ənvər Məmmədxanlıya

 

Əsl döyüşçüyə səngəri qəfəs,

Düşmən səngərin al, sarı yarama

Döyüş o səngərdə döyüşdü ancaq,

Gedib qayıtmasa aldığım nəfəs,

Nəfəsi ölümdən geri almağa

Ölümün üstünə yürüşdü ancaq.

 

Qılınc gülümsəsə, təndə can gülsə,

əsir torpaqları alıb durmasaq,

heç bir Türkün gözü bağlana bilməz,

düşmən yuxusuna yurdumuz girsə,

o an duyuq düşüb onu vurmasaq,

düşmən zamanında haqlana bilməz.

 

Nəfəsi doğmalar, səsi doğmalar,

Heç vaxt deyilməyən nəğmələr deyib,

Heç vaxt alınmayan yurtlar aldılar,

Qanadlı nəğmələr, atlı nəğmələr

Ölən əsgəri də ata qaldırar,

Ölən atları da qanadlandırar.

 

Ölüm də bir uçuş, əvvəlcə yerə,

Sonra yer üzünə, sonra göylərə,

Ölüm həm də döyüş

Hər Türk oğluna,

Öldün, Türk?!

            Qalx, göyün boş qalan andı,

Onsuz da yer sənin. Qalx, Göy uğruna,

Türkün Göy yürüşü başlanan andı.

 

Nizami Cəfərov:

Ə.Məmmədxanlı nümunəvi olduğu qədər də perspektivli dil təqdim edir, yəni S.Vurğunun şeir dilində gördüyü işi Ə.Məmmədxanlı nəsr dilində görür...

 

Vaqif Yusifli:

Ənvər Məmmədxanlı ömrünün son otuz ilində demək olar ki, heç nə yazmırdı, sanki ədəbi mühitdən də küsüb getmişdi, yazıçılar arasında və Yazıçılar İttifaqında da demək  olar ki, görünmürdü. Bəlkə də onun öz yaşıdları  bunu təbii hesab edirdilər, amma biz cavan nəslin gözündə Ənvər Məmmədxanlı əfsanələşmişdi. Bu ağsaçlı, arıq cüssəli kişini görəndə  istər-istəməz özümüzü yığışdırırdıq.  Onun intellektinə, dünyagörüşünə, Şərq və Qərb  ədəbiyyatına necə dərindən bələd olmasına heyrət edirdik. Qəribə, adamın ürəyini tərpədən səsi vardı.

 

Məti Osmanoğlu:

Mən yaşda olanlar Ənvər Məmmədxanlını, yəqin ki, qarlı qış gecəsində balasını bağrına basıb düşmən əsarətindən qaçan, körpəsi şaxtadan donmasın deyə əynindəki paltarları çıxardıb ona bürüyən, çölün ortasında, "ağappaq zülmət içində" donub buz heykələ dönən ananın obrazı ilə tanıyırlar...

Ənvər müəllimin özünü "Buz heykəl"lə tanışlıqdan xeyli sonra tanıdım. Bizi şair Vaqif Cəbrayılzadə - Vaqif Bayatlı Odər tanış eləmişdi.

Ənvər müəllimi xəyalımda canlandırmaq istəyirəm. Vaqiflə evinə getdiyimizi xatırlayıram. O vaxt "Babək" romanı üzərində işləyirdi. Önündə, yazı masasının üzərində əlyazma vərəqləri səliqə ilə üst-üstə yığılmışdı. Sovet dövrünün əksər Azərbaycan ziyalıları kimi Ənvər müəllim də əlyazmalarını ərəb əlifbası ilə yazırdı. Xətti aydın olsa da, qara karandaşla yazdığı sətirlərdəki ayrı-ayrı sözləri hecalaya-hecalaya güclə oxuyurdum.

İndi mənə elə gəlir ki, Ənvər müəllimin özü də aydın, ancaq sonrakı nəsillər üçün oxunması çətin olan əlyazmaları kimi idi...

Şan-şöhrət, ad-san, mənsəb həvəslisi olmayan Ənvər Məmmədxanlı cəmiyyətə açıq adam deyildi. Tək yaşayır, gəzməyə də tək çıxırdı. Bir dəfə "Pioner bağı"ndan üzüaşağı, dənizə tərəf getdiyini gördüm. Özümü ona çatdırdım, yanına çatanda astadan salam verdim. Səsimdən diksindi. Görünür, indikilərin amansızlıqla mühakimə elədikləri müdhiş zamanın, gərgin həyatın sərt burulğanlarından çıxa bilmir, səngiməyən burulğanlar içində yaşayırdı...

Gənclərlə dostluq eləyən, bizimlə ünsiyyətdən qaçmayan, "Buz heykəl"in yaradıcısı Ənvər müəllimin özü zamanın içində üzən nəhəng bir buz adası - aysberq kimi idi, xarakterinin görünməyən tərəfi görünən tərəflərindən daha böyük, daha güclü idi. Bunu onun həyatı incə lirizmi, sevinci və ağrıları, təzadları ilə əks etdirən əsərlərində də sezmək mümkündür...

 

Elnarə Akimova:

Sovet dövründə yazılmış uşaq ədəbiyyatı nümunələri üzərində düşünərkən bir neçə mətn qeyri-ixtiyarı yaddaşımdan süzülür: Əhməd Cəmilin "Can nənə, bir nağıl de", Məmməd Rahimin "Ana və budaq" şeirləri. Nəyə görəsə, bu sırada daha bir əsəri xatırlayıram. Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsini. Mənə hər zaman elə gəlib ki, bu hekayədə nə isə mistik, adi olmayan bir hal var. Bir də duruluq. Bizdə çox az mətnlər var ki, yalnız qəhrəmanların deyil, eyni zamanda müəllifin ruhsal vəziyyətini ifadə edir. Onun ağrısını, qəlbinin titrəyiş və həyəcanını, yazı prosesində yaşadığı psixoloji ovqatı. "Buz heykəl" onu yazan insanın ağrısını ötürə bildiyi üçün müstəsnadır həm də. Sakrallığı da bəlkə bu səbəbdəndir.

 

İlqar Fəhmi:

Ənvər Məmmədxanlının hələ orta məktəbdən tanış olduğumuz "Buz heykəl" hekayəsindən tutmuş, sonrakı əsərlərinə, ssenarilərinə qədər hər birində biz insanın daxili gücünə, iradəsinə böyük bir inam görürük. Onun əsərlərində, ən ağır situasiyada belə insan öz ləyaqətini qoruyub saxlayır, ölsə belə, yenə də Böyük insan məfhumunu sındırmır... və Ənvər Məmmədxanlı bunu sakit, səssiz və pafossuz edirdi. İnsan böyükdü, güclüdü, iradəlidi,  lakin bu böyüklük nümayişlərdə, iclaslarda qışqırmaq, odlu-alovlu çıxışlar eləməkdən doğulan böyüklük deyildi. Məmmədxanlı üçün insanın böyüklüyündə bir sükut, səssizlik və həya var...

 

Aydın Xan Əbilov:

"Kəllə və qızılgül" dramını - elmi-fantastik səhnə əsərini yazan Ənvər Məmmədxanlı dünya ədəbiyyatının gözəl ənənələrindən istifadə edərək, onu bir intellektual ziyalı kimi narahat edən məsələlərə münasibətini bildirir. Müqayisə üçün onu xatırlamaq yerinə düşər ki, o dövrdə bütün dünyada yaranan elmi-fantastik əsərlərdə əsas süjet xətləri bunlar idi: 1) Gələcəkdə Yer planetinin taleyi; 2) Üçüncü Dünya müharibəsi və ya atom savaşı; 3) Başqa planetdən gəlmələrin "kosmik səlib yürüşünə" qarşı ümumplanetin müdafiəsi ideyası; 4) Elmi-texniki inqilabın, xüsusən də kompüter və robot texnikasının inkişafı nəticəsində yarana bilən təhlükə, yəni insan öz yaratdıqlarının əsirinə çevrilməsi qorxusu...

 

Rüstəm Kamal:

Ənvər Məmmədxanlı göstərdi ki, əsl nəsr poeziyanın və musiqinin bir növüdür. Bu son dərəcə zərif, ovsunlu nəsri təkrarlamaq belə mümkünsüzdür. Ənvər Məmmədxanlı nəsrimizin Müşfiqidir. Müşfiq nəsr yazsaydı, Ə.Məmmədxanlı kimi yazardı.

 

Azər Turan:

2001-ci ilin dekabr ayının 1-də, Ənvər Məmmədxanlının anım günü ərəfəsində Turan Cavid: "Dur, gedək, Ənvər Məmmədxanlını ziyarət edək... Həm də mənə əziz olan adamların məzarını sənə göstərim" -  dedi. Qərənfil aldıq. Qurd qapısındakı qəbiristana gəldik. Əvvəl İkinci fəxri xiyabanda Ənvər Məmmədxanlını ziyarət etdik. Turan xanım bir dəstə qərənfili Ənvər Məmmədxanlının məzarı üstünə qoyanda  yaddaşımda Natəvanın misraları dekabr soyuğuna qarışmışdı: "Səni kimdir sevən bica, qərənfil? / Sənə mən aşiqi-şeyda, qərənfil!" Sonra üzbəüzdəki məzarlıq tərəfə keçdik. Qəbirləri bir-bir göstərib: "Bu qəbirdə Ənvər Məmmədxanlının anası İmmihanı xanım və bacısı Həbibə, bu məzarda isə Rəsul Rzanın anası Məryəm xanım və Ənvərin kiçik bacısı Arifə uyuyur. Bunlar isə Surə və onun əri, aktyor İsmayıl Əfəndiyevin qəbirləridir. Bu Rəsul Rzanın bacıları Sara və Kubranın qəbridir. Bu qəbirdə Ənvərin qardaşı Niyazi Məmmədxanlı yatır".

O gün Turan Cavid mənə Məmmədxanlılar ailəsi barədə çox söhbətlər etdi. Ənvər Məmmədxanlıdan, Ənvər Məmmədxanlıyla Müşfiqin dostluğundan, Mikayıl Müşfiqin Ənvərin anasını öz doğma anası kimi əzizləməsindən, İmmihani xanımın da Müşfiqi Ənvərdən ayırmamasından, ona öz balası kimi mehr salmasından  danışdı. Turan Cavid dedi ki, "İmmihanı xanım ciddi, möhkəm xarakterli qadındı. Böyük bacısı, Rəsulun anası Məryəm xanım isə xeyli mülayim, zarafatcıl. Zahirən bir-birinə bənzəməsələr də, hər ikisi gözəl insanlardı".

Dekabr ayı idi. Qəribədir, onda fərqinə vardım ki,  "Buz heykəl"in yazarı Ənvər Məmmədxanlı da, anası İmmihanı xanım da, qardaşı Niyazi də, bacısı Həbibə də dünyalarını dekabr ayında dəyişib.

Həmin həftə "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsində Ənvər Məmmədxanlı barədə "Sənə mən aşiqi-şeyda, qərənfil" adlı bir yazı yazdım.

Hər il fevralın sonuncu günü Ənvər Məmmmədxanlının məzarına Vaqif Bayatlı ilə bir yerdə baş çəkərdik. 2008-ci ilin 29 fevralında Ənvər Məmmədxanılının 95 yaşı tamam olurdu. Qurd qapısının yaxınlığında Vaqif Bayatlı səkkiz qərənfil aldı. "Səkkiz qərənfil niyə Vaqif bəy?" "Çünki bayrağımızdakı ulduz səkkizguşəlidir" dedi. Gül alarkən mənim əlimdəki qərənfillərdən birinin boynu sındı. Gülsatan onu dəyişmək istəsə də, Vaqif bəy buna imkan vermədi: "Boynusınıq gülü dəyişdirsək bu, Ənvər müəllimin xətrinə dəyər. O, belə şeylərə  qarşı həssas idi".

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.4-5.