Nodar Vladimiroviç DUMBADZE (1928-1984) - tanınmış gürcü nasiri və ssenaristidir. Ata-anası və iki qardaşı əks-inqilabi fəaliyyət suçlamasıyla Sibirə sürgün edildiyindən balaca Nodar Abxaziyadakı qohumlarıgildə böyüyür. Həmin illərlə bağlı yaşantıları o, sonradan özünün "Mən, nənəm, İliko və İllarion" (1960) adlı romanında, qismən də "Kukaraça" (1980) povestində təsvir edəcəkdi. 1950-ci ildə Tbilisi Universitetindəki ali təhsilini bitirməklə, Nodar iqtisadçı diplomuna yiyələnir.

1957-ci ildən etibarən o, ədəbi fəaliyyətə üstünlük verir, bir neçə jurnal və kinostudiya ilə əməkdaşlığa başlayır. 1965-73-cü illərdə "Niangi" satirik jurnalında baş redaktor işləyir. 56 yaşında ikən keçirdiyi dördüncü infarktdan sonra isə dünyasını dəyişir.

22 hekayənin müəllifi olan N.Dumbadze aşağıda sadalanan və əksəriyyəti yazarın hələ sağlığında ekranlaşdırılan romanların müəllifidir: "Günəşi görürəm" (1962), "Günəşli gecə" (1967), "Təlaşlanma, ana!" (1969), "Bəyaz bayraqlar" (1973) və "Əbədiyyət qanunu" (1978).

Ədəbi fəaliyyətinə görə 1975-ci ildə Gürcüstanın Ş.Rustaveli adına Dövlət mükafatına, 1980-ci ildə isə Lenin mükafatına (SSRİ) layiq görülüb.

 

Şəhərdə qırğı nə gəzər axı?!

 

Arçil Ergemlidzeyə ithaf olunur

 

Hekayə

 

Dənizin nəfəsi ta oturduğumuz qəhvəxanaya qədər gəlirdi. Nəmli və duzlu hava ağır təsir bağışlayırdı. Açiko ilə dəyirmi masa arxasında əyləşib, qəhvələrimizin dəmlənməsini gözləyir, o ara üskük boydakı xudmani qədəhlərdəki konyakın dadına baxırdıq.

Barmen köçkün bir erməni idi və misdən hazırlanan bapbalaca cəzvələri bişkin hərəkətlərlə qızmış qumun səthində ora-bura gəzdirirdi - sanki hərif bu hərəkətləri hansısa blyuz ritmlərinə uyğun icra edirdi. Ütülmüş bambukdan tikilən bu qəhvəxana çiçəkləyən maqnoliya ağacının kölgəsinə sığınmışdı və özünün yalqız görkəmi etibariylə də bura dincəlməyə gələn, qəhvə içməkdən ötrü qısa müddətə sahilə çıxan birisini xatırladırdı. Əlindəki cəzvəylə bizə yanaşan barmen fincanlarımızı ağızbaağız qəhvə ilə doldurdu. Köpüyün yatmasını gözləmədən mən fincandan ilk qurtumu alarkən, qəhvənin bihuşedici ətrini də ciyərlərimə çəkdim.    

Öz fincanını tələm-tələsik masaya qoyan Açiko heyrətlə soruşdu:

- Deyəsən sənin qırtlağın qalaylanıb ha?

Bir az susub, xoş ovqatla dedim:

- Bizim Batumidəki qədər ləzzətli qəhvəni sən heç harada tapmazsan ha.

- Suxumidəkini də, - deyən Açiko fincanı dodaqlarına aparsa da, qurtum almağa hələlik cürət eləmirdi, eləcə yüksələn buğu acgözlüklə içinə çəkdiyi üçün dərin həzzdən gözləri yumulurdu. 

Açikonun başı məzələnməyə qarışdığı  həmin dəqiqələrdə mən öz qəhvəmi içib bitirdim və qəhvə çöküntüsünə əsasən fala baxan həvəskarlar kimi fincanımı üzüüstə nəlbəkiyə endirdim.

Açiko soruşdu:

- Bu cür fal açmağı bacarırsan ki?

- Hə, bir balaca.

- Kimdən öyrənmisən bunu?

- Qonşumuz Laladan. O, bu işdə əsl ustadır. Ötən il Kodoriyə balıq ovuna getməzdən öncə falıma baxmışdı. Tapşırmışdı ki, ehtiyatı əldən qoyma, rastına bir ilan çıxacaq.

Açiko uğunub getdi:

- Çaya balıq tutmağa gedən birisinin rastına ilan çıxar da. Bunda fal açılası nə var axı?!

- Orada nə olub-bitdiyini onda qoy sənə danışım.

Əlini havada yelləyərək dedi:

- Yaxşı, danış gəlsin!

- Elə ilk dəfə toru sudan çəkəndə gözüm metrə yarımlıq ilana sataşdı...

O, sözümü kəsdi:

- Goplama görüm!

- Anam canı!

Açiko heyrətlə uzun bir fit çaldı.

- Sonra bir kərə də falıma baxdı.

- Bəs onda nə çıxdı?

- Dedi ki, səni kiminsə məzarının başında diz çökən görürəm, əlində də çiçək dəstəsi tutubsan...

- Bəs sonra nə baş verdi?

- Səhəri gün Qulda vəfat elədi.

- Hə-ə!.. - deyən Açikonun fincan tutan əli havada donub, qaldı.

- Həmin günün axşamı Lala mənə başsağlığı verməyə gəldi... hönkürərək dedi ki, mən sarsaq, mən kütbaş dünən... sənin falına baxanda o cür nəhs ehtimalları gərək dilimə gətirməyəydim...

Açiko:

- Boş şeydir, canım, bu - sırf təsadüf imiş... - deyib, fikrə daldı.

- Ola bilər. Ancaq həmin gündən bəri mən bir daha nə öz falıma baxdım, nə də baxdırdım.

- Boş şeylərdir, - deyən Açiko öz fincanını ağzıüstə masaya endirdi.

Heç nə demədən konyakımdan bir qurtum aldım.

Bir qədər sonra Açiko:

- Barı mənim qəhvəmin çöküntüsünə bir baxsana, - deyib, öz fincanını mənə uzatdı.

Fincanı əlimə alıb, gözdən keçirdim. Onun dibində qalın bir çöküntü vardı, yan divarlarda isə cürbəcür, həm də sirli naxış və heroqliflər gözə dəyirdi.

- Bunlardan heç baş çıxara bilmədim, - deyə, fincanı ona qaytardım. 

O isə məni cırnamağa çalışdı:

- Haydı, canım, göstərsənə məharətini.

- Orada nəhs şeylər görürəm, - dedim.

Amma o, yaxamdan əl çəkmədi:

- Yenə də de: nə görürsən ey axı?

- Dəniz görürəm. Dəniz və gəmi var orada...

O, güldü:

- Bəs kapitan necə?

- Bir dənə də quş görürəm.

Dostum təkrar irişdi:

- Bəlkə təyyarədir o?

- Yox, bundan artığını görəmmirəm, - deyib, fincanı geri verdim.

Qəhvəxananın yola baxan tərəfinə, sırf ərazi ayrılsın deyə, məftildən çəpər çəkilmişdi. Qəflətən həmin məftillərə bir sərçə qondu. Bizi süzən quş: "Cük-cürük!" - elədi.

- Bax, sənin falın doğru çıxdı, quşumuz özünü yetirdi, indi qalır gəmi kapitanımız, - deyən Açiko mənimlə məzələnməyə başladı.

Bizə uzun-uzadı göz qoyandan sonra sərçə tüklərini qabardıb pırpızlandı, sonra möhkəmcə silkindi, bunun ardınca isə tel çəpərdən uçaraq, düz gəlib bizim masanın üstünə qondu. Açiko heyrətləndi:

- Əcəb də sırtıqmış ha bu.

Süfrədəki çörək qırıntısına tərəf cuman sərçə onu dimdiyinə almağa cəhd göstərdi. Kiçicik pəncəsi və dırnaqları masanın plastik örtüyü üzərində sürüşdüyündən quşun davranışları adama məzəli görünürdü. Uzun-uzadı əlləşdikdən sonra, ən nəhayət, quşcuğaz həmin tikəni dimdiyinə ala bildi və pırıltıyla uçaraq, təkrar gedib, tel çəpərə qondu. Orada oturduğu anlarda da o, qənimətini dimdiyində tutmaqla, yenə bir ara bizə tamaşa elədi, sonra isə qanadlarını açaraq, harayasa uçub getdi.       

Baxışlarından heyrət ifadəsi yağan Açiko dedi:

- Gördün də, o "quldur" bizi gözgörəsi necə soyub-taladı?

- Əslində sərçə rusların ona verdiyi "vorobey" adını heyrətamiz bir şəkildə doğrultdu.

- Bunun heyrətamizliyi nədədir ki?

- "Vora bey" nədir, anlamırsan yoxsa?

- Qoy oturmuşuq, sən Allah, yəqin bunu indicə özündən uydurdun, - deyə Açiko biganəliklə cavab verdi.

- Bu adı o bic quşa mən yox ey, ruslar yaraşdırıblar.   

(Qeyd: Rusca bu quşun adı "vora (oğrunu) + bey (vur, qov)" sözlərinin birləşməsindən yaranıbdır - A.Y.)

O, gülümsəyərək razılaşdı:

- Əslinə qalanda, hə, bu adı o, tamamən doğruldur.

Sonra sevincək halda:

- Bax hələ, o, təkrar geri döndü! - deyən Açiko daha bir çörək qırıntısını masanın kənarına itələdi. Ancaq bu səfər sərçə çörəyə yaxın gəlmədi, başını yana əyərək, məftilin üstə oturmağına davam elədi və bizi maraqla, şux tərzdə süzməyə başladı. Ara-sıra: "Cük-cürük" səsləri çıxarmaqla, hələ ora-bura qonmağından da qalmadı.     

Açiko tam ciddiyyətlə dedi:

- Mərc gələrəm ki, o quş gürcü dilini bilir və danışıqlarımızı dinləyir.

Açikoya xəbərdarlıq babında:

- Bax ha, ağzından sirr-zad qaçırmayasan, birdən o quş türk casusu çıxar, - deyib, ürəkdən qəhqəhə çəkdim.

- Sən elə zarafat elə: bax, necə diqqətlə dinləyir bizi.

Həqiqətən də, sərçə özünü qəribə aparırdı. Başını yana doğru necə əyirdisə, bir qulağı mütləq bizə tərəf yönəlirdi.

Ona acıqlanan Açiko əlini havada yellədi:

- Kiş, kiş buradan, sözgəzdirən quş!

Ancaq quş yerindən heç qımıldanmadı da. Bunu görən Açiko ona müraciətlə dedi:

- Bəlkə canınız nəsə çəkir, cənab sərçə?

Sərçə buna da bir cavab vermədi.

- Oh, elə isə bura təşrif buyurun! - deyib, Açiko əl-ayağa düşdü və öz fincanını torpağın üstünə qoydu.

Maraqlandım:

- Görəsən o, nə istəyir ki?

- Deyir ki, meylim qəhvə çəkir, özünüz içir, amma məni heç adam yerinə də qoymursunuz! 

Tel çəpərdən uçub gələrək, yerə qonan sərçə ehtiyatla fincana yanaşmağa başladı.

Açiko isə ona ürək-dirək verməyə başladı:

- Yanaş, yanaşsana, qorxma!

Fincanın içinə boylanan sərçə oradakı qəhvə çöküntüsünü dimdikləməyə girişdi.

- Ancaq ona çox da həvəs salma, Allah eləməmiş, ürəyin xəstəlik-zad tapar, - deyən Açiko bu səfər də təlaşa qapıldı və əyildi ki, fincanı yerdən qaldırsın. Yerdən pır-r-r eləyərək uçan sərçə təkrar gedib, tel çəpərə qondu. 

Çörək qırıntılarıyla dolu ovcunu sərçəyə sarı uzadan Açiko dedi:

- Buyuracaqsınız, zati-aliləri!

Qısa tərəddüddən sonra xırda qanadlarını çırpan sərçə onun əlinə yanaşsa da, ora qonmadı, ovucun ətrafında dövrələr vurmağa başladı. Görünür, hər ehtimala qarşı ehtiyatlı davranmağı uyğun bilirdi, ona görə də özünə tərəf uzanan ovucun yan-yörəsində bir neçə kərə fırlandı. O ara Açiko isə qımıldanmadan, donub qaldığı üçün, ən axırda, sərçə onun ovucuna enmək qərarına gəldi. Ancaq yenə də qırıntıları dənləməzdən öncə Açikonun gözlərinin içinə dimdik baxmağa gərək duydu.    

Özümdən ixtiyarsız o dəm elə mən də dostumun gözlərinə baxdım. Onlarda, Açikonun o palıdı gözlərində sonsuz bir həzz və sevgi ifadəsi donmuşdu. Sərçə də bu nəcib gözlərin sahibinə ürək qızdırdı... Onun iri ovcundakı çörək qırıntılarını arxayınlıqla dənləməyə girişdi.

Yeməyini bitirdikdən sonra sərçə təkrar uçub, tel çəpərin üstünə qondu və dimdiyini qabarıq sinəsinə silməklə təmizlədi.   

Nəfəsimi içimə qısmaqla, mən də bütün bu olub-bitənlərə göz qoyurdum. Əgər bütün bunlara bir kənardan şahid olan birisi tapılsaydı, onu heç cür inandıra bilməzdik ki, nə bu sərçə ələ öyrədilmiş, əhliləşmiş quşdur, nə də Açiko onun təlimçisidir.

Heyrət içində ona səsləndim:

- Sən ki əsl Durovsan!

(Qeyd: Vladimir Durov (1863 - 1934) - heyvan təlimçisi kimi bütün dünyada şöhrət qazanan rus-sovet sirk ustasıdır. Onun qardaşı və digər ailə üzvləri də bu sənətlə məşğul olublar - A.Y.)

Bu şirin macəraya qapılan dostum:

- Mən Durov deyiləm ey, əsl sən, bax, gör, o, mənim başıma hələ nə oyunlar açacaq, - deyə etiraz elədi və qalan çörək qırıntılarını öz başına tökərək, sərçəyə səsləndi: - Süfrəyə buyurun, zati-aliləri!

Bunu deyib, qollarını təzimlə yanlara doğru açdı.

Və qəfildən heç gözlənilməz bir olay baş verdi... gözlənilməz olduğu qədər də dəhşətverici bir olay... İri və xaçvarı bir kölgə masamızın üzərindən keçib-gedən kimi o sərçəcik də yoxa çıxdı! Hə, bizim o sərçəcik qeybə qarışdı!

Açiko karıxmış halda soruşdu:

- Bəs necoldu quş?

Dilim güclə söz tutduğundan eləcə:

- Qırğı... - deyə bildim.

Dostum titrək bir səslə xəbər aldı:

- O sərçə necoldu axı?      

Çiyinlərimi çəkərək, çətinliklə udquna bildim.

Dostum qəfil yerindən sıçrayaraq, barmenə tərəf cumdu:

- Kömək eləsənə!

- Nə olub axı?

- O sərçə!

Barmen lap çaşıb qaldı:

- Nə sərçə, hansı sərçə?

- Qırğı mənim sərçəmi alıb-apardı!

- Bura bax, sən nə danışırsan: şəhərdə qırğı nə gəzər axı?! - deyən barmen əlini yelləməklə, öz dəzgahının arxasına keçdi.

Açiko mənə tərəf cumdu:

- Hara getdi sərçə?

Xahişə keçdim:

- Bir hovur otursana.

- Səndən soruşuram ey: quş hara getdi?

- Onu qırğı alıb-apardı...

- Necə yəni "alıb-apardı"?! Biz üçlükdə oturub, yeyib-içir, deyib-gülürdük, qəfil uçub-gələn qırğı isə birimizi öz caynağına alıb-aparır - və bununla hər şey bitib-gedir, eləmi?!

Ona yalvarmalı oldum:

- Yaxşı da, Açiko.

Açiko isə yırtıcı baxışlarla məni süzürdü. Sonra o, əyləşdi, üzünü ovuclarının arasına aldı. Uzun-uzadı bu cür oturdu.

Əlimi onun çiyninə qoydum:

- Yaxşı da, Açiko, özünü ələ al...

O, qətiyyətlə yerindən qalxıb, məkanı tərk etdi və heç geri də baxmadı...

Bir müddət təkbaşına oturmağıma davam elədim. Sonra barmen mənə yanaşıb soruşdu:

- Keflənmişdi o, eləmi?

- Kimi deyirsən?

- Dostunu.

- Yox, canım, biz elə çox vurmamışdıq axı, eləcə üçlükdə oturmuşduq, mən burada, o, orada, o biri isə...

Əvvəlcə məni, sonra isə başından cəmi ikicə barmaq qədər içilən butulkanı şübhə ilə süzən barmen soruşdu:

- Necə yəni "üçlükdə"?!

- ...o, yəni sərçəcik isə orada, tel çəpərin üstündə oturmuşdu və qəfil haradansa bir qırğı peyda oldu...

Barmen lap özündən çıxdı:

- Sizə nə olub belə?! İkiniz də havalanıbsınız ha deyəsən: şəhərdə qırğı nə gəzər axı?!

- Qırğı deyirəm sənə. Bax, indi səni gördüyüm kimi gördüm onu...

Barmen soyuqqanlı tərzdə sözümü ağzımda qoydu:

- Borcun on manatdır.

Onluğu ona uzadıb, yerimdən qalxdım. Qaldığımız otel otağına qayıtdığım zaman Açiko öz çarpayısında üzüquylu uzanmışdı.

Hələ də hönkürürdü.

 

Nodar Dumbadze

 

Dilimizə çevirdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.8-9.