Ədəbi gənclik - ikimininci illər
III məqalə
Aqşin
Yenisey, Emin Piri, Qismət, Fərid Hüseyn,
Allahşükür Ağa, Adilə Nəzər, Xəyal Rza,
Şəfa Vəli, Elnur Uğur, Anar Amin, Şahanə
Müşfiq, Səxavət Sahil, Günel Eyvazlı, Şəhriyar
del Gerani, Xatirə Nurgül, Ramil Əhməd, Orxan Saffari,
Əsəd Qaraqaplan, Mətləb Ağa, İltimas Səmimi,
Arzu Hüseyn, Sevinc Elsevər, Elxan Yurdoğlu, Rəbiqə
Nazimqızı, Tural Turan, Təvəkkül Boysunar, Əfsanə
Rəvan, Aysel Əlizadə, Nərmin Kamal, Sevinc
Çılğın, Sara Selcan, İradə Aytel, Ziya Dilsuz,
Ülkər Nicatlı, Günel Şamilqızı, Ulucay Akif,
Sevinc Mürvətqızı, Hədiyyə Şəfaqət,
Aysel Səfərli, Aysel Əliyeva, Oğuz Ayvaz, Elşad
Ərşadoğlu, Eminquey Akif, Vasif Əlihüseyn,
Müşfiq Cəbi, Ruzbeh Məmməd, Ruslan Dost Əli,
Elşad Barat... Ömürləri elə gənclik
yaşlarında qırılan Zərdüşt Şəfi,
Anar Həbiboğlu, Fərhad Mete, Orxan Adiloğlu - onları
da unutmayaq. Bu yazını xeyli sayda adlarla
başlamağımız heç də təəccüblü
görünməsin. Görünən odur ki, ikimininci
illərdə, yəni ötən bu 23 il ərzində
poeziyada yeni bir ədəbi nəsil formalaşıb. Hətta
bu nəsil yaş etibarilə iki zamanı da özündə əks
etdirir, nəslin birinci zamanı 2000-2010-cu illərə, ikinci
zamanı son 12-13 il ərzində ədəbiyyata
gələn gənclərə aiddir. Amma
yazı tərzləri, həyata baxışları etibarilə
onları birləşdirən xətlər çoxdur. Əlbəttə, bu yazıda onların hər
birinin şeirləri, yaxud şeir kitabları barədə
söz açmaq çox uzun çəkər. Lakin onları bir neçə xətdə birləşdirən
ümumi cəhətlər var ki, bunları nəzərə
çarpdırmaq istəyirik. Öncə belə bir
sual: Bu gənc şairlər müasir ədəbiyyatımızda
özünəməxsusluğu ilə seçilə bilirmi, yəni
bu nəsil öz ədəbi platforması, səs və nəfəs
seçimiylə diqqəti cəlb edirmi? Axı,
hər bir ədəbi nəsil ədəbiyyatda məhz bu
xüsusiyyətləri ilə seçilir. Nədir bu xüsusiyyətlər? Fikrimizcə, bu nəslin nümayəndələrinin
yaradıcılığı üçün səciyyəvi
olan bir neçə cəhəti vurğulayaq. Onları bir neçə sözlə ifadə edək.
Birinci söz - qayıdış. Əslində, bunu "özünə
qayıdış" kimi mənalandırmaq olar.
Özünə qayıdış fərdi-subyektiv aləmin
inikası kimi səciyyələnir, hər bir insanın, o ki
şair ola, içindəki çoxçalarlı
duyğuların sayı-hesabı olmur. Özünə
qayıdış özünü dərk etməyə, öz
mənəvi dünyasını, daha doğrusu, öz
gerçəkliyini dərk etməyə yönəlir. Bəs özünə qayıdış necə, nədən
yaranır? Ötən onilliklərdə,
lap elə klassik poeziyada şairlər etiraflar yolu ilə, ya da
"Mən kiməm?" sualına cavab verməklə öz
daxili dünyalarını ifadə edirdilər, amma müəyyən
hallarda bu etiraflar sırf ictimai məzmun
daşıyırdı. İkimininci illərin gənc
şairləri isə daha çox öz ruhi aləmlərindən,
iç dünyalarından söz açırlar.
məni
yarsan, görərsən ki,
içimdə milyon ölü var - hamısı mənəm.
birində sinəm göyərib,
birində qolum keyiyib
birində çənəm.
məni
yarsan, görərsən ki,
içimdə milyon ilim var - əlimdən çıxan.
birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam.
Bu, Eminquey Akifin şeirindəndir. Və bu
şeirdə Eminquey Akif, zənnimizcə, həm
özünün, həm də bir çox
yaşıdlarının fikrini ifadə edir. Ruslan Dost
Əli bir şeirində yazır ki: "Ruhum yarasa kimidi, bədən
bir dar otaqdı. İki göz var - pəncərədi,
bir ürək var - otaqdı". Özünə,
öz ürəyinə, öz ruhuna qayıdışı gənc
şairlərin şeirlərində tez-tez görmək olur və
İntiqam Yaşarın bir şeirinin sonuncu misrasını
xatırlayaq: "Hamı ürəyinə çəkilib
susub". Bəli, hamı ürəyinə,
içinə çəkilib, amma susmaq məsələsi
yoxdu. Hərçənd ki, İ.Yaşar
bir şeirlər kitabının adını "Və
susarsan" qoyub. Fikrimizcə, burada susmaq məcazi
mənada elə susmamaq deməkdir. Necə ki,
İ.Yaşar hər iki şeir kitabında cəmiyyətdə,
yaşadığı mühitdə, sevgi aləmində susa bilmir. İndi isə başqa
bir şeirə müraciət edək. Sevinc Elsevərin
bir etiraf şeiri gəlir:
Danlanırdıq,
döyülürdük
böyümək istəyirdik
səhv
eləməkdən
bir
fincanı salıb sındırmaqdan
anamızın gülünün
budağını qırmaqdan
müəllimimizə
səhv
cavab verməkdən
səs
salıb atamızı
yuxudan
oyatmaqdan.
Böyümək
istəyirdik
Böyüklərin
qəzəbindən qorxub
böyümək istəyirdik.
Arzusunda
olduğum böyümək
xəyallarda qalmış hələ də.
Ayrı-ayrı
məzmunda olsa da, bu iki şeir parçası arasında bir
yaxınlıq var. Təfərrüata varmaq istəməzdik və
deyək ki, gənc şairlərdən Şahanə
Müşfiqin, Şəfa Vəlinin, Ruslan Dost Əlinin,
Fatehin, Vüsal Ağanın, Gülay Tahirlinin, İntiqam
Canın, Fərqanə Yusifqızının şeirlərində
də eyni ovqatı hiss elədik.
Biz gənc şairlərin şeirlərində
"darıxmaq" sözünə də tez-tez rast gəlirik. Bu da
özünə qayıdışdırmı? İnsan kimin üçün darıxar?
Qürbətdə olanda Vətən üçün
darıxar... Arzularının həyata keçmədiyini
görəndə də darıxar. Yaxın
adamından, dostundan, sevgilisindən ötrü
darıxmağı da təbiidir. Həyatında
uğursuz anlar, bədbəxt hadisə baş verərsə,
bir könül həmdəminə ehtiyac duyarsa, darıxar,
üzülər. Bunlar insanın təbii
yaşantılarıdır və zaman-zaman Azərbaycan
şairlərinin şeirlərində də darıxmaq hissinin
poetik çalarları ilə rastlaşmışıq.
Mərhum
ədəbiyyatşünas Məsud Əlioğlunun belə
bir kitabı var: "Darıxan adamlar". O kitabda Azərbaycan
ədəbiyyatının klassiklərindən, onların
yaradıcılığından söz açılır. Ümumən, Azərbaycan ədəbiyyatının
keçdiyi yolu (Nizamidən Cabbarlıya qədər)
darıxan adamların həyat fəlsəfəsi, dünyaya
baxışı kimi izah eləmək Məsud müəllimin
metodoloji prinsipi idi. Bu kontekstdə
darıxmaq öz adi, lokal mənasından sıyrılır,
geniş bir məna kəsb edir, düşünmək,
mövcud və real həyatla barışmamaq, gələcək
haqqında xoş xəyallara dalmaq, daxili-mənəvi təkamül
prosesi keçirmək yazıçıların təsvir
etdiyi qəhrəmanların məramına çevrilmişdi.
Bəlkə biz də 24 yaşlı bir gəncin - Ruzbeh Məmmədin
- cavan bir şairin darıxmaq hissini də təbii qəbul edək
və görək onun şeirlərinə səpələdiyi
bu sıxıntı, bu narahatlıq haradan doğur,
bütün bunlar niyə mənəvi işgəncəyə
aparıb çıxarır? Axı,
darıxmağın da bir sonu olmalıdır, insan
bütün ömrü boyu sıxıntı içində
yaşaya bilməz, həyatı ancaq darıxmaq haləsinə
bürümək olmaz. Bu, bir insan
ömrünün faciəsinə yol açar. Yox, əgər
bu darıxmaq daha gözəl arzulara və işığa
doğru can atmaqdırsa, onda darıxmağa dəyər.
Uzaq
düşəsən qəfil qohumundan, yadından,
Xəbər
tutmaya kimsə olduğun ünvanından,
Qeybə
çəkildiyini sənin öz qadınından
Bir
başqa kəs duymaya, danışanın olmaya,
Öldürəsən özünü,
qarışanın olmaya.
Qovmaya bir
pişiyi, küçənin azğın iti,
Oyatmaya
süd satan, səni səhərlər qəti,
Ömür
də çox olmaya, ola lap müvəqqəti,
Nə əlli,
nə altmış, çox da yaşın olmaya,
Yatasan torpaq altda qəbir daşın olmaya.
Fikrimizcə, Ruzbehin həyat məramı adilikdən,
cansıxıcı həyatdan bezən və bu
yaşayış tərzini qəbul etmək zorunda olmayan bir
insanın - yeniyetmə bir gəncin etirazlarından, "daha belə
yaşamaq olmaz" düşüncəsindən doğur. Hər
şeydən bezmək, sevgidən usandırıcı bir tərzdə
yorulmaq, ya da imtina etmək həddinə gəlib çatmaq,
"hər gün ölümün gözünün
içinə dik baxmaq", amma "vaxtın yoxdur ölməyə"
deyib intihar haqda da fikirləşmək... göründüyü
kimi, bizim pessimist gəncin daxili dünyası bu cür əndişələrlə
sıx-sıx ilgilidir. Doğrusu, lirik qəhrəmanın
"yaşayımmı, ölümmü?" dilemması
qarşısında bu təhər çabalamasını istəməzdik.
Ancaq darıxmağın səbəbini
yalnız cansıxıcı və usandırıcı həyatla
bağlamaq olmaz. Darıxmaq fikrimizcə, tənhalıqdan
doğur, insan öz içinə qapılır, təklikdə
özünü daha artıq dərk edir. Vaqif Səmədoğlu
Şəhriyar del Geraninin
"Darıxmağın adı" şeirlər kitabı
haqqında yazmışdı: "Şəhriyar həbsxanaya
düşüb azadlığını itirəndə də,
həyata düşüb anasını itirəndə də
onu ədəbiyyat qazanıb. Mənim qədər tənhalığı
sevən bir adam onun darıxmağına
qibtə edirəm. Ən əsası isə o, tənhalığını
və darıxmağını ədəbiyyata çevirməyi
bacarır". Şəhriyarın adını çəkdiyimiz
həmin kitabında darıxmaqdan doğan tənhalıq bu
misralarla ifadə olunur: "Uzun-uzadı zamanlardı
özü də təkadamlı Siz bilməzsiz təkdamlıq
səadətdər necə olur". Və bu "təkadamlıq
səadətlər" içində Şəhriyar ana
itkisindən söz açır:
Sənə
sarı dartılmaqda
tikə-tikə olmuşam.
küləkdən doğma nə var bu şəhərə
heç
nə yoxdu şəhərə
qəbrinə də
yağır demə.
Əlbəttə, hər şairin tənhalıqla
bağlı öz düşüncələri olur və
burada bizi maraqlandıran odur ki, indiyə qədər bu məfhum
haqqında təzə nə deyilə bilər. Şahanə Müşfiq
"Tənhalığın simfoniyası" şeirində
rəssamdan xahiş edir, tənhalığın rəsmini
çəksin və rəsmdə nələr görmək
istəyir: "Tənhalıq qapı ağzındakı sənə
aid bir cüt ayaqqabıdır... Tənhalıq
danışmağa kimsəni tapmayanda... çay
süzdüyün stəkanla söhbətindir. Tənhlıq
Güzgülərə olan qorxundur" və s. Fuad Novruzlu isə
tənhalığı öz dilində
danışdırır: "Mən tənhalığam,
Üfüqlər boyu uzandım, Ulduzlar qədər yüksəldim,
İblistək lənətləndim" və s. Biz Günel
Eyvazlının "Yuxumu xeyrə yozun" kitabına
yazdığı "Tənhalıq, bilirsiniz nədir"
ön sözü ilə də tanışıq və onun bu
şeirlər kitabı, doğrudan da, bir qəlbin tənhalıq
hisslərini gözəl ifadə edir. Tənhalıq
haqqında ən gözəl şeirlərdən birini vaxtilə
Əli Kərim yazmışdı: "Tənhalıq
boşluq deyil - Səni gözləyən varsa, Doludur ümid
günəşilə, Həsrət ayparasıyla".
Şeirin sonunda: "Tənhalıq istəyirəm -
Böyük, dərin, dolu tənhalıq". Biz
də cavan şairlərin şeirlərində böyük, dərin,
dolu tənhalıq görmək istərdik.
İkinci
söz: Həyat. Dahi tənqidçi V.Q.Belinski bir icmal məqaləsində
yazırdı ki: "Poeziya həyatı bir imkan kimi
yaradıcı surətdə yenidən yaratmaqdır. Buna
görə də, o şey ki, həyatda ola
bilməz - poeziyada da yalandı. Başqa sözlə, həyatda
ola bilməyən şey poetik də ola
bilməz. Kim istəsə ki, kağız üzərində
də, yazdığı şeirlərdə də şairliyi
görünsün, o gərək əvvəlcə qəlbən
şair olsun və öz təbiətinə uyğun olaraq, həyatın
poetik tərəfini görsün. Poeziya təkcə
kitablarda deyil - o həyatın öz nəfəsindədir".
184 il əvvəl deyilmiş bu fikirlə
böyük həqiqət ifadə olunur. Görəsən,
bizim gənc şairlər həyatı kitablardan deyil, həyatın
özündən necə əxz edirlər? Axı, həyat, gerçəklik, hər gün
baş verən hadisələr onların gözləri
qarşısındadır. Zamanın hər
bir dövrü ədəbiyyata kifayət qədər
mövzular verir, yazarlar, xüsusən şairlər hər hansı
hadisəyə, istər ictimai-siyasi, istərsə də mənəvi
dünyada baş verən hadisəyə biganə qalmır.
XXI əsr - bu son iyirmi üç ildə istər
Azərbaycanın, istərsə də hər birimizin həyatında
bir-birilə kəskin şəkildə fərqlənən elə
hadisələr baş verib ki, bəlkə ötən əsrlə
müqayisədə bunlar daha önəmlidir. Torpaqlarının iyirmi faizi işğal olunan bir
ölkədə ümidsizlik, mənəvi deqradasiya hökm
sürürdü. Lakin Ali Baş
Komandanın və Azərbaycan ordusunun həyata keçirdiyi
"Qarabağ Azərbaycandır!" Zəfəri
ilə əhval-ruhiyyələr də dəyişdi. Təbii ki, bu iki dönəm gənclərin
yaradıcılığında da öz əksini tapdı.
Biz həyat həqiqətlərinin gənc
şairlərin yaradıcılığında necə əks
olunduğunu uzun-uzadı şərh etmək fikrində
deyilik. Lakin bəzi ümumiləşdirmələr
aparaq. Qarabağ-Şuşa-Azərbaycan həqiqətləri
- istər işğal dövründə, istərsə də
44 günlük müharibə zamanı, istərsə də qələbədən
sonra gənc şairlərimizin şeirlərində səslənib:
bunun üçün Emin Pirinin, Elvin İntiqamoğlunun, Elvin
Əlizadənin, Həsən Kürün, "Mən
Qarabağlıyam" deyən Ruslan Dost Əlinin, Adilə Nəzərin,
İradə Aytelin, şəhid və qazi şairlərin, həmçinin
15 yaşlı Sevindik Nəsiboğlunun şeirlərində
son 23 ilin Azərbaycan həqiqətlərinin bədii
inikası ilə tanış oluruq.
2. Həyat,
real dünyamız çox mürəkkəb, dramatik və həm
də faciəli hadisələrlə doludur. Lakin
ilk növbədə, Azərbaycan insanının bu gənc
şairlərin yaradıcılığında necə əks
olunduğu, daha doğrusu, Azərbaycan insanının həyatı,
mənəvi dünyası, çevrəsində cərəyan
edən hadisələrə münasibəti bizi
maraqlandırır. Lakin gənc şairlərin
şeirlərinə nəzər yetirdikdə ümumilikdə
bunu çox zəif, yalnız fraqmentlər halında
görürük. Daha doğrusu,
hansısa gənc şairin şeirlərində Azərbaycan həyatının
mənəvi mənzərəsinin əks olunduğunu
görmürük. Buna səbəb nədir?
Səbəb odur ki, gənc şairlər daha
çox öz fərdi-subyektiv aləmini, həmin aləmdə
baş verən hissləri, duyğuları qələmə
alırlar. Qoy gənc şairlər həyata,
yaşadıqları mühitə, o mühitdə və cəmiyyətdə
baş verən hadisələrə də səslənsinlər.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.-2023.- 25 fevral.- S.11.