Arxip baba yox, Yaqub baba və...
Hekayə
Həyat heç kəsin bacara bilmədiyi ərköyünlüyümü,
nadincliyimi elə susduraraq dilimi qarnıma soxmuşdu ki, məni
gücsüzlüyümdən tarımar taleyimin
qarşısında baş əyməyə qədər gətirib
çıxarmışdı. Ərimişdim, incəlmişdim,
yarımcan olmuşdum. Təzəcə əlim
çatıb, ünüm yetən arzuların axırına
çıxmışdım. Özü də
kiməsə yar, kiməsə ana olduğumu anlayıb ləzzətini
çıxarmaq istədiyim bir vaxtda. El məsəlində
deyildiyi kimi, "Nə yatmışdım ki, nə də yuxu
görəm".
Baba isə gözlərinin işığının
azalmasını özünə
sığışdırmayaraq hədəf seçdiyi tərəfə
boylanmaq üçün addım-addım ora
yaxınlaşmaqla könlünü ovundururdu.
"Balam gəlib keçər, görmərəm"
- deyə göylərə çəkilmiş igid oğlunun
gəlməyəcəyini bildiyindən onu yox, onun yeganə
nübar balasının gediş-gəlişini izləmək
üçün özünü
alışdırmışdı bu vərdişə.
Neynəsin axı, ahıl vaxtında övlad
qayğısına ehtiyac duyduğu bir zamanda əliuşaqlı
olmuşdu. Hər zaman həyatın ona çəkdirdiyi
atasızlığın iztirablarından gözləri
dola-dola danışan babanın özünə oxşar yeni
bir taleyi çıxmışdı qarşısına.
Barışa bilmədiyi uşaq taleyini ahıl
vaxtında basmışdı bağrına. Baba bu
uşaqlığa, doqquz aylıq südəmər körpəsinə
elə sarılmışdı ki, körpəsini nəinki nənəsinə,
bibisinə, xalasına, heç mən taleyi ilə savaşan,
başı dərdə qarışan anasına da arxayın ola bilmirdi. Elə bilirdi bağrından qopsa
körpəsi atasızlığını hiss edib onun
yaşadıqlarını yaşayacaq. Bu yolla
dünənə üsyan edir, qalib olacağına əmin kimi
sabahlarla savaşırdı baba. "Balamın toyunu
görüm, oğlumun intiqamını alım, sonra öləcəyəm",
- deyə ömrünü bir əsrə qədər
dartıb uzatmağa çalışırdı. Unutmuşdu hər şeyi, unutmuşdu ətrafı,
unutmuşdu dünyanı, bütün yer, göy, hər nə
varsa, balaca Zübeydəsinin başında qərar
tutmuşdu.
Mən isə çox kiçilmişdim. Babanın bağrına
basdığı körpədən də körpə
olmuşdum. Evin-ocağın kiçik
qızına dönmüşdüm. Ətrafım
aradabir dəlisovluğumdan doğan
çılğınlığımı qulaqardına vurub məni
yola verirdi. Necə deyim, qabağımdan
qaçırdılar. Küsəyən
olmuşdum. Bilirdilər ki,
sözümün qabağına söz desələr, ərk
etdiyim bir yer var, ora üz tutacağam. O yer isə məni
bu misralarla ovundurub yola salacaq:
A
sönük ülkərim, nə deyim sənə,
Söykə taleyini günün birinə.
Al
ağır yükünü çiyinlərinə,
Qızımın
atası, anası qayıt...
Bu yolla
yaxamı ələ alan göz
yaşlarımın islatdığı göynəyən sinəmin
ağrısı ilə, tüstüsünə
boğulduğum ocağın bir küncünə
qısılmaqla babanın timsalında analığımı
izləməyə göndərəcək məni. Göndərirdi
də... Ətrafı bürümüş ilahi
bir nəvə-baba sevgisini izləməyə.
Baba ilə nəvəni bir-birindən ayırmaq
mümkün deyildi. Kim kimdən danışırdısa, baba
anasının adını verdiyi Zübeydəsindən
danışırdı. Dağılmış ürəyini
örtən dağ çəkilmiş sinəsinə
alıb, bağrında gəzdirdiyi Zübeydəsini gün
üzü görməyən, qulaq sədası olmayan sözlərlə
oxşayıb, əlində çıraq, gözündə
nur, dizlərində qüvvət, din, iman, çiyinlərinə
qonmuş mələk, yarası yarasına oxşayan vətən
bilirdi. Qoxlaya-qoxlaya, üfürə-üfürə
qalmışdı. Qucağındakı bal
dadan əmanətə baxdıqca qocalığını
unudur, dönüb həyatın sərt üzünə
şillə vurur, ikrah baxışları ilə amansız
olurdu. Ömrünün əvvəlindən
başlamış, qocalığına qədər gətirib
çıxarmış bu intiqam hissləri ilə
barışa bilmir, mübarizəsini davam etdirirdi. "Balamın toyunu görüm, oğlumun
intiqamını alım, öləcəyəm" - deyən
baba fikrində qəti, taleyin amansızlığına
qarşı dözümlü idi. Tövşiyə-tövşiyə
belinə alıb gəzdirdiyi yükün
ağırlığından yorulsa da, yorğunluğunu biruzə
vermirdi. Pilləkənləri üzüyuxarı
qalxdıqca zirvələr fəth edib ucalırdı, ucalardan
uca baba, ağ saqqallı qoca baba. Bu təsirli yaşamın içindən hər
gün bir baba-nəvə nağılı, hər gün bir
baba-nəvə dastanı boy verib unudulmaz xatirəyə
dönür, yaddaşlara yazılırdı. Elə bu
nağılda olduğu kimi...
Baba ilə nəvənin söhbəti həmişəki
kimi o qədər şirin idi ki, kənardan burun soxub
qarışmağa adamın ürəyi gəlmirdi. Onu da deyim ki,
söhbət əvvəlkindən şirin olsa da, nədənsə
qulağıma aradabir qan sədası, burnuma qan iyi gəlirdi.
Təkrar-təkrar eşitdiyim "qan bir", "qan
iki", "qan üç", "qan dörd" söhbətindən
"qan beş"ə, "qan altı"ya keçməmiş
qan başıma nə təhər vurdusa, beynimə
sızmamış içəri girdim:
-
Dayanın, qoymaram, - dedim.
Kəskin etirazımdan diksinən baba sağ dizində
oturtdurduğu Zübeydəsini çevirib hər ikisinin
üzü mənə tərəf olsun deyə sol dizində
oturtdu. Amma hərəkətlərinin
tam əksinə olaraq söhbətin tonunu mənə xətir
dəyişdirib, mülayimcəsinə:
- A
qızım, niyə əsəbləşirsən axı?
Gedib adam kimi söz
danışmışam, aparıb balamı oralarla
tanış eləmişəm, adını da
yazdırmışam. İndi nə təhər
dayanaq?
- Mən
anayam, icazə vermərəm ki, mənim südəmər
körpəmə intiqam hissi aşılayıb,
qana-qırğına hazırlaşdırasan. Bir
də ki, ay baba, sizin heç birinizin qan-qan deyən vaxtı
deyil axı. Səninki çoxdan
keçib, bununku da hələ gəlməyib. Onu da bilin ki, mən ölməmişəm, vaxtı
gələndə oğlunun - Zübeydənin atasının
intiqamını alçaq düşməndən özüm
alacağam.
- A
qızım, bir səbrin olsun, bir dayan
görək axırımız necə olur. Vallah,
qan-qan deyən sənsən. Qan
basmış gözlərinlə ortalığa qan salma,
yavaş-yavaş anlat görək nə istəyirsən.
- Nə
istədiyimi yaxşı bilirsiniz. Mən indidən
uşağımın beyninə döyüş, qan yeridilməsinə
yol verə bilmərəm.
Döyüş
sözü balaca Zübeydəni necə
qıcıqlandırdısa, özünü saxlaya bilməyib
mənə qarşı çıxdı:
- Ana, mən
məktəbdə heç kimlə döyüşməyəcəm,
orada mən boyda uşaqlar var, hər gün gedib onlarla
oynayacaq, dərs öyrənəcək, dost olacağam.
- Nə
oynamaq, nə məktəb? Bəs müharibə?
Bəs intiqam, qan məsələsi nə olacaq,
siz nə danışırsınız? Mən də elə
sevinmişdim ki...
-
Qanımız gəlib də. Baba dörddür,
mən üç. Babam deyir ki, sən
atana oxşamısan, onun da qanı üçdür, amma
babama heç kəs oxşamayıb, o tək qalıb,
qanı dörddür.
- Bəlkə
babanınkı da öz atasının qanından olub, narahat
olma, vaxt gələr, onun da qanının eynisini
daşıyan tapılar...
Artıq məndə təşviş doğuran məsələyə
aydınlıq gəlmiş, yerindən oynayaraq kükrəyib
qalxan qan təzyiqim yavaş-yavaş yerini bilməyə
başlamışdı. Balaca Zübeydənin məktəbə
getmək üçün verdiyi analizdə qan qrupunun müəyyən
olunması müzakirəsi başa çatmışdı.
Səbirsizliyim üzündən utanantəhər
olsam da, özümdə xeyli rahatlıq hiss etmişdim.
Qaldırdığım
bu yanlış hay-küyü analığıma
bağışlasalar da, yəqin ki, mən bir müddət
özümü qınayacaq, baba ilə nəvənin
üzünə baxmağa utanacaqdım... Bir də ki, mənə
nə var e... Öz yaratdığım, təşviş
doğuran belə hadisələrə artıq çoxdan
alışmışdım. Hər gün
gözümün qabağında səhnələşən,
içində bulunduğum bu hadisələrin təsirindən
yayınacaq halda deyildim, içimə çəkib, ürəyimdə
yoğurub, canıma-qanıma hopduraraq dəmir gücə,
polad iradəyə döndərdiyim yaşımdan yaşlı,
coşqun təlaşlı ömrümü sürüb
aparmaq məcburiyyətində idim...
Baba ilə nəvənin sevincinin həddi-hüdudu yox
idi. Bu gün məktəb həyatına qədəm
qoyan Zübeydəsi onu ən böyük arzusuna bir addım
yaxınlaşdırmışdı. Azacıq
da olsa, toxtaqlıq tapan narahat baba çox tələsirdi.
Gözlədiyi günə çatmaq
üçün günləri itələyib qovan babanın səbir
kasası dolmuş kimi görünürdü. Günlər
də ki babanın gözündə özlərini şirin
etmək üçün deyərdin bəlkə sabahı
açmamış dünənə dönürdülər...
***
Ömründən qovduğu günlər babanı qocalığın
ən hörmətli çağına gətirib
çıxarmışdı. Arzusuna
addım-addım gedərək çox illər yola
salmışdı. Uzağı görməyən
uzaqgörən baba əsasına söykənərək hər
zaman tuş aldığı səmtə
yaxınlaşa-yaxınlaşa onun son
addımlığında dayanmışdı. İndi illərdir, gediş-gəlişini izlədiyi
nəvəsi gələcək, babasının əlindən
tutub onu evə aparacaqdı. Baba çox
arxayınlamışdı, əlindəki əsasına
söykənərək özünü çox güvənli
hiss edirdi. Uzun illərdir gözlədiyi
günlərin, "Qarabağ" intiqam savaşının və
ilk savaşda canını fəda edən oğlunun
yadigarı Zübeydəsinin toy gününün yaxında
olduğuna əmin idi. Əmin idi həssas
intiqam hissi ilə döyünən baba ürəyi. Gözlədiyi gün qapısına gəlmişdi.
Zübeydəsini işğal altında olan Qarabağa gəlin
köçürürdü...
Nəvəsinə xeyir-duası, hədiyyəsi
Qarabağ savaşının qığılcımları
oldu. Bu
arzularla "xoşqədəmli gəlin ol" - dedi. Bu dəfə göz yaşlarını gizlədə
bilməyib hönkür-hönkür ağladı. Bu yaşları sevincindən doğduğu
üçün hamımıza göstərdi. Həyata
özünü, gücünü, qabiliyyətini göstərdi
baba!
Günlər-aylar
sonra alışan savaş qığılcımları
azğın düşmənin altına top qoyub
başından tufan çıxarmışdı. Bir müddət idi evdən bayıra
çıxmayan baba "sabah Zübeydə məni görməyə
gələcək" - deyə təlaş içində
idi. Təkcə səsini eşitmək onu
qane etmirdi. Uşaqlaşmışdı
baba, anasının adını verdiyi Zübeydəsini
"anam gələcək" - deyib gözləyirdi. Gözü qapıda qalmışdı, nədənsə
bu gün çox fərqli, həyəcanlı
görünürdü. Gözləri yol
çəkirdi.
Gözünü dikdiyi qapıdan qəfildən girən
3 nəfərin müjdəli xəbəri babanı yerindən
oynatmışdı. Zübeydəsini axtarırdı, bu xəbəri
ilk olaraq onunla bölüşmək istəyirdi.
Bir az sonra ikinci xəbər də gəldi:
Zübeydəsi ana olmuşdu. Baba illərdir dərə bilmədiyi
nəfəsini dərərək əllərini açıb:
- "Allah, şükür" - deyərək bizə
gülümsəyib getdi.
Gülə-gülə getdi baba, qanı yerdə qalmayan
zabit oğlunun yanına. Zəfər müjdəsini və bu
gündə doğulan qarabağlı balasının sevincini
bölüşməyə. Amma baba
sevincindən tələsik getdiyi üçün bir xəbəri
eşitmədi. Zəfər günü
doğulan qarabağlı körpə qızın qanı
"qan dörd" imiş.
Arzu Kazımqızı Nehrəmli
Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.-S.10.