Əliağa Kürçaylı - ömrün sahili
Kürçaylının doğum və ölüm tarixləri fevral ayına təsadüf edir.
52 il yaşasa
da, yaradıcılıq
bioqrafiyası zəngin
olan nadir şairlərdəndir.
Dantenin "İlahi
komediya"sını dilimizə
çevirib. Yesenindən tərcümələrini
"Yesenin səltənətinin Azərbaycandakı açarı"
adlandırıblar. "Fillər də ağlayır" şeirinə
cavab olaraq, Təbrizdə Bulud Qaraçorlu Səhənd
"Əliağa Kürçaylıya
məktub" poemasını
yazıb. Əliağanın "Durnalar cənuba uçur" poeması Cənub mövzusunda yazılmış ən yaxşı əsərlərdəndir.
Sevgi şeirlərində səsi,
nəfəsi, ifadə
tərzi, üslubu, obrazlar aləmi qeyri-adidir. "Gedək üzü küləyə", "Təki
sən səslə məni"... kimi sevgi şeirləri nəğməyə çevrilib,
yaxud "Bir sən, bir mən
olum, bir uçuq kaha - / Heç nə istəmirəm taledən daha" misraları heç nəğməyə
çevrilmədən belə
Azərbaycanda dillər
əzbəri olub.
"Dənizdə ay çimirdi" şeiri Yahya Kamalın "Nəzər" şeiri ilə müqayisəli təhlilə imkan verən şeirdir. Kürçaylı Muğanı tərənnüm
edib. Onun Muğandan ilham alan təbiət
lirikasında əhval
başqadır: "Torağay
torpağı ayaqlarıyla
/ Çörək üzü
kimi naxışlayıbdır".
O, Muğan torpağına
qədim Muğ kahinləri kimi ilahi dəyər verib. Ağır və ləngərli
təhkiyəsi olan
"İnsan həsrəti"
poemasında Muğanlı
insanların mifoloji geneologiyasını yaratmağa
cəhd edib. Onun şair ilhamı Muğan torpağının
üstündə gəzmir,
əksinə, Muğanı
başı üzərinə
qaldırıb, bayraq kimi dalğalandırır.
Nə sirdirsə, eyni torpağın övladları - XX yüzilin
ilk illərində Əli
bəy Hüseynzadə
Ər Manas haqqında ilk elmi fikri dövriyyəyə buraxıb, Manas barədə Azərbaycanda
ilk şeiri (həm də ən gözəl şeiri) XX yüzilin 70-ci illərində
Ə.Hüseynzadənin eloğlusu
Kürçaylı yazıb.
Azərbaycan siyasi lirikasının
bənzərsiz örnəklərindən
olan "Yedək gəmisi" şeiri də onundur. Dramlar, komediyalar qələmə
alıb. O, "Daşlar
Qobustanda şöhrətə
dönüb, / Daşlar
yetim qalıb Xudafərində..." deyəcək
qədər Azərbaycanı
bütöv görə
bilən iti fəhmli şairlərdən
idi. Mikayıl Abdullayevin çəkdiyi
və Azərbaycanlıların
təsəvvüründə Nəsiminin obrazı olaraq sabitləşmiş
portretdəki gözlər,
qaşlar, üz cizgiləri Əliağaya
məxsusdur.
Neftçalada, İmamverdi Əbilovun arxivində Kürçaylının
məktubları, şairin
evimizdə olarkən xatirə dəftərinə
yazdığı unikal
qeydlər, birgə çəkdirdikləri şəkillər
var. Amma səmimiyyətinin
aşırılığı ilə məni hər zaman iki sənəd daha çox heyrətləndirib. Biri Əliağa Kürçaylının
1961-dən 62-yə keçən gecə, yəni yeni il gecəsi axşamı xatirə dəftərinə
yazdığı qeyd,
digəri də elə həmin il, yəni 1962-ci il oktyabrın 9-da yazdığı məktubdur.
Nə gözəl
günlər var imiş. Dekabrın 31-də ailə
üzvləri ilə bir yerdə yeni il gecəsini keçirmək
üçün bir-birinə
qonaq gedirmişlər.
Göy üzlü xatirə dəftərini vərəqləyirəm.
Əliağa Kürçaylının
yazdığı ürək
sözləri: "Adam unudulmaz
dəqiqələri həmişə
yaşamır. Ona görə
də belə dəqiqələrin qiyməti
ölçülməz olur.
1962-ci ilə keçən bu gecədə mən belə unudulmaz gecələrdən birini yaşadım. Ürək
arzulayan dostun məclisindən daha gözəl nə ola bilər,
İmamverdi müəllim?
Belə bir dəqiqəni mən sizdə yaşadım. (Daha doğrusu, öz evimizdə. Elə deyilmi, qardaş?) Əliağa
Kürçaylı. 31.XII.1961 - 01.01.1962".
Və bir də 1962-ci ildə yazdığı məktub:
"9 / X
- 62
Əziz
qardaşım İmamverdi!
Vəfasız qardaşından salamlar!
Ümumiyyətcə, öz günahına
səbəb axtaran, üzr üçün bəhanə gətirən
adamlardan mənim əsla xoşum gəlmir. Desəm ki, sənə
zəng etməməyimə
və ya məktub yazmamağıma
səbəb, tutaq ki, işimin çoxluğu, başımın
qarışıqlığı olubdur - sən bu üzrü qəbul etmə.
Necə yəni işim olub? Qardaşı, ürək
dostunu yada salmaqdan da böyük
iş ola
bilərmi? Beləliklə, mən öz
hərəkətimi səmimi
olaraq məsuliyyətsizlik
və ya başısoyuqluq adlandırıram
ki, bunu da adama bağışlamazlar.
Ancaq bir məsələni yəqin
ki, sən mətbuatdan oxumusan - Mən Tacikistana getmişdim. (Öz
aramızdır, qeyri-iradi
olsa da, deyəsən, günahım
üçün səbəb
tapdım). Oktyabrın 3-də Bakıya qayıtdıq.
Bəxtiyar da getmişdi.
O, gələn günün
səhəri Moskvaya getdi. Görürsən, ömür təkərlər
üzərində keçir.
Sənin
xəstələnməyin məni
daha çox dilxor elədi. Axı sən niyə hər şeyi ürəyinə salırsan?
Qardaş, müasir zamanda
əksikləri düzəltmək
üçün bir insan ürəyi heç nəyə yaramır. Ona görə də
bəzən, rus demişkən "maxni rukoy!" Yusif Səmədoğlu iki aya yaxındır
ki, bu lənətə
gəlmiş ürəyin
vəfasızlığı üzündən xəstəxanada
yatır. 25-26 yaşlı
bir gəncin ürəyindən şikayəti,
mənə elə gəlir ki, bir ibrət ola bilər.
Qaldı
məktubundakı bədbin
əhval-ruhiyyə, məni
heç açmadı,
xüsusən, sənə
yaraşmır. Hələ
qabaqda görüləsi
o qədər iş, böyüdüləsi
uşaq, yazılası
əsərlər var ki! Müdafiəni qurtar, sonra bir
5-6 il elmi
işlə (akademizm mənasında) məşğul
olma. Yalnız dövri mətbuat
üçün məqalələr
yazarsan. Yay aylarında
isə çıxarıq
səyahətə.
Bu belə.
Rəsul haqqında məqaləni qurtar gətir. İslam
məsələsinə gəlincə,
onu sabah
soruşaram. Amma açığını deyim ki, heç
inanmıram. O öz
redaksiya işini elə bir qarınağrısı
ilə görür ki... Belədir də, qabiliyyətsiz adam oxlov
kimi düm-düz olur. Qabiliyyətli adam isə
tənək kolu kimi!
İndi
isə özümdən:
Poemanı qurtarmışam. Bir parçası keçən
ay "Azərbaycan gəncləri"ndə
çıxdı (reklam
xatirinə). Bütövlükdə (qlavlitdən keçsə)
jurnalın 10-cu nömrəsində
çıxır. Kitab məsələsinə
gəlincə Azərnəşr
gələn ilin planına mənim şeirlər kitabımı
salıb, əgər fövqaladə bir hadisə olmasa çıxar.
Bu da belə.
Qardaş, mən də yaman darıxıram. Tacikistanda
da o qədər o yan-bu yana
qovdular ki... Görüş və yemək!
Rayona özüm
də çox gəlmək istəyirəm. Hələlik gözləyirəm. Görək
bu pambıq cəlladımızla haqq-hesab
necə olacaq!.. Çünki gəlib vəziyyəti elə görəndə adam dünyadan
əlini üzmək istəyir. Bakıya gəlməyin məni
sevindirdi. Gəl, oturaq,
dərdləşək.
Bu qədər.
Bacıma,
balalara çoxlu-çoxlu
salam de. Özün də gələndə ağıllı-başlı ürək
gətir. Xəstəlik
söhbətini təmiz
unut!
Sizin Əliağa".
Kürçaylı bizə çox gəlmişdi.
1963-cü
il oktyabr
ayında Süleyman Rüstəm, Vladimir Qafarov,
Qılman İlkin,
SSRİ dövlət himninin
müəllifi, şair
Qarold Registanla birgə. 1964-cü ildə bəstəkar Rauf
Hacıyevlə bir yerdə...
Sonuncu gəlişinin
tarixini dəqiqləşdirmək
üçün atamın gündəliklərinə
baxıram. 31
may 1978-ci il imiş. Kürçaylının
ölümünə 19 ay qalıbmış. Neftçalada Sabir günləri çərçivəsində
tədbir keçiriblər. İkisi də
çıxış edib. Şəkilləri
də var. İclasda yanaşı oturublar. Kürçaylının
elə şəkli başqa yerdə yoxdu. Kim
bilir, bəlkə də son şəklidir. Və Kürçaylı artıq "Dözmür
dalğalara ömür gəmisi, / Sonuncu sahilə
çatıram demək" misraları ilə başlayan
"Mən olmayanda" şeirini yazıb. Həmin
görüş barədə İmamverdi Əbilovun gündəliyindən:
"Yanaqları qürub şəfəqini
xatırladırdı. "On dörd il əvvəl, məhz bu ayda sizə gəlmişdim.
Onda elə bilərdim ki, məni təbiət
deyilən bu ulu ananın qoynundan qorxunc fil xortumları da qopara
bilməz. Amma indi..."
Biganə təbəssümlə susdu".
Son görüşləri isə
bu söhbətdən
bir il
yeddi ay sonra, Kürçaylının son günlərində
- Kürçaylının evində olub... "Qupquru dodaqları zorla bir-birinə yaxınlaşdı, elə
bil qeybdən gələn qırıq-qırıq
kəlmələr eşidildi:
"El-oğ-lu... Mən-dən sə-nə
əma-nət..." Sözünün
ardını deyə bilmədi, buna taqəti çatmadı, zorla açılan gözlər yavaş-yavaş
qapandı..."
20 fevral 2023
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2023.-
25 fevral.- S.12.