Televiziyalardakı dilimiz
monitorinq aynasında
Ölkəmizdə fəaliyyət göstərən
televiziyalar Azərbaycan dövlət dili normalarını təbliğ
etmək baxımından çox önəmli tribunadır. Bu mənada
televiziyanın nitq mədəniyyəti və ədəbi tələffüz
nümunəsi kimi müstəsna rolu vardır.
Televiziya dilinin təsir gücü onun kütləviliyində,
eləcə də səs, söz və təsvir,
görüntü imkanlarına malik olmasındadır.
Doğrudur, KİV-də gedən dil proseslərini,
o cümlədən televiziyaların dil mənzərəsini
çağdaş ədəbi dildən kənarda təsəvvür
etmək olmaz. Televiziya çap və
elektron mətbuatla müqayisədə dil proseslərini daha
qabarıq şəkildə əks etdirir, şifahi nitq
meydanı üçün geniş üfüqlər
açır.
Televiziya cəmiyyətdə gedən proseslərin
güzgüsüdür və ictimai fikrə təsir
imkanları baxımından digər kütləvi informasiya
vasitələrindən yüksəkdə dayanır. Bu
güzgüdə nəinki ayrı-ayrı sahələrdə
baş verən dəyişiklikləri, hətta dil proseslərini
aydın şəkildə görmək mümkündür.
Odur ki, ekrandan səslənən nitq
anlaşıqlı, ədəbi tələffüz
qaydalarına uyğun olmalıdır. Çünki
insanlar bir-birlərini daha çox şifahi nitqinə və
davranışına görə qiymətləndirirlər.
Tamaşaçı verilişlərdə
çıxış edən qonaqlardan, ekspertlərdən,
müğənnilərdən, saç ustalarından və s.
natiqlik tələb etmir. Önəmli olan normal
davranış və mədəni nitqdir.
Son
zamanlar yazı və tələffüz qaydalarına ciddi
şəkildə əməl olunmadığından az qala hər kəs danışır. Əslində bu, müsbət haldır.
Dil
qüsurlarının təhlükəliliyi ondadır ki,
xüsusilə gənc nəsil həmin qüsurları bəzi
hallarda norma kimi qəbul edib işlədir
və nəticədə milli dil təfəkkürü zədələnir.
Milli dil təfəkkürü nitqimizi əslində
yersiz alınmalardan, başqa dillərin intonasiya və tələffüz
xüsusiyyətlərindən, məhəlli, kobud və
tüfeyli sözlərdən qorumaqda yad elementlərə
qarşı sanki sipər rolunda çıxış edir.
Milli dil təfəkkürü zədələndikdə
milli heysiyyət zəifləyir, insanlar yad intonasiyanın,
yersiz alınmaların, tüfeyli sözlərin, hətta mənən
öz ana dilindən uzaqlaşaraq başqa dillərin əsirinə
çevrilirlər. Deməli, problemlərin
heç də hamısı nitq mədəniyyəti ilə
bağlı deyildir.
Adi danışıq
dilinin təsiri ilə efirlərdə işlədilən rus
sözləri, ifadələri kifayət qədərdir:
“Birə-bir” – “Şükür Allaha, öz imkanım
normalnidi”.
“7 canlı” – “Çox sporlaşdıq”.
“10 qat şou” – “Bunun kruqu var idi”.
“10 qat şou” – “Pul var da, brat”.
“Günün sədası” – “Deyirəm heç nə
demə, luçşı sus”.
“Günün sədası” – “Zdaniyalarda baxıb
görürsən balkonlar hamısı his buraxır,
hamısında his var”.
“Birə-bir” – “Qulaq asdığı musiqilər
vabşe, tamam başqa bir şeydir”.
“10 qat şou” – “Nabarot heç qulaq asmıram”.
“Zaurla günaydın” – “Mamamın adını çəkdin. Mamam da bir az xəstələnibdi”.
“Zaurla günaydın” – “Qlazokumuzdan
görünmürdü”.
“ATV maqazin” – “Səhnədə də belə deyim də
divijeniyaları yaxşıdır”.
“Sənət inciləri” – “Amma çox sluxu var da, yəni
həddindən artıq”.
“Tezdən oyan” – “Yəni Azər, vso budet okey”.
“Səhər
mərkəzi” – “Mənim anatomiya dərsində konspektdə
bir dənə cümlə yadımdadır: “Lyudi bez
şitovidnı jelezı eta idiot” və s. Efirdə bu cür
sözlərin, ifadələrin, hətta cümlələrin
işlədilməsi, ana dilimizə məxsus sözlərin
efirdən sıxışdırılması cəhdi ədəbi
normaya təhdiddir
və buna bir şəxsin nitq qüsuru kimi baxıla bilməz.
Apardığımız monitorinqin nəticələri
televiziyalarda ədəbi dilin bütün sahələrinə
aid xeyli miqdarda pozuntu hallarının olduğunu göstərir. Son onilliklərdə
dilimizə külli miqdarda alınma sözlər daxil olub.
Əlbəttə, dilin inkişafı
baxımından bu, təbii və qanunauyğun haldır.
Lakin öz sözlərimiz ola-ola, əcnəbi
qarşılığının işlədilməsi,
televiziya və radio kimi mədəni tribunadan səsləndirilməsinə
ehtiyac yoxdur. Çünki efirdə işlədilən
hər hansı söz və ya ifadə işıq sürəti
ilə evlərə daxil olur, tamaşaçı nitqinə,
düşüncəsinə nüfuz edir.
Bəzi nümunələrə diqqət
yetirək:
“Müəyyən biliklərə əsaslanaraq,
meynstrimin də verdiyi biliklərə əsaslanaraq yeni formalar
yaratmaq, yeni təcrübələr edərək buna nail olmaq
olur, yəni ki”.
Göründüyü kimi cümlədəki
yanlışlıq yalnız “meynstrim” sözü ilə
bağlı deyildir. Cümləni ədəbi dil normalarına uyğun
olaraq bu şəkildə redaktə etmək mümkündür:
“Təməl biliklərə əsaslanaraq yeni formalar yaratmaq və
təcrübə qazanmaqla buna nail olmaq
olar”.
Aparıcı
deyir: “Hər halda fidbəki olmayan mahnı olsa, gedib işləməzsiniz”.
Yenə həmin verilişdə “Feyşn dizayner başqa
şeydir”, “Samir artıq bu işi nekst levıllara
daşıyır” Aparıcının efirdən ingilis dilində
bu cür yersiz ifadələr işlətməsi, heç
şübhəsiz ki, onun peşəkarlığına dəlalət
etmir, əksinə, nitq mədəniyyəti qaydalarından xəbərsiz
olduğunu göstərir.
“Kütləyə hüququ çatdırmaq fikrinə düşdük. Araşdırdıq
ki, bunu hansı formada çatdıraq və qərara gəldik
ki, bunu stori telinq formatında insanlara çatdıraq”. Problem təkcə “stori tellinq” ifadəsi ilə
bağlı deyil. Qonaq fikrini Azərbaycan
dilində düzgün çatdıra bilmir, “insanlara
hüquqlarını çatdırmaq” ifadəsini “kütləyə
hüququ çatdırmaq” şəklində deyir.
“Bizdə ən yaxşı metodika güzgü ilə
danışmaqdır, güzgü bizdə selfkonfidens,
özünə güvəni artırır. Ay kantakt, göz təması
çox önəmlidir”.
Aparıcı əslində verilişə dəvət
etdiyi qonağın, ekspertin danışıq
manerasını nəzərə almalı, ehtiyac yarandıqda
daha uğurlu sözlərin seçilməsində
yardımçı olmalıdır. Qəribəsi odur ki,
bəzi hallarda aparıcılar da nitq mədəniyyəti
qaydalarının pozulmasında ekspertlərə
“yardımçı olurlar”. Dilimizdə
“özünəinam”, “göz təması” ifadələri
varkən, nə üçün “selfkonfidens”, “ay kantakt” deyilməlidir?
Aparıcı
deyir: “Bylingual”, orada basırsan, pronansieyşn, hətta ingilis
dilində necədir, amerikansayağı pronansieyşn necədir,
onu da söyləyir”. Yenə həmin verilişdə
aparıcı belə bir cümlə işlədir: “Biri var mənim
neytiv lanqvic, bir də var neytiv deyil. Onlar deyirdi
ki, biz heç belə iməcin etmirdik”. Aparıcı
sanki Azərbaycan dili üzərində təcrübə
aparır. Dilimizin ümumişlək
sözlərini ingilis sözləri ilə əvəz edir.
Görəsən, aparıcını “tələffüz”,
“doğma dil”, “təsəvvür” söz və ifadələrini
ingilis dilində səsləndirməsinə vadar edən nədir?
Axı bunlar termin deyil, ümumişlək
sözlərdir.
Doğrudur, dilin varlığı üçün təhlükə
törədən fəsadlar daha çox qrammatik qüsurlarla
bağlıdır, çünki dilin mahiyyətini onun
qrammatik sistemi müəyyən edir. Leksik pozuntular isə
dildə tez-tez baş verən, eyni zamanda, nisbətən
asanlıqla aradan qaldırıla bilən hadisədir. Bu baxımdan leksik normanın pozulmasını dil
üçün təhlükəli hal hesab etmirlər. Amma nəzərə almaq lazımdır ki, bunlar əslində
zəncirvari prosesin halqalarıdır. Leksik norma pozuntuları dilin milli qiyafətini dəyişir,
milli həssaslığı azaldır.
Leksik alınmalar və beynəlxalq leksikon dil təfəkkürünü
müasirləşdirsə də, dilimizdə
yazılış və tələffüzlə bağlı
müəyyən çətinliklər yaradır. Variantlılıq
özünü türk ad və soyadlarının
yazılışı və tələffüzündə də
göstərir. Məsələn: Aziz Sancar, Əziz
Sancar, Eziz Sencer, Aziz Səncər, Əziz Səncər; Mehmet
Akif Ersoy, Məhməd Akif Ərsoy, Məmməd Akif Ərsoy
və başqaları.
Dilin ən çox inkişaf etdiyi publisistikada leksik
alınmalar daha çoxdur. Bəzi hallarda həmin
sözlərə dilimizin İzahlı lüğətlərində
və Orfoqrafiya lüğətində rast gəlmirik. Bu qəbildən olan sözlər sırasında
türk dilinə məxsus leksik vahidlər də vardır.
Publisistikada belə sözlərə
qarşılıq tapmaq cəhdləri də müşahidə
olunur. Məsələn, aparıcı belə bir fikir səsləndirir:
“Bir anlıq özüm düşündüm ki, önfikirlə,
önmühakimə ilə mən fikirləşərdim ki, bu
adam niyə belə ematsanaldır, bu adam
niyə bu cür impulsiv reaksiya verir?”
Aparıcı
sanki qınağa tuş gəlməmək üçün
süni şəkildə söz yaratmağa cəhd edərək
“önyarğı” sözünün əvəzinə
“önfikir”, “önmühakimə” sözlərini işlədir.
Şübhəsiz ki, Azərbaycan dilinin lüğət
tərkibi Orfoqrafiya lüğətində verilənlərdən
daha genişdir. Son illər qardaş Türkiyə ilə
əlaqələrin genişlənməsi dilimizə də
öz təsirini göstərir. Doğrudur,
özləşmə baxımından türk dilinin əhəmiyyəti
böyükdür. Məsələn: dönüm (mərhələ),
qaynaq (mənbə), çağdaş (müasir), yüzillik
(əsr), durum (vəziyyət), özəl (xüsusi), olay
(hadisə) və s. Özləşmə meyli dilimizi başqa
dillərin təsirinə məruz qalmaqdan müəyyən dərəcədə
qoruyur. Bu cür sözlər dildə öz
qarşılıqları ilə paralel işlənir və həmin
sözlərin sinonimlik imkanlarını artırır. Bəzən də dildən çıxmış
sözlər “dirilərək” yenidən işləklik
qazanır. Bununla yanaşı, lüzumsuz
şəkildə işlənən söz və ifadələrə
də rast gəlirik. Məsələn: “makiyaj” əvəzinə
“meykap”, “şirin-şirin yemək” əvəzinə “mışıl-mışıl
yemək”, “resept” əvəzinə “tarif”, “mövsüm” əvəzinə
“sezon”, “inkişaf edir” əvəzinə “praqres edir”,
“tullantı” əvəzinə “çöküntü”, “diqqətini cəmləmək” əvəzinə
“konsentre olmaq” və s.
Təhlillərimiz göstərir ki, publisistikada işlənən,
lakin lüğətlərimizdə öz əksini tapmayan
xeyli miqdarda söz vardır. Məsələn: vazkeçilməz,
bəcik/becik, dəfilə (podium), cüzdan, vaksinasiya,
teleqrafiya, motokuryer, profiterol (yemək növü), görəv,
önəmsəmək, tətikləmək, yansımaq,
kopiya, institutlaşma, spekulyasiya, stabilləşmə,
stabilləşmək, törən, mübahisələndirmə,
rutin (ətalət), bronjilet, serebral (iflic),
barışçı, barışsevər və s. Qeydə
aldığımız çoxsaylı nümunələr
publisistikada gedən dil proseslərini izləmək,
çağdaş dil mənzərəsini göstərmək
baxımından çox önəmlidir.
Diqqəti
titr səhvlərinə və fonetik normanın pozulması
hallarına da yönəltmək istərdim:
“İş vaxtı” – titr – “Korrupsiyanın icra
başçısı”.
“Xəbərlə” – titr – “Hindistan ştammı sürətlə
yayılır”.
“Space xəbər” – titr – “Elvin Bağırov – Nəsimi
RİH-nin nümayəndəsi” və s.
Monitorinqin nəticələri göstərir ki, televiziya
aparıcılarının bir çoxu yeni orfoepiya və
orfoqrafiya qaydalarından hələ də xəbərsizdirlər. Əvvəlki
illərlə müqayisədə deyə bilərik ki,
hazırda məlumat əlçatanlığı qaneedici səviyyədədir
və dillə bağlı əksər suallara cavab tapmaq
mümkündür.
Təəssüf ki, televiziyalarda ayrı-ayrı səslərin,
sözlərin, ifadələrin, qrammatik formaların
yanlış tələffüzü, vurğunun yerində
deyilməməsi halları adi hala çevrilib. Monitorinq zamanı qeydə
alınan yüzlərlə fakt bu qənaətə gəlməyə
imkan verir:
“Telesəhər” – “Bu gün sizinlə mən – bədii
gimnastika üzrə beynəlxalq dərəcəli məşqçi
Allahverdiyeva Aysel”.
“Zaurla günaydın” – “Elə bil küçələr
də böyüyüf”.
“Zaurla günaydın” – “Evimizin içində dörd
boboyda ağac bitif”.
“Gün başladı”
– “Canınız ağramasın”.
“Səhərçağı”
– “Rahatdır yeriviz?”
“Zəmanə”
– “Palme, həmçinin eSeSeRİ-nin Əfqanıstana ordu
yeritməsini, Yunanıstandakı, İspaniyadakı,
Portuqaliyadakı diktatura rejimlərini, CAR-da həyata
keçirilən aparteid siyasətini pisləyirdi”.
“Nəcib söhbətlər” – “Yəni o prinsipdə, məsələn
88-ci ildə nə qimnimiz var idi, nə bir dövlətçiliyimiz
var idi”.
“Birə-bir” –
“Əslində olmaz puldan ötəri, pul hər şey demək
döyül”.
“Bizimləsən” – “Qənədindən, quyruğundan at
klokun içinə, gətir də”.
“Dəyişən
cavab” – “Mən düzgün başa düşdüm sizi ki,
yoldaşıvız rəhmətə gedəndən sonra dərhal
artıq qaynatavız sizi mamavızgilə göndərdi, yoxsa
bir il gözlədiniz?”
Nümunələrdən də görmək olur ki,
televiziyalarda dialektizmlərə və dialekt tələffüz
xüsusiyyətlərinə geniş meydan verilir. Tüfeyli
sözlər, gərəksiz ifadələr, sözün
düzgün işlədilməməsi, anlaşılmaz
cümlələr, dilimizin qrammatik quruluşuna zidd cümlə
tipləri, eləcə də başqa dillərin tələffüz-intonasiya
xüsusiyyətləri dilimizə təhlükə
yaradır. Məsələn:
“Görünməyən aləmin sirləri” – Yalnız
çiçəyin üstünə oturan arını
görürük”.
“Ovqat” – “Amma “Ovqat” verilişi indi burada üzəvari
(üzə) demək kimi çıxmasın, “Ovqat”
verilişi artıq hədəf – elə adından bəllidir
və birbaşa ovqatın düzəlməyinə,
bütün tamaşaçı auditoriyasının
ovqatının yüksək səviyyədə köklənməsinə
yönəlib”.
“Mədəniyyət xəbərləri” – “Həyata 84
yaşında əlvida edən söz ustadının xatirəsi
qəlblərdə əbədi yaşayacaq”.
“Səhərçağı” – “Çünki sənətkarımız
deyir ki, mən artıq işimi sonlaşdırıram,
yekunlaşdırıram”.
“Səhərçağı” – “Çox bəli,
çox feyzyab alırıq”.
“Səhərçağı” – “Bu gün koronavirusdan
qorunmaq üçün virusun haradan gələcəyi, kimdən
qapacağımız həmin xəstəliyi necə keçirəcəyimiz
bizdən asılı deyil”.
“Elgizlə izlə” –
“Yoğun baxım altındadır uşaq”.
“ATV səhər” – “Havası bizim olacaqdır, ərazi
bötövlüyü qayıdacaqdır”.
“Bizimləsən” – “Say-seçmə sənətkarlar,
hansı ki klassik musiqini, falan, belə deyək, baş təbliğatçıları
olublar”.
“Səhər mərkəzi” – “Və gözəl də
bir konsert çəkdirmək fikrim var”.
“10-da görüşək” – Azərbaycan
şou-biznesinin banisi və ölkənin ulduzu – Aygün
Kazımova”.
“Xəbərlə”
– “Qeyd edim ki, ölkə ərazisində Şirvan Reabilitasiya
Mərkəzi daxil olmaqla 12 reabilitasiya mərkəzi var ki,
hansı ki burada əsaslı və yenidənqurma işləri
aparılır”.
Arzuolunmaz məqamlardan biri də bəzi samit səslərin
yanlış tələffüzü ilə
bağlıdır. Məsələn:
“Səhər mərkəzi” – “Mən bir kiçik bir
pratsedur olaraq bunu görsətdim”.
“Çıxışa
doğru” – “Ziyanlı vərdişlərlə və yeni
yaranan tsexnologiyalar arasında bir təzada diqqət yetirsək,
çox çətindir, bunun öhdəsindən gəlmək”.
“Gün başladı” – “Ən çox sevindiyim məsələlərdən
biri də budur ki, xəmirlə əlləşməyi
çox sevməyən və yaxud da ki, yeni-yeni mətbəxdə
ilk addımlarını atan xanımlar üçün
çox praktsik və əvəzolunmaz bir retsepdir” və s.
Şahlar MƏMMƏDOV
(GÖYTÜRK)
Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.14-15.