Yeniliyi və orijinallığı
ilə seçilən araşdırma
Yavuz Akpınar Pərvanə Məmmədlinin
kitabı haqqında yazır
Pərvanə Məmmədlinin "Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri (1979-2015-ci illər)" kitabında işlədiyi mövzu, ilk növbədə, çox əhatəliliyi və mürəkkəbliyi ilə diqqəti cəlb edir. Bu mövzu təbii ki, İrandakı tarixi hadisələrin axını ilə birbaşa bağlıdır; o, 1979-cu ildən sonra İranda hökmranlıq edən hökumət tərəfindən təmsil olunan "İran millətçiliyi"nin təzyiqi ilə baş verən dini, ictimai, siyasi və mədəni hadisələrlə birbaşa əlaqəlidir. Eyni zamanda, işlənmiş mövzu Quzey Azərbaycan, Türkiyə və nəhayət, Yaxın Şərq və dünyadakı siyasi, ictimai hərəkatların ortaya çıxardığı bir prosesə işarə edir.
Bu qədər geniş, mürəkkəb və dərin tarixi kökləri olan bir mövzunu araşdırmaq üçün fars dilini və Güney Azərbaycandakı ləhcələri, Azərbaycan və İranla bağlı tarixi bilgiləri mənimsəmək və bunun üçün kifayət qədər biliyə sahib olmaq lazımdır.
Pərvanə Məmmədlinin monoqrafiyasını və bundan başqa yazdığı digər əsərləri diqqətlə araşdırdıqda onun bu mövzunu öyrənmək üçün kifayət qədər hazırlıq, bilik və təcrübəyə sahib olduğu aydın olur.
Güney Azərbaycan nəşriyyələri Azərbaycan və Türkiyə bir yana, İrandakı kitabxanalarda da yox dərəcəsindədir. Kitablardan başqa dövri nəşrləri izləmək, onları tapmaq və təhlil etmək də asan deyil. Üstəlik, İranda Azərbaycan türkcəsində nəşriyyat və kitab satışı Güney Azərbaycan türkləri arasında hələ inkişaf etməyib. Həmçinin burada bəzi kitabların və ya broşuraların (risalələrin) qeyri-qanuni şəkildə, qaçaq yolla çapı və satıldığı da (bu yaxınlarda internetdə yayımlanmışdır) məlumdur. Bu səbəbdən də bəzən bir kitabı, axtarılan bir jurnalı tapıb oxumaq üçün daha çox vaxt sərf etmək lazım gəlir. Bəzi kitabların çap olunaraq bir müddət satışa buraxılması və sonra qəflətən hökumətin bir qərarı ilə nüsxələrin toplanıb məhv edilməsi də adi bir haldır. Bu və buna bənzər faktlar Güney Azərbaycan ədəbiyyatı və mədəni həyatı ilə bağlı araşdırma işini daha da çətinləşdirir. Hətta bəzən kitabları İrandan kənara çıxarmaq belə mümkün olmur.
Yəni, Pərvanə Məmmədlinin bütün bu çətinliklərin öhdəsindən gələrək əngəlləri aşdığı, çətinliklə də olsa, mənbələrə yol tapması, onları diqqətlə oxuyub qiymətləndirməsi göz qabağındadır.
Pərvanə xanımın "Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri" kitabının birinci hissəsində Güney Azərbaycan mətbuatının ana xətlərini keçmişi ilə birgə işləməsi çox diqqətəlayiqdir. Çünki təhlillərdə də göstərildiyi kimi, Güneydə bir çox ədəbi əsər və fikirlər qəzet və jurnallar vasitəsilə kütlənin diqqətini çəkib. Xüsusilə 1979-cu ilə qədər olan illərdə - şah rejimi əvvəlki gücünü itirəndən və bu tarixdən bir neçə il sonra yeni İslam hökuməti hələ möhkəmlənmədiyi və rəhbərliyindəki İslam ideologiyası fars millətçiliyinə maneə yaratdığınından İranın hər yerində nəşriyyat nisbətən azad oldu. Üstəlik, bu illərdə inkişaf edən Güney Azərbaycan ədəbiyyatı da çoxyönlülük qazandı.
Azərbaycan türkcəsi və ya farsca nəşr olunan bir çox kitab, qəzet və jurnallarda dövrün ictimai fikir və ədəbi həyatını izləmək və təhlil etmək, sonrakı illərdə İranda davam edəcək siyasi, mədəni və ədəbi hərəkatları anlamaq üçün bir açardır. Pərvanə Məmmədli monoqrafiya kitabının birinci fəslində bu məsələyə diqqət yetirmiş, Güney Azərbaycanın ictimai və ədəbi həyatındakı təzahür və təmayülləri, onların müxtəlifliyini obyektiv şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur.
Kitabda "Milli şüurun formalaşmasında mətbuatın və ədəbiyyatın rolu" adlı bölümdə İran İslam İnqilabının ilk dövrlərində Azərbaycan türkləri arasında milli hərəkatın yaranmasının milli şüurun oyanması ilə bağlı olduğu çox doğru qeyd olunur. Beləcə, XIX əsrin sonlarından etibarən zaman-zaman bir kükrəmə göstərilsə də, Güney Azərbaycanda milli şüurun, Quzey Azərbaycan, Türkiyə, Rusiya və Qərbi Avropadakı mədəni və siyasi hərəkatların təsirilə necə ortaya çıxıb inkişaf etdiyi ana xətləriylə açıqlanıb göstərilir. Bu milli düşüncənin ədəbiyyatda necə əks olunduğu monoqrafiyanın digər hissələrində konkret örnəklərlə verilir.
Müəllif qeyd etdiyimiz milli şüurun inkişafını təkcə Azərbaycan mənbələrində deyil, eyni zamanda İrandakı fars nəşrlərində də araşdırır. Bu isə tədqiqatın elmi dəyər və nəticələrinin etibarlılığını artırır və eyni zamanda, bu gün təkcə Azərbaycanda deyil, bütün İranda yayılan Azərbaycan türklüyünü geniş bucaqdan görməyə və təhlillər aparıb, dəqiq şərhlər verməyə kömək edir.
Yazarın kitabının xüsusiyyətləri və nailiyyətlərindən bəhs olunarsa, fikrimizcə, monoqrafiyanın bu şəkildə təsnif edilməsi doğrudur və bizim tərəfimizdən kitabın uğurlarından biri kimi qəbul edilir; - Ədəbi hərəkatda mətbuatın inkişafı konkret olaraq tarixi bir dövrün hüdudları çərçivəsində ilk dəfə olaraq tədqiqatda sistemli araşdırılır. Mətbuat tarixi, ədəbi-bədii tərəqqinin təməli kimi təhlil olunur. İlk dəfə olaraq müasir nəsr, poeziya və tənqid janrlarının məzmununda, poetikasında baş verən proseslər öyrənilir.
İstər Quzeydə olsun, istərsə də Güneydə ortaya çıxan Azərbaycan ədəbiyyatının, fikir həyatının bir bütünün iki ayrı üzü olduğu bu araşdırmada təkrar ortaya qoyulmuş və dəlilləriylə isbat edilmişdir. Tarixi Azərbaycan ərazisinin Rus istilasından sonra ikiyə bölünməsi, Sovet dövründə milli ruhu silməyə çalışan ideoloji təzyiq, İranda qalan torpaqlarda illərcə sürən farslaşdırma assimilyasiyası, Azərbaycan xalqının və ədəbiyyatının bütövlüyünü pozmamış, yalnız mədəniyyətdə səthi iz qoymuş, hər şeyə rəğmən ciddi bir dəyişikliyə gətirib çıxarmamış, dil və mədəniyyətini parçalaya bilməmişdir.
Bu elmi kitabda isbat edilən xüsuslardan biri də budur. Quzey və
Güneydə görülən fərqliliklər yalnız hər
iki tərəfin siyasi, dini, mədəni və iqtisadi həyatının
təzahürlərindən ibarətdir.
Hər iki tərəfdəki həyat eyni şərtlər
daşıyırsa aradakı fərqlilik zamanı gələndə
ortadan qalxacaqdır. Kitabda işlənən və bitkin bir
şəkildə ortaya qoyulan önəmli işlərdən
biri də "Güney Azərbaycan mühacirət mətbuatı
və ədəbiyyatı" məsələsidir.
İran rejiminin məlum təzyiqləri və təqibləri
nəticəsində İrandan Avropaya, Amerika və Kanadaya kimi
(bunlar arasına Türkiyəni də əlavə etmək
lazımdır) ölkələrə mühacirət edib orada
Azərbaycan türkcəsi (az da olsa fars) ilə qəzet və
jurnal nəşr, kitablar çap etdirən bir nəsil
yetişmişdir. Onların modern Qərb təfəkkürü
və ədəbi təmayüllərini Azərbaycan fikir və
ədəbiyyat həyatına gətirdikləri məlumdur.
Pərvanə Məmmədli monoqrafiyasında bu kimi
şəxsiyyətlərin fəaliyyət və əsərlərinə
də diqqət göstərib təhlil etmişdir. Bu xüsus da
kitabın orijinal və elmi yeniliklərindən biridir.
Azərbaycan folklorunun və klassik ədəbiyyatının
sonrakı ədəbiyyata təsiri, bu ədəbiyyatın
qolları üzərində edilən filoloji
araşdırmalar və ya yeni mətnlərin nəşri Pərvanə
Məmmədlinin da diqqətindən qaçmamış,
araşdırmanın müəyyən hissəsində bu məsələlərdən
də bəhs açmışdır.
Güneydə aparılan bəzi araşdırma və təhlillərdə
klassik Azərbaycan ədəbiyyatının ümumtürk və
Şərq mühiti ilə əlaqələri ortaya
çıxarılır. Monoqrafiyada bu məsələ
də işıqlandırılır. Halbuki
sovet dövründə Azərbaycan ədəbiyyatının
ümumtürk ədəbiyyatı ilə əlaqələrindən
bəhs edilməz, bu mövzu üzərindən sükutla
keçilərdi.
Güney
Azərbaycan ədəbiyyatında 1979-cu ildən sonrakı ədəbi
proses ümumi təmayüllərə bağlı olaraq izlənilib
təhlil edilmişdir. Araşdırmada belə
fikir vurğulanır ki, klassik ədəbiyyat və folklor
üslubu Güney Azərbaycan ədəbiyyatının
canlı bir qolu olaraq inkişafdan qalmamış, irfani və fəlsəfi
şeir olaraq varlığını davam etdirmişdir. Realist və modern ədəbiyyat böyük
ölçüdə Quzeydəki ədəbi təkamülü
izlədiyi kimi Türkiyə və Qərbi Avropa ədəbiyyatını
da mənimsəmişdir.
Güney Azərbaycanda milli ruha, milli şəxsiyyətə
dayanan şair və yazıçılar yetişdiyi kimi Qərbi
Avropa fikir və ədəbiyyat mühitinin təsirində
qalan şəxsiyyətlər də olmuşdur. Bütün
bu şəxsiyyətlərin əsərlərində
mövzu zənginliyi, fikir sərbəstliyi, üslub müxtəlifliyi
görülməkdədir. Monoqrafiyada
ayrı-ayrı təmayüllərin tanınmış şəxsiyyətləri
tək-tək ələ alınmış, əsərlərindən
qısa nümunələr verilmişdir.
Əsərdə
əldə edilən önəmli nəticələrdən
biri də Güney Azərbaycan ədəbiyyatında professional
tənqidin (ədəbi tənqidin) 1979-cu il
inqilabından sonrakı illərdə tədricən ortaya
çıxdığı və bu sahədə artıq
sözünü deyib tanıtdıran şəxsiyyətlərin
yetişdiyi gerçəyidir.
Azərbaycan ədəbiyyat tarixçiliyində
Güney Azərbaycanın ədəbi hərəkatının
bu şəkildə geniş bir baxımdan, sistematik olaraq
araşdırılması yeni və təqdirəlayiq bir
haldır.
Monoqrafiyanın
bir çox yerlərində haqlı olaraq
vurğulanmışdır ki, Güney Azərbaycan ədəbiyyat
və fikir həyatında ana dili və milli kimlik uğrunda
mübarizə, İrandakı siyasi rejimlərə və
dövrlərə bağlı olaraq istər-istəməz dəyişsə
də, heç bir zaman yox olmamış, fikir və ədəbi
hərəkatların başında qırmızı xətt
kimi keçmişdir.
Nəhayət,
yazarın belə çox yerinə düşmüş bir
ifadəsi ilə fikrimizi tamamlamaq istəyirik: "Qətiyyətlə
demək olar ki, bu gün Güney Azərbaycanda çox
intellektual və ayıq yaradıcı gənclər
yetişir. Onların sayəsində Güney Azərbaycan
türklərinin həm də gələcək
yaşamının konturları cızılır. Əvvəlki illərin qəzəl-qəsidə, mədhiyyə
ədəbiyyatı deyil, modern ədəbi düşüncəyə
arxalanan yeni ədəbiyyat yaranır. Azərbaycan
tarix boyu İranda aparıcı ideyaların
ötürücüsü olub. Bu gün də
ötən əsrlərdə olduğu kimi, bu missiya davam
edir".
Nəticə
olaraq Pərvanə xanım Məmmədlinin bu kitabdakı
araşdırmasını Güney Azərbaycan fikir və ədəbiyyatının
ümumi qiymətləndirilməsində,
araşdırılıb təhlil edilməsində irəliyə
doğru atılmış əhəmiyyətli bir addım,
yeni və orijinal bir iş olaraq gördüyümü bəlirtmək
istəyirəm.
Türkiyə, İzmir
Yavuz Akpınar
Ədəbiyyat qəzeti.- 2023.- 25
fevral.- S.15.