Rus poeziyasında köndələn
yağışlar
II yazı
Larise Reysner... Rus poeziyası haqqında
danışanda bu ad çox vaxt kölgədə qalır.
O, inqilab qadını
idi. Rus yazıçısı Larisa Vasilyeva
"Kremlin qadınları" kitabında yazır:
"Larisa od tutub yanan inqilab göylərində
kometa kimi peyda oldu və
özündən sonra
sual işarəsinə
oxşar iz qoyaraq yanıb getdi". Həyatla təhlükəli oyunlar oynayan bu qadın özünü
poeziyanın şəriksiz
ledisi kimi görmək istəyirdi.
Lakin onun poetik istedadı
yetərincə deyildi.
Larisanın o dövrün bütün
üzdə olan şairləriylə yaxın
münasibətləri vardı.
Hətta
deyilənə görə,
Nikolay Qumilyova vurulmuşdu. Varlam Şalamov
isə ona uzaqdan-uzağa aşiq olmuşdu. L.Vasilyeva yazır ki,
o, küçədə yeriyərkən
sanki öz gözəlliyini məşəl
kimi başı üzərində gəzdirirdi.
Lakin bu şahanə gözəllik
tez də soldu. Larisa bu fani dünyada cəmi-cümlətanı,
otuz il
yaşadı. 1926-cı ildə qarın yatalağından dünyasını
dəyişən qadının
gələcəklə bağlı
xəyalları da heçliyə qovuşdu.
Ehtimal olunur ki, o, 1937-ci ilə qədər yaşayasdı, çox güman ki, sürgün taleyi yaşayacaqdı. Ən azı,
Trotskini dəstəkləyən
əri Fyodor Raskolnikova
görə, onu rahat buraxmayacaqdılar.
O illər inqilabın
öz balalarını
yediyi dövr idi. Reysner heç qəlbən
aşiq olduğu Nikolay Qumilyovu güllələnmədən xilas
edə bilmədi.
Tanınmış şairə olmaq Larisanın gizli arzularından biri idi. Lakin o, tarixin yaddaşında poeziyasıyla
deyil, inqilabi romantikanın ağ
qağayısı kimi
qaldı. (Larisa - qağayı
deməkdir)
Boris Pasternak ona şöhrət
gətirən "Doktor
Jivaqo" əsərində
Larisanın obrazını
yaradıb. Hətta ona ithaf etdiyi bir şeiri
də var.
Larisa, çox təəssüf
edirəm,
səninlə müqayisədə
nə ölüməm,
nə heç kim...
Larisa Vasilyeva yazır
ki, poeziya ölümcül, qəddar
oyundur. Əbəs yerə şair və çar həmişə üz-üzə
durmayıblar: biri güllə ilə, digəri sözlə. Güllə bir anda qələbə
çalırdı, söz
isə əbədilik.
Larisa bu oyunda
hakimiyyəti təmsil
edirdi. Poeziya onun üçün
həyatın mahiyyətini
ifadə etmirdi, sadəcə, dəbdə
olan paltar idi. Şeirləri onun özünə
bənzəyirdi; soyuqqanlı
gözəllik təzahürləri
ilə. Bu şeirlər eqosentrik düşüncənin məhsulu
idi. Bu xüsusiyyəti
ona inqilab aşılamışdı. Larisa özünü həmişə elitanın
içində görürdü.
O, Leninlə çox yaxın idi, proletar hakimiyyəti qurulduqdan sonra o, özünü vəziyyətin
sahibəsi kimi aparırdı. Bu da onun şeirlərində
soyuq parıltı kimi sezilirdi.
Biz alveolların çəhrayı
müstəvisinə,
rubin şirəsinə
susamış
qansoran arıları
gizli dərinliklərdən
çəkib gətirdik,
həmişə zərbələr
altında inləyən
başısoyuq xalqımız
günəşli oksigen udmalıdır
dəryanın dərinliklərindən.
...Bizim qanadlanmağımız
açıq pəncərələrdən
külək kimi girəcək evlərə,
hiddətli yanğı
gətirəcək qəlblərə...
Alayarımçıq simvolizm... Yox, Larisa Reysner şair olmaq üçün doğulmamışdı. Onun haqqında təfərrüatlara
varmağa bəlkə
də ehtiyac yoxdur. Lakin rus poeziyasının
yoluxduğu simvolizm, dedakent düşüncə,
futurizm və bütün bu izmlərin bir ideologiyaya müncər edilməsi onu infantil hala gətirib
çıxartdı. Larisa
Reysnerin yazdıqları
da siyasətə bulaşmış poeziyanın
şikəst doğulmuş
övladı kimi idi. O, Axmatova, Svetayeva kimi şair taleyi yaşaya bilmədi. Çünki ruhən bu stixiya ona tamamilə
yad idi.
Mayakovski, Yesenin isə əsl şair taleyi yaşadılar. Gündəliklərimə
baxıram, belə bir qeydə rast gəldim:
Yeseninin qara adamı hər birimizin içində mürgüləyir,
hər birimizin içində bir sınıq güzgü
var. "Qara adam"ın
kölgəsi bizi qarabaqara izləyir.
İnsanın içindəki "mən"i Yesenin qədər
çılpaqlığı ilə göstərə bilən çox az şairlər
var. "Qara adam" lakmus kağızıdır.
"Qara adam"ı,
"Şalvarlı bulud"u
yazmaq üçün
Tanrının istedad payı ilə tale üst-üstə düşməlidir.
Yesenin də, Mayakovski də eyni tale marşrutunda yol gedirdilər. Fransız simvolizmi
onların yaradıcılığında
bir başqa məna və çalarlar qazanırdı.
Məlumdur ki, rus gümüş əsrinin
başlıca ədəbi
cərəyanları olan
dekadans və simvolizm XIX yüzilliyin
80-ci illərində eyni
adlı fransız ədəbi axınlarının
təsirilə yaranmışdı.
Rus şairlərinin yaradıcılığında
Bodlerin, Verlenin izlərini açıq-aşkar
görmək olurdu.
Onların poeziyasını "situasiya şeiri" adlandırmaq olar. Çoxmənalı və ezoterik
ironiyalar bu poeziyada butafora kimi sayrışırdı.
Sözsüz, situasiya olmadan
ədəbiyyat yaranmır,
lakin onların şeirləri yeni dövrün hiss və həyəcanlarıyla dolub-daşan
situasiyaları əks
etdirirdi. Onlar sanki çılpaq sözlərə don geyindirirdilər.
Kifayət qədər nümunələr
gətirmək olar. Ötən yazıda
onların və gümüş dövr rus poeziyasının nümayəndələri haqqında
geniş yazmışıq.
Adlayaq
XXI əsrə. Etiraf edək
ki, sovet sistemi çökdükdən
sonra postsovet məkanıyla ədəbi
əlaqələr də
qırıldı və
biz qonşu ölkələrdə
gedən ədəbi proseslərdən xəbərsiz
qaldıq. 90-cı illərdən
bu yana
rus poeziyasında hansı təmayüllərin
yarandığını, hansı
imzaların yetişdiyini
izləmək imkanımız
olmadı.
70-ci illərdən bu yana rus
poeziyası İosif Brodskinin timsalında yeni keyfiyyət dəyişikliyinə uğradı.
Brodski hətta Puşkindən də uzaqlara, XVII əsr rus şeirinə
qədər gedib çıxdı və oradan özünə lazım olanları tapıb çıxartdı.
O, düşünürdü ki, onların oxucuları nəinki bu gündə və gələcəkdə,
həm də keçmişdədirlər. Bu isə artıq yeni yanaşma idi.
Sonrakı dövr şairlərin yaradıcılığında azad enerji aşıb-daşır. Mixail Ayzenberq, Timur Kibirov, Vitali Filippov, Mixail Sinelnikov, Dmitri Priqov və digər müasir rus şairlərinin şeirləriylə
tanış olduqda artıq başqa bir formasiyanın insanıyla qarşılaşırıq
və bu yeni insan tipinin
mənəvi kardioqrammasını
çıxarmağa can atan
avanqard şairlər artıq ideoloji buxovlardan azad idilər. Senzura demokl qılıncı
kimi başlarının
üstündə deyildi.
Buna görə də söz onların şeirlərində
rahat nəfəs alır. Şeir poliqonunda əyləncəli
"döyüşlər" rus poeziyasında tamamilə yeni paradiqmanın yaranmasına
vəsilə oldu.
Estetik yorğunluqdan oynaq, çevik postmodernizmə keçid rus şeirinin nəfəs imkanlarını genişləndirdi.
Timur Kibirovun və Dmitri Priqovun şeirlərində
rus gerçəkliyi özünəironiya formasında
təzahür edir.
Bu da Yevtuşenkodan, Vısotskidən gələn
ənənədir. Bu sətirlər T.Kibirovun şeirindəndir.
Dəlibaş şair olmaq yaman yaxşı bir şeydir,
Ağlı başında olan
adamların yanında!
Amma sənə sirr açım: inan, artıq çox gecdir -
Ağıllılar uyuyur torpağın altda çoxdan.
(Tərcümə Səlim
Babullaoğlunundur)
XXI əsr artlq bir neçə ədəbi nəsil yetişdirib və rus poeziyasının ekstravaqantizmə meyli artmaqdadır. Dəyərlərə travestik yanaşma
yeni nəslin stixiyasıdır. Bu nəslin
yaratdığı poeziyada
yağışlar göydən
yerə deyil, yerdən göyə yağır...
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2023.-
25 fevral.- S.17.