Əsəd Cahangirin vəhdət vadisində

 

Öncə onu deyim ki, "Namaz" poemasında Əsəd Cahangir, sanki söz bağından meyvə, gülbağçadan çiçək toplayır. Həm də hər meyvəyə dəfələrlə baxır ki, çürük, hər çiçəyə diqqət edir ki, solğun olmasın. Əsər binadırsa, müəllif bənna, sözlər o binanın daşlarıdır və bənna daşları yerinə otuzduran kimi müəllif də sözləri öz yerinə qoymalıdır. Bu baxımdan Ə. Cahangir mahir bənnadır. Çünki onun poemada sözün necə nazını çəkdiyi, qayğısına qaldığı açıq-aşkar görünür. Neçə illər öncə ilk hekayələrimi redaktə üçün Ə.Cahangirə göstərmiş və onun sözün cümlədə, mətndə yerini nə qədər dəqiq gördüyünü maraqla izləmişdim. Əlbəttə ki, yaradıcılığa "Söz" essesi ilə başlayan bir söz ustası üçün bu münasibət məntiqidir.

Ə.Cahangiri illərdir tanıyıram, çoxlu sayda məqalə və essesini oxumuşam, amma "Namaz" poemasını ilk dəfə və sanki təsadüfən oxudum. Tanıyanlar bilir ki, Ə.Cahangirin içində daim səslənən bir musiqi, harmoniya var və o səslər bəzən onu durduğu yerdəcə, bədahətən şeirlər deməyə vadar edir. Təsadüfi deyil ki, onun ən gözəl əsərlərindən biri təkcə öz yaradıcılığı deyil, ümumən ədəbiyyatımızda bu janrın ən gözəl nümunələrindən biri, bəlkə də, birincisi olan "Səs" essesidir. Bu poemanı oxuyandan sonra isə gördüm ki, Ə.Cahangir o səslərdən və "Səs"dən də o yana keçib və göründüyündən daha çox elmə, istedada, bəşəri bilgilərə sahibdir. Məncə, "Səs", "Söz" esseləri, ədəbi cameənin də, oxucuların da yüksək qiymətləndirdiyi "Dəmirbaşlar" essesi də daxil olmaqla, onun bu poemaya bərabər əsəri yoxdur. "Namaz" Ə.Cahangirin sözə, səsə, ümumən bütün sevdiklərinə ibadəti, bütün gördükləri, oxuduqları, eşitdikləri, bildikləri, yaşadıqlarının yekunu, cami-cəmi, bir sözlə şah əsəridir. Bəlkə də, o, bu sözümlə razılaşmayacaq, hətta məndən narazı qalacaq, amma bundan sonra onun "Namaz"a bərabər əsər yaza biləcəyini çətin təsəvvür edirəm. Çünki belə şans insana ömürdə bir dəfə verilə bilər.

"Namaz" poemasını özlüyündə poetik bir din, inanc sistemi hesab eləmək olar. Din nədir? Vəhşi insanı vəhşi təbiətdən alıb mədəniyyətə gətirmək, həmin vəhşilikdən son dəyərlərə qədər birləşdirmək və ölçü yaratmaq. Eyni zamanda inanc. Ə.Cahangir də bu poemada dinlərüstü bir din yaradıb, bütün dinləri özündə birləşdirən barış, sülh, elm, idrak, mərifət dini, ümumbəşəri din, bu günün, gələcəyin dini, bir sözlə - interdin. O hətta indi çoxlarının qəbul eləmədiyi feminizmi belə ilahiləşdirir, Tanrı qatına qaldırır. Yadımdadır, Nərmin Kamal yazanda ki, Allah, səninlə yatağımı bölüşmək istəyirəm, ədəbi-ictimai rəy bunu qıcılqla qarşılamışdı. E.Z.Qaraxanlının şeirlərindən birində gözəllik ilahəsi ilə sevişmək arzusu da birmənalı qarşılanmamışdı. Amma eyni və ya oxşaq fikri Ə.Cahangirin poetik təqdimatında şəxsən mən qəbul elədim, inanıram ki, oxucular da qəbul eləyər. Demək, məsələ təkcə nə demək yox, həm də necə deməkdə, ideyanı tarixi-ədəbi ənənə üstündə kökləyərək çatdırmaq və oxucuya doğmalaşdırmağı bacarmaqda, özünəqədərkilərin inkarçısı yox, davamçısı olmaqdadır:

 

Hey! Həvva törəməsi, samariyalı qadın!

Adam nədi, ər nədi, bilmirsən bəşər nədi?

Bilmirsən ki, cisminlə Tanrının məbədisən?

Tanrı kimi ölümsüz, Tanrı tək əbədisən!

Tanrıdan doğ balanı!!!

Bilmirsən ki, Həvvadan neçə milyard il öncə

Asya, Məryəm, Xədicə, Fatimə boyundansan?

Göylər ulusundansan, Tanrılar soyundansan!

Öz soyundan qaçma gəl!

Torqovı küçəsində göbəyini açma gəl!

Gir Ötükən meşəsi, bax Hofsiman bağına.

Çıx Ərəfat zirvəsi, qalx Savalan dağına -

bəxtini, bətnini aç!!!

Bu sözümə nə acıq, nə əsəb, nə qıcıq doğ,

Qutsal Kitabını aç, bir tanrısal cocuq doğ!

Adını qoy Gündoğdu, adını qoy Altunsaç!

Qoy qız olsun, ya oğlan - qaranlığı yar, gətir!

Dünyaya yeni insan, yeni xilaskar gətir!

Dünya səni gözləyir, Beşinci Qadın!!!

 

"Namaz" poemasının fəlsəfi qatları, psixoloji gücü insanın düşüncələrini həm ucalara, həm dərinlərə, bir sözlə, uzaqlara aparır. Hansısa əsər haqqında yazı yazmaq istəyəndə öncə oxuyursan, sonra bir də baxırsan və səni düşündürən sözlərin, fikirlərin altından qırmızı xətt çəkirsən ki, yazında misal çəkəsən. Ə.Cahangir bu poemanı elə dolğun yazıb ki, hər misrasının altından qırmızı xətt çəkmək olar. Elə bil ki, o bu əsəri qırmızı qələmlə yazıb. Poemanın tamlığı, bütövlüyü, estetikası, fəlsəfi-psixoloji gücü mənə böyük Nizaminin "Sirlər xəzinəsi"ni xatırlatdı. Ən maraqlısı isə poema müəllifinin bir şeydən danışıb, başqa informasiyanı ötürməsidir. Aşağıdakı parçada zahirən meyvənin yetişməsi, heybələrə yığılması, bazarda satılması, ondan şərab çəkilməsi prosesindən söz gedir. Amma Ə.Cahangirin demək istədiyi bu məlum proses deyil. O, insanın özgəsinin dərdinə özününkü kimi yanaşmaması, etinasızlıq acısı, laqeydlik ağrısı, ən pisi isə öz nəşəsini başqasının göz yaşları üstündə qurmaq, özünü onun yerinə qoya bilməmək, bir sözlə, başqasını anlamaq problemindən danışır. Sadəcə, burda başqası rolunda rəmzi-simvolik olaraq başqa bir sivilizasiyanın təmsilçisi olan ağac götürülür:

 

Meyvələri ağacın donmuş göz yaşlarıdı,

Yarpaq kirpiklərinə qonmuş göz yaşlarıdı.

Bu ağlağan ağaclar, bu ağlaşan ağaclar,

Yaşıl buluddu, bardan ağırlaşan ağaclar.

Yel öpər, kövrəkləşər, fağırlaşar ağaclar.

Tökülər ha, yağar ha, meyvə-meyvə yağışlar,

Alma-alma damlalar, heyva-heyva yağışlar,

Xışma-xışma yağışlar, heybə-heybə yağışlar.

Rəngli göz yaşlarını toppuş əllərimizlə

Gülə-gülə yığarıq, silə-silə yığarıq,

Könlümüz silələnməz, könlümüzü silmərik.

Göz yaşını satarıq, göz yaşını çəkərik

göz yaşını alarıq, göz yaşını içərik.

Gözümüzün yaşını içə bilmərik amma.

 

"Namaz"ın müəllifi sanki namaz qılır. Sanki namaz üstündə dua edir. Şair poemanı hal və məqamlara ayırsa da, misralar ən ümumi mənada bir-birindən ayrılmır. Çünki hər dəfə çəkic eyni yerə vurulur. Hər şey Tanrının hüzurunda, özünə dönüş nöqtəsində, kainat dairəviliyindədir. Müəllif öz əsərində ayağa qalxaraq öncə niyyət edir, sonra qunut tutur, səcdəyə gedir və dua etməyə başlayır. Bu poemaya bir rükətli namaz da demək olar. Amma bu namaz qılan şəxs kimdirsə, qədim Misirin günəş tanrısı Ra, yaxud qədim türklərdəki Oğuz xan kimi mifik, makrokosmik varlıqdır, yəni bütün kainat boydadır. Ulduzlar onun taxıl zəmisi, ay orağı, günəş möhürüdür və sair. Nəsiminin diliylə desək, bütün kainat ona sığır, amma o kainata sığmır:

 

Sevgi ibadətimdi, bitib ulduz biçini -

ayı göydən asmışam.

Möhür deyib alnımı doğan günə basmışam...

Bir günəş ağacıyam - şüa budaqlarımdan

düşən işıq kölgələr qapsayıb kainatı!

Arximed nöqtəsidi günə söykəli alnım,

çıxıb ölüm-qalımdan yerindən oynatmışam,

həm ölüm, həm həyatı...

Diriləcəm indicə - axır can, son nəfəsəm,

Tanrının qulağına çatan səssiz bir səsəm...

Varam-yoxam - bilmirəm,

            yanam-yaxam - bilmirəm.

Bilmirəm kiməm, nəyəm!

Bircə şey agahımdı - günəş boyda nöqtəyəm!

Səcdədəyəm!

 

Elə bir sənətkar, elə mahir usta yoxdur ki, içindəki əsəri, hissi, duyğunu olduğu kimi sözə, sənətə, əsərə çevirsin. Bir əsər nə qədər möhtəşəm olursa olsun, müəllifin içini tam göstərmir, əskik göstərir, fazla yox. R.Rövşən bir dəfə müsahibələrindən birində deyirdi ki, mən "İlan balası" şeirimdə özümü tam ifadə etməyə yaxınlaşmışam. Bu poema da Ə.Cahangirin daxili dünyası, tarixi bilikləri, fəlsəfi düşüncələrini, sözə, sənətə, Allaha münasibətini, əlbəttə ki, tam ifadə eləmir, amma maksimum özünüifadəyə çox yaxındır və burda söhbət ilan balası yox, adam balasından, insan oğlundan gedir. Çünki poema ilk misrasından sonuncuya qədər insanın özünü dərk etməsinə həsr olunub. Müəllif hər dəfə hardan başlayırsa, kainat qanunlarına tabe olaraq, yəni dövr edərək həmin nöqtədə dayanır, duadan başlayıb duada, qunutdan başlayıb qunutda, səcdədən başlayıb səcdədə bitirir. Amma hər yerdə sözünü insanla başlayıb, insanla qurtarır.

Poemanın ən yaddaqalan yerlərindən biri İsanın çarmıx səhnəsidir. Müəllifin bundan öncəki "O Adam" poemasında da bu səhnə təsvir olunur. Bu həm onun əsərləri arasındakı daxili əlaqəni, həm də onun əsərdən-əsərə eyni bir mövzunu daha yetkin işləmək cəhdini göstərir və buna nail olur. "O Adam"dakı çarmıx səhnəsi daha çox poetikliyi, "Namaz"dakı isə bununla yanaşı, həm də fəlsəfi dərinliyi ilə yadda qalır. Ağac Adəm-Həvva məsələsində yol verilən günahın insan və şeytandan sonra üçüncü iştirakçısıdır və buna görə insanla birlikdə çarmıx əzablarına mərdi-mərdanə qatlaşmalı olur. Kiçik bir parçada Adəmdən İsaya qədərki insanlıq tarixi əks olunur:

 

Haqqın şahənşah oğluna,

Tanrının insan balası, insanın Allah oğluna

var aləmdə, gen dünyada bircə ağac dayağıydı,

baş gecən baş, əl gecən əl, ayaq gecən, ayağıydı,

bədən, sinə, kürəyiydi, insan - ağac, ağac - insan,

iki tən, bir ürəyiydi.

İsa ayaqlarını ağaca dayamışdı -

            ağac ayaqlanırdı!

İsanın əli-qolu ağacdan asılmışdı -

            ağac biləklənirdi!

İsa kürəklərini ağaca söykəmişdi -

            ağac kürəklənirdi!

Çabalayan ürəyi deşərək kürəyini

            ağaca toxunurdu -

ağac ürəklənirdi -

"Döz!" - deyirdi İsaya!!!

 

"Namaz" poemasına başqa bir tərəfdən yanaşsaq, iki qat görərik. O qatların birincisi sadə oxucu kütləsi üçün nəzərdə tutulmuş sadə misralar kimi qiymətləndirilə bilər. İkinci qat isə alim, professor, filosof səviyyəsində oxucu qatı üçündür. Yəni orta məktəb şagirdi bu poemanı oxuyub özü üçün götürə biləcəyi qədər pay götürə bilər, alim də oxuyub elmi tədqiqatlarda istifadə edə bilər. Həmçinin, bu poema ümumkütlə əsəridir. Hər kəsin bu poemada öz payı var. Tarixçilər üçün tarixi faktlar, şairlər üçün poetik yanaşmalar, araşdırmaçılar üçün məlumat, astronomlar üçün səmavi bilgilər və s. bu poemada cəmlənib. Əslində, "Namaz" poeması Əsəd Cahangirin elmi işidir. Bu əsərə görə ona elmi ad vermək olar.

Kainatda ciddi sənət əsəri hesab etdiyimiz nə varsa hamısı öncədən var, həmişə var olub. Bir rəssamın hansısa əsərini gözünüzün önünə gətirin, düşünürəm ki, o əsər o rəssamdan öncə də var olub, sadəcə, biz görməmişik. Bizim görə biləcəyimiz forma o rəssamın çəkdiyi əsər şəklindədir. Ya da bir musiqi bəstələnirsə, o musiqi bəstəkarın varlığı ilə var olmur. O musiqi dünyanın yaddaşında həmişə var olub, sadəcə bir bəstəkarın vasitəsilə bizim duya biləcəyimiz formaya düşüb. Ə.Cahangirin "Namaz" poeması da həmişə tarixin yaddaşında var olub. Sadəcə, Tanrı müəllifin dili ilə danışıb. Tarix müəllifin dili ilə yazılıb. Din, fəlsəfə, mütləq həqiqət özünü müəllif vasitəsilə göstərir. Müəllif isə poemada Tanrının bədii söz elçisi olaraq hansısa çayın döşündəki xırda çınqıl daşını da dua edən vəziyyətdə göstərir:

 

Daşa bax çay döşündə, oturub dua edir,

səssizcə, ürəyində.

"Bağışla, Tanrım" deyir,

"Bu gün biz bir yetimin ayağın qanatmışıq".

 

Poema özünün bütün kosmik, dini-tarixi, mistik-fəlsəfi qatları ilə yanaşı, həm də siyasi tərəfə də malikdir. Yəni müəllifin milli ruh, milli düşüncəsini də açıq şəkildə göstərir. Amma şairin ictimai-siyasi hadisələrə yanaşması fərqlidir. O, vətənə, vətən üzərindəki bəşəriləşmiş, tarixləşmiş hadisələrə sadəcə bir vətəndaş kimi yox, Tanrı qatından, ən azından, keçmişlə bu günün, yerlə göyün, görünənlə görünməzin ortaq nöqtəsindən baxır. Öz əbədiliyi ilə vətənin canına hopmuş canların canlılığından, yaddaş yaşamından danışır, canları birləşdirir, müqəddəsliyi və adiliyi eyniləşdirir. Şəhidlər Xiyabanında bir şəhid anasının dilindən deyilən ağı ilə üşüyən bir canı canla örtməyi, soyuqdan qorumağı bacarır:

 

Körpə balam, yaş balam, balama qardaş balam.

A döşəyi nəm torpaq, a yorğanı daş balam

necədi halın elə?

Özünü yelə verdin, canımı ört üstünə,

üstünü qalın elə.

 

Poemada sənətkarlıq məsələləri diqqəti xüsusi çəkir. Bunlar arasında misranın başı, ortası və axırında ikili və üçlü qafiylənmə, sərbəstdən hecaya və əksinə, rahat, hissolunmaz, üzvi keçidlər, elmi-fəlsəfi terminlərin asanlıqla poetik məkana gətirilməsi və doğmalaşdırılmasını qeyd eləmək olar. Fikrin qəfil sıçrayışları üçün bədii təkrirdən aparıcı vasitə kimi istifadə isə xüsusi nəzərə çarpır. Müəllif təhkiyəsi demək olar ki, başdan-sonacan bu təkrirlər üstündə qurulur. "Namaz" yəqin ki, milli poeziyamızda bədii təkrirdən ən çox istifadə olunan əsərdir. Amma təkrirlər vasitəsilə sözdən-sözə, fikirdən-fikrə keçid, nəinki təkrar təsiri bağışlamır, əksinə oxucunun ruhunu bir andaca zamandan-zamana, məkandan-məkana qanadlandırır. Müəllif təkrirlərdən sıx-sıx istifadə etməklə sözü, fikri nar kimi dənələyir. Şamanın o biri aləmə uçuşunu təsvir eləyən bu parçada olduğu kimi:

 

Ayrılaraq yolkalar, meşələr dünyasından,

ayrılaraq erkəklər, dişilər dünyasından,

ayrılaraq vətəndən, ölkədən ayrılaraq,

ayrılaraq işıqdan, kölgədən ayrılaraq,

ayrılaraq Erlikdən, Ülgendən ayrılaraq,

işıq nərdivanlardan keçib-keçib sonucda

canlardan sıyrılaraq

bir təkcə ruhu ilə, bir təkcə özü ilə,

Tək Tanrıya çıxır, bax!!!

 

Sənətkarlıq baxımından diqqəti çəkən məsələlər sırasında orijinal bədii təsvir və ifadə vasitələri, eləcə də yeni söz yaradıcılığını da xüsusi qeyd eləmək lazımdır. Aşağıdakı parça bu cəhətlərin hər ikisini özündə əks etdirir:

 

Baxma qanlı dişinə, yaquardı, vaşaqdı,

nə ki var dördayaqlı ömrünün sonunacan

iməkləyən uşaqdı!

Ağzı süd iyi verir qanəmər vəhşilərin.

 

Burda müəllif, əvvəla, "südəmər" əsasında yeni söz - "qanəmər" sözünü yaradır. İkincisi və daha ciddisi... heyvanların bütün həyatını insanın iməkləmə dövrünə bənzətməklə mükəməl bir təşbeh əmələ gətirir. Üçüncüsü, heyvanın qanəmərliyi ilə onun ağzının süd iyi verməsini qarşılaşdırmaqla təzaddan istifadə edir. Ən maraqlısı isə budur ki, bütün bu söz yaradıcılığı, bədii təsvir və ifadə vasitələri göydən düşməyib, antogenez və filogenezə dair elmi-fəlsəfi qənaətə söykənir.

Fikri korrekt və dəqiq ifadə etməsilə seçilən Ə. Cahangir min üç yüz misralıq poemanı üç-dörd misralıq "Epiloq"da ümumiləşdirir və əsas qayəsini son dəfə, rezüme şəklində, üstəlik də üstüörtülü şəkildə, sözün həya pərdəsini açmadan ifadə etməyi bacarır. Madam ki, müəllif o pərdəni açmayıb, mən də açmır, onun modern sufiyanə poeması barədə bu bir az tələsik, bir az da sistemsiz yazımı eləcə "Epiloq"u sitat çəkməklə bitirirəm. Məncə, araşdırmaçı nə deyir-desin, son söz həmişə müəllifin, son rəy isə oxucunundur:

 

Tapdım Namaz kişini!

Qaragöz heyvanını bağlayıb bir ağaca,

yenə qaldırıb qiyam!!!

Heyvan yenə rükuda, ağac yenə səcdədə...

Bütöv bir rükət olsun deyə tanış panoram

ağac dibindəki daş dua edir yenə də...

 

Elşad Barat

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.18-19.