Qəsidə  

 

Fevralın 6-da Türkiyədə olduqca

güclü zəlzələ baş verdi...

 

Göydənmi bu gün Türkiyəyə zəlzələ endi?

Sarsıldım, İlahi, bədənim zəlzələləndi.

 

Gündüz xəbəri vardımı sancı çəkəcəkdir?

Torpaq, qara torpaq bu gecə hamilələndi.

 

Fəryad ilə, nalə hələ qalxmırdı yer üstdən,

Fəryad ilə nalə zilə qalxdı, bəmə endi.

 

Şeytanmı ayaq açdı, fələk lərzəyə düşdü,

Çoxdandı ki, Göy etməmiş idi belə "fəndi".

 

Türk qardaşımın dərdini mən çiynimə yığdım,

Yığdım o qədər dərd ki, çiynim şələləndi.

 

Çoxdandı Xəzər dalğalanıb titrəməyirdi,

Dərya bacı birdən-birə əsdi, ləpələndi.

 

Sanki ona qardaş qəmini xəzri gətirdi,

Sakitliyi sanki yan olub, səbri tükəndi.

 

Söz yox ki, bəladən bu diyar qurtulacaqdır,

Əlbəttə ki, yardım edəcək Allah Əfəndi.

 

Sahibləri düzgün əməlin az deyil, həm də

Tarix boyu gördük qədər əyri həpəndi.

 

Bir vaxt uçub oldu Mədain elə viran

"Viran" ilə "qan" kəlmələri qafiyələndi.

 

İranda da Xoy zəlzələsi nalə qopardı,

Bilməm edib Şərq ki, gözlər gilələndi.

 

Ey Türkiyə, bir bənd ilə bağlı iki ölkə,

Heç kim qıra bilməz aramızdan elə bəndi.

 

Göz yaşlarının, göz qoyuram, ömrü uzandı,

Göz yaşları axdı Yerə, yaşlar səpələndi.

 

Bir anda yer üstündəki yer altına düşdü,

Ani gömülən çox kəsə paltarı kəfəndi.

 

Evlər var idi titrədi torpaq ilə birgə,

Evlər elə çökdü çöküb də təpələndi.

 

Məhşərmi yarandı və həşr qırğını gəldi,

Sanki burada yer üzü məhşər ilə təndi.

 

İnsaf neçin zəlzələdə yox qədərində -

Yıxdı şəhəri, bürc-qalanı, qəryəni, kəndi.

 

Əfsus ki, hərb atəşini qurdalayan var,

Bax zəlzələyə, bil ki, nədən vəlvələləndi.

 

Hərb iştahı ilə dağıdır çox yanı insan,

Yer Kürrəsi hey lərzə görən, torpaq əsəndi.

 

Yer Kürrəsinə diqqəti artır, ulu Tanrı,

Oldun ona Dayə, elə Dayə seviləndi.

 

Ey Türkiyə, türk milləti çoxdur cahan içrə,

Əlbət ki, bu Şahin sən iləndi, sən iləndi!!!

 

06.02.2023

 

Şahin FAZİL

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.23.