Sığınacaqdakı oğlan
Hekayə
Müəllimimizi çox istəyirik. Düzdür, o, bizi heç də həmişə tərifləmir, başımıza
sığal çəkmir,
bəzən acıqlanır
da. Ancaq bizə elə
gəlir ki, ondan yaxşı müəllim yoxdur. Qısa kəsilmiş saçları
yumru üzünə çox yaraşır.
Tez-tez zarafatlar edir. Bizi ən çox güldürən insandır
müəllimim. Biz deyəndə ki, dəftərimiz evdə qalıb, o, - siz dərsi keçin, mən də gedim sizin dəftərinizi
gətirim, - deyir.
Ya da biz deyəndə ki, dərsə hazır deyilik, o deyir ki, yəqin,
müdiriniz bütün
günü sizi işlədir, evə yorğun gəlirsiniz.
Bu zaman biz həm gülürük, həm də bir az utanırıq.
Bir dəfə müəllim dedi ki, şənbə
günü uşaq-ailə
sığınacağına gedəcək, orada bizim kimi uşaqlar
var, onlara dərs keçəcək.
Mən xahiş etdim ki, onunla gedim,
kömək edərəm.
Müəllimim razı olmadı.
Mənsə israr etdim və əlaçı olacağımı, bütün
dərslərimi çatdıra
biləcəyimi söylədim.
O, gözlərimin içinə
baxıb güldü.
Axşam
evə zəng edib valideynlərimin razılığını istəyəcəyini
bildirdi.
Atam məni ruhlandırdı:
- Sən ağıllı oğlansan, bilirəm ki, getdiyin hər
yerdə həyat təcrübəsi qazanacaqsan.
Biz müəllimimlə məktəbin həyətində
görüşdük. Onun əlində
həmişəki çantası
yox, dəftər-kitabla
dolu torba vardı.
Birlikdə ikimərtəbəli evin həyətinə daxil olduq. Cırıldayan taxta pilləkənlərlə
yuxarı qalxdıq.
Çox
da işıqlı olmayan bir otaq
göstərdilər bizə.
Sonra iki cavan qız
gəldi və dərslərin burada keçiləcəyini deyib
getdi. Ortada alçaq bir
masa, ətrafında da yeddi-səkkiz nəfərlik stul vardı. Beş dəqiqə keçməmişdi
ki, otağın qapısı açıldı
və içəri müxtəlif yaşlarda uşaqlar daxil oldular, bəzilərinin başı qırxılmış
idi. Bizə baxıb səbəbsiz
yerə gülürdülər.
Müəllimim də gülümsədi,
onlara əyləşməyi
təklif etdi. Onlar bizə çox diqqətlə baxırdılar.
Bayaqkı qızlardan
biri içəri daxil olub sərt
şəkildə elan
etdi, - müəllimi incitməyin, artıq-əskik
danışmayın!
Soyuq üz ifadəsi olan bu qızdan heç xoşum gəlmədi. Belə bir müəllimim
olmağını istəməzdim.
- Dostlar, sizin şəkil çəkməkdən
xoşunuz gəlir? - müəllimim mehribanlıqla soruşdu.
Bəzi uşaqlar başını
tərpətdi.
- O zaman mən sizə rəngli karandaşlar və ağ vərəqlər
verəcəyəm. Həyatda ən
çox arzuladığınız
bir nəsnənin şəklini çəkməyə
çalışın. Çəkmək istəməyən
isə mənimlə söhbət edə bilər...
Birdən
qapının arxasında
səs-küy qopdu, sonra qapı açıldı, hündürboy,
kostyumlu bir kişi yeddi-səkkiz
yaşlı bir oğlan uşağını
sürüyə-sürüyə otağın ortasına atıb getdi. Uşaq onun dalınca "atama deyəcəm, səni döysün, zəhləm
gedir səndən, sən dünyanın ən pis adamısan",
- deyib ayaqlarını
yerə vururdu. Uşaqlar isə ona baxıb
sakitcə gülüşürdülər.
Müəllimim onlara, - siz davam edin, - dedi və yerdə yatan qaraşın oğlanın yanına yaxınlaşdı.
Ancaq uşaq
başını qaldırmadan
döşəməni yumruqlayırdı
və atasını çağırırdı.
Müəllim dedi:
- Ay oğlan, adın nədir?
O, hirslə "sənə nə var nədir,
mən oxumaq istəmirəm, atamı istəyirəm, evimizə
istəyirəm", - deyib
qışqırırdı.
Müəllimimə cavab qaytarmağı məni çox hiddətləndirdi. Onun üzünə baxdım,
ancaq müəllimimin
üz ifadəsi heç dəyişməmişdi,
o təmkinlə uşağı
dindirirdi.
- Yaxşı, əgər mənə atan, evin haqqında danışmaq istəsən,
sənə qulaq asaram, bəlkə bir gün məni
atanla tanış
edərsən, sizə
qonaq da gələrəm. Əslində, sənin səsindən bildim ki, ağıllı
və mehribansan.
Oğlan
sakitləşmişdi, o tərpənmirdi,
əllərini alnına
qoyub yerə baxırdı.
Müəllimim ucadan dedi:
- Ay uşaqlar, siz nə maraqlı şəkillər çəkirsiniz?!
Mən bilirəm ki, bu oğlan da
sizin kimi çəkə bilir.
O da atasının şəklini çəkib
bizə göstərə
bilər.
Bir az keçmişdi
ki, mən oğlanın başımızın
üstündən boylanaraq
uşaqların işlərinə
baxdığını gördüm.
- Sənə vərəq verim? - soruşdum.
İri qara gözlərini yerə dikib başı ilə təsdiqlədi. Müəllim
qalxıb öz yerini ona verdi,
mənə isə yavaşca ,
- "afərin!" - dedi.
Dərs qurtaranda mən müəllimdən oğlanın
çəkdiyi cızma-qaranın
mənasını soruşdum.
Müəllimim: - Bu, cızma-qara deyil,
bu uşaq ürəyinin yanğısıdır,
- deyib kövrəldi.
İllər keçib, amma mən müəllimimin keçdiyi bu dərsi heç zaman unuda bilmirəm. Ən çox
da yerdə uzanıb ayaqlarını yerə döyəcləyən
qaraşın oğlanı.
Nurlana İşıq
Ədəbiyyat qəzeti.- 2023.-
25 fevral.- S.19.