Hava haqqında...
Meteoroloji yazı
Hava da yuxu kimidir:
yozulur və sonra yaddaşdan pozulur.
Qərara gəlmişdim ki, bir dəftər tutub yuxularımı və hava haqqında
gündəlik müşahidələrimi,
düşüncələrimi yazım. Cəmi bir neçə
günü qeyd etməyə imkan oldu. Üç gündən sonra yuxularım perik düşdü...
Hava mənim
içimdə, mən
havanın içində
(türk şairi Kəmaləddin Kamunun misralarını dəyişdim).
Qəriblik yad ölkənin havasından başlayır.
Adamları da havaya görə təsnifləndirmək
olar: qar adam, yağmur
adam, yel adam, duman adam...
Havadan danışanda,
havadan şikayətlənəndə
babamın acığı
tuturdu. "Dərdiniz-azarınız
yoxdu, Allahın işinə qarışırsınız?"
- deyirdi.
Çən-çiskinli yağış
yağanda qarımış
qızlar, dul arvadlar yenə qarğayır, - babam belə deyirdi.
Dişi
buludlar qara olur ağ
yağışlara hamilə
olur, erkək buludlar isə bəyaz və qısır olur.
Höte "Şərq küləyinin
nəğməsi" şeirini
Frankfurtdan Heydelberqə
gedərkən vaqonda yazıb. Müşfiq "Küləklər" şeirini nə vaxt və harda
yazıb? Şeirin yaranma
tarixini təxmini necə müəyyənləşdirmək
olar?
Səməd Vurğun göz (vizual) yaddaşındakı,
Müşfiq qulaq (səs) yaddaşındakı
havaları təsvir edirdi.
Azərbaycan poeziyasında yalnız
Müşfiq küləkləri
yaşına və xarakterinə uyğun epitetlərlə şərəfləndirib:
çılğın küləklər,
sərsəri küləklər.
Külək Müşfiqin avtobioqrafik-simvolik
obrazlarından biridir.
Səməd Vurğun evinin üç simvolik "hava durumu": Səməd Vurğun -
"qar", Yusif Səmədoğlu - "külək",
Vaqif Səmədoğlu
- "yağış".
Çingiz Aytmatovun və İlyas Əfəndiyevin qəhrəmanları daim mahnı oxuyurlar, çünki ovqatları və situasiyalar hava durumuna uyğun
gəlir.
Kənd və şəhər adamlarının hava yaddaşı fərqli olur. Atam keçən ilin
martında əriyin çiçəklərini dolu
vurduğunu bütün
yayı şikayətləndi,
amma şəhərdə
yaşayan əmim Moskvanın qar-çovğununda,
Vnukovo aeroportunda iki gün gecələməsini
bircə dəfə,
o da sözarası xatırladı.
Səhər mehi musiqi kimidir: hər dəfə fərqli tonda-tembrdə "oxuyur".
Alma çiçəyinin yuxusu çin oldu - bu səhər
yaz yağışı
bir qızın pəncərəsini nəmləndirdi.
Yağış həmişə adətən
kəndin kənarından
səpələməyə başlayır, amma mütləq kəndin ortasında kəsir.
Babam danışırdı: Dağda
sürü qara-çovğuna
düşdü - özümü
itirmədim.
Gecə selləmə yağışlar
binəni yuyub apardı - təmkinli oldum. Amma bir gecə atla kəndin köhnə qəbiristanlığından
keçirdim, şimşək
çaxırdı, göy
şüşə kimi
çilik-çilik olurdu,
yağış qızıl
ilan kimi qəbir daşlarının
arasında qıvrılırdı.
yalnız onda bərk qorxdum.
Azərbaycanda hər şəhərin öz göy üzü var. Bakıda buludlar qara, tutqun və ağır, ulduzlar görünməz olur. Dənizdən külək əsməsə,
yerindən qəti tərpənməz. Amma Təbriz
buludları isə açıq-bəyaz, elə
azad hərəkət
edir ki, göylərin ənginliyini
ovcunun içi kimi görürsən.
Göyçə aşığı ömür
mövsümünü yaylaqlarda
qarın yağması
və əriməsi ilə müəyyənləşdirirdi
və inanırdı ki, "gədiklərdə
qar əriməyə başlayıbsa, deməli,
yaylağa köçmək
vədəsidir".
"Kitabi-Dədə Qorqud"da
dan yerinin təsvirinin ilk cümləsi:
"Salqum - salqum tan yelləri əsəndə"
("salqum" - qədim
türkcəmizdə "sərin"
deməkdir). Dan yelləri xeyir xəbərin müjdəçisi,
qara yellər bəd xəbərin işarəsidir.
Qara yel insanın sol tərəfindən, ağ yel sağ tərəfindən
gəlir. Solaxayların qara yel ilə arası yaxşı olur.
1980-ci ilin bir günəşli, sakit sentyabr axşamı idi. Göy üzü
dumduru idi, quşlar, ağaclar hüzur içində idi. Axşamdan Babəkar dağının
başında ilişib
qalmış burma-burma
buludlar kəndi yavaş-yavaş mühasirəyə
aldı, boğanaq oldu. Qəfil hardansa qara yel başladı əsməyə, dörd yol ayrıcında burulğana çevrildi.
Ot tayalarını
dağıtdı, qara
çəpərlərin tikanında
yun kimi didik-didik elədi.
Güllər cijim (nənəmizə
"ciji" deyirdik) tez aynabənddəki güzgünün üstünü
şal ilə örtdü.
Qara yel əsəndə Güllər cijim təlaş içində
təkrarladı: "Allah, sən saxla, Allah, sən saxla! Görən,
yenə kimi çırasını (çırağını)
söndürdü? Bu qara yel kimin
canına qıydı!"
Ondan ötrü qara yel yalnız küləyi bildirmirdi, həm də "qara ruh"un,
ölümün başqa
bir adı idi. Bir dəfə gəlin
uşağa "səni
qara yel aparsın!" deyib qarğamışdı, onu
bərk danlamışdı.
Qara yel necə gəldisə, elə də getdi. Dəyirman dərəsindən keçib, sarı, tösmərək təpələrdən
aşıb, Kəkil dağının quzeyində
gizləndi. Və bu
qara yelin arxasınca atamın ölüm xəbəri gəldi.
Payız
küləyi!
İlandağının kölgəsi
Qorxudan titrəyir (Naxçıvan
xokkusu)
"Qara duman"
metaforadır, yoxsa gerçək atmosfer hadisəsidir?
Gürcülərin tarixi yaddaşında duman mənfi, mifoloji obraz kimi qalıb. Çünki dumanlı bir gündə Ağa Məhəmməd şah Qacarın qoşunu yolu azır və Tiflisə gürcülər gözləmədikləri
yerdən daxil olur. Mirzə Adıgözəl bəy yazır: "Səhər
vaxtı havanın saf aynasını duman elə bürüdü ki, göz görməkdən
aciz qaldı. Qızılbaş qoşunu nabələd
olduğundan dağ yuxarı yeridi. Elə ki, duman dağılmağa
başladı və aləmin tutqun aynası işıqlandı,
vali baxıb gördü ki, Qızılbaş qoşunu
onların arxasına və şəhərin üst tərəfinə keçmişdir. Vali bu halı görüncə geri qaytıdı. Öz imarətinə girməyə fürsət
tapmadı..." ("Qarabağnamə").
Görəsən, fotoneqativdə dumanın əksi necə olur?
Dumanda yalquzağın
da gözünün rəngi dəyişir.
Duman çəkiləndə
iki çayın - Kürlə Xramın qovuşduğu yerdə göy üzü böyüyür.
Görəsən, dumanın neçə növü var? Hər yerin
(dağ, aran, şəhər, kənd) və hər fəslin (yaz, qış, payız) dumanını fərqləndiri
rəsmini çəkə
bilən Azərbaycan rəssamı varmı?
Azərbaycan rəssamları əsasən
peyzaj və landşaftın təsvirinə
üstünlük verirlər. Çin rəssamlıq
məktəbi isə
"duman məktəbi"dir,
yalnız havanı, dumanı təsvir edirlər. Dünyanın ilyüzorluğu kimi. Dzau da Nyan (təxm.
1100-ci il): "Qış dumanı",
Mi Fe (1051-1107): "Dağlar dumanda" və s.
Ni Dsan (1301-1374) əski
kitabları və rəsmləri toplayırdı,
var-dövlətini kasıblara
paylayırdı. Dərvişanə, guşənişin həyat tərzi keçirirdi. Adətən bambuk və daş şəkillər çəkirdi. Ondan ipək
üzərində tuşla
çəkdiyi dumanlı
buludlarla çevrələnmiş
bambuk meşəliyinin
rəsmi qalıb.
Quşların, qarın və pərvanənin ölümü
- dünyanın ən
gözəl ölümü. Şamın
şöləsində qanadlarını
yandıran pərvanə
kimi, qar da torpağın hənirində səssizcə
can verir.
Asfalta və İçərişəhərin qala divarlarına çırpılıb ölən
yağışın son çığırtısı.
Yalnız qarlı havalarda sükutun səsi eşidilir, çayların
şirin yuxusu olur.
Məhz hava bilgiləri dədələrimizi, atalarımızı
müdrikliyə çatdırıb. Aşıq
Alı: "Göydən
düşən o çalroylu
qar mənim".
Yadımdadır: 1976-cı ilin qışı
idi. Çarpoylu qar yağırdı.
Babam eşikdə çəliklərinə
dirsəklənib göy
üzünə baxırdı.
Atam kişini içəri çağırmaq üçün
çıxdı. Babam:
"Keçən ilki
qardı", - dedi.
Atam təəccübləndi: "Keçən
ildən qar qalar? Təzəcə başlayıb yağmağa".
Babam bir də dedi:
"Köhnə qardır.
Görmürsən, adamın üzünü
pişik kimi cırmaqlayır. Təzə
qar qu tükü
kimi yumşaq olur"...
Qar yağanda pis düşünmək olmaz,
günahdır, - babam
belə deyirdi. - Bir də onu
deyirdi ki, könlünüzü, düşüncənizi
qara öyrədin...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2023.-
25 fevral.- S.21.