FOLKNER və HEMİNQUEY: bir
münaqişənin tarixçəsi
Ernest Heminquey və Uilyam Folkner...
İki dahi yazıçı – Amerikanın XX əsr
dünya ədəbiyyatına bəxş etdiyi iki korifey.
Onların
münasibəti yetərincə sərin idi və vaxtilə
ABŞ-ın Missisipi Universitetində tələbələrdən
birinin sualını cavablandırarkən Folknerin yol verdiyi
xırda bir “qüsur” bu münasibəti bir qədər də
sərinlətmişdi. Tələbələrdən biri ondan
“ən görkəmli beş
çağdaş amerikan yazıçının
sırasında kimlərin adını çəkə biləcəyini”
soruşmuş, Folknerin də cavabı belə olmuşdu:
1.Tomas Vulf. 2.Dos Passos. 3.Heminquey.
4.Kezer. 5.Steynbek.
Bu cavabdan
sonra görüşü idarə edən müəllim sual
verən tələbəyə müraciətlə: “Siz, deyəsən,
mister Folknerin təvazökarlığını
sınağa çəkirsiniz” demiş və onda Folkner
öz siyahısını bu şəkildə
oxumuşdu:
Tomas Vulf
– bu adam çox böyük cəsarət
sahibi idi və əsərlərini sanki son günlərini
yaşayırmış kimi yazırdı. 2. Uilyam Folkner. 3.
Dos Passos. 4. Heminquey – bu adam cəsarətdən
xalidir, o heç zaman nazik buz qatının üzərinə
ayaq basmağa belə cürət etməyib və indiyədək
elə bir söz işlətməyib ki, həmin sözün
məğzini öyrənmək üçün oxucunu
lüğətə baxmağa məcbur eləsin. 5. Steynbek –
bir vaxtlar mən ona böyük ümidlər bəsləyirdim.
İndi isə bilmirəm...
Görüş beləcə başa
çatmışdı və sonra tələbələrdən
biri (R.M.Allen) həmin görüşün tam
stenoqramını mətbuat üçün hazırlasa da,
digər tələbə onu qabaqlayaraq öz alayarımçıq
qeydlərini daha tez çapa vermişdi. Beləliklə də
Folknerin Amerikanın beş görkəmli
yazarına verdiyi qiymət əsasında onları müəyyən
ardıcıllıqla sıralaması və Heminqueyin cəsarətsizliyi
barədəki məlum cavabı 1947-ci il aprelin 24-də Oksford
qəzetlərinin birində dərc olunmuşdu.
Az sonra
“Nyu-York herald tribun” həmin cavabı təkrar çap edir, həngamə
də məhz bundan sonra başlanır. Belə
ki, yazının dərc olunduğu qəzet o vaxt Kubada
yaşayan Heminqueyin əlinə keçərək onu bərk
hiddətləndirir. Yazıçı dərhal
dostuna – general K.T.Lenhemə məktub yazıb xahiş edir ki,
qoy o onun hərbi döyüş şücaətləri barədə
Folkneri məlumatlandırsın.
Xahiş yerinə yetirilir – Lenhem rəhbərlik etdiyi
22-ci piyada alayının tərkibində Heminqueyin, həqiqətən
də, müttəfiq qoşunlarının Fransaya
çıxarıldığı gündən
başlamış 1944-cü ilin qış aylarınacan hərbi
müxbir qismində iştirakı və şücaətləri
barədə Folknerə müfəssəl məlumat yazaraq
dostunun xidmətlərini bircə-bircə sadalayır və
düz üç səhifəni tutan həmin faktların
Folknerdə Heminqueyə qarşı yanlış təsəvvürü
dəyişdirəcəyinə ümidvar olduğunu bildirir. Məktubdan təsirlənən
Folkner yaranmış vəziyyətdən bərk
peşmançılıq hissi keçirir və məsələyə
aydınlıq gətirmək üçün generala bu məzmunda
cavab yazır:
Hörmətli
general Lenhem!
Məktubunuza görə Sizə təşəkkürümü
bildirirəm.
Sizin mənim ifadələrimə istinadən göstərdiyiniz
misallar düzgün deyil. Heç şübhəsiz
ki, siz onları yanlış çap olunduqları mənbədən
oxumusunuz. Məsələ bundadır ki, mən
Heminqueyin insani keyfiyyətləri barədə bir kəlmə
də danışmamışam, yalnız ədəbi ustalığından
söz açmışam. Üstəlik,
mən onun iki Dünya savaşında və İspaniyada
göstərdiyi hərbi xidmətlərdən xəbərdaram.
Aprel ayında mən ingilis dili və ədəbiyyatı
fakültəsinin xahişinə əsasən Missisipi
Universitetinin altı kursunun hamısında tələbələrlə
görüşüb onların ədəbiyyat və
yaradıcılıq məsələlərinə dair
suallarını cavablandırdım. Qrupların birində
Amerikanın ən məşhur yazıçılarına
qiymət verməyimi xahiş etdilər. Cavabım
belə oldu ki, bu əsla mümkün deyil. Fikrimcə, ümumiyyətlə, bunu heç kəs
bacarmaz, amma onların israrlı xahişlərindən sonra
öz müasirlərimi – biz yazmağa başlayandan adı
adımla daha tez-tez yanaşı çəkilən
yazıçıların yaradıcılığını
necə qiymətləndirdiyimi açıqlamaq məcburiyyətində
qaldım. Heminqueyin, Vulfun, Dos Passosun, Kolduellin
adını çəkib dedim ki, məncə, biz
hamımız məğlubiyyətə
uğramışıq. Yəni o mənada ki,
birimiz də Dikkensin, Dostoyevskinin, Balzakın, Tekkereyin və
b. əldə etdiyi yüksəkliyə ucala bilməmişik.
Dedim ki, ən gözəl məğlubiyyətə Vulf
uğrayıb, çünki aramızda ən cəsarətlisi
o çıxdı – heç zaman çəkinmədi, vecinə
də almadı ki, zövqü pis, üslubu yorucu və
yöndəmsiz sayıla bilər. Həmçinin
qeyd etdim ki, üsluba fikir verdiyinə görə riskdən
qorxan Dos Passos ikinci yerdə dayanır. Sonra
Heminqueyin adını çəkdim. Çünki
bir çox başqaları kimi o da özünü təhlükəyə
məruz qoymaq istəməyib, pis görünməkdən,
uzunçuluqdan, yaxud darıxdırıcı yazmaqdan çəkinib.
Əlbəttə, bütün bunlar barədə
orada daha geniş danışmışdım. Əlimdə hazır mətn olmadığından
hazırlıqsız çıxış edirdim, həm də
düşünürdüm ki, görüş qeyri-rəsmidir,
deyilənlər də mətbuat üçün deyil.
Çıxışımın
çap olunmasını yalnız Sizin məktubunuzdan
bildim. Göstərdiyiniz misallardan isə belə
qənaətə gəlirəm ki, mətn ciddi təhrif olunub
və xeyli kəsilib-doğranıb. Buna dərindən
təəssüflənirəm. Məktubun
surətini əlavə qeydimlə birgə Heminqueyə də
göndərirəm. Əmin ola bilərsiniz
ki, bu yanlışlığı aradan qaldırmaq fürsəti
hər hansı şəkildə əlimə düşərsə,
həmin fürsətdən yararlanıb mütləq bunu edəcəyəm.
Məktubunuza görə bir daha minnətdarlığımı
bildirirəm.
Hörmətlə,
Uilyam Folkner
Bundan
sonra Folkner, həqiqətən də, məktubun surətini
Heminqueyə göndərmiş, aşağıdakı qeydi
də yazdığı məktuba əlavə etmişdi:
Əzizim
Heminquey!
Bu ağlasığmaz səfehliyə görə bərk
təəssüflənirəm. Mən, sadəcə,
universitetdəki çıxışıma görə iki
yüz əlli dollar pul qazanmışam. Çıxış
qeyri-rəsmi idi, özü də mətbuat üçün
nəzərdə tutulmamışdı, yoxsa çapdan
öncə yazıya hökmən baxardım. Uzun illər ərzində bir şeyə qəti əmin
olmuşam ki, adamın dili başına bəladır və
bizim aramızdakı müsibətlər də dilə gətirdiyimiz
sözlərin, etdiyimiz çıxışların
ucbatındandır. Düşünürdüm
ki, mən artıq bu axmaq çərənçilik vərdişini
tərgitmişəm. Qoy bu mənə
sonuncu dərs olsun. Çox ümidvaram ki, bu Sizin üçün ciddi əhəmiyyət kəsb
etməyəcək. Yox, əgər bunun zərrə
qədər də önəmi varsa, onda səmimi
üzrxahlığımı öz Folknerinizdən lütfən
qəbul edin.
Oksford,
Missisipi. 29 iyun 1947
Heminqueylə
aralarında yaranmış xoşagəlməz münasibətə
bu şəkildə aydınlıq gətirilsə və ilk
baxışda narazılığın aradan qalxması təsəvvürü
yaransa da, qeyd edək ki, ümumiyyətlə, Missisipi
Universitetindəki görüşdə Folknerin beş
Amerika yazıçısı ilə əlaqədar söylədiyi
fikirlər xeyli müddət ayrı-ayrı ədəbi
auditoriyaların müzakirə mövzusuna çevrilmiş,
müxtəlif xarakterli mübahisələrə səbəb
olmuşdu. Səkkiz il sonra – 1955-ci ildə
tənqidçi və jurnalist H.Brayta verdiyi müsahibədə
Folkner həmin hadisəni belə xatırlayırdı:
Məsələ belə olmuşdu. Məndən xahiş
etmişdilər ki, çağdaş yazarlarımızdan ən
yaxşı saydığım beş nəfəri
ardıcıllıqla düzüm. Mən
Vulfun, Heminqueyin, Dos Passosun, Kolduellin və öz adımı
çəkdim. Vulfu birinci,
özümü ikinci sıraya qoydum. Sonuncu
yeri Heminqueyə verdim. Dedim ki, biz hamımız uğursuzlarıq –
aramızda heç kim kamillik zirvəsinin arzuolunan
ucalığına yetişə bilməyib. Və
adını çəkdiyim sənətkarları onların
mümkün olmayanı əldə etmək cəhdlərində
uğradıqları məğlubiyyətlərə əsasən
qiymətləndirdim. İnanıram ki, Vulf mümkün
olmayana yaxınlaşmağa hamıdan çox can atıb, bəşər
övladının bütün təcrübəsini ədəbiyyatın
varlığında təcəssüm etdirməyə cəhd
göstərib. Belə düşünürəm
ki, Vulfdan sonra bu işdə ən çox tər tökən
özüm olmuşam. Heminqueyi isə o səbəbdən
axırıncı yerə layiq bildim ki, o, həmişə
yaxşı bələd olduğu sərhədlər daxilində
qalmağa üstünlük verir – bunu çox ustalıqla etsə
də, mümkün olmayanı əldə etməyə
heç vaxt can atmır...
Həmin
ilin avqustunda Yaponiyanın Naqano şəhərində
keçirilən Amerika ədəbiyyatı üzrə yay seminarında
iştirakı zamanı Folkner ona Tomas Vulfla bağlı verilən
sualın cavabında yenə köhnə mövzuya
qayıtmalı olmuşdu:
Vulfun məğlubiyyəti – məğlubiyyətlərin
ən parlağı idi. Sonra mənimki gəlir,
üçüncü yeri Dos Passosun məğlubiyyətinə
verirəm. Heminqueyə isə yalnız bir səbəbə
görə – özünü ötüb-keçməyə,
özünü üstələməyə heç zaman cəhd
göstərmədiyinə görə həmişə
axırıncı yeri ayırıram...
Naqano
seminarında üslubla bağlı verilən sualın
cavabında Folkner Heminquey haqqında fikrini bu şəkildə
davam etdirmişdi:
Heminquey kimi yazıçılar nadir hallarda
doğulurlar.
Yaradıcı instinkti, yaxud ağıllı və müdrik
müəllimlərinin məsləhətləri sayəsində
o anlamışdı ki, öz çevik üslubuna və dəyişməz
prinsiplərinə sadiq qalmaqla daha çox şeyə nail ola bilər. Heminquey üslubçuluğu
deyil, elə yazmağı öyrənib ki, müəllimləri
oxuyub desinlər: bax bu, doğru üsuldur. Həmişə
də özünə sadiq qalıb. Bəlkə
də, düz eləyib, çünki yazdığı
kitablar çox yaxşıdır. Digər
yazıçılar, məsələn, Vulf, yaxud mən Heminqueyə
xas olan instinktə, yaxşı məsləhətçiyə,
buna bənzər digər vasitələrə malik deyilik.
Biz insan ömrünün hər anının təkrarsızlığını,
günəşin hər şüasını
çatdırmaq üçün bacardığımız hər
şeyi səhifəyə pərçimləməyə
çalışmışıq. Buna
görə ağır yazırıq və bizi oxumaq çətindir.
Bu, qətiyyən o demək deyil ki buna şüurlu şəkildə
can atmışıq, yox, sadəcə, başqa cür
yazmağı bacarmamışıq...
1955-ci ilin sentyabrında Parisdə müsahibə verdiyi
fransız jurnalisti Sinti Qrenye eyni sualla yazıçıya
müraciət etmiş və Folknerin cavabında yenə eyni
fikirlər səslənmişdi. 1957-ci ilin fevralından başlayaraq
Folknerin il ərzində Virciniya Universitetində apardığı
məşğələlər zamanı mövzu hələ
də “qüvvədə” qalırdı və auditoriyalarda
müxtəlif şəkillərdə qoyulan eyni sualın
müqabilində yazıçı hər dəfə köhnə
məsələyə qayıtmağa məcbur olur, vaxtilə
söylədiyi fikirləri təkrar izah edirdi. Nəhayət,
məşğələlərin birində: “Mən bilirəm
ki, siz Vulfu çox yüksək qiymətləndirirsiniz”, – deyə
ona müraciət edən tələbəyə
yazıçının cavabı belə olmuşdu:
Bilirsinizmi, bütün bunlara səbəb çox illər
öncə təsadüfən ağzımdan çıxan
bir söz olub.
Məsələ bundadır ki, mənim Vulfa
xüsusi rəğbətim yoxdur. Deyim, hər şey necə
baş verdi? Xeyli qabaqlar
hansısa gecədə çağdaş yazarlar barədə
fikrimi soruşmuşdular, mən də demişdim ki, bu haqda
mülahizə yürütmək çətindir. Cavab onları qane etmədi, təəccüblə
soruşdular ki, filankəslər barədə doğrudanmı
heç bir fikrim yoxdur? Sonra da həmin filankəslərin
adlarını sadaladılar: Vulf, Dos Passos, Erskin Kolduell,
Heminquey, bir də Folkner, yəni mən özüm. Dedim, elədirsə,
onda mən onları bu cür düzərdim: Vulf, Folkner, Dos
Passos, Kolduell, Heminquey – bax hər şey
burdan baş alıb getdi və indi mən iyirmi ildir bu məsələni
izah etməklə məşğulam...
İlk baxışda sanki əlavə şərhə
ehtiyac qalmasa da, oxucunun diqqətini gözdən
yayınmış bir neçə ştrixə yönəltmək,
hər halda, vacibdir. Belə ki, Folknerin özünün də
etiraf etdiyi kimi, “ağızdan təsadüfən
çıxmış bir kəlmə söz” bu haqda söhbət
açılan sonrakı bütün müzakirə və
görüşlərdə müəyyən təhriflə təqdim
olunub. Ən qəribəsi də odur ki,
eyni sualla onu təngə gətirən tələbələrin,
tənqidçi və jurnalistlərin heç biri bunun fərqinə
varmayıb. Söhbət ondan gedir ki, əslində, ən
yaxşı beş Amerika yazarının
siyahısında Heminqueyin adı heç də sonuncu –
beşinci yerdə deyil, ən azı dördüncü yerdə
çəkilib, daha doğrusu, tələbənin
sualını cavablayarkən Folkner adları əvvəlcə
(yəni ilk dəfə) aşağıdakı
ardıcıllıqla düzmüşdü:
Tomas Vulf.
2. Dos Passos. 3. Heminquey. 4. Kezer. 5. Steynbek.
Siyahının
ikinci variantına keçməzdən əvvəl qeyd edilməlidir
ki, burada adı çəkilən Uilla Kezer (1873–1947) Folknerin
çox bəyəndiyi qadın yazarlardan biri olsa da,
görüşün stenoqramını hazırlamış
R.M.Allenin şəhadətinə görə, Folkner siyahıda
Kezerin yox, Kolduellin adını çəkib. Görünür,
bu qeyri-səhihlik Alleni qabaqlayaraq öz natamam qeydlərini
tez-tələsik çapa verən digər tələbənin
həvəskarlığı üzündən baş verib.
Çünki siyahıdan söz açılan
sonrakı görüşlərdə (Folknerin
çıxış və söhbətlərində, həmçinin
məktublarında), bir qayda olaraq, məhz Kolduellin adı
çəkilir, Kezer isə bircə dəfə də
xatırlanmır. Bütün bunları nəzərə
aldıqda belə nəticə çıxır ki, əslində,
Folknerin başıbəlalı sıralaması ilk
düzülüşdə bu cür olub:
Tomas Vulf.
2. Dos Passos. 3. Heminquey. 4. Kolduell. 5. Steynbek.
Lakin
yaddan çıxarmayaq ki, görüşdə iştirak edən
müəllim sual verən tələbəyə: “Deyəsən,
siz mister Folknerin təvazökarlığını
sınağa çəkirsiniz?” – deyə
səslənən isimlər arasında
yazıçının adının olmamasına işarət
etdikdə Folkner öz siyahısına əl gəzdirərək
bu şəkildə təqdim etmişdi:
Tomas Vulf.
2. Folkner. 3. Dos Passos. 4. Heminquey. 5.Steynbek.
Siyahıları tutuşduranda aşkar görünür
ki, Heminqueyin adını Folkner əvvəl
üçüncü sırada çəkib; yalnız öz
adı ortaya çıxandan və ikinci sıraya qoyulandan
sonra Dos Passos üçüncü, Heminquey
dördüncü sıraya keçib. Burası bəlli.
Ziddiyyət doğuran məqam budur ki, belədə
Kolduellin adı yoxdur; bu ada yer qalmır. Halbuki
stenoqramın müəllifi siyahıda Kezerin yox, Kolduellin
adının çəkildiyini iddia edir. Əslində,
Folkner özü də general Lenhemə yazdığı
üzrxahlıq məktubunda Kolduellin adını
xatırladır.
Təbii ki, Folknerin öz adı beşliyə daxil ediləndə
kiminsə adı ixtisara düşməliydi və siyahıdan
göründüyü kimi, bu, Kolduelldir. Amma Folknerin
generala məktubundan o da məlum olur ki, ixtisara düşən
Kolduell yox, Steynbekdir. Çünki məktubda
məhz Steynbekin adı çəkilməyib. Bu barədə
Folknerə yalnız bir dəfə xatırladılıb:
1955-ci ildə Yaponiyada, Mətbuat Klubunda müsahibə verərkən
yazıçıları onların məğlubiyyətlərinə
görə sıraladığı siyahıda Folkner Steynbekin
adını çəkməyəndə “Demək, Siz bu
sıradan Steynbeki çıxarırsınız?” sualı səslənmişdi,
Folknerin də cavabı belə olmuşdu: “Bəli,
çıxarıram. Steynbek əsl yazıçı deyil,
olsa-olsa, yalnız reportyordur, qəzetçidir...”
Beləliklə, adı siyahıdan çıxarılan
yazarın Steynbek olduğu təsdiqlənir. Yəni öz
adı siyahıya əlavə edildikdə Folkner oradan məhz
Steynbeki çıxarıbmış. Amma
istənilən halda bu, Missisipi Universitetindəki
görüşdən sonra baş verə bilərdi və elə
də olub. Çünki həmin görüşdə
Folkner nəinki Steynbekin adını çəkmiş, həm
də adını çəkdiyi digər
yazıçılarla bərabər, onun barəsində də
açıqlama vermişdi: “Bir vaxtlar mən ona böyük
ümidlər bəsləyirdim. İndi isə
bilmirəm”.
Nəhayət, bütün bu göstərilənləri
ümumiləşdirəndə aşağıdakı mənzərə
alınır.
Ən görkəmli beş yazarın
adını ilkin olaraq tələbələr özləri
müəyyən edib, Folkner isə sadəcə həmin
yazıçıları onların öz
yaradıcılıqlarında uğradıqları məğlubiyyətlərə
görə sıralamalı olub. Əvvəlcə
yalnız adları sıralamaqla kifayətlənib, öz
adı da siyahıya daxil ediləndə adıçəkilən
hər bir yazıçı, o cümlədən Steynbek
haqqında qısa açıqlama verib. Mətbuata
çıxarılan yazıda da məhz beş
yazarın – Vulfun, Folknerin, Dos Passosun, Heminqueyin, bir də
Steynbekin adı gedib. Yazının qəzetdə
dərcindən Folkner yalnız general Lenhemin məktubundan sonra
xəbər tutub və generala cavabında Steynbeki Kolduellə əvəzləyib
(görünür, yadında bu cür qalıbmış, ya
da sonradan belə qərara gəlib ki, həmin siyahıya
Kolduell Steynbekdən daha çox layiqdir). Hər
halda, sonrakı siyahılarda Steynbekin yox, məhz Kolduellin
adı çəkilib.
P.S. Diqqəti ilk baxışda adi görünəcək bu məsələyə cəlb etməyi o səbəbdən vacib saydıq ki, adları hallanan yazıçılar barədə Folknerin nə fikirdə olması və onları necə qiymətləndirməsi, hər halda, təsadüfi deyildi (yazıçı özü bunu təsadüf adlandırsa da), əks təqdirdə bu qədər səs-küyə səbəb olub bu dərəcədə maraq doğurmazdı. Qəribəsi odur ki, bütün hallarda əsas diqqət nəyə görəsə məhz Heminqueyin siyahıda sonuncu sıraya qoyulmasına yönəldilib (əslində isə heç bir variantda onun adı axırıncı deyil). Bunun əvəzində dolaşıqlıq yaradan digər detallara aydınlıq gətirilə bilərdi. Əgər auditoriyalarda, yaxud müsahibə və söhbətlərdə bu ştrixlərlə bağlı yazıçıya müvafiq suallar ünvanlansaydı, heç şübhəsiz, daha maraqlı nüanslar ortaya çıxardı. Bu isə həqiqətən iki dahi yazıçını – Folkner və Heminqueyi üz-üzə qoymaq, adi bir münaqişəni lüzumsuz yerə qabartmaq kimi mənasız cəhdlərdən faydalı olardı.
Hazırladı:
Mahir N. Qarayev
Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.22-23.