O...Yol...Yağış...Külək...
Xoşbəxtliyə bircə hərf çatmır:
"O".
R.Əhməd
Buludlar dən səpər yerə,
yollar göyərçin
kimi
dənlər yağışı.
"Bayatı-şiraz" kimi
evlər
dinlər yağışı.
Dodağı çatlamış asfalt
küçələr
yağışı partdaq dodaqlarına çəkdiyi
kimi
çəkərəm ciyərlərimə
mənə nəfəs
verən öpüşlərini.
Bir yağış damlası
olaram
qoparam buludların bətnindən saçlarına...
çırparsan tellərini
düşərəm ovuclarına.
Qaldır
əllərini dodaqlarına:
nəfəs ver, isit məni...
Bir külək
olaram.
Sonra...
Sonra dəcəl uşaqlar kimi
Qapını döyüb qaçaram.
Açarsanmı qapını?
Açarsanmı ürəyini?
Boya kimi çəkər
dodaqlarına
bir dünyalıq çəhrayı təbəssümü.
Çırpar,
çırpar buludlar yerin başına.
Zərbədən yıxılan yollar
sərilər ayaqların
altına.
Ürəyim yeriyər çəkmələrinlə,
dənlər yerişinin
addım səsini.
İndi
pozacaq iş sükutunu
gecələr addımlayacaq
"əsmər yuxum"da.
O yağış mənəm,
O külək mənəm,
O yol mənəm.
O mənəm.
O...
O..
O.
"27 oktyabr"a
Səni indi sevdim.
Gülən gözlərinin ardındakı
dərdlərini -
sevdim keçmişini.
Ürəyi sözlərində döyünən
körpə səslərini
-
sevdim gələcəyini.
Sevdim
el vr, oba var
-
daha demirəm nəyini sevdim.
Səni
üzənin evi yıxılsın,
yıxılsın, lap belə
nəyi yıxılsın...
Fitili çəkilmiş qumbarayam,
at məni
dərdlərinin səngərinə.
Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında,
ötüb Zəngəzur
səmasından:
"əllərim əlinə dəydikdən
sonra
sonu istər ölüm olsun,
istər ayrılıq".
Səni
səhər sevdim -
Azan gözləyən müəzzin kimi.
Səni
günorta sevdim -
damla olmaqdan bezib
günəşə buxar kimi qaçmaq istəyən
Su damlası kimi.
Səni
axşam sevdim -
demirəm necə
sevdim...
Səni
axşam,
Səni
günorta,
Səni
səhər sevdim,
Demirəm necə sevdim,
Ay zalım sevdim səni.
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2023.- 4 fevral.-
S.19.