Rembonun faciəsi
Ünlü fransız şairi
Artur Rembo 15-21 yaş aralığında yazdığı
şeirləri ilə dünya poeziyasını dibindən
çalxalayıb, simvolizmin ədəbiyyatda ən böyük
təmsilçisinə çevrilib. O, 37 illik həyatında
ziddiyyətlər girdabında boğulan, səfil, sərgərdan,
veyil ömür sürən şair kimi xatırlansa da,
özündən sonrakı nəsillərə qoyduğu irslə
bütün dövrlərdə maraqlı olub. Bu səbəbdən
də Azərbaycan şairləri, tərcüməçiləri
- Rəsul Rza, Ramiz Rövşən, Zahid Sarıtorpaq və
başqaları Artur Rembo yaradıcılığına
müraciət edib, onun poeziya nümunələrini ana dilimizə
tərcümə ediblər. "Ədəbiyyat qəzeti"
şair, ssenarist Turan Uğurun fransızcadan tərcümə
etdiyi "Sərxoş gəmi" şeirini və şairə
həsr etdiyi "Rembonun faciəsi" adlı essesini təqdim
edir.
Gül ətirli
xanımlara balıq qoxulu yosunlardan libas düzəltməyin
yalnız bir bəraəti ola bilər - "sevgi",
ara-sıra ləngər vuran gəmini bir dəli sevgi
uğruna, bir çılğın məhəbbət yolunda
buz parçasına çırpmaq da olar,
çırpılması gərəkdirsə. Qohumlaramı,
uşaqlaramı, yoxsa uzaqlara səfərin var, ay gəmiçi
dostum?
Bəs buz parçası önünə dikilmişsə, aqibətin
necə olacaq, xəbərdarsanmı?
Varıb gedəcəyin məkanlar, yarıb üzəcəyin
dalğalar səni xoşxəyal, sonundan arxayın eləməsin.
Qismətin yaxınlar olsun, uzaqlar deyil, səyahətlərin özündən
başlasın, elə özündən-özünə kimi
yolların uzansın.
- Sapdırsınmı səni?
- Azdırsınmı səni?
- Bunumu istəyirsən, saqın unutma, dostum, sərxoşluq, məstanəlik
sözdən, eşqdən olmalı, içkidən yox.
O gəminin sərnişini sərxoş nəzərə çarpır,
bir qədər sərməst görünür indicə.
Ayılın və oyanın, gəmiçi
yola düşüb, bu səfər sərnişinimizi hara
aparacaq - deyə çox təlaşlı, çox gərginəm.
Əsəbdən gözlərimə qan damır, hirsimdən
barmaqlarım titrəyir, rabitəsiz sözlərim sərxoş
insanlartəki səndələyə-səndələyə
çıxır iki dodağımın arasından, bir
sağa, bir sola burulub, ətrafındakıların tənəsi
ilə üzləşir. Bir də narahatlığım ona
görədir ki, o gəminin göyərtəsində
gözümə dəyən bir şair övladıdır,
onu daşa-qayaya, bəlkə də, aysberqə
çırpacaq bu gəmi. Gec-tez bu baş verəcəksə,
deməli, gəminin ünvanı yanlışdır, heyyyyyy,
səsimə səs ver, Artur, heeyyy sözümə nəfəs
ver, Rembo, nə üçün tələsirsən? Yeri gəlmişkən,
bir şey mənə müəmma kimi görünür,
axı nəyə görə bu dəmdə bir film qəhrəmanı
bir şairə qənim kəsilsin, öz aramızdır yaman
ağrılı faktdır. Şair
boğulmağını göz
görə-görə seyr etmək faciədirsə, onun əcəl-mayallaq
ölümünə müdaxilə etməmək nə qədər
üzücüdürsə, söyləyəcəyim məqam
da o qədər xəcalətli və
rüsvayçıdır.
Axı nə üçün? Nə
üçün məşhur fransız şairi, ən
yaxşı şeirlərini 15-21 yaşlarında yazan, Rembo
adını tələffüz edəndə ilk növbədə
ağlımıza şair deyil, 80-ci illərin uydurma kino qəhrəmanı
Rembo təsəvvürdə canlanır? Axı sözün
qüdrətini silahın qüvvəsindən üstün bilənlər
yetərincədir aramızda, ona görə bu sual tez-tələsik
cavabına qovuşmalıdır. Bəli, yubanmadan ona görə
tez həllini tapmalıdır ki, simvolizmin ən ünlü
şairi - Artur Rembo əldəqayırma kino personajı - Con
Remboya uduzmasın. Amma bir gerçəklik də var ki, bu amil
Fransa şairi Artur Rembo haqqında esse yazmağıma bilavasitə
haqq qazandırmış olur.
Şarlevil - ən ucqar,
koloritli tipik fransız qəsəbəsi. XIX əsr mənzərəsini
gözünüzdə canlandırın. Dəstə-dəstə,
bölük-bölük kilsəyə gedən ailələr
gəlir göz önünə. Mən olmamışam bu
şəhərdə, amma görənlər deyir ki,
sıradan bir yerdir Şarlevil. Adi şəhərlərin, ən
ucqar qəsəbələrin, hətta kəndlərin
dünya tarixinə töhfələri az olmur heç də.
Nə demək istəyirlər bununla? Bəlkə iri komunnalara,
məşhur paytaxtlara
"biz də varıq,
məmləkətin hər qarış
torpağı müqəddəs hesab edilməlidir", bunumu
demək istəyirlər? Bəlkə Artur Rembo kimi dünya
poeziyasını silkələyən şairləri yetirən
Şarlevil kimi kiçik yerlər Paris kimi, London kimi, Berlin
kimi şəhərlərə:
"Gəl, duelə, payını qoyum ortaya,
çıx get, zira, vətən ancaq insan olan yerdə bir məna
kəsb edir, əzəməti, böyüklüyü,
miqyası önəmli deyil" - demək istəmişlər.
Hər halda, 8 yaşında şeir yazmağa başlayan, 15-21
yaş aralığında ən seçkin şeirlərini
yazan Artur Rembo kimiləri nadir tapıntıdır. Bunları təsdiqləyərlər:
kimlər, nələr? - göyərçinlər, yunan
allahları, zanbaqlar, bir də yaşıl tala boyunca
gümüştək parlayan çaylar.
Bu sarışın, gözləri
lacivərd uşaq evin ən
mağmın, ən üzüyola övladı idi.
Anasının tələbkarlığına sözsüz və
şəksiz əməl edən Artur itaətkar bir dindar
kimi böyüyürdü.
Mürəbbiyəsinin onda şeir yazmaq həvəsini
oyatması təqdir ediləsi haldır. Görünür,
qeyri-adi nə isə görübmüş bu balaca, cazibədar
oğlanda. Bəlkə zahirən yaraşıqlı olan
Arturun gözlərinin ənginliyində batan günəşi
görübmüş?! Mənalı, uzun yolçəkən
baxışlarında kaş ki, gözəl pərilər,
işvəli qızlar, nazlı xanımlar bulunsaydı və
boğulsaydı, ancaq təəssüf ki, bunu Remboya şamil
edə bilmirik, gənclik və gələcək sevgisi fərqli
olan şairi, bəlkə də bu əcaib xarizması
şairlik taxtından salıb da, hətta Olimp
Allahlarının onu xilas etməyə
gücü, qüvvəsi də çatmayıb.
Mən şair Rembonun zahiri gözəlliyində Tanrı əlindən
çox Olimp ilahələrinin sığalını
görürəm. Bu səbəbdən şairin qələmi
kiçik dişli şanə kimi misralarına tumar verirdi.
Onun mavi gözlərində dənizi seyr edirəm, cazibəsində
seyrəlib gedən pərəstişkarlarının
üsyanı indi də qulaqlarımı batırır.
Mən şair Rembonun şəxsi faciəsini azadlıq vurğunu
olmasında görürəm... Və onun da fərqindəyəm
ki, Artur Rembo hürr yaşamağı, azad həyatı ona
görə seçmişdi ki, baxsın görsün
hürriyyətdən, sərbəstlikdən o yana nə var?
Elə sən deyən bir şey yoxmuş, azadlıqdan o yana
azğınlıq gəlir, dalınca da uçurum. O
zamankı şairlərin dağınıq, veyil, sərsəri
həyat sürməsi də bu
həvəsdən yaranmışdı. "Parnas"a
qoşulmağının ən ümdə səbəbi bu
idi. Hə, düz oxudunuz - "Parnas". El-aləm Parisə üz tuturdu, Artur isə
"Parnas"a. Xeyr, dostlar, "Parnas" şəhər
adı deyil. Ola bilsin "Parnas" adı sizə və
şeir həvəskarlarına təzə bir şey söyləmir.
Ərz edim ki, bu, dağ
adıdır, mövcud olmayan dağın adı. Amma qədim
yunan sivilizasiyası ilə tanış olanlar bilməmiş
deyillər ki, qədim Yunanıstanda şairlər hansısa
dağa simvolik olaraq "Parnas" deyərmişlər.
Görünür, süni şəkildə belə dağ
yaratmaq eşqi bohem həyatı keçirən fransız
şairlərinin ən ülvi arzusu olub. Rembo "Mən
bütün Parnaslıları sevirəm" deyəndə
azadlıq sevənləri, gözəllik eşqində
qovrulanları qəsd edərdi.
"Günəş və şəhvət" şeiri
ilə gözəllik ilahəsi Afroditaya ithafda bulunan Rembo ilk
simvolik nümunələri ilə Avropa romantizminin məzarını
qazır, az sinni, balaca canı ilə o əhvalda yaranan
şeirləri tarixin məzarlığına
gömürdü. Özü də gecə vaxtı bunu edərdi.
Şeir yazmağı gecələr olardı axı. Hər kəs
yatmışkən, hər evin çırağı
sönmüşkən, hər şəhər uzun yuxuya
dalmışkən... Qarşıdakı çörəkxananın
pəncərəsi altında ac uşaq dayanmışkən,
çörəkçinin kündə xəmirlərinə
gözünü zilləmişkən...
Lap həyəcandan ürəyim
uçundu.
Rembonun işıqlı dünyası
yox idi. Dekadenslərə qoşulmuşdu.
Kitab oğurlayır, küçələrdə, tinlərdə
gecələyir, yaraşıqlı yeniyetmə gedib, bədheybət
birisi gəlmişdi. İçdiyi içkilər
ömrünü tədricən içib bitirmiş, mənfi
vərdişləri sanki qanına yerikləmişdi.
Qocalığı gəncliyində, hüzursuzluğu xoşbəxtliyində
yaşayıb tükəndirən Rembo şairliyi fövqəlinsan
qiyafəsində, fövqəlbəşər biçimində
görürdü. Şəninə söylənilən
cümlələr ona qol-qanad vermir, əksinə,
qol-qanadını sındırırdı. Nə
üçün Hüqonun ona "Kiçik Şekspir"
deməyi Rembonu zərrə qədər böyütmürdü?
Bəs çağdaşı, məşhur fransız
şairi Pol Verlenin onu şöhrətli şair kimi Parisə
dəvət etməsi nədən soraq verirdi? Əlbəttə
ki, gələcək iztirablardan, sonrakı çəlpəşik
olaylardan, utancverici hadisələrdən.
Üstüörtülü adını "yaşıl pəri"
adlandırım, necə olsa gün işığına
çıxar bir gün.
Şairin
dağınıq, veyil
həyat tərzi seçməyinin səbəbini
onun həyata baxışında görmək olar. Artur Rembo bu
mənada tək deyildi. Şarl Bodler, Pol Verlen və
başqaları da səfil, bohem həyatın ağuşunda,
girdabında məhv olub gedirdilər. Dekadenslərin sevdiyi
içkilərdən ən məşhuru belə
adlanırdı: "yaşıl pəri". Beyni
dumanlandırmaq üçün bu vasitə əvəzsiz idi.
Bəli, "yaşıl pəri", "yaşıl pəri"
- ehhhh öz muzasını,
ilham pərisini "yaşıl pəri"yə dəyişən
hər kəsi Rembonun aqibəti gözləyir.
Şair
21 yaşına kimi özünün ən məşhur
şeirlərini yazmışdı. "Duyum",
"Heyranlıq", "Sərxoş gəmi", "Cəhənnəmdə
bir yay",
"Aydınlatma" - dillər əzbəri idi. Qəribəsi
budur ki, adı olduqca populyar olan şairlər var ki, onlar
şeir yazmağa 20-30, hətta 40 yaşlarında
başlayıblar. Necə olur ki, 15-16-17 yaşlarında
dünya ədəbi dillərinə tərcümə olunasan,
yeni istiqamət tapasan, yazdıqlarınla mükafatlara layiq
görüləsən, lakin Tanrı mükafatından yoxsun
qalasan. Təbii ki, kiminsə inancı, ələlxüsus da
bu, şairdisə onun həyat baxışlarını
müzakirə etmək fikrindən min kilometr uzağam, fəqət
bütün ölçüləri, ülgüləri
tapdamaq, ənənələrin üstündən
çalın-çarpaz xətt çəkmək, hər kəsi
qara-qara düşündürməli, düşündürərkən
uzun, məntiqli təhlillərə baş qoşdurmalı, ən
əsası isə yaşananlardan nəticə
çıxarılmalıdır.
"Bura öpüş ocağı,
bura ehtiras yeri" - deyibən yersiz xəyalların,
yönsüz xülyaların qoynunda məst olmaq olar, amma
ölçü-biçi, əndazə də yaxşı
şeydir axı. Necə deyərlər - ey azadlığı
- "azğınlıq", sərbəstliyi "sərməstlik"
bilənlər, könlünüz rahatdırmı?
Bəs
hara üz qoymuşdu
şair Rembo, Afrikaya - Efiopiaya, Misirə. Bu
qaçışı özündən qaçış idi,
"əlvida!"nı hər şeyə və hər kəsə
söyləmişdi. Doğma şəhərinə, doğma
ölkəsinə, doğma insanlarına, "zəngin olub
dönəcəyəm" - deyib getmişdi, amma pulsuz idi,
"güclü olub dönəcəyəm" - deyib
yollanmışdı, ancaq zəif idi, "sağlam olub
dönəcəyəm" - deyib qaçmışdı,
lakin xəstə idi. Qəlbindəki inciklik yarası,
ayağındakı qurşun yarasından daha iyrənc, daha əzablı
görünürdü. Bu arada xərçəng xəstəliyi
şair qapısının kandarında dayanmışdı.
Aldığı güllə yarasının
çürüməsi başlamış, bir
qılçası kəsilmişdi, mənfi vərdişləri
mənfi gərdişlərə əl vermişdi, salam, dar
ağacı söyləyib, əvəzində eşitdiyi əleyküm-salam
olmuşdu; Qara libaslı ölüm, siyah əlbisəli əcəl
qapının ağzını kəsdirib dayanmış,
qırsaqqız, zəhlətökən adamlar kimi əlini
qoynuna qoyub gözləməkdən sanki həzz
almışdı.
Bu da
1891-ci il... Bu da 37 yaşın... Bu da səndən gözləntilərin
sona çatdığı an. Şarlevil-Mezyer qəsəbəsində,
Burbon küçəsi-73-də doğulan Artur Rembo, Burbonlara
layiq kral ömrü yox, şairlərə xas səfil
ömrü yaşadın. Bir udum su kimi içildin, bir bənd
şeir kimi oxundun.
Əcəlindən həm özün,
həm də ölüm məmnun
göründü. Bu gözlənilən olaydan hər kəs
razı imiş sən demə, təkcə oxucularından,
Rembo poeziyasını sevənlərdən, bir də uzaq yola
çıxan sərxoş gəmidən savayı. Sərxoşluğu
faciəsimi bu gəminin?!
- Bəli, faciəsi: gəmi gedir, gedir, batır, batır, şair
batır, şair ölür, batan şair, ölən
şair, veyil gəmi, sərbəst gəmi, sərməst gəmi,
sərxoş gəmi...
Səni
iki sözlə bu cür ifadə edəcəm, ay sərxoş
gəmi. Adın Rembo olsun, soyadın isə faciə: Yəni,
"Rembonun faciəsi" Lap film adına bənzədi. Deyilmi?!
Artur
Rembo
Sərxoş
gəmi
Yetər,
yetər ağladığım artıq doymuşam,
Günəş də, ay da heçdir,
hər şey kədərə qalsın.
Sevgi hüsran deməkdir,
görürsənmi sərxoşam,
Bu gəmi parçalansın,
dəniz canımı alsın.
Avropanın suları könlümün
ünvanıdır,
Bir çuxura yığılmış
ayaz gecəsi olsun.
Başım üstə çömbələn
bu hüznlü çocuğun,
May kəpənəyinə bənzər
kağız gəmisi olsun!
Turan Uğur
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.4-5.