Dərdləri göylərə

sovrulan qadın

 

Yalnız gecələrdə xəyallarına

Göz yaşı içində sarılan qadın.

Gecədən sübhədək için boşaldıb,

Axan göz yaşında durulan qadın.

 

Görən unutmuşdur onu neçəsi?

Heç xatırlanmayır yolu, küçəsi.

Göylər gurlayanda bir yaz gecəsi,

Qorxudan yataqda qıvrılan qadın.

 

Kiminçün bəzənib gözəl görünsün?

Kiminçün mum kimi yanıb ərinsin?

Təkliyə qədər dözüb dirənsin

Az qala Tanrıdan ayrılan qadın?..

 

Bir isti əl istər onu oxşaya,

Alıb qollarına onla yaşaya,

Ayrılığın özün atıb boşaya,

Dərdləri göylərə sovrulan qadın.

 

Dinmədim

 

Bir az kobud, bir az qaba kimiyəm,

Gətirdilər dilə məni, dinmədim.

Nəğmə kimi qəlbə dola bilərdim,

İncitdilər elə məni, dinmədim.

 

Kədər adlı libasımı soyundum,

Qəm gölündə çimə-çimə yuyundum.

Hər nağıla... sevə-sevə inandım,

Çox saldılar ələ məni, dinmədim.

 

Bir vaxt vardı, qanad açıb uçardım,

Məhəbbətin qucağına qaçardım.

Sevgi ilə gözlərimi açardım,

Eşqim etdi kölə məni, dinmədim.

 

Mən bir vaxtsız zamanamı dönmüşəm?

Solub-solub samanamı dönmüşəm?

Bilməm, niyə bu həyatdan çönmüşəm,

Sağdan vurdu sola məni, dinmədim.

 

Saç ağarar, bu adətdir, bilirəm,

Öz dərdimə özüm baxıb gülürəm.

Bax beləcə, yana-yana ölürəm,

Döndərdilər külə məni, dinmədim.

 

Sənə gəlmişəm

 

Demirəm, dünyaya dəyişmə məni,

Küsüb bu dünyadan yenə gəlmişəm.

Neçə göz yaşımı dünəndə qoyub,

Təzə göz yaşımla sənə gəlmişəm.

 

Bezdim, öz içimdə itib-bitməkdən,

Tale axarında üzüb getməkdən,

Sənli günlərimçün dua etməkdən,

Bəlkə imana, dinə gəlmişəm.

 

Sən fəsil kimisən, dəyişəcəksən,

Sən nəsil kimisən, dəyişəcəksən,

Daima ruhumla döyüşəcəksən,

Mən hər cür döyüşə sinə gərmişəm...

 

Sanki küpəgirən

qarıdır dünya

 

Ömrü sevə-sevə yaşayanların

Zinəti, dövləti, varıdır dünya.

Həyatda təmiz ad daşıyanların

Həyası, isməti, arıdır dünya...

 

Hərdən yola dikər gözünü sənin,

Salar yaddaşına yüzünü sənin,

Tanıdar özünə özünü sənin,

Tənhalıq çəkənin yarıdır dünya.

 

Bir zaman ən əziz adamı alar,

Talayıb qəlb evin bəlaya salar.

Ağrısı sinədə əbədi qalar,

Ömrün ah-naləli xorudur dünya...

 

Bəzən yalan yerə səni coşdurar,

Səbrinin kasasın vurub daşdırar.

Başını aldadıb elə çaşdırar,

Həyatın tələsi, torudur dünya...

 

Cavabsız suallar içində dinər,

Qəmli gözlərindən damcılar enər.

Günlərin qorxulu kabusa dönər,

Sanki küpəgirən qarıdır dünya.

 

Gün gələr, şansını yaxşı gətirər,

Gün gələr, verdiyin alıb bitirər,

Səni bu aləmdən elə götürər,

İnsanın kəfəni, gorudur dünya.

 

Qayıtma geriyə,

soyumuş adam

 

İndi öz hayımda, öz dərdimdəyəm,

Qayıtma geriyə, soyumuş adam.

Çətin günlərimdə məni buraxıb,

Mənli günlərindən doyumuş adam.

 

Qayıdıb arxada buraxdığının

Hisslərin oynadıb, köksün qanatma.

Yenidən əlində məni fırladıb,

Taleyin qaranlıq üzünə atma.

 

Mən arxa planda olan adamam,

dadım, ki duzum qalmayıb.

Təzədən üzünə durub baxmağa,

Deyib-danışmağa sözüm qalmayıb.

 

İndi həyatım da ağacdan düşən

Sapsarı saralmış yarpaq kimidir.

Mənim xoş görünən, gülən sifətim

Üzü buz bağlamış torpaq kimidir.

 

Daha qismətini sınamayasan,

Sən ümid yolunu çoxdan itirdin.

Hər gün qram-qram itən sevginin

Kitabın bağlayıb özün bitirdin.

 

Duyğular

 

Ömrümdən ötüb keçənlər

Beynimdə alışıb yanır.

İçimdə gözəllər indi

Hansı taleyə boylanır?

 

Qalaqlanmış həsrətimdən

Neçə körpə həsrət doğar.

Peşmanlıqlar boğazlayıb

Bircə qaşıq suda boğar.

 

Yaşadığım duyğuları

Yarpaq-yarpaq toplamışam.

"Birdən unudaram" deyə,

Ürəyimə saplamışam.

 

Yarımçıq eşqlər ömrümdən

Ötdü, daşa dəyə-dəyə.

Kağıza yazılmış sevgim

Çərpələngtək uçdu göyə...

 

Əyyub TÜRKAY

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.5.