Sevimli şairlər silsiləsindən
Nigar Rəfibəyli
Uşaqlıqdan
mənəvi qidam saz-söz olduğundan poeziyanı çox
sevirəm. Yəqin buna görədir ki, bir çox şairlərimiz
haqqında məqalələrim, portret kitablarım, hətta
monoqrafiyam çap olunub.
Onlardan biri də haqqında
silsilə məqalələr yazdığım Nigar Rəfibəylidir.
Nə gizlədim, qadın şairlərimiz arasında poeziyasını
ən çox sevdiyim şairlərdən biri, bəlkə də
birincisi Azərbaycan ədəbiyyatı tarixində layiqli yeri
olan, xalqımızın zərif duyğulu şairə
qızı Nigar Rəfibəylidir.
Hər dəfə Nigar xanımın əsərlərini yenidən vərəqləyəndə
indiyə qədər duymadığım, dərk etmədiyim
ovqata uyğun mənalar, çalarlar üzə
çıxır. Deməli, poeziya hər yaş
dövründə bir cür dərk edilir. Görünür,
xalqın bütün zümrələrinin, müxtəlif sənət
adamlarının poeziyaya məhəbbəti buradan
qaynaqlanırmış.
Nigar xanımın həmişəyaşar
poeziyası fikir aydınlığı,
deyim tərzi, özünəməxsusluğu ilə
seçilir. Tam səmimiyyətlə deyə bilərəm ki,
Nigar xanımın poeziyası doğruluğa, saflığa səsləyən
təkrarsız poeziyadır.
Çoxlarının "bəxtəvər"
deyərək həsəd
apardıqları Nigar xanımın ömür yolu
daşlı-kəsəkli, ağrılı-acılı,
keşməkeşli olmuşdur. O, cəmisi 68 il (1913-1981)
ömür sürüb. Lakin bu
illərin çoxunu qorxu-hürkü içərisində
yaşayıb. Onun iztirabları 7 yaşından
başlayıb. 1919-cu ildə atası - Azərbaycanın ilk
ali təhsilli cərrahı Xudadat bəyi heç bir
günahı olmadan bolşeviklər suçlayaraq Bakıya
etap etmiş, Nargin adasında güllələmişdilər.
Ailə pərən-pərən düşmüşdü.
Nigar xanımın iki qardaşından biri Rusiyaya, biri isə
Türkiyəyə mühacirət etmişdi. Evləri
müsadirə edilən Nigar xanım və anası Cəvahir
xanım Bakıya sürgün edilmişdilər.
Bütün bunlara baxmayaraq istedadı, ilhamı, mübarizliyi və bəxti
sayəsində Nigar xanım həyatın dibindən
çıxa bilmişdi.
O, Bakıda Pedaqoji texnikumu və Moskvada Pedaqoji İnstitutu
(1932-1936) bitirib. Bu sətirləri yazarkən vaxtilə
yazıçı İlyas Əfəndiyevin dediyi sözlər
yadıma gəldi: "Tale təqsirsiz, məhkəməsiz
güllələnmiş xalq cəfakeşi Xudadat bəyin
heç olmazsa köməksiz, imdadsız qalmış o gənc
qızına aman vermişdisə, demək dünyada az da olsa ədalət
varmış".
Nə yaxşı ki, Nigar
xanımın məşəqqətli ağır günlərində
onun tale yolunda Rəsul Rza dayanmışdı. Həyatdan,
quruluşdan küskün olan, ürəyi nisgilli Nigar
xanıma o vaxt arxa olmaq qəhrəmanlığa bərabər
idi. Rəsul müəllim Sovet rejiminin tüğyan elədiyi
1937-ci ilin fevralında, hətta Nigar xanımla ailə qurmaqdan
belə çəkinməmişdi.
Rəsul
Rzanın yaxın dostu, ədəbiyyatşünas alimimiz, Abbas
Zamanovun başına gələnlər Rəsul müəllimin
də başına gələ bilərdi. Abbas müəllimin
həyat yoldaşını pantürkist qızıdır -
deyərək sürgün etmişdilər. Oğlanları
Fuad və Firuz yetim qalmışdılar.
Arxiv materialları göstərir
ki, hətta 40-cı illərin 2-ci yarısında Nigar
xanım və anası Cəvahir xanımın Azərbaycandan
sürgün edilməsi məsələsi gündəmə gəlmişdi.
Xoren Qriqoryanın imzası ilə "hakimiyyətə
düşmən münasibət bəslədiklərinə
görə" onların sürgün edilməsi barədə
sənəd dərkənar üçün
M.C.Bağırovun masasının üstünə
qoyulmuşdu. Sənəddə M.C.Bağırovun dərkənarı
var: "ostavit", yəni "toxunmayın,
qalsınlar".
Mənə belə gəlir
ki, burada Rəsul Rza faktoru az rol oynamamışdır.
Şairin
1944-cü ilə qədər
10 əsəri çap olunmuşdu. Azərbaycan Ali Sovetinin
deputatı idi. Azərbaycanın Əməkdar incəsənət
xadimi (1945) fəxri ada layiq görülmüşdü. Bundan əlavə,
şairin 1950-ci ildə işıq üzü görən
"Lenin" poemasının ayrı-ayrı hissələri
şübhəsiz ki, qəzet və jurnallarda əvvəllər
çap olunmuşdu.
Bütün bunları düşünərək
demək olar ki, Rəsul Rza Nigar xanıma
nəinki arxa, dayaq olmuş, eləcə də onun və
anası Cəvahir xanımın xilaskarı olmuşdur.
Onu da demək lazımdır ki,
Rəsul Rzanın cəsarəti və sevgisi ona
başucalığı gətirmiş, ictimaiyyət
arasında qorxmazlığı, mərdliyi barədə fikir
formalaşmışdı.
Nigar xanımın Rəsul müəllimə tükənməz məhəbbəti
həm də buradan qaynaqlanırdı - desək
yanılmarıq.
Sən olmasan baharın,
yazın
ətri olmazdı.
Sən olmasan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri,
açıb-solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
Şeirim
olmasın sənsiz.
Xüsusi
vurğulamağa dəyər ki, yazarlar arasında Rəsul Rza
ailəsi nümunəvi, örnək ailə kimi
tanınırdı.
Nigar xanım, şübhəsiz,
buna görədir ki, fəxarətlə yazmışdır:
Ömrümüzü
bulaq suyu kimi saf,
Ayna kimi ləkəsiz yaşadıq.
Nigar
xanımın poeziyası nəğmə qədər qəlbəyatandır.
Çünki onun lirikası kövrək, ülvi
duyğuları tərənnüm edən yüksək poeziya
nümunələridir:
Ala gözlüm,
səndən ayrı gecələr
Bir il qədər uzun olur, neyləyim?!
Bağçamızda qızılgüllər
hər səhər
Tezdən
açır, vaxtsız
solur, neyləyim?!
Bu misraların təsir gücü adamı heyran edir.
Nigar xanımın poeziyasının
cazibə qüvvəsindən
çıxmaq olmur. Odur ki, görkəmli bəstəkarlarımız
onun poeziyasından qədərincə bəhrələnmiş,
əbədiyaşar mahnılar yaratmışlar. Zeynəb
Xanlarovanın oxuduğu "Dağları duman alanda", Akif
İslamzadənin "Ala gözlüm", Xədicə
Abbasovanın "Aman ayrılıq" mahnıları belələrindəndir.
Nigar Rəfibəylinin 100 illik
yubileyi münasibəti ilə Türkiyədə ona həsr
olunmuş "Ala gözlüm" adlı kitab nəşr
olunmuşdu. Kitaba böyük məhəbbətlə Avrasiya
Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Ön söz
yazıb. Ön sözdən məlum olur ki, yuxarıda
adını çəkdiyim mahnılar Türkiyə radiosunda
tez-tez səsləndirilirmiş. Lakin onlar "Qars
türküsü" adı ilə təqdim edilirmiş.
Ön sözdə Yaqub Öməroğlunun etirafı da səmimiliyi
ilə fərqlənir: "İllər sonra, bizi başqa aləmə
aparan bu mahnıların azərbaycanlı şair Nigar Rəfibəyliyə
aid olduğunu öyrənəcəkdim. Şairənin həyatı
haqqında öyrəndiklərimdən sonra o, mənim
könül dünyamda kristal bir abidəyə
çevrildi".
Yeri gəlmişkən, mənə
belə gəlir ki, Güney Azərbaycanda
yaranan, hər iki tayda sevilən "Ayrılıq"
mahnısının sözləri Nigar xanımın
"Ayrılıq" şeirinin təsiri altında
yazılıb. Hər iki şeirdə misralar həsrət nəğməsi
gücündədir:
Mən
ki, doymamışdım heç vüsalından,
Mənə zülm eylədi
yaman ayrılıq.
Nə olaydı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq.
Bu isə güneyli şair Rəcəb Fərhad İbrahiminin nəğməyə
çevrilən misralarıdır:
Uzundur
hicrindən qara gecələr,
Bilmirəm, mən gedim,
hara, gecələr?!
Vurubdur qəlbimə yara gecələr
Ayrılıq, ayrılıq, aman
ayrılıq,
Hər bir dərddən olur yaman ayrılıq.
Hər
iki şairin şeirindən və hər iki
"Ayrılıq" mahnısından
göründüyü kimi, ayrılıq əlacı olmayan dərdə
bənzəyir, ağrısı-acısı adamı göynədir.
Nigar Rəfibəylinin poeziyasının
ana xəttini vətənə, xalqa, təbiətə məhəbbət,
qadın səadəti, övlad sevgisi təşkil edir:
Üç beşiyin arxasında
Bəzən sübhədək oturdum.
Nəğmələrdən, şeirlərdən
Mən onlara dünya qurdum.
Şairin
arzusu insanları, xüsusən də o vaxtlar məhdud
hüquqlu qadınları azad və xoşbəxt görmək
idi.
Nigar xanımın yaradıcılığında
ana mövzusu qırmızı xətt kimi keçir. Onun
analarla bağlı şeirləri xüsusi tədqiqat
mövzusudur. Şairin hər şeiri poetik yenilikdir.
"Toy" adlı şeir bu baxımdan xüsusi maraq kəsb
edir:
Deyirlər
ki, qısqanırsan,
anasan, əlbət.
Oğlun
bu gün toy eyləyib
səndən ayrılır.
Tapıntıya
heyran olmamaq olmur:
Qoy cəbhələr ayırmasın
bizi övladdan
Qoy aparsın oğulları
gözəl gəlinlər.
Xalq
düşməninin qızı kimi damğalanan Nigar xanım
suyu üfürə-üfürə içən adamlar kimi
şeirlərində hər sözü, hər poetik ifadəni
çox diqqətlə seçirdi. İlhamının
qabağına sipər çəkməli olurdu. Siyasi
hürkülər canına, qanına hopmuşdu. O, ürəyindəkiləri
üzə çıxarmamaqla Rəsul müəllimi də
qoruyurdu. Bunun nəticəsidir ki, 1934-cü ildə
çıxan ilk "Şeirlər" adlı kitabından
başlamış 1957-ci ilə qədər çap olunan 10
kitabının həcmcə ən böyüyü 64 səhifədən
ibarət olmuşdur.
Lakin
1956-cı ildə ab-hava
dəyişəndən, sovet rejimində yumşaqlıq
baş verəndən sonra Nigar xanımın kitabları
böyük həcmdə, həm də tez-tez işıq
üzü görməyə başladı: "Şeirlər"
(1959), "Dənizin səsi gəlir" (1964), "Ana səsi"
(1969), "İşıqlı dünyam" (1969),
"Seçilmiş əsərləri" (1979) və vəfatından
bir il sonra "Həzin bir axşamda düşsəm
yadına" (1982).
O dövrdə Nigar xanımın tərcüməçilik fəaliyyəti
də çox məhsuldar olub. O.Qonçardan, A.Çexovdan,
Herbet Uelsdən və bir çox başqalarından etdiyi tərcümələr
oxucuların rəğbətini qazanmışdı.
Yaxşı yadımdadır, onun H.Uelsdən tərcümə
etdiyi "Görünməz adam" (əslində
"Gözə görünməz adam") əl-əl gəzirdi
(O vaxtlar kitaba, oxumağa böyük həvəs və istək
vardı).
Nigar Rəfibəyli Ulu öndər
Heydər Əliyevin 1-ci hakimiyyəti dövründə
"Xalq şairi" adına layiq görülüb.
Ümummilli liderin xalqın istəyi ilə yenidən hakimiyyətə
gəldiyi dövrdə Gəncədə - Sərdar
bağında abidəsi qoyulub. Açılışda Heydər
Əliyev şəxsən iştirak etmiş və
yaradıcılığını yüksək qiymətləndirmişdi.
Nigar xanımın "Xalq şairi" fəxri ada layiq görülməsi,
Gəncədə - Sərdar bağında abidəsinin
ucaldılması, Bakıda yaşadığı küçənin,
Gəncədə oxuduğu məktəbin onun adını
daşıması, "Şərəf nişanı"
ordeni və medallarla təltif olunması çox mətləblərdən
xəbər verir.
Sağlığında Nigar xanımın paxıllığını
çəkənlər, qibtə edənlər,
qapısına daş atanlar çox olmuşdur. Lakin Xalq
şairi Bəxtiyar Vahabzadə demişkən, onlar nə
murada yetdi, nə kama çatdı. Şanlı bir nəslin
yadigarı olan Nigar Rəfibəyli isə gözəl
poeziyası, ziyalılığı və şəxsiyyətinin
aliliyi ilə insanların sevimlisinə çevrildi.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.7.