Kamal AbdullanınGülçöhrə xanım

Əsgər ağaəsəri haqqında qeydlər 

 

"Süjet özü mənə görə çox maraqlıdır. Xoşbəxt sonluqla bitən "Arşın mal alan" filmi, əlbəttə ki, insanı düşüncələr aləminə atır. O filmin son kadrları səni elə bir hala salır ki, sən düşünməyə bilmirsən ki, bəs bu xoşbəxt adamların sonrakı həyatı necə oldu? Çünki sonra inqilab gəlir, Azərbaycan başdan ayağa şumlanır, mənəviyyat şumlanır, müxtəlif insanlar məhv edilir. Təkcə fiziki yox, mənəvi cəhətdən məhv edilir. Ona görə mən istədim qəhrəmanların o filmin xoşbəxtliklə bitən kadrlarından sonrakı həyatını təsvir edim".

 

Kamal Abdulla

 

Ustad deyilməsi gərəkəni deyibdir. "Gülçöhrə xanım və Əsgər ağa" əsəri bir yana, elə təkcə Kamal Abdullanın əsəriylə bağlı söyləmiş olduğu bu bir neçə cümlədən ibarət fikir haqqında belə yazı yazıla bilər...

Kamal Abdulla tələbkar yazıçıdır. Kamal Abdullanın elə bir əsəri yoxdur ki, onu oxuyanda hansısa başqa bir mətnə yönəlməyəsən. Kamal Abdullanın əsərlərini dahi Umberto Ekonun dediyi kimi, plyajda oxumaq mümkün deyil. Əlinə alıb oxumaq istədiyin əsər səni hansısa başqa əsərləri oxumağa yönləndirir. Sanki Kamal Abdulla adi, sıravi və az mütaliə edən oxucu "qəbul etmir", dolaylı yolla onu fərqli əsərləri oxumağa məcbur edir. Qısacası, Kamal Abdullanı oxuyub anlamaq üçün keçmişdən günümüzə Azərbaycan və dünya ədəbiyyatının bir çox vərəqinin tozunu udmaq tələb olunur. Oxucu da əsəri idrak etmək üçün sözü gedən mənbələrə müraciət etməyə məcbur olur. Beləliklə intellektual mətnlərin müəllifi Kamal Abdulla əlinə kitab alan oxucunu da intellektual baxımdan zənginləşdirmiş olur. Çünki Kamal Abdullanın fəlsəfəsini idrak etmək, üslubunu qavramaq, mətnin dərinliyinə nüfuz etmək üçün mütaliə etmək vacibdir.

Xalq yazıçısının "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsi bele "tələbkar" əsərlərdən biridir. Bu əsər bizi dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasına yönləndirir.

Bir tərəfdə Azərbaycanın dahi bəstəkarı, dirijor, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, Şərqdə ilk operanın müəllifi, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun Sovet istilasından öncə yazılan utopik xarakterli "Arşın mal alan" musiqili komediyası; digər tərəfdə Azərbaycanın dünya şöhrətli alimi, Xalq yazıçısı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, akademik Kamal Abdullanın inqilabdan sonrakı dövrü əhatə edən distopik xarakterli "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsi əsasında yazdığı eyniadlı telefilm ssenarisi. Utopik komediyaya qarşı distopik mahiyyətli hekayənin yazılması oxucuya Kamal Abdullanın "Tarixsiz gündəlik" povestini və "Adaşlar" hekayəsini xatırladır. Hər iki əsərin sonu iki fərqli sonluqla bitir, hər iki əsərə sonsuz ehtimallar nöqtə qoyur (ya da vergül). "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsi de xoşbəxt sonluqla bitən "Arşın mal alann tarixi proseslərin təsiriylə şəkillənən kədərli sonluğudur. Daha doğrusu, çoxlu ehtimallardan, paralelliklərdən sadəcə birisidir.

Səhnə həyatından yüz ilə yaxın vaxt keçsə də, xalqın sevimli tamaşası olan, dünyanın 80 dilinə tərcümə edilmiş, 76 ölkənin 187 teatrında nümayiş etdirilmiş, dəfələrlə ekranlaşdırılmış, dünyanın ən məşhur səhnə əsərlərindən olan Üzeyir Hacıbəyovun bu şah əsərinin qəhrəmanlarının sonrakı taleyi haqqında heç birimiz baş sındırmamışıq; bizə təqdim olunana baxmışıq və qane olmuşuq. Kamal Abdulla bu şah əsərin personajlarının taleyini yazıldığı və səhnələşdiyi illərlə məhdudlaşdırmayaraq onları "yaşadıb", onların xoşbəxt taleləri üzərinə çökən qara buludları görüb. Bu, Kamal Abdulla yaradıcılığının özünəməxsusluğudur, dadı, duzudur. O, bütün Türk dünyasının qiymətli xəzinəsi, ulu sənət nümunəsi, milli mədəniyyətimizin ən zəngin qaynaqlarından olan "Kitabi-Dədə Qorqud" dastanının hər kəs kimi görünən tərəfini analiz-sintez etməyib, daha alt qatlara enərək sətir aralarında sıxışan, oradan qurtulmağa can atan ehtimallara, bəlkə də elə gerçəklərə əl uzadıb əsrlərin daşlaşmış məngənəsindən çəkib çıxardığı kimi dahi Üzeyir Hacıbəyovun da bizi bir əsrdir güldürüb əyləndirən bu əsərinin inqlabdan sonrakı taleyini bizlərə təqdim edir. Bu sonluq insan taleyinin sonsuz ehtimallarından birinin açılımıdır.

Təbiət kimi, hadisələr kimi, kainat kimi ədəbi əsərlərin də dərki nəhayətsizdir. Bədii mətnlərin məna potensialı genişdir və bu onun yeni variantının yaranmasına imkan yaradır. "Gülçöhrə xanım və Əsgər ağa" əsəri xoşbəxt sonluqla bitən "Arşın mal alan" əsərinin ehtimal olunan davamıdır. Bu yönüylə görünməyənin görülməsi, bilinməyənin aşkar edilməsidir, pərdə arxasıdır. Bilinəni bilmək, görünəni görmək hamının işidir, yazıçının özünün də dediyi kimi: "Mən həmişə mümkün olmayana can atmışam. Mümkün olanı o birilər onsuz da yazır". 

Əsər keçmişi yadda saxlayıb hadisələri yenidən dəyərləndirən, keçmişin mədəni ünsürlərini yenidən gözdən keçirən postmodernizm nümunəsidir. Postmodern əsərlərin əsas komponenti olan özündən əvvəl yazılmış mətnin dünyasına səyahət edərək, alternativ reallıq yaratmağa çalışan intertekstual, daha dəqiq desək, metatekstual xarakterli bu əsər ondan əvvəl mövcud olan əsərin davamı olan bir fenomendir. Bir mətnin özündən əvvəl yazılmış mətnlərlə olan əlaqəsi qanununa söykənən mətnlərarasılıq münasibətlər kontekstində qiymətləndirildiyində "Gülçöhrə xanım və Əsgər ağa" əsəri XX əsrin əvvəllərindəki ailə-məişət münasibətlərinin tənqidi, Azərbaycan qadınlarının öz hüquqları uğrunda mübarizəsi, köhnə əxlaq normalarına, dinin qatı qayda-qanunlarına qarşı etiraz bayrağını qaldıran Əsgər və Gülçöhrənin romantik məhəbbətindən bəhs edən real və maraqlı məzmunlu "Arşın mal alan" musiqili komediyasının transformasiyasıdır. Bu baxımdan, Kamal Abdulla yeni qurğuyla yeni bir əsər formalaşdırmış, həmişəyaşar operettaya yeni həyat bəxş etmişdir. 

Bu formalaşdırmada tarixi hadisələr həlledici rol oynayır. Kamal Abdulla əsəri tarixi həqiqətlər işığında dəyərləndirir. Dövrün siyasi vəziyyətini nəzərə alanda Kamal Abdullanın yanaşması olduqca məntiqlidir. Bu əsər personajlarının acı aqibəti geniş mənada 30-cu illərdə repressiya qurbanı olan Azərbaycan aydınlarının və ailə üzvlərinin acı taleyilə eyni xarakterlidir. Ümumiləşmiş şəkildə o dövrkü Azərbaycan ziyalısının, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə və digər repressiya qurbanlarının gerçək yaşam hekayəsidir. Siyasi dəyişiklik prosesindən sonrakı dövrdə personajların həm fiziki, həm mənəvi dönüşüm proseslərinin, tarixi və siyasi hadisələrin insan taleyi üzərindəki təsirinin təzahürüdür. Kədərlidir, hüznlüdür, düşündürücüdür, amma həqiqətdir.

Həqiqətin acılığı həqiqətin işığından gur deyil. Əsəri bu işıqda oxuyub anlamaq diləklərimlə...

 

Aynur Babaşova Beşkonak

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.6.