Müasir Azərbaycan - Heydər Əliyevin əsəridir!
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə
- 1969-1982 və 1993-2003-cü illərdə respublikamızı
inkişaf etdirməklə
onu aqrar sənaye ölkəsinə
çevirərək ön
sıralara çıxarmış,
müstəqillik dövründə
hüquqi və demokratik dövlət qurmuş, vətənimizin
dünya ölkələri
sırasında layiqli
yer tutmasına nail olmuşdur. Təhsilin, elmin, mədəniyyətin,
incəsənətin sürətlə
və hərtətərfli
inkişafında ümummilli
liderin müstəsna rolu və böyük
xidməti olmuşdur.
Bununla yanaşı müxtəlif sahələrlə
bağlı milli kadrların
yetişdirməsində Heydər
Əliyevin rolu əvəzolunmazdır. Güclü
dövlət xadimi və istedadlı siyasətçi olan Heydər Əliyevin təkcə Azərbaycanın
keçmiş SSRİ məkanında
və dünyada tanınmasında deyil, həm də milli varlığımızın qorunub
saxlanmasında tarixi xidmətləri olmuşdur.
Azərbaycan qədim mədəniyyətə,
incəsənətə malik olan xalqdır və bu aspektdə
ulu öndər Həydər
Əliyev hakimiyyətdə
olduğu bütün
dövrlərdə milli-mənəvi
dəyərlərimizin qorunmasına,
təbliğinə xüsusi
diqqət və qayğı göstərib.
Milli dövlətçilik dəyərlərinin əsasını
mədəniyyət təşkil
edir və məhz bu kontekstdə
mədəniyyəti xalqın
böyük sərvəti
hesab edən Həydər Əliyev fəaliyətinin bütün
dövrlərində mədəniyyətin
inkişafını xüsusi
olaraq diqqətdə saxlayırdı.Musiqi, teatr, kino sənəti, heykəltaraşlıq, rəssamlıq,
xalça sənətinin
inkişafında Ümummilli
liderimiz Heydər Əliyevin əməyi və dəstəyi olduqca böyükdür.
Hər bir millətin qüruru, ləyaqəti onun mədəniyyəti ilə ölçülür.
Xalqın böyüklüyü
mədəniyyətin böyüklüyü
ilə müəyyən
edilir. Mədəniyyətin
gələcək inkişafı
keçmişin mədəni
irs üzərində
qurulduğundan asılıdır.
Bülbülün (Murtuza Məşədi
Rza oğlu Məmmədov, 1897-1961) incəsənət
mühitində doğulan,
böyüyən, formalaşan
və daima Heydər Əliyevin qayğısını və
diqqətini görən
insan kimi deyə bilərəm ki, vətənimizin vokal sənətinə dünya
şöhrəti qazandıran,
onu dünyaya tanıdan görkəmli ulduzlar sırasında Bülbülün adı haqlı olaraq öndə dayanır. Gənc nəsil üçün məlumat
verim ki, Bülbül dünya musiqi sənətinə parlaq səhifələr yazmışdır.
O, həyata keçirilməsi
mümkün olmayanları
belə həyata keçirməyə müvəffəq
olub, Şərq və Qərb musiqi mədəniyyətinin
qovuşdurulmasına nail olmuşdu.
Bülbül elmin və mədəniyyətin
müxtəlif sahələrinin
inkişafına böyük
əmək və qüvvə sərf edib. Bülbül Avropa və rus professional vokal məktəbinin Azərbaycan
vokal-ifaçılıq mədəniyyətinin
ənənələri ilə
qovuşmasının mümkünlüyünü
elmi cəhətdən
sübuta yetirdi və vokal sənətində
inqilab edərək, bu
sahədə yeni bir məktəb yaratdı; Zaqafqaziyada ilk Elmi-Tədqiqat
Musiqi Kabineti - ETMK-nın təşəbbüskarı
və təşkilatçısı
idi. ETMK Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə
məşğul olub,
Azərbaycan bəsətəkarlarının
yaradıcılığının inkişafında çox böyük rol oynadı. ETMK-nın bazasında Azərbaycan EA
İncəsənət və
Memarlıq İnstitutu
yaranmışdır; "Azərbaycan
xalq musiqisinin əsasları" və
"Azərbaycan dilinin
fonetikası" əsərlərinin
yaranmasının təşəbbüskarı
və bilavasitə iştirakçısıdır; Azərbaycan musiqi folklorunun müntəzəm
toplanması və elmi cəhətdən işlənməsinin təşəbbüskarı
olaraq, musiqi elminin bu sahəsinin
yaranması və gələcək inkişafının
əsasını qoydu;
musiqi xəzinəsini
bəzəyən və
bütün dünyanın
konsert salonlarını
zəfərlə dolaşan
simfonik muğamların
yaranmasının təşəbbüskarı
və bilavasitə iştirakçısıdır; aşıq yaradıcılığına
dair şifahi materialların - xalq nağılları, əfsanə,
dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmində toplanması
üçün briqadaların
təşkil edilməsinin
təşkilatçısıdır;
1938-1961-ci illərdə keçirilmiş
aşıqlar qurultaylarının
təşəbbüskarıdır; 500 (beş yüz) adda Azərbaycan xalq mahnı və rəqslərindən ibarət
məcmuələrin tərtibçisi
və redaktorudur; Azərbaycanda not nəşriyyatlarının
təşkilinin təşəbbüskarıdır;
parlaq istedadların üzə çıxarılması
üçün ilk musiqi
olimpiadasının keçirilməsinin
təşəbbüskarıdır; səsyazma kabinetinin, opera studiyasının, solo ifaçılıq
xüsusi sinfinin təşkilatçısıdır; 1940-ci ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfransında "Vokal kafedrasında elmi-tədqiqat
və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin
hazırlanması, bütün
qardaş respublikalarda
Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin
təşkili, SSRİ xalqları
yaradıcılığının öyrənilməsi üzrə
Mərkəzi İnstitutun
yaradılması" təklifini
irəli sürüb;
təşəbbüsü ilə 1941-ci ilin martında Ümumittifaq vokal konfransı çağırıldı; 1957-ci ildə keçirilən
VI Ümumittifaq Moskva festivalında
Şərq xalqlarının
klassik oxuma müsabiqəsinin münsiflər
heyətinə sədrlik
edərək, Moskvanın
rəhbər orqanları
qarşısında "alimləri,
müğənniləri, pianoçuları,
skripka və violançel çalanları
həm pedaqoq, həm də konsert ifaçılarını
birləşdirmək üçün
İncəsənət Akademiyası
yaratmaq" zəruriliyi
barədə məsələ
qaldırdı. Bu barədə
1957-ci ildə "Sovetskaya
muzıka" jurnalında
da məlumat mövcuddur.
Bülbül Vətənə,
xalqa, onun yüksək sənətinə
fədakarlıqla xidmət
etməyin nümunəsidir.
Bülbülün heyrətamiz,
miqyaslı, çoxcəhətli
fəaliyyəti böyük
əhəmiyyət və
dəyər kəsb etdiyinə görə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə Bakıda
1976-cı ildə Azərbaycan
professional vokal sənətinin
banisi, SSRİ Xalq artisti, Stalin mükafatı
laureatı, professor, ictimai
xadim Bülbülün
Memorial Muzeyi yaradılmışdır.
Bülbülün Memorial Muzeyi
ölkəmizdə vokalçı
üçün yaradılan
ilk muzeydir. Bu gün muzeydə 8000-dən artıq
- Bülbülün yaradıcılığı,
elmi-tədqiqat, pedaqoji,
ictimai fəaliyyəti
haqqında materiallar və sənədlərin
əsli toplanıb. Bu
qeyri-adi, hərtərəfli
fəaliyyət Azərbaycan
musiqi mədəniyyətimizin
bütün cəhətlərinə
toxunur.
1982-cı
ildə Ümummilli liderimiz Heydər Əliyevin göstərişi
ilə Şuşada Bülbülün ev-muzeyi
açılmışdır. 1997-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı
ilə Azərbaycan
professional vokal sənətinin
banisi, görkəmli müğənni və pedaqoq, professor Bülbülün
100-illik yubileyi və Bülbül adına Birinci Beynəlxalq Müsabiqəsinin keçirilib.
2007-ci ildə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı
ilə Bülbülün
110-illik yubileyi münasibətilə
dövlət tədbirlər
planı hazırlanmış
və həyata keçirilmişdir. 2012-ci il oktyabrın
31-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
Sərəncamı ilə
Bakıda, Bülbül
prospektində Azərbaycan
professional vokal sənətinin
banisi, SSRİ xalq artisti, Stalin mükafatı
laureatı, professor, ictimai
xadim Bülbülün
abidəsinin açılışı
oldu. Bu Ümummilli liderimiz Heydər Əliyevin Bülbülün
əziz xatirəsinə
göstərdiyi xalq tərəfindən görünən
(çoxlu sayda görünməyən də
var) diqqət və qayğısının bəzi
faktlarıdır.
Şübhəsiz ki, Azərbaycan incəsənəti
tək Bülbülün
yaradıcılığından ibarət deyil. Ulu öndər Heydər Əliyev incəsənət
xadimlərinin hamısına
diqqət və qayğı göstərib.
Məsələn, Rəşid
Behbudov, Sara Qədimova,
Şövkət Məmmədova,
Lütfiyar İmanov, Şövkət Ələkbərova,
Mirzə Babayev, Müslüm
Maqomayev, Zeynəb Xanlarova, Canəli Əkbərov, İslam Rzayev,
Seyid Şuşinski,
Leyla Şəripova, Niyazi,
Rauf Atakişiyev, Vasif
Adığözəlov, Arif
Babayev, Alim Qasımov, Fidan
və Xuraman Qasımovalar, Tofiq Quliyev, Səkinə İsmayılova, İlhamə
Quliyeva, Azər Zeynalov, Vaqif və Əzizə Mustafazadə və başqa sənətkarların
adlarını çəkmək
olar.
Ulu öndər Heydər Əliyev Səməd Vurğunun 90-illik yubileyində
qeyd edib ki, "Səməd Vurğun həddindən çox şerlər, poemalar yazıbdır. Eyni zamanda o böyük alim, filosof idi. Səməd
Vurğun Azərbaycan
Elmlər Akademiyasının
təsisçilərindən, yaradıcılarından biridir.
Səməd Vurğun,
sadəcə akademik seçilmiş bir adam deyil. Səməd
Vurğun və məhz onu kimi
Üzeyir Hacıbəyov,
Heydər Hüseynov, Yusif Məmmədəliyev,
Mustafabəy Topçubaşov,
Mirzə İbrahimov və
başqa belə insanların təşəbbüsü
nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıb. Bu böyük tarixi hadisədir".
Xalq yazıçısı Səməd
Vurğundan başqa Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibeyli
və s. Azərbaycan görkəmli yazıçıların
və şairlərin
əziz xatirələrini
əbədiləşdirib.
Ulu öndər Heydər Əliyev mədəniyyət
və incəsənət
sahəsində təkcə
müğənni və
bəstəkar, yazıçı
və şairləri deyil, həm də rəssam və heykəltəraşları
da xüsusi diqqət mərkəzində saxlayırdı.
Məsələn, Tahir Salahov,
Mikayıl Abdullayev, Toğrul
Nərimanbəyov, Davud
Kazımov, Elbəy Rzaquliyev, Xalidə Səfərova, Ağaəli
İbrahimov, Altay Hacıyev, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə,
Sakit Məmmədov, Arif Hüseynov, Fərhad Xəlilov, Lətif Kərimov (xalçaçı rəssam),
Kamil Əliyev (xalçaçı
rəssam), heykəltəraşlar:
Cəlal Qaryağdı,
Fuad Salayev, Pinxos Sabsay, Tokay Məmmədov,
İbrahim Zeynalov, Rasim
Əliyev, Ömər
Eldarov, Salxab Məmmədov.
Ümummilli liderimiz Heydər
Əliyev təkcə
Azərbaycan Xalq rəssamı, iki dəfə Dövlət Mükafatı Laureatı,
heykəltəraş, professor İbrahim Zeynalovun əsərləri
ilə tanış olmaq üçün emalatxanasına üç
dəfə gəlib.
İbrahim Zeynalovun yaratdığı
bütün monumental əsərlərinin
açılışlarına şəxsən ulu öndər
iştirak və unudulmaz çıxışlar
edib. Məsələn,
Naxçıvanda Əcəmi
Naxçıvani (1976), Maştağada
Məmməd Məmmədyarovun
abidəsi (1977), Bakıda
el arasında "Torqovaya" adlanan, lakin əsl adı Nizami küçəsində yerləşən
Seyid Əli İmadəddin Nəsiminin
abidəsi (1978), Bakıda
Karl Marks (1980), Bakıda Nizami
Gəncəvinin heykəli
(1993), Hacı Zeynalabdin
Tağıyevin heykəli
(1994). Heykəltəraş professor
İbrahim Zeynalovun bir
sıra əsərləri
ilə tanınır,
misal üçün
Mirzə Fətəli
Axundov (1963), Bakıda
ən sevimli yerlərdən biri sayılan 26-ların Memorial kompleksi
(1968), Səməd Vurğun
(1970), Məmməd Səid
Ordubadi (1973), Üzeyir
Hacıbəyov (1976), Müslüm
Maqomayev (1977), Nəbi
Xəzri (1979), Rəşid
Behbudov (1986), M.A.Useynov
(1989), Şamaxıda Mirzə
Ələkbər Sabirin
heykəli (1989), Xətai
rayonunda yerləşən
Şah İsmayıl Xətainin abidəsi
(1990), Habil Əliyev
(1990), Mücirəddin Beyləqaninin
abidəsi (1991), İsmayıl
bəy Qudkaşınlı
(1992).
Sadaladığımız və sadalamadığımız tarixi
faktlar ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan incəsənətinə və
mədəniyyətinə göstərdiyi
diqqət və qayğısının az
bir hissəsidir. Bu dünyaya kimlər gəldi, kimlər getdi. Gedənlər böyük rəhmət qazanaraq getdi, qalanlar xoş arzular diləyi ilə yaşayır, ölməzlər isə,
ölməzlik zirvəsində
qaldı. Unutmamalıyıq
ki, bugünkü suveren
müasir Azərbaycan
- Heydər Əliyevin
əsəridir.
Nigar VƏLİYEVA
Azərbaycan Dillər Universitetinin
ingilis dilinin
leksikologiyası və üslubiyyatı kafedrasının
professoru,
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.11.