Dramaturgiya, yaxud
bədii mətnlə dərdləşmək...
Ədəbi
tənqid məqalələrində ideyanın boş qalan
yerindən yazdıq, unutmaq lazım deyil ki, heç bir
söz-ideya bu dünyaya tək gəlmir, onun
yanı-başında mübahisə və dilləşmək
üçün hansısa başqa söz gizlənir. Bizim
bugünkü tənqidin (həm də və daha çox ədəbiyyatşünaslığın-!)
hansı qüsurları var, - soruşanda ideyayla bərabər
başqa bir söz də mütləq yada düşür.
Yazılarda sellər-sular çağlayır, gözəl bənzətmələr,
bədii mətnin məzmun planını fantastik üsullarla
"uzadılması" və sair. Hər bir təhlil
yazısında hökmən dramaturgiya olmalıdır. Ədəbiyyat
tarixçiliyinin üslubu şablon və köhnədən
köhnədir. Çatışmayan komponent budur. Belədə,
bəhs etdiyin mətnlə təmasda ola, onunla dilləşərək
başsındıran sulalları ortaya çıxara bilərsən.
Bu suallar əsəri, onun mətnini yenidən gündəmə
gətirir. Sən sanki, məsələn, Haqverdiyevin "Ac həriflər"indən,
yaxud "Xortdanın cəhənnəm məktubları"ndan
yazanda ona quruluş verirsən, müəlliflə mübahisə
meydanı yaradırsan, bu mübahisə müəllifdən cəmiyyətə,
keçmişlə gələcəyin görüşündə
yaranmış düyünə sirayət edir.
Bəli,
bədii mətnlə
dərdləşmək yox, dilləşmək,
ona oppozisiya yaratmaq önəmlidir, girdiyin otaqların
qapı-pəncərələrini açmalısan ki,
dünya görünsün, bu dünyada o bəhs etdiyin mətləbi
itirib tapmağa çalış, A.P.Çexovun
mətnlərində olduğu kimi. Onun poetikasının ən
əsas özəlliyi məhz budur - bu boyda dünyada itirdiyini
kiçik detalların içində axtarmaq... Məmurun
ölümü... Yaxud, Cənnətin qəbzi...
***
Dramaturgiya
mətndə sözlər arasındakı cazibə qüvvəsinin
idarə edilməsidir.
Öz başına gələnləri
yazmaq. Belədə, yazdığın,
oryaya qoyduğun ideya, fikir... kiminsə fikriylə,
düşüncəsiylə üst-üstə düşə
bilər və öz başına gələnləri
yazmağın ən təhlükəlisi də budu... Birinci
kim deyib,-kimi suallar dünyanın sonuna kimi davam edir. Ən
orijinal fikir artıq dünyadan köç etmiş hansısa
ideyanın yeganə yamaq tutmayan parçasıdır ki,
tanrı kimi yada düşür, cilvələnir. Sənin
başına gələn, içinə dolan hisləri, sanki
kiminləsə görüşəndə duymusan, bunu ifadə
edən sözləri kimdənsə eşitmisən, indi qəfil
yada düşüb...
Öz başına gəlməyənləri
yazanda dünyada var olan nə varsa, fikir,
ideya, düşüncə... sürət qatarı kimi
yanından şütüyüb keçir və sən
xoşbəxt olursan...
Metaforalarla kiçiltmək mərəzi.
Nizami Gəncəvidən, Füzuli və ilahi dili "tərcümə
edən" klassikadan yazılan araşdırmalara
baxırıq. Əksəriyyətində söz, məna sərhəddə
dirənib, metafora qışqırır. Qan-qırmızı
epitetlər, məcazlar, bu qədər şişirtmə
bütün dünyanın tanıdığı, həzz
aldığı, gözünə təpdiyi klassikanı
kiçildir. Nizamini gətirib ancaq dinə bağlamaq,
Füzulini təsəvvüfə, Nəsimini hürufiliyə
bənd eləmək üslub hadisəsini bəri başdan
istisna edir.
Ayaz Salayevin bir sözü
var: dünyada elə hisslər var hələ adı yoxdu,
dünyada insanlararası elə münasibətlər var, hələ
adı qoyulmayıb... Gözəl bir mətnin içində
bu hisslərə toxunmaq, onların səsini
eşitmək şansı
var...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.-
8 iyul.- S.13.