"Sarı gəlin"in
iki üzü
Yavər Rzayevin “Sarı gəlin” filmi haqqında
Geriyə və ya irəli
Uzun illər ərzində bu film haqqında yazmaq istəyirdim. Həmişə içimdə dolaşıb, məni düşündürürdü. Lakin həmişə də bu fikirdə olmuşam ki, "Sarı gəlin" haqqında qələbədən sonra yazmaq daha yaxşı olar...
Öz zamanını qabaqlayan, yaxud dövrdən, zamandan yuxarı qalxan müəyyən sənət əsərləri var ki, onun tam qavranılması üçün xeyli vaxt lazımdı. Eynən Yavər Rzayevin "Sarı gəlin" filmi kimi...
Bu gün müharibə mövzusunda filmlər barədə, daha doğrusu, bu filmlərin az olması barədə çox danışılır... Lakin məncə, problemin kökü filmlərin olmamasında deyil, əksinə, olan filmlərimizi təbliğ edə bilməməyimizdədi.
"Fəryad", "Hər şey yaxşılığa doğru", "Dolu" və daha bir neçə filmi çıxmaq şərtilə geniş tamaşaçı kütləsi əksər filmlərimizdən çox da məlumatlı deyil. Yalnız məhdud dairədə tanınıb. Bunun da müxtəlif səbəbləri var.
İlk səbəbi, uzun illər ərzində Mədəniyyət Nazirliyi ilə telekanallar arasındakı anlaşılmazlıqlar idi. Bədii filmlər çəkilirdi, təqdimatları keçirilirdi, vəssalam, qoyulurdu rəfə... Kinoteatrlarımız yox idi, telekanallar da efir üçün ödəniş istəyirdilər. Beləcə, geniş tamaşaçı kütləsi milli filmlərin çoxundan xəbərsiz qalırdı. Yalnız son onillikdə internet məkanında audio-vizual materiallar yerləşdirmək mümkün olandan sonra, bu filmlərin əksəriyyətini Youtube-də izləmək mümkün oldu...
Ümumilikdə isə Qarabağ müharibəsi mövzusunda bədii filmlərimizi xatırlayarkən, onları şərti bir neçə kateqoriyaya bölmək olar:
1. Birbaşa açıq süjet üzərində qurulan və kütləvi tamaşaçıya istiqamətlənən müharibə filmləri ("Fəryad", "Dolu" və s.).
2. Müharibə ətrafında baş verən psixoloji konfliktlər üzərində qurulan filmlər - "Girov", "Günaydın, mələyim", "Biz qayıdacağıq", "Yalan" və s.
3. Müharibə mövzusuna alternativ, fərqli baxış prizması üzərində qurulan filmlər ("Hər şey yaxşılığa doğru" və s.).
4. Müharibə mövzusunda olsa da, ümumilikdə müharibədən daha yüksəyə qalxıb ümumbəşəri, əbədi dəyərlərə söykənən filmlər...
Yavər Rzayevin 1998-ci ildə çəkdiyi "Sarı gəlin" filmi məhz son kateqoriyaya aiddir. Və deyərdim ki, tək son kateqoriyanın yox, ümumilikdə Azərbaycan kinosunun müharibə mövzulu filmləri içində ən yaxşılarından biridir (subyektiv olaraq, mənimçün, elə ən yaxşısıdır).
Əsl kino
Bu gün iki nəfəri üzbəüz oturub danışdıran və "mən kino çəkdim" deyərək sinəsinə döyən bir
çoxlarının "sənət nümunələri"ndən fərqli olaraq,
"Sarı gəlin", ilk növbədə, əsl kinodu - sözün həqiqi mənasında,
kino... Bədii televiziya
filmi yox, serial yox, nə bilim, art-haus, filan yox...
Hər epizodun, hər kadrın quruluşunda, kompozisiyasında,
simvolikasında məhz
kino dili, istifadə olunan, az qala
dərslik kimi istifadə olunmağa layiq olan bir
kino...
Filmin elə bir kadrı,
elə bir səhnəsi yoxdu ki, sadəcə, hansısa sözü, dialoqu, fikri, hadisəni çatdırmağa xidmət
eləsin. Yox. Burda film sözə yox, söz filmə
xidmət edir... Hərçənd ki, film Azərbaycan
kinosunun böyük maddi sıxıntılar içində olan dövründə çəkilib
və maddi-texniki baxımdan çəkiliş
qrupu çox sıxıntılar yaşayıb.
Son onilliklərdə, əksər
hallarda bunun əksini görürük.
Filmə
baxırsan - yüz minlik aparaturalar, bahalı kino-kameralar, işıq texnikası, səs avadanlığı
və daha nələr, nələr...
Bir sözlə, hər
şey var, amma ortada kino yoxdu. Niyə? Çünki əsl kinonun nədən (nələrdən)
ibarət olduğunu, deyəsən, yavaş-yavaş
unutmuşuq. Kino adıyla
bizdə istehsal edilən məhsulların
bir hissəsi musiqi klipini, bir hissəsi teleserialı, bir hissəsi teatrı, bir hissəsi televiziya verilişini xatırladır. Kinonun bədii dili yoxdu. Bəlkə də dövrün tələbi belədi. Kəmiyyət artdıqca bədii keyfiyyətin aşağı düşməyi
labüddü. Az qala
toy operatorlarının da kino çəkdiyi bir dövrdə hansı
"kino dili"ni uma
bilərik?
"Sarı gəlin" isə belə deyil. Film ilk kadrlarından
adamı məhz kino atmosferinə salır; hər xırda detala diqqət çəkir, birinci planla bərabər ikinci, üçüncü
planlar da işləyir,
kadrda gördüyümüz
predmetlər sadə obyekt çərçivəsindən
çıxıb simvola,
metaforaya çevrilir,
hansısa mətləblərin
açarı olur... Hətta sözlər də.
"Filmdə baş verən hadisələr Qarabağ müharibəsinin
epizodlarından biri
ola bilərdi". Bu ifadə
titrlərdən əvvəl
ekranda gedən yazıların içində
yer alır. Məncə, elə ən maraqlı mətləb elə burda gizlənir.
"Ola bilərdi". Ola bilərdisə,
deməli, olmayıb. Deməli, hələ bizim müharibəmiz adi torpaq davasından
daha yüksəyə
qalxıb "əbədi
xeyir-şər konflikti"
həddinə çata
bilməyib. Belə olan halda, rejissor
özü hadisələri
adi müharibədən
daha yüksəyə
qaldırmağa məhkumdu.
Və filmin sonunda görürük
ki, buna müvəffəqiyyətlə
nail olur.
Filmin adının "Sarı gəlin" qoyulmasının
özüylə, artıq
filmin simvolikası başlanır. Sarı gəlin iki qonşu xalq arasında heç cür bölüşdürülə
bilməyən bir mahnı olmaqdan çıxır, xəyali
bir simvolik obraza çevrilir. Bu simvolu hər kəs öz istədiyi kimi mənalandıra bilər.
Kiminçünsə ilham
pərisi, kiminçünsə
cənnət hurisi, kiminçünsə ağ
libas geyinmiş əzrayıl və sair və ilaxır...
Simvolizmin gözəlliyi
ondadır ki, müəllif
hər kəsə simvolu özü anladığı kimi qavramağa şərait yaradır.
Şəxsən, mənim üçün
Sarı gəlin hər iki tərəfin
"yaxşı"larının xilas mənbəyi olan bir cənnət
pərisinin nişanəsidi.
O cənnət ki orda millət, xalq, din fərqi yoxdu. Orda yalnız yaxşılar və xəyalpərəstlər var. Sülh
var, gözəllik var, sevgi
var, işıq var...
Xarakterlər pleyadası
Əsərin əsas qəhrəmanları
dörd nəfərdir:
iki obraz biz tərəfdən, iki obraz erməni tərəfdən.
Xarakterlərin bütün xırdalıqlarına
varmaq istəməzdim,
amma onu qeyd edim ki, hər
iki tərəfin baş qəhrəmanları
şərti olaraq, iki qismə bölünüb: qəddar,
qəzəbli və yumşaq, həlim... Əsas konflikt dramaturgiyası məhz bu dörd
nəfərin arasında
baş verir. Bizim qarşımızda qəddar və yumşaq azərbaycanlı
- qəddar və yumşaq erməni obrazı canlanır.
Və bu dördbucağın ətrafında çox maraqlı ikinci plan obrazları pleyadası...
Filmin həm süjet dramaturgiyasına, həm də obrazların xarakterinə diqqət etdikdə yüksək səviyyəli bir ssenarist işi görürük (qeyd edim ki, filmin ssenari müəllifi də Yavər Rzayevin özüdür).
Müəllif hadisələri hara aparacağını,
təbii ki, qabaqcadan bilir və filmin
ilk səhnəsindən ssenaridəki
hər detal, hər cizgi məhz finala işləyir.
Məncə, ideal kino dramaturgiyası məhz belə olmalıdır. Müəllifin
təxəyyülünə çoxlu təsirli epizodlar, maraqlı səhnələr gələ
bilər, lakin ana xəttə, əsas ideyaya xidmət eləməyən istənilən
bir bədii tapıntı, maraqlı səhnə-filan qətiyyətlə
ixtisar olunmalıdı
ki, əsas mesaja, əsas ideyaya aparan yoldan tamaşaçını
yayındırmasın.
"Sarı gəlin"in ssenarisində də artıq və ya əskik olan
detal yoxdur, hər şey əvvəldən sona qədər bir nöqtəyə vurur.
Bəs hansıdır bu ideya, bu mesaj?
Qeyd etdiyimiz kimi, filmin əvvəlində şərti bir "səngər" görürük.
Səngərin hər
tərəfində şərti
olaraq, bir pozitiv və bir neqativ qəhrəman
ön plana çəkilir.
Qəddar, qəzəbli
erməni və azərbaycanlı komandir və təsadüfən müharibəyə düşmüş
bir erməni, bir azərbaycanlı personajı...
Bu, ssenarinin başlanğıc
nöqtəsidir. Burdan
yola çıxan müəllif düzgün
dramaturji quruluş üzərində yığılan
gərgin, dinamik hadisələri elə dəqiqliklə düzür
ki, finala yaxın, şərti "səngər"
öz mahiyyətini dəyişir, dörd baş qəhrəman arasında da yerdəyişmə
baş verir.
Səngərin bir tərəfində
yumşaq, həlim erməni və azərbaycanlı, digər
tərəfində qəddar,
qəzəbli erməni
və azərbaycanlı
qalır (müsbət
və mənfi deməzdim, çünki əsərdə ümumiyyətlə
müsbət və mənfi personaj yoxdu, hər kəsin öz həqiqəti var). Bu keçid
müəllifin əsas
ideyasına xidmət edir.
Onu da qeyd edim ki, müəllif
bu keçidi elə maraqlı və səlis hadisələr üzərində
qurur ki, heç nə falş kimi görünmür. Hər şey məntiqi cəhətdən
doğru, dəqiq əsaslandırılır.
Həlim,
yumşaq azərbaycanlının
erməni əsirini güllələmək əvəzinə,
onu duzla doldurulmuş gülləylə
vurmasından tutmuş,
sonradan həmin erməninin azərbaycanlını
əsirlikdən qurtarmasına
qədər bütün
hadisələr, sonrakı
əsirdəyişmə prosesində
baş verənlər
- bir sözlə, bütün süjet xətti, az qala zərgər dəqiqliyi ilə işlənib və əsaslandırılıb.
İdeyadan uzaqlaşmayaq. Qeyd
etdiyimiz kimi, bütün süjet bir nöqtəyə xidmət edir. Beləliklə, çoxsaylı
dramatik hadisələrdən
sonra hər iki tərəfin müsbətləri və
mənfiləri birləşir
(yenə təkrar edirəm, mənfi anlayışları burda şərtidi, çünki
mənfi deyilənlərin
arasında da qəribə
bir "cəngavər"
münasibətini görürük.
Çünki onlar o biri həlim qəhrəmanlarımızdan fərqli
olaraq, əsl döyüşçüdürlər. Səbəbindən, mahiyyətindən
asılı olmayaraq, müharibəyə gəldiklərini
və burda necə davranmalı olduqlarını çox yaxşı bilirlər).
Ən sona yaxın isə süjet dramaturgiyasının kulminasiya
nöqtəsinə çatırıq
- hər iki tərəfin qəddar-qəzəbli
obrazı birləşib,
o biri iki nəfəri qətlə yetirməkçün ova çıxır.
Beləliklə, milli fərq,
milli münaqişə aradan
qalxır, konflikt ümumbəşəri, əbədi
müstəviyə - "xeyir-şər
mübarizəsi" müstəvisinə
keçir. Bəli, müəllifin hadisələri
gətirmək istədiyi
nöqtə məhz buradır. Bütün milli,
dini, irqi münaqişələrin mahiyyətində
"xeyirlə şərin
mübarizəsi" dayanır.
Sonda səngərin hansı tərəfində
olmasından asılı
olmayaraq, pislər birləşir və yaxşıların ovuna çıxır. Yaxşılar
da qurtulmaqçün bir-birinə
sığınmağa məhkumdur;
hansı millətə,
hansı dinə aid olmasından asılı olmayaraq.
Simvollar
Filmdə
çoxsaylı metaforalardan
və simvollardan istifadə olunur. Bunlardan ən birincisi, filmin adına çıxmış
Sarı gəlin simvoludur ki, bu barədə yuxarıda danışmışdıq. Mənim
diqqətimi çəkən
ikinci simvol isə "duz" simvoludur.
Bu simvolu həmin vaxtda çəkilmiş və müharibəyə
alternativ yanaşma nümayiş elətdirən
"Hər şey yaxşılığa doğru"
(rejissor - V.Mustafayev)
filmindəki eyni simvolla müqayisəli şəkildə analiz edək. O filmdə bütün absurd hadisələrin
sonu duzla bitir. Bütün film boyu erməni meyitini Bakının içində ora-bura aparan qəhrəmanlar sonda duz gölünün
yanında dayanıb nəfəs dərirlər
və göldən duz yığan adamları görürlər.
Və kino qəhrəmanlardan
biriylə duzyığanın
kiçik və simvolik dialoquyla bitir.
- A bala, o nədi elə?
- Duzdu, duz...
- Eh, rəhmətliyin oğlu, dünya dağılır,
bu deyir duz...
Vaqif
Mustafayev sanki bütün
bu cür müharibələrin, qanlı
olayların arasında
da bir duz axtarır, zarafatı, qara yumoru ön
plana çəkərək oxucuya deyir ki, ruhdan düşməyin, hər şey düzələcək, hər
şey yaxşı olacaq, əsas budu ki, duzumuzu itirməyək.
Yavər
Rzayevin filmində isə hər şey duzla bitmir, əksinə, əsas konflikt məhz duzla başlayır.
Yavər
Rzayev sanki kino diliylə Vaqif Mustafayevin yanaşmasına
etiraz edir, bəyan edir ki, duzla hər şey həll olunsaydı, hər şey yaxşılığa
doğru getsəydi, dərdimiz nəydi ki? Əslində, elə ən böyük problemlərimiz gülləni
duzla (qəzəbi zarafatla) əvəz eləməyimizlə başlayır.
Bəli, azərbaycanlı
erməni əsiri güllələmə əmri
alıb icra edəndə erməni yanını tutub qışqırır, amma
ölmür, çünki
məlum olur ki, tüfəngindəki güllə
qırmayla yox, duzla doldurulub. Bir müddət sonra, erməni bizim əsirə atəş açanda, bizim əsir həlak olur, çünki bu dəfə duz yox, qırma
irəli keçir...
Biz "duz" deyib hər şeyi zarafata saldıq, onlarsa, duzu kənara
qoyub, gülləni qabağa verdilər, qan tökdülər, öldürdülər, qırdılar
və o zaman öz istədiklərinə çatdılar.
Bəlkə, əslində,
bizim uzun illər bu məsələyə
"duzlu münasibətimiz"
elə onların xeyrinə idi. Çünki bizim qəzəbimizi soyudurdu...
Yavər Rzayevin filmindən sonra mən həmişə bu barədə düşünürdüm...
P.S. Filmin operator, aktyor işi, musiqi həlli yüksək səviyyədə qurulub.
Tanınmış aktyorlarımız
- Ramiz Novruz, Fərman
Abdullayev, Hacı İsmayılov,
Cahangir Novruzov, Münəvvər Əliyeva,
Muxtar Maniyev hər biri filmdə
bənzərsiz və
yaddaqalan xarakterlər
yaradıblar. Emosional musiqi həlli də (bəstəkarı
- Siyavuş Kərimi)
filmin dramatik epizodlarının tamaşaçıya
təsirini bir qədər də gücləndirir.
Filmin bütün süjetini danışmaq istəməzdim,
çünki düşünürəm,
ki, "Sarı gəlin"
filminə fərqli prizmadan təkrar-təkrar
baxmağın zamanı
məhz indidir. Və əminəm ki, hər bir tamaşaçı
həm süjetdən,
həm də filmdəki simvolikadan öz təfəkkürünə
uyğun mənalar çıxaracaq.
Müəyyən mənada Yavər
Rzayev zamanını
25 il qabaqlamışdı. O vaxt "erməni" məfhumu bizim üçün mütləq
mənada şər qüvvənin simvolu idi, istənilən fərqli yanaşma insanlarda qıcıq yaradırdı. Bu gün isə hər şey dəyişir. Konfliktin gərgin fazası artıq arxada qalıb. Torpaqlarımız azad olunub, qisasımız alınıb. Məncə,
məhz indi, konfliktə ümumbəşəri,
ədəbi bir baxış bucağından
baxmağın vaxtı
çatır - yaxşı
və ya pis millət yoxdur, yaxşı və ya pis
insan var. Vəssalam...
Yavər Rzayevin 25 il əvvəl verdiyi mesaj məhz bundan ibarət idi.
İlqar
FƏHMİ
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.12-13.