Təhsil və ədəbiyyat
Son
zamanlar müxtəlif təhsil pillə və səviyyələrində
ədəbi mətnlərdən istifadə, mətn üzərində
iş, tədris proqramlarında ədəbiyyatın təmsil
olunması, dil və ədəbiyyat dərsliklərində təqdim
edilən uşaq ədəbiyyatı nümunələri kimi məsələlər
mətbuatda və sosial şəbəkələrdə tez-tez
səsləndirilir. Xüsusilə də respublikamızda orta
ümumi təhsil pilləsində tətbiq olunan "Ədəbiyyat"
fənn kurikulumları (təlim Azərbaycan və rus dillərində
aparılan məktəblər üçün) və
onların əsasında tərtib edilən "Ədəbiyyat"
dərslikləri həm ideya-mövzu, həm elmi-metodiki, həm
də yetişməkdə olan gənc nəsillərin ədəbi
təhsili, ədəbiyyata marağı, şəxsiyyət və
vətəndaş kimi
formalaşması, müvafiq eşidib-anlama, şifahi və
yazılı nitq vərdişləri, təhlil və
müqayisəetmə bacarıqları, mövzu və problemlərin
təqdimatı, onlara şəxsi münasibətin, rəyin
bildirilməsi nöqteyi-nəzərindən kompetensiyaların
əldə olunması planında müzakirə edilir.
30 ildən
artıq keçid mərhələsi ən yeni dövr
üçün Azərbaycanda təhsilin inkişaf konsepsiyasının
və strategiyasının hazırlanması və həyata
keçirilməsi baxımından bitməmiş bir proses təsiri
bağışlamaqdadır. Bu isə özünü həm
də dövlət dilinin öyrənilməsi, tədrisi, təbliği,
fəaliyyət dairəsinin genişlənməsi, bu istiqamətdə
müvafiq bilinqval və polilinqval lüğətlərin, tədris
resursları bazasının (o cümlədən, elektron)
yaradılmasında, müxtəlif təhsil pillə və səviyyələrində
əcnəbi dillərin tədrisi, mənimsədilməsi
standartlarında, metodikası və metodologiyasında, ali məktəblərdə
müvafiq təhsil, humanitar və sosial ixtisaslar üzrə
dillərin tədrisi strategiyası və proqramlarında,
bütövlükdə mütəxəssis
hazırlığında büruzə verir. Bircə o faktı vurğulamağa
dəyər ki, yenidən müstəqillik əldə etdiyimiz
bu 30 ildən artıq zaman kəsiyində dövlət
dilimizin respublikamızda və dünyada xarici dil kimi öyrədilməsi
ilə bağlı universitetlərimizdə mütəxəssis
hazırlığı ixtisası olmadığından buna
müvafiq tədris resurslarımız, o cümlədən,
uyğunlaşdırılmış bədii mətnlərimiz
yoxdur. Müstəqil dövlətə,
geniş yayılma arealına, böyük diaspora və 40-50
milyon əhaliyə malik bir xalqın dilinin, ən nəhayət,
əcnəbilər üçün cəlbedici əmək
bazarı olan bir ölkənin dövlət dilinin səmərəli
şəkildə öyrədilməsi üçün təhsilin bütün səviyyələrində
uyğun ixtisas və ixtisaslaşmalar təklif olunub, əvvəlcə
"Azərbaycan dili (xarici dil kimi)" ixtisası bakalavriat səviyyəsində
ixtisasların təsnifat cədvəlinə daxil edilməlidir.
Nə qədər ki, bu, yoxdur, biz nə adekvat tədris
resursları yarada biləcək, nə ölkədə, nə
də ölkədən kənarda müasir standartlara əsaslanan
metodika ilə dilimizi tədris və təbliğ edə biləcəyik.
Ədəbiyyat
fənni üzrə proqramların (fənn
kurikulumlarının) və dərsliklərin
yaradılması problemi həmişə aktual olub. Son bir
neçə ay ərzində iştirak etdiyimiz tədbirlərdə
bu istiqamətdə səslənən fikirlər, məsələn,
Yazıçılar Birliyində Xalq şairi Sabir Rüstəmxanlının
"Vətəndaşlığın əlifbası"
kitabının təqdimatında, dərslik müəllifi
kimi Birliyin sədri, Xalq yazıçısı Anarla göstərilən
mövzuda görüşümüzdə, "Ədəbiyyat"
dərsliklərinin Elm və Təhsil Nazirliyi (ETN), Dövlət
İmtahan Mərkəzi ekspertləri ilə müzakirələrində,
həm də ictimai rəydə səslənən fikirlər,
filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın
"Ədəbiyyat qəzeti"nin 27 may 2023-cü il tarixli
sayında çap olunmuş "Dərsliklərdə yer alan
uşaq ədəbiyyatının vəziyyəti" adlı
təhlil xarakterli məqaləsində dərslik müəllifləri
üçün verilən konkret reseptlər bizi də bu
istiqamətdə digər vacib məqamlar üzərində
dayanmağa sövq etdi. Sadalanan faktlara, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin dosenti Fəxrəddin Yusifovun "Ədəbiyyatın
tədrisi metodikası" kitabının bu tədris ilində
açıq internet resursu kimi istifadəyə verilməsini də
əlavə etmək olar. Göstərilən məqamlar və
faktlar, ümumiyyətlə, son dövrlərdə bəzən
açıq, çox vaxt isə pərdəarxası diskursda
səsləndirilən "Orta məktəbin tədris
proqramında ədəbiyyatın tədrisinə lüzum
varmı?" sualı ilə ortaya çıxarılan problemə
də aydınlıq gətirməsinə imkan verəcək.
Məqalənin
bu yerində bizə çox ciddi görünən bir
neçə elmi-metodiki və təşkilati məsələyə
münasibət bildirməyin yerinə düşdüyü qənaətindəyik:
1) Ölkədə
Prezident Sərəncamı ilə təsdiq olunmuş təhsilin
inkişafı üzrə "Strategiya"nın konkret
"Fəaliyyət planı" üzrə icrası, orta təhsildə
kurikulum islahatı, interaktiv və inteqrativ təlimin, bunlara
uyğun ümumi təhsilin tədris standartlarının və
planlarının, resurslarının yenilənməsinə
ehtiyac duyulduğu, məktəb
şagirdləri üçün olduqca mürəkkəb və
səmərəsiz qiymətləndirmə qaydalarının və
meyarlarının tətbiqi, müəllimlərin
sertifikasiyası, ali məktəblərin bakalavriat və
magistratura səviyyələri üçün tədris
standartlarının təzələndiyi, bütün təhsil
pillə və səviyyələri üçün Milli
Kvalifikasiya Çərçivəsi tələblərinin
aktuallaşdırılmalı olduğu bir şəraitdə
tədris fənləri üzrə elmi-metodiki jurnalların, o
cümlədən, "Azərbaycan dili və ədəbiyyatı"
məcmuəsinin nəşrinin dayandırılması təəccüb
doğurur.
2) Orta və
ali məktəblər üçün bütün fənn və
kurslar üzrə tədris resurslarının, həmçinin
ədəbiyyat üzrə proqramların, dərsliklərin,
müntəxəbatların və metodiki vəsaitlərin
müzakirə və təsdiqi mexanizmi də aydın deyil.
Əvvəllər bu sahəyə cavabdeh olan Təhsil
İnstitutunun fəaliyyəti indi daha çox inzibati-təşkilati
işlərə, Elm və Təhsil Nazirliyinin xüsusi layihələrinin
icrasına yönəldilib ki, bu da hazırda tədrisin
metodikası, ayrı-ayrı fənlər, bütövlükdə
şagird fəaliyyətinin qiymətləndirilməsi məsələləri
üzrə meyar və mexanizmlərin
elmi-metodiki əsaslarının müəyyən edilib tədris
müəssisələrinə ünvanlanmasına imkan
vermir.
3) Ölkədəki
təhsil proqramları və planları, ilk növbədə,
sosial sifarişə, mənəvi tələbata və əmək
bazarının tələbinə
uyğunlaşdırılmalıdır. Əgər uşaq
bağçasında və məktəbdə insanlar
övladları üçün təlim dili kimi dövlət
dili əvəzinə əcnəbi dillərdən birini
seçirlərsə, bunu özləri və övladlarının
gələcəyi üçün daha əlverişli və
perspektivli hesab edirlərsə, deməli, ölkənin təhsil
siyasətinə cavabdeh icra strukturları müvafiq elmi-metodiki
yanaşmaların tətbiqi və intellektualların cəlbi
ilə mövcud qanunvericilik
aktlarına söykənərək, istifadə olunan tədris
proqramlarına və resurslarına milli-mədəni məzmun
gətirməli, məktəbəhazırlıqdan və
ibtidai təhsildən başlanılmaqla bütün tədris
müəssisələrində dövlət dilinin
iştirakı ilə bilinqval təlim modelinin tətbiqinə
(yəni əcnəbi dillə yanaşı təlimdə
dövlət dilinin eyni həcmdə təmsil olunmasına)
şərait yaratmalıdır. Azərbaycan Respublikası
Konstitusiyasının, "Təhsil" və "Ümumi təhsil"
haqqında qanunların tələbinə, Milli Kvalifikasiya
Çərçivəsinin orta məktəb məzunları
üçün müəyyən etdiyi bacarıq və
kompetensiyalara uyğun olaraq, təlim qeyri-dövlət dilində
aparılan məktəb və siniflərdə Azərbaycan
dilinin tədrisi genişləndirilməklə yanaşı,
ölkə tarixinin, mədəniyyətinin,
coğrafiyasının öyrədilməsi şərti ilə
bərabər, ədəbiyyatımızın öyrədilməsi
məsələsi də vurğulanır. Bu isə həm də
ədəbiyyatın təlim dilində (rus, ingilis, fransız)
tədrisi kimi anlaşılır. Təəssüf ki, 2019-cu
ildə təsdiq olunmuş "Ümumi təhsil haqqında
qanun"un bütün oxunuşlarından keçmiş layihəsindən
dil, ədəbiyyat, mədəniyyət və tariximizlə əlaqədar
azərbaycanşünaslıq tədris materiallarının
dövlət dilində təqdim edilməsi tələbi
çıxarıldığından bu gün bu istiqamətdə
bizi qane edən müvafiq tədris resurslarının
yaradılması problemi ilə üz-üzə
qalmışıq. Konkret olaraq, Azərbaycan ədəbiyyatı
mətnlərinin orijinalın dilində öyrədilməsinin
vacibliyi ortaya çıxıb. Digər tərəfdən, bu
gün təlim dili adlandırdığımız əcnəbi
dillərlə paralel olaraq ədəbiyyatımızın
dövlət dilində təqdimatı təcrübəsi və
metodologiyası (hazırda şagirdlər Azərbaycan ədəbiyyatı
mətnləri ilə yalnız tərcümədə
tanış olurlar) məsələnin başqa bir aspekti kimi nəzərdən
keçirilməlidir. Vəziyyətdən
çıxış məqsədilə təlim əcnəbi
dillərdə aparılan ümumi orta təhsil müəssisələri
üçün Elm və Təhsil Nazirliyinə təklif
etdiyimiz bilinqval təhsil modelinin elmi-metodiki, linqvodidaktik əsasları,
tədris standartları və planları, müvafiq tədris
resurslarının yaradılması meyarları və
metodikası, eləcə də təlim dövlət dilində
aparılan tədris müəssisələrimizdə xarici
dillərin öyrədilməsi üçün əlverişli
yaş dövrünün (2-12 yaş), tədris
proqramlarının və planlarının təklif
olunması barədə əsaslandırılmış fikirlərimizi
2015-ci ildən başlayaraq, davamlı olaraq mətbuatda səsləndirmiş
və aidiyyəti üzrə müvafiq instansiyalara
ünvanlamışıq...
Yuxarıda
toxunduğumuz məsələlər, bəlkə də kiməsə
dilə və ədəbiyyata aid olmayan məsələ kimi
görünə bilər. Lakin dövlət dili və ədəbiyyatımızın
öyrədilməsi, xüsusən də əcnəbi dillərdə
aparılan təlimdə azərbaycanşünaslıq
materiallarının sistemsiz, müvafiq tədris standartları
müəyyən olunmadan təmsil edilməsi tələbi
mövcud qanunvericilik bazası ilə real tədris
situasiyası arasında böyük bir uçurumu üzə
çıxarır. Eyni zamanda, orta məktəbdə ədəbiyyat
fənn kurikulumunda, dərsliklərin tərtibatında elə
məsələlər var ki, onlar həm təlim dövlət
dilində olan, həm də qeyri-dövlət dilində
aparılan siniflər üçün səciyyəvidir.
E.Akimova öz məqaləsində
"Ədəbiyyat" dərsliklərinə daxil
edilmiş mətnlərin ideya-məzmun və bədii məziyyətlərinə
toxunur. Bəs həmin o aspektlərdə təlimi dövlət
və qeyri-dövlət dillərində aparan məktəblər üçün
hazırlanmış "Azərbaycan dili" dərsliklərində
təmsil olunmuş bədii mətnlərin tərbiyəvi və
linqvokulturoloji material kimi seçimi bizi qane edirmi? Mətnlər
müvafiq qrammatik və orfoqrafik qaydaların mənimsədilməsi,
məzmun xətlərinin, standart və alt-standartların tələbinə
uyğun bilik, bacarıq, vərdiş, səriştə və
kompetensiyalar əldə olunması üçün
tapşırıqların yerinə yetirilməsinə şərait
yaradırmı? Şagirdlərin
yaş səviyyəsinə uyğundurmu? İnsaf naminə
söyləmək lazımdır ki, təlimi dövlət
dilində aparan məktəblərimiz üçün
yazılan son nəsil "Azərbaycan dili" dərslikləri
(Rafiq İsmayılovun rəhbərliyi ilə müəllif
kollektivi) qrammatik biliklərin, düzgün oxu, yazı və
nitq vərdişlərinin bədii mətnlər əsasında
mənimsədilməsi, dil və ədəbiyyatın sıx
inteqrasiyası üzərində hazırlanır. Bu müasir
yanaşma və tərtibat prinsipinin məktəblərimizə
yol tapmasını mütərəqqi hal hesab etməklə
yanaşı, a) onun Azərbaycan dilinin dövlət dili kimi tədris
olunduğu siniflərdə, eləcə də bütün
tiplərdən olan məktəblərimiz üçün əcnəbi
dillər üzrə hazırlanan dərsliklərin
hamısında tətbiqini; b) eyni zamanda şagirdlərin
yaş xüsusiyyətinə və idrak səviyyəsinə
uyğun yığcam folklor və yazılı ədəbiyyat
nümunələrinin seçilməsini və ya
uyğunlaşdırılmış bədii mətnlərin
istifadəsini daha səmərəli hesab edirik. Deyək ki, V
sinif üçün "Azərbaycan
dili" dərsliyində müəlliflərin özləri tərəfindən
hazırlanan mətnlərin əksəriyyəti ətraf
mühitlə, respublikamızın tarixi, coğrafi və
turistik ünvanları, milli-mədəni dəyərlərimiz
ilə tanışlıq, ensiklopedik biliklər əldə etmək,
hətta ilk yardım göstərmək, şagirdlərin
şifahi və yazılı nitqinin zənginləşməsi,
səlisliyinin və ifadəliliyinin güclənməsi
nöqteyi-nəzərindən əhəmiyyət kəsb etməsi
şübhə doğurmur. Lakin bu dərslikdə qrammatik
tapşırıqların yunan miflərinin süjetləri,
M.Şəhriyarın "Heydərbabaya salam"ı,
M.Arazın "Göygöl"ü və s. ədəbi
nümunələr əsasında verilməsini daha faydalı
hesab edirik. Əsas məsələ həm də ondan ibarətdir
ki, bu tipli dərsliklər dil və ədəbiyyat dərslərinə
qoyulan əsas tələblərdən biri - dərsin 40 faizdən
az olmayan vaxtının bədii mətn üzərində
qurulmasına (hermenevtik yanaşma), məktəblilərdə
və gənclərdə ədəbiyyata marağın
artırmasına xidmət etsin.
4)
Qeyri-dövlət dillərində təlim dedikdə, ilk
növbədə, təlimin rus dilində
aparıldığı siniflər göz önünə gəlir.
Məsələ ondadır ki, bu sahədə məktəblərimizin,
fənn müəllimlərinin, tədrisin metodikası ilə
məşğul olan alimlərimizin və ETN-nin müvafiq
şöbələrində çalışan mütəxəssislərin
kifayət qədər təcrübəsi var. Bu istiqamətdə
tədrisin böyük ənənəsi olmaqla yanaşı,
həm də ictimai nəzarət, mətbuat da öz işini
görür. Araşdırmalarımız göstərir ki, tədrisi
ingilis dilində, müxtəlif tədris proqramları adı
altında aparan özəl məktəblərimizdə əksər
hallarda Azərbaycan dili həftədə 2 saat dövlət
dili kimi tədris edilməkdən savayı heç bir azərbaycanşünaslıq
tədris materialı yer almır. Bu məktəblərdə
yalnız dünya ədəbiyyatı kursu ingiliscə tədris
olunur və milli ədəbiyyatımız nəinki dövlət
dilində, heç ingiliscə də tədris edilmir. Son
zamanlar bəzi müəlliflərin eyni əsərin bilinqval
və polilinqval mətnlərini yaratma cəhdi (Kamran Nəzirli),
Yazıçılar Birliyinin və xüsusilə Səlim
Babullaoğlunun təşəbbüsü ilə ədəbiyyat
nümunələrimizin xaricdə ingiliscə nəşri təlim
ingilis dilində aparılan məktəblər
üçün ikidilli (Azərbaycan və ingilis dillərində)
tədris resursu yaratmağa imkan verir. Bu məqalədə
göstərilən məsələnin digər tədris-təşkilati,
pedaqoji və tərbiyəvi aspektlərinə toxunmasaq da,
aidiyyəti instansiyaların məsələyə münasibət
bildirməsini və reaksiya göstərməsini vacib
sayırıq.
Geniş
mənada götürsək, "Ədəbiyyat" fənn
kurikulumu uşaqlarda şifahi və yazılı nitq vərdişlərinin
formalaşdırılması, bədii mətnlərin ifadəli
və məqsədli oxunuşu, onlarda qoyulan mövzu, ideya,
problemlərə, hadisə və xarakterlərə şagirdlərin
obyektiv münasibət bildirilməsi, bu zaman yoldaşları
ilə dialoq qurma, digərlərinin fikrinə qarşı
dözümlülük nümayiş etdirmə,
yaradıcı münasibəti yazılı rəy, inşa,
esse şəklində ifadə etmə, mətnin bədii
xüsusiyyətləri barədə təsəvvürə
malik olma kimi vərdiş və bacarıqların
aşılanmasına, ədəbiyyat nəzəriyyəsi
üzrə minimum biliklərin mənimsədilməsinə
istiqamətlənib. Altstandartlar folklor nümunələrində,
müxtəlif janrlara aid ədəbi mətnlərdə bədii
ifadə vasitələrinin və onların funksiyasının
müəyyən olunması, monoloqlarda və dialoqlarda, təsvir
və xarakterlərin təhlili zamanı və yazı işlərində
həm yeni sözlərin, həm də metaforik ifadələrin
işlədilməsi ilə nitqin ifadəliliyinə, səlisliyinə,
axıcılığına və məntiqliyinə nail
olunması üçündür. V-IX siniflər
üçün "Ədəbiyyat" fənn kurikulumunu təhlil
edərkən, təbii ki, interaktiv dərsin xüsusən
motivasiya, tədqiqat sualları, yaradıcı tətbiqetmə
və refleksiya mərhələlərinin məhz bədii mətnlər
üzərində iş üçün, gənc nəsildə
ədəbiyyata marağın oyadılması, onların
kreativ, düşünən, təəssübkeş, vətənpərvər,
doğma yurda, elə bağlı, adət-ənənələrə
tanış və sayğılı, ətrafındakılara,
canlı aləmə, ekologiyaya diqqətcil, gəldiyi rəy və
qərarlarda qətiyyətli olmaları kimi cəhətlər
formalaşdırılması diqqəti cəlb edir. Ədəbiyyat
fənn kurikulumu, dərslik və müəllim
üçün metodiki vəsait fəndaxili və fənlərarası
inteqrasiyaya geniş yol açdığı üçün
bədiilik və informativlik cəhətdən uğurlu və
uşaqların yaş xüsusiyyətlərinə uyğun
seçilən nəsr mətnləri, ifadəli şeir
parçaları, portret və xarakterlər, mövzu və
münaqişə barədə dolğun təsəvvür
yarada bilən monoloq və dialoqlardan ibarət dramatik əsərlər
dərsləri əsl polemika meydanına çevirə bilir.
Əslində, əsərin müəllifi moderator
funksiyasını üzərinə götürmüş ədəbiyyat
müəllimi ilə birgə dərsin virtual qurucusuna
çevrilir. Yəni müəllif öz mətnyaratma
missiyası, bacarığı və istəyi ilə
böyük iş görür, tədris prosesinin
"iştirakçısı"na çevrilir.
Burada iki
məqam üzərində dayanaq. Birincisi, yuxarıda göstərilən
məzmun xətlərinə uyğun müəyyən olunan
standartlar və altstandartlar üzrə sinifdə iş aparmaq
məqsədilə bədii mətn seçmək
üçün imkanımız, müəlliflərimiz
varmı? Təbii ki, müəllif, mövzu və əsər
axtarışı da tədris proqramının tələbindən
irəli gəlir. Burada əsasən klassik ədəbiyyatımız,
məktəb proqramında oturuşmuş, tədris ənənəsi
olan müəllif və əsərlər köməyə gəlir.
Sovet dövrünə təsadüf edən, sosialist realizmi
metodunun məhsulu olan, lakin hələ də milli-mədəni
əhəmiyyətini saxlayan əsərlər arasından
müəyyən nümunələr seçmək də
mümkündür. Məsələn, 2022-ci ildə
işıq üzü görmüş VII sinif
üçün "Literatura" dərsliyində yer alan
Sabir Əhmədlinin "Pered vzlyotom" hekayəsi əsl
pedaqoqun (müəllifin məktəb müəllimi və
direktoru kimi fəaliyyəti mövzuya və obrazların
davranış, düşüncə tərzinə
yanaşmasında özünü göstərir) müəllim və şagird
münasibətləri, hamımıza ən xoş və
unudulmaz həyat təcrübəsi qazandıran məktəb
mühitinin canlandırılması, tərbiyəvi-psixoloji
problemlərin ciddi şəkildə qoyulması və həlli
mexanizminin göstərilməsi baxımından əhəmiyyətli
mətndir. Bəs ən yeni ədəbiyyatımız? Dərsliklər
üzərində 15-20 illik iş təcrübəmiz göstərir
ki, hazırda gündəmdə olan, şagirdlərin
müasiri hesab edilən və bu günün məsələlərini
işıqlandırmaqla, çağdaş dünya ədəbiyyatı
üçün xarakterik mövzulara müraciət etməli
və uşaq təxəyyülünü canlandıra bilən,
onu düşündürücü və təəccübləndirici
aləmlərə gətirən müasir bədii mətnlər
tapmaq çox çətindir. Ümumiyyətlə, məhsuldar
yaradıcılığı ilə gündəmdə olan, 5,
10, 15 cildlik əsərlər çap etdirən əksər
müəlliflərimizin - müasirlərimizin əsərləri
içərisindən bəzən məktəb
üçün mətn seçmək problemi var. Dərslik
müəllifi olaraq bunu etiraf etməkdən çəkinmirik.
Fikrimizcə, hansısa müasirimizin 50-100 ildən sonra kiminsə
onu başa düşəcəyinə ümid etmə
haqqı və ya "mən yazıram, oxucu məni başa
düşmürsə, bu, onun problemidir" rəyi yersizdi, o,
ilk növbədə, öz dövrü üçün
üzərinə yazıçı məsuliyyətini
götürüb. Burada xatırlatmaq istəyirəm ki,
müasir interaktiv dərsin ən azı üç mərhələsi
(motivasiya, yaradıcı tətbiqetmə, relaksiya) əsər
və müəllif seçimi zamanı bu meyarı ortaya
qoyur.
İkinci
məqam fənn proqramlarında hər hansı əsərdən,
o cümlədən şeirlərdən parçaların əzbərlənməsinin
tövsiyə olunmaması problemidir. Müəlliflərin
doğum və ölüm, əsərlərin yazılma tarixləri
ilə bağlı məlumatların dərsliklərə
salınması da arzu olunmur. Yəni fənn kurikulumlarında
belə bir tələb yoxdur. Bu məqamların test
tapşırıqlarının bilərəkdən çətinləşdirilməsinə,
uşaqların hafizəsinin yersiz yüklənməsinə
yol açdığı fikri ilə müəyyən qədər
razılaşsaq da, uşaqların şeir
parçalarını, folklor nümunələri və əsərlərdən
müəyyən təsvirləri yadda saxlamaq tələbinin
aradan qaldırılması bizə mübahisəli və məntiqsiz
görünür. Bu gün istənilən az-çox
tanınan ziyalımız klassik və müasir poeziyamızdan
əzbər söyləyə bilirsə, bu, təbii ki, ilk
növbədə, uşaqlıq, məktəb illərində
qazanılan uğur və şəxsiyyətə
başucalığı gətirən məqamdır. Əgər
kurikulum islahatı başlanandan insanlar bu qabiliyyətdən məhrum
edilibsə, gələcəyimizin şəxsiyyətləri
kimlər olacaq, onlar müxtəlif mövzulu məclislərdə
nə danışacaqlar, faktlara necə istinad edəcəklər?
Axı, şeir əzbərləmək istənilən yaş
dövründə həm də yaddaşın məşqidir.
Deyə bilərlər ki, əl telefonu və kompüter
bunların hamısını özü edəcək. Bəs ədəbiyyat
dərslərində bilik, vərdiş, bacarıq və səriştə
qazanmaq anlayışlarını necə başa düşək?
Fikrimizcə, şeir parçalarının əzbərlənməsini,
istinad üçün bədii mətnlərdən
parçaların yadda saxlanılmasını əzbərçilik
hesab etmək yanlış təsəvvürdür.
"Ədəbiyyat" fənn kurikulumlarındakı bu
boşluq aradan qaldırılmalıdır.
Yeri gəlmişkən,
fənn kurikulumu deyəndə, tədris proqramı və
standartları anlamı ağlımıza gəlir. Tədris
proqramının isə hər beş ildənbir təzələnmə
ənənəsi var (sonuncu "Təhsil qanunu"nda bu
müddət "5 ildən az
olmayaraq" kimi müəyyənləşdirilsə də,
2008-ci ildən istifadə olunan hazırki fənn
kurikulumları, o cümlədən, ədəbiyyat
proqramı ciddi suallar doğurduğu, mövcud tədris-təlim
situasiyası ilə uyğunsuzluq təşkil etdiyi üçün
təzələnməli, yeni məzmunlu dərsliklərin
yazılmasına şərait yaradılmalıdır).
Mövcud
boşluqlardan biri də siniflər üzrə janr məhdudiyyətidir.
Təsəvvür edin ki, poema, dram, povest janrlarına
müraciət yalnız səkkizinci sinifdən başlayaraq
mümkündür. Bu məhdudiyyət bəzən göstərilən
janrlarda yazılan əsərlərdən parçaların
belə istifadəsini istisna edir.
Yenilənəcək
ədəbiyyat proqramı üçün təkliflərimizdən
biri də tərcümə ilə yanaşı, qeyri-dövlət
dilində tədris aparılan siniflər üçün
yazılan dərsliklərdə folklor və yazılı ədəbiyyat
nümunələrinin orijinalın dilində verilməsidir.
Bunun şagirdlərin dövlət dilini mənimsəməsinə,
onlarda tərcüməçilik vərdişlərinin və
bədii mətnlərə yaradıcı münasibətin
formalaşmasına səbəb olacağı qənaətindəyik
(bu halda dərslərdə həm də yaradıcı tətbiqetmə
imkanları genişlənəcək).
Yuxarıda
göstərilən boşluqlar, ədəbiyyat fənninin məktəbdəki
funksiyasına, hər bir şagirdi, həm də gələcəyin
böyük şəxsiyyətlərini formalaşdıran fənnin
müvafiq standart və altstandartlarına hərfi yanaşma onun
uşaq təfəkkürünün,
dünyagörüşünün və təxəyyülünün
inkişafındakı rolunu azaltmış olur. Bir anlıq təsəvvür
edək ki, qədim yunan miflərisiz, Homerin "İliada"
və "Odisseya"sısız antik mədəniyyəti,
Nizaminin "Xəmsə"sisiz, Firdovsinin "Şahnamə"sisiz
Şərq Penessansı, Servantesin "Don Kixot"u, Dantenin
"İlahi komediya"sı, Şekspirin
"Hamlet"isiz Orta əsrlər
tarixi, H.Cavidin "Topal Teymur", "Siyavuş" faciələrisiz
türk tarixi, M.Şoloxovun
"Sakit Don" və "İnsanın taleyi" əsərlərisiz
Birinci və İkinci Dünya müharibələrinin, inqilab
və vətəndaş müharibələrinin dəhşətləri
barədə necə məlumatlı olmaq mümkündü?
Nə
quru tarixi faktlar, nə arxiv materialları M.Şəhriyarın
"Heydərbabaya salam"ı, B.Vahabzadənin
"Gülüstan"ı, S.Rüstəmxanlının
"Ölüm zirvəsi" və Elçinin
"Baş" romanları kimi bizə Cənubi Azərbaycan
sevgisini, parçalanmış Azərbaycan dərdini və
azadlıq eşqimizin ifadəsini təlqin edə, o
dövrün tarixi-siyasi mühitini dolğun şəkildə
canlandıra bilməz, heç bir siyasi proqnoz Anarın
"Ağ qoç, qara qoç"u kimi qəlbimizdə,
ümidlərimizdə və perspektiv planlarımızda birləşmiş
Vətən sevdasını təsəvvürə gətirə
bilməz. Yəni ədəbiyyat sadəcə bir tədris fənni
deyil. O, dünya tarixinin, mədəniyyət və incəsənət
salnaməsinin yaradılmasına stimul verən, insanı
öyrənən, insana və təbiətə sevgi
aşılayan universal məzmunlu tədris fənni kimi qəbul
olunmalıdır. Azərbaycan məktəblisi
üçün ədəbiyyat dərsləri "Kitabi-Dədə
Qorqud" və "Koroğlu" dastanlarının, C.Məmmədquluzadənin
"Anamın kitabı" pyesinin, Sabirin "Hop-hopnaməsi"nin,
C.Cabbarlının "Ölkəm", Ə.Cavadın
"Göy-Göl", M.Müşfiqin "Həyat
sevgisi", S.Vurğunun "Azərbaycan" və
M.Arazın "Azərbaycan - dünyam mənim" şeirlərinin
və neçə-neçə əsərlərimizin
yaşatdığı fərəh, acı və
düşündürücü hisslərdir. Ən müasir
texnologiyalar, robotlaşma, intensiv kompüterləşmə
dövründə bu fənnin təkcə ümumi orta təhsil
proqramlarında deyil, həm də ali təhsil səviyyələrində
təmsil olunması, şübhəsiz ki, məqsədəuyğundur.
Ədəbiyyat
fənn kurikulumu orta təhsilin səviyyələri və hər
bir sinif üzrə məlum məzmun xətləri əsasında
şagirdlərdə bilik, bacarıq və səriştə
formalaşdırmağı qarşıya məqsəd qoyur.
Eyni zamanda ümumi və tam orta təhsil səviyyələrini
bitirən məzunlar konkret kompetensiyalara malik olduqlarını
göstərməyi bacarmalıdırlar. Bu tələblər
öz yerində, amma istər milli ədəbiyyat olsun, istərsə
də xarici, ədəbiyyat tarixi, şifahi və
yazılı ədəbiyyatın janrları, ədəbi cərəyanlar,
yaradıcılıq metodları, ədəbi
anlayışlar, ədəbiyyat nəzəriyyəsi üzrə
terminlər, ədəbi portretlər - bütün bunlar
tarixi-xronoloji planda, ardıcıllıqla və sistemli şəkildə,
sadədən mürəkkəbə doğru təqdim
olunmalıdır. Bu, o demək deyil ki, biz tam orta təhsil səviyyəsində
ədəbiyyat kursunu tarixi-xronoloji ardıcıllıqla verməklə
altstandartlarla tələb olunan bilik, bacarıq və vərdişlərin
qazanılması tələbini arxa plana keçiririk.
Uşaqlarda
bədii oxuya həvəsin oyadılması və
artırılması, onlarda ifadəli, ardıcıl, məqsədli
oxu vərdişlərinin formalaşdırılması,
uşaq və gənclərin müxtəlif yaş dövrlərində
hansı əsərləri oxuması, dil dərslərində
qrammatikanın, orfoqrafiya və orfoepiyanın, leksika və
frazeologiyanın mənimsədilməsi üçün
seçilən və ya adaptə olunan bədii mətnlərin
istifadəsi, onlara təhlil etmə və mühakimə
yürütmə, hadisə və faktlara rəy bildirmə, təqdimat
etmə, dialoqa girmə bacarıqlarını
aşılamaqla, ədəbi təhsilin verilməsi dil və ədəbiyyat
üzrə fənn kurikulumlarında məqsəd kimi
qarşıya qoyulur. Ədəbiyyat fənninə münasibətdə
ədəbi anlayış və terminlərin öyrədilməsini
də bura əlavə etsək, şagirdlərin ədəbiyyat
nəzəriyyəsi üzrə biliklər qazanması ilə
bərabər, həm də yaradıcılıq potensialı
olan gənclərin istiqamətləndirilməsinə şərait
yaranar.
Hazırda
Azərbaycan məktəblərinin təlim dövlət və
qeyri-dövlət dillərində aparılan siniflərində
istifadədə olan ədəbiyyat fənn kurikulumları və
dərslikləri arasında müəyyən məzmun və
yanaşma fərqlərinin mövcudluğu da nəzərdən
qaçmır. Azərbaycan məktəblərində iki
ayrı-ayrı ədəbiyyat fənn kurikulumunun istifadədə olması, təbii
ki, ilk növbədə, təlim dövlət və
qeyri-dövlət dillərində aparılan siniflər
üçün hazırlanan dərsliklərin yazılma
metodikası və məzmununda özünü göstərir.
İstər əvvəlki illər, istərsə də son 4
il üçün (dərsliklər hər dörd ildənbir
yenilənir) ədəbiyyat fənni üzrə tədris
resurslarının müqayisəsi ciddi fərqlər aşkar
etməyə imkan verir:
1. Təlimi
dövlət dilində aparan məktəblər
üçün yazılmış dərsliklər
"Ədəbiyyat" adlandırılsa da, burada 90-95 faiz
milli, 5 faiz həcmində isə dünya ədəbiyyatı
(daha çox təkrar-təkrar verilən bir xarici müəllif)
təmsil olunub. Deməli, fənn proqramının və dərsliyin
adı ilə məzmunu arasında fərq yaranır. Elə
isə Azərbaycan dilində 150 cildlik "Dünya ədəbiyyatı
kitabxana"sının yaradılmasına, məktəb
kitabxanalarına hədiyyə olunmasına nə ehtiyac
vardı? Təlim qeyri-dövlət dilində (rus dili)
aparılan siniflərdə istifadə olunan dərsliklərdə
Azərbaycan ədəbiyyatı 50 faizdən çox, rus və
dünya ədəbiyyatı nümunələri isə təxminən
40-45 faiz təmsil edilib ki, bu da fənnin məqsəd və vəzifələrinə
tam uyğundur. Digər qeyri-dövlət dillərində təlim
aparan məktəblərimizdə ədəbiyyatın tədrisi
mənzərəsini vermişdik. Müvafiq icra orqanları
"Təhsil haqqında qanun"un 6-ci maddəsini rəhbər
tutaraq (6.2 - tədris proqramlarında "milli və ümumbəşəri
dəyərlər"in nəzərə alınması tələbi),
ölkəmizin ərazisində fəaliyyət göstərən,
Azərbaycan vətəndaşlarını təhsilə cəlb
edən məktəblərin nəinki ədəbiyyat, həm
də digər fənn proqramlarında azərbaycanşünaslıq
materiallarının təmsil olunması problemini təcili həll
etməlidir.
2. Təlimi
dövlət dilində aparan məktəblər
üçün yazılmış IX-XI sinif dərslikləri
fənn kurikulumu ilə müəyyən olunan məzmun xətləri,
standart və altstandartlar üzrə hazırlanmaqla bərabər,
tarixi-xronoloji prinsip əsasında yazılıb. Bu tədris
resursları milli ədəbiyyatı sistemli şəkildə,
əvvəlki dövrlərin ənənəsi ilə təqdim
etməyi bacarır. Bu fikri təlim qeyri-dövlət dilində
aparılan yuxarı siniflər üçün
yazılmış son nəsil dərsliklər (2019-2022-ci illər)
barədə söyləmək çətindir. Burada bir
sistemsizlik var. 2011-2017-ci illər ərzində
hazırlanmış "Literatura" dərsliklərinin əksəriyyəti
alternativsiz tədris resursu kimi həm bu cəhətdən, həm
milli ədəbiyyatın təqdim olunması, həm də
digər elmi-metodiki aspektlərdə tələsik, ciddi
ekspertiza rəyindən kənar hazırlanmış tədris
vəsaitləri təəssüratı yaradır.
Keçən
il istifadəyə verilmiş X sinfin "Literatura" dərsliyi
(2022, müəllif Sevinc Hüseynova) daha çox təəccüb
doğurur: tarixi-xronoloji prinsip bir yana, hətta mövzular
üzrə fəsillərə yerləşdirilmiş müəlliflərin
və əsərlərin ardıcıllığı məntiqsiz
görünür. 2-ci fəsildə U.Şekspirin
"Hamlet"i N.Gəncəvinin "İskəndərnamə"sini,
F.Dostoyevskinin "Cinayət və cəza"sı
A.Puşkinin "Elegiya"sını qabaqlayır. 3-cü fəsildə
A.Çexovun "İonıç"ını, M.F.Axundzadənin
"Aldanmış kəvakib"ini, A.Ostrovskinin "Cehizsiz gəlin"ini,
E.Ponun "Kütlə adam"ını janr, ideya-mövzu və
ədəbi tip cəhətdən birləşdirən nə
var? Təəssüf ki, göstərilən müəllif tərəfindən
bu il çapa hazırlanmış 11-ci sinif üçün
"Literatura" dərsliyi də eyni təəssürat
bağışlayır. Bu iki dərslik nə Azərbaycan, nə
rus, nə də dünya ədəbiyyatının inkişaf
mərhələləri barədə şagirddə fikir
formalaşdırmır. Təlim dövlət dilində
aparılan məktəblərimiz üçün X-XI siniflərin
"Ədəbiyyat" dərsliklərini (2019-2022, müəlliflər
İsa Həbibbəyli, Soltan Əliyev, Bilal Həsənov,
Aynur Mustafayeva) bu mənada uğurlu hesab etmək olar. Burada Qədim,
İntibah, Orta əsrlər, Yeni dövr ədəbiyyatı,
Maarifçi realizm, Tənqidi realizm və romantizm, Sovet
dövrü, Milli özünəqayıdış mərhələsi
üzrə müəllif və əsərlərin seçimi
ədəbiyyatımızın ardıcıl inkişaf və
təkamül mərhələlərinə uyğundur. Bu isə
şagirdlərdə ən azı milli ədəbiyyatın
inkişaf mərhələləri barədə dolğun və
sistemli təsəvvür yaratmağa xidmət edir.
3. Təlim
dövlət dilində aparılan məktəblər
üçün dərsliklərdə təmsil olunan müəllif
və əsərlərin seçimində konkret yanaşma nəzərdən
qaçmır. Burada müəllif və əsər
seçimi prinsipinə professor Bəşir Əhmədovun
"Ana sözü" jurnalına (1991, ¹ 9-10) verdiyi
müsahibədən bir fikirlə istinad etmək istərdik: "Ən kamil sənətkarların
ən kamil əsərlərini seçib tədris etmək,
yerdə qalanları müstəqil öyrənməyi
tapşırmaq lazımdır".
Bu mənada qeyri-dövlət dilində tədrisi aparan
siniflər üçün dərsliklərin müəyyən
bir qismində müəllif və əsər seçimi
meyarları gözlənilməyib. Bu, fənn kurikulumu tətbiq
olunandan sonra yazılan dərsliklərdə daha çox
müşahidə olunur. Yəni şagirdə bilik,
bacarıq, vərdiş qazandırmaq adı ilə
mövzu-ideya, tərbiyə məsələləri arxa plana
keçirilir. Məktəbdə "Ədəbiyyat" fənninə
təlim-tərbiyə prosesinin tərkib hissəsi kimi baxmaq
lazımdır. Əhməd Ağaoğlunun "Mən kiməm?"
başlıqlı yazısında demokratik cəmiyyətlərin
formalaşmasında, müstəqil düşüncəli
şəxsiyyətlərin yetişdirilməsində ədəbiyyatın
da roluna toxunulur. Burada belə bir fikir diqqəti cəlb edir:
"Tərbiyədən danışarkən bu məfhumu
çox geniş mənada anlamaq lazımdır. İnsan ruhuna
təsir göstərən bütün amillər nəzərə
alınmalıdır. Ailə, məktəb, ədəbiyyat, sənət,
fikri və hissi cərəyanlar - bir sözlə, sadalanan
hamısı tərbiyəyə daxildir" (Mən kiməm?,
Bakı, 2019, s.48).
4. Təlim
dövlət dilində aparılan məktəblər
üçün dərsliklərin çatışmayan cəhəti
bədii mətnlərə az yer verilməsindədir. Mətnlər
çox yığcam, ixtisarla verilir, bu kitablar daha çox
metodiki vəsait rolunu oynayır, halbuki, paralel olaraq, həm də
"Müəllim üçün metodiki vəsait"
yazılır. Siniflər üzrə müntəxəbatların
olmadığı bir halda dərslikləri metodiki göstərişlərlə,
sxem və cədvəllərlə doldurmağa lüzum
görmürük. Təlim qeyri-dövlət dilində
aparılan siniflərin dərsliklərinin daha çox şəkilli,
reklam xarakterli jurnalları xatırlatması da gözdən
yayınmır.
5. O fikirdəyik
ki, bütün ədəbiyyat dərsliklərində müəllif
və əsər sayı ilə illik tədris materiallarına
ayrılan dərs saatları arasında tərs mütənasiblik
müşahidə olunur. Verilən sual və
tapşırıqların sıxlığı nəzərdən
qaçmır. Mövzuların, mətnlərin qaçaraq
öyrədilməsi (əsasən 1 dərs saatı
ayrılmaqla) dərsdə qoyulan məqsədlərə nail
olmağa imkan vermir.
6. Burada
bir məqamı da vurğulamaq vacibdir. İcbari təhsil ümumi orta təhsillə
yekunlaşdığı üçün biz IX sinfi bitirənlərə
də attestat veririk deyə, fikrimizcə, VIII və IX siniflərin
"Ədəbiyyat" dərsliklərinin tərtibində də
tam orta təhsilin (X-XI sinif) dərsliklərində olduğu
kimi, tarixi-xronoloji prinsip gözlənilməlidir. Yəni
müvafiq bilik, bacarıq və səriştə öz yerində,
ümumi təhsil üzrə məzun həm də ədəbiyyat
barədə sistemli biliyə malik olmalıdır. Təbii ki,
bu iki təhsil pilləsində verilən tədris
materialları bir-birini təkrar etməməlidir. Dərsliklərin
bir seriya olaraq oturuşmuş müəllif kollektivləri tərəfindən,
konkret konsepsiya əsasında hazırlanmasını
düzgün yanaşma hesab edirik. Bu mənada təlim dövlət
dilində aparılan məktəblər üçün
"Ədəbiyyat" dərsliklərini təkmil hesab etmək
olar, çünki VIII-IX siniflərin dərslikləri də fənn
kurikulumunda vurğulanan məzmun xətləri, standartlar və
altstandartlar, interaktivlik, fəndaxili və fənlərarası
inteqrasiya və s. tələblər gözlənilməklə
milli ədəbiyyatın inkişaf mərhələlərinə
uyğun tarixi-xronoloji prinsip əsasında
hazırlanmışdır. Ümumi orta və tam orta təhsilin
son siniflərinin "Ədəbiyyat" dərsliklərində
təmsil olunan ədəbi janrların seçimi sual
doğursa da (fikrimizcə,
kurikulumun tələbinə uyğun, VIII və IX siniflərdə
irihəcmli janrlarda əsərlərin verilməsinə məhdudiyyət
qoyulmamalıdır),
bütövlükdə bu dərsliklər təhsil pillələri
üzrə məzunlar üçün müəyyən edilən
kompetensiyaların qazanılmasına imkan verir.
Layihə
rəhbəri və həmmüəllif olaraq, təlim
qeyri-dövlət dilində (rus dilində) aparılan siniflərlər
üçün hazırladığımız
"Literatura" dərsliklərində (2019-2023-cü illərdə,
V-VIII siniflər üçün, həmmüəlliflər
İlahə Carçıyeva, Bahar Bağırlı, Tatyana
Biriç) yuxarıdakı müqayisədə üzə
çıxan çatışmazlıqlardan qaçmağa
çalışmışıq. Çünki əvvəlki
illərdə ənənəvi tədris proqramları əsasında
7, 8, 11-ci siniflər üçün yazdığımız
və təkrar istifadə üçün təkmilləşdirdiyimiz
"Literatura" dərsliklərində (2006-2017) milli ədəbiyyatımızın
dünya ədəbiyyatı kontekstində təqdim
olunması təcrübəsi uğurlu aprobasiyadan
keçmiş, şagirdlər və fənn müəllimləri
tərəfindən bəyənilmişdi.
Göstərilən
məqamların nəzərə alınması təkcə
bir fənn kimi "Ədəbiyyat"ın tədrisinin
yaxşılaşdırılması ilə bağlı deyil.
Biz dil və ədəbiyyat dərsliklərimizdə şifahi
və yazılı ədəbiyyat nümunələrimizin təmsil
və təqdim olunması, onların ideya-mövzu, bədii, həm
də tərbiyəvi funksiyası barədə əhatəli
şəkildə düşünməliyik.
Telman
VƏLİXANLI (Cəfərov)
Ədəbiyyat
qəzeti.- 2023.- 8 iyul.- S.14-16.