Həyat fəlsəfəsindən insan

tənhalığına doğru poetik gəzişmələr

 

Vahid Məmmədlinin şeirləri barədə

 

Vahid Məmmədlinin şeir yazdığını hamıdan əvvəl mən bilirdim. 45 il əvvəl. O zaman biz ayrı-ayrı rayonlarda orta məktəb şagirdləriydik. 1978-ci ilin 28 yanvarında Sumqayıtda maestro Niyazinin münsiflik etdiyi musiqi festivalında tanış olmuşduq.

...Sonralar romanlarını oxudum, hətta "Palıda sarılmış üzüm" romanı "Ədəbiyyat qəzeti" yayınları" seriyasından işıq üzü gördü.

Bu yazı isə Vahid Məmmədlinin şeirləri barədədir. Daha doğrusu, "Ədəbiyyat qəzeti"nin fevral saylarından birində dərc etdiyimiz "Amerika silsiləsi" barədə.

"Medelin gecələri", "Medelində artıq bahardır", "Azadlıq", "Yuxu", "Siqaret" şeirlərində cərəyan edən poetik sayrışmalar sərbəst şəkildə bütün müstəvilərə - Amazonda quş qonmayan budaqdan torpağı günəş görməyən meşəyə, bircə anlıq həzzdən əbədiyyətə, "armud qızlardan" "alma kişilərə", qara gecədən müqəddəs yaşıla və son siqaretdən tənhalığa rahatca keçid ala bilir.

Vahid Məmmədlinin şeir dünyası fərqli intibalar doğurur. Bu şeirlərdə məkan bəzən ekzotikdir, düşüncələri bəzən ezoterik səciyyə daşıyır, nəsrindəki təsəvvüf şeirlərinə eşlik etməsə də, o, fərqli dünyaların estetikalarını yaratdığı mətnlərin məhvərində bir araya gətirə bilir və bu, Azərbaycan şeiri üçün maraqlı hadisədir. "Medelin, gecələrin çox qaranlıq / Ulduzdurlar - səpələnib / göylərinə armud qızlar... / Alma kişilər ağı deyirlər / qısa ömrə. / Həzzə bax / bircə anlıq..."

Bu şeirlərdə rənglərin valyoru da gözlənilməz mənalar ifadə etmək gücündədir. Vahid Məmmədli bəzən sözlərin vasitəsi ilə deyil, rənglərin dili ilə danışır. Təsvir etdiyi mövzunun çalkeçidlərini kontraslarla aydınladır. Şeirlərində bir-birinin ardıyca fərqli estetikaları dövriyyəyə qatır...

 

Ay işığı süzülür

süd kimi.

İkimiz ağladıq

bulud kimi

Sən mənə sarıldın

mən sənə

dünya

oyanlıqdır,

bu yanlıq

Medelin, gecələrin çox qaranlıq.

 

Elə "Azadlıq" şeirində də belədir. Bu şeirdə gözəl anlayışının tipi, cizgiləri dəyişdirilir, gözəllik barədə düşüncəyə yeni məna gətirilir. Antik çağın "Gözəllik harmoniyadır", yaxud Hz. İsanın "Günahsızlar gözəldir" düsturu ilə başlayıb, intibah dövrünün "Gözəl - tamaşadır" təlimindən keçən, hətta Çernışevskinin "Gözəl həyatdır" fəlsəfəsi ilə davam edən yol "Gözəl - azadlıqdır", yaxud "azadlıq - gözəldir" duracağında tamamlanır. Azadlıq cənnət hurisidir. Azadlıq buludların üstündə qərar tutan mələkdir. Bütün yer üzü, hətta yerin süxurları belə o mələyə qovuşmaq üçün buludların fövqünə dartınır:

 

İnsanların ümidləri

göyərərək

əlləridir ağac olub

uzanırlar göylərədək...

 

"Azadlıq" şeirinin mərkəzinə, şeirin məkan trayektoriyasının ən uca yerinə - buludların üstünə gətirilmiş mələk - cənnət hurisi şair fəhminin deyil, sənət fəlsəfəsi barədə dərin elmi anlayışın misralara yansıtdığı obrazdır:

 

İztirabla dolu heyhat,

o mələyə gedən yoldur

əsl həyat...

Şirin yuxu, böyük vüsal,

qəhrəmanlıq...

Kimdır axı gözəllərin ən gözəli? -

Huri-cənnət...

Azadlıqdır, Azadlıqdır, Azadlıq...

 

Təşbeh də, təkrir də gözlənilməzdir və yenidir...

Vahid Məmmədli bunu həm də çəkdiyi "Ümumdünya toru" kimi sürreal tablosunda - torun arxasından görünən kosmik panoramda da əks etdirib.

"Yuxu" şeirində rəngarəng işıqların, bəlkə də göyqurşağının qoynunda - mistik yuxuların içində sarısaçlı bir körpə və ağsaçlı bir qoca sayrışır. Körpə zamansızlıqdan keçir. Tanrı o körpəni də, onun gedəcəyi uzun yolların sonunu da nura qərq edib...

 

Sonra böyümüş gördüm

o sarışın körpəni:

Bir əlində qılınc,

birində dünyanın məhvəri -

mənsizlərdən,

            mənasızlardan təmizləyirdi

nura qərq etdiyi

qədim şəhəri...

 

Vahid Məmmədlinin sürreal obrazlarla süslənmiş poetik mətnləri, xüsusən "Yuxu" şeiri bir röyanın içinə sıxılmış ömrün hekayəti, bəlkə də dünya kədəridir. Şeirdə nə keçmiş, nə indi, nə də gələcək zaman var. Şeir bütöv zamanın içində cərəyan edir, röya kosmosla insanın birləşdiyi məkandır. Və bu hekayət bir əlində qılınc, bir əlində dünyanın məhvərini tutmuş ağ atın belindəki sarısaçlı körpənin ağ işığın içində ağsaçlı qocaya deyil, əksinə, ağsaçlı qocanın sarısaçlı ağ atlı körpəyə keçidi şəklində davam edir. İşıq işığa qovuşur. Dairə qapanmır və zaman bölünmür... Zaman davam edir.

Əslində, dünyanın məhvəri həyatın fəlsəfəsi barədə pritça təsiri bağışlayan bu şeir poetik sufi mətni təəssüratı yaradır.

Burda onu da qeyd etməyi zəruri bilirəm ki, Vahid Məmmədlinin irfanla postmoderni çulğaşdıran "Leyli və Məcnun" romanında da təsəvvüf poetikası bütün mətnə hakimdir. Suyun üzərində aram-aram rəqs edən su dərvişləri... qanada çevrilən qollar... Qum Leyli, qum qayıq... Rəqs edən çinar ağacları, bütün sevgililərin dərd ortağı həmişəyaşar Ana ceyran..

Vahid Məmmədli sıradan, adi predmetləri öz ekzistenisyasının, həm də öz tənhalığının ifadə vasitəsinə çevirməyi bacarır. "Siqaret" şeirində olduğu kimi...

Bu şeirlər xüsusən, ədəbi-estetik cərəyanlar müstəvisində yeni poeziyamız barədə düşünmək üçün geniş imkanlar yaradır.

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.17.