Şirinli, acılı xatirələr
Yazıçıların öz ömür yolları, yaşadıqları həyatın
acılı-şirinli həqiqətləri
barədə avtobioqrafik
səpkidə əsərlər
yazması ədəbiyyatımızda
xüsusi bir səhifə təşkil
edir və biz bu qiymətli səhifənin get-gedə
zənginləşdiyinin şahidi
oluruq. Avtobioqrafik əsərlər yazçı
ömrünün salnaməsidir
desək, səhv etmərik. Öz bədii əsərləri
ilə minlərlə
oxucuya estetik zövq aşılayan yazıçının öz
həyatı və ömür yolu da elə o bədii əsərlərin qəhrəmanları
kimi maraqlıdır. Dünya ədəbiyyatında
yazıçı-qəhrəman obrazları ilə azmı qarşılaşmışıq?
Mən Xalq yazıçılarımız Mirzə İbrahimovla, Əzizə Cəfərzadə
və Elçinlə,
Xalq şairi Süleyman Rüstəmlə,
Musa Yaqubla müxtəlif
illərdə apardığım
müsahibələrdə, onların yaradıcılığı
ilə bağlı məqalələrimdə bu
sənətkarların həyatı,
ömür yolu barədə söz açmışam və gözlərim qarşısında
elə hadisələr,
lövhələr canlanıb
ki, o yazıçıları sanki təzədən tanımışam, kəşf
etmişəm.
Yazıçı-publisist Qafar Cəfərli "Ömür
yolu. 65 ilin işığında" adlı
avtobioqrafik bir roman yazıb və mənim üçün Qafar Cəfərlinin təkcə nəsr əsərləri deyil, onun özü də bir insan
və yazıçı
kimi böyük maraq doğurub. Qafar Cəfərli Azərbaycan Yazıçılar
Birliyi Lənkəran bölməsinin sədridir.
Cənub rayonlarında
fəaliyyət göstərən
bütün qələm
sahibləri burada toplaşır, keçirilən
ədəbi müzakirələrdə
fəal iştirak edir, öz əsərləri
barədə ilk təəssüratları
ilə tanış olurlar. Mən bir neçə dəfə həmin müzakirə və tədbirlərin iştirakçısı
olmuşam, açığını
deyim ki, Lənkəranda
əsl qaynar ədəbi mühitlə
qarşılaşdım və
bu barədə "Azərbaycan" jurnalında
"Lənkəranın söz
havası" adlı
geniş yazı ilə çıxış
etmişəm (¹ 7-8). Ona görə
də təfərrüata
varmıram.
Qafar Cəfərli öncə qeyd etdiyim kimi
yazıçı-publisistdir. Xalq yazıçısı
Çingiz Abdullayevlə
yanaşı, hal-hazırda
detektiv janrda əsərlər yazan qələm sahibləri arasında seçilir, fərqlənir. "Günahsız
mələk", "Namus
yarası", "Gecənin
lal fəryadı"
və s. povestləri,
hekayələri ilə
oxucular yaxşı tanışdırlar. O, Birinci
Qarabağ müharibəsinin
iştirakçısı olub,
"Tanrının göz
yaşları" romanı
da bir müharibə veteranının müşahidələrini
əks etdirir.
"Ömür yolu" avtobioqrafik romanı bir insan və
yazıçının xatirələr
dünyasını gözlərimiz
qarşısında canlandırır
və açığını
deyim ki, onun keçirdiyi hisslər, başına gələn hadisələr, iyirmi ildən artıq hüquq-mühafizə sistemində
fəaliyyəti zamanı
çətin və mürəkkəb olaylarla,
cinayət hadisələri
ilə üz-üzə
gəlməsi, ancaq bütün bunlarla yanaşı, ədəbiyyata
sevgisi bir an belə səngiməyən
bir insanın həmin o xatirələr dünyasının acılı-şirinli
hekayətləridir.
Qafar Cəfərlinin bu avtobioqrafik romanını geniş təhlil etmək niyyətində deyiləm, amma əsərdə nəzərə
çarpan bəzi məqamlara və müəllifi bir insan və yazıçı
kimi səciyyələndirən
məsələlərə diqqət yetirirəm.
Roman Vətənə - Azərbaycana
sevgilərlə başlayır.
"Vətən deyib
qürur duyduğum bu torpağın adı Azərbaycandır".
Amma "Vətən həm
də yaşadığın
şəhərdən, rayondan
başlanır". Təzə
deyil bu ifadə, Dağıstan şairi Rəsul Həmzətov da belə bir etiraf etmişdi
ki, Vətən mənə
doğulduğum auldan
başlayır. Əlbəttə,
hər hansı yazıçının belə
düşünməsi təbiidir
- dünyaya göz açırsan, sənə
doğma olan kəndini, o kəndin təbiətini, insanlarını
görürsən. Qafar
Cəfərli elə bir diyarda doğulub
ki, o diyar Azərbaycanın
nadir təbiət möcüzələrindən
biridir - "Bu füsunkar
diyarı Lənkəran
deyib çağırırlar".
Lənkərandan söz
düşəndə həmişə
unudulmaz şairimiz
Camal Yusifzadənin bu şeirini xatırlayıram:
"Gözü yaşlı,
Buludu kövrək, Yatağı nəm, Mənim İslanmış,
Yaşıl, Zərif
nanəm". Və Qafar Cəfərlinin dünyaya göz açdığı Viyən
kəndi Talış dağları ilə Xəzər dənizi arasında yerləşən
bir məkandır. Qafar Cəfərli bu kəndin adının mənasından
tutmuş qədimdən
üzübəri bütün
tarixini araşdırır.
Yazır ki: "Oykonim
talış dilində
"söyüdlük" mənasını verən
"viyə" sözündən
götürülüb. Adının
"Ve yane" sözündən götürüldüyünü
ehtimal edənlər də vardır. Bu oykonim talış dilində "ve" (çox) və "yane" ("kənar")
sözlərinin birləşməsindən
əmələ gəlib",
çox kənarda olan kənd" mənasına uyğundur".
Qafar Cəfərli doğulduğu
kəndlə bağlı
tarixdən gələn
mənbələrə müraciət
edir, Viyən kəndi ilə bağlı Milli Tarix arxivində olan sənədlərə göz
gəzdirir. Bu işdə
ona tarixçi-şəcərəşünas
Rəzzaq Xansuvarov yardım edir. Məlum olur ki, balaca bir kənd
olsa da Viyənin adı Knyaz Bulqakovun 1817-ci il tarixli rəsmi raportunda, Lənkəran qaziliyinə
aid əlyazmalarda, Səidəli
Kazımbəyoğlunun "Cəvahirnameyi Talış"
tarixçi-etnoqrafik təzkirəsində
qeyd edilib. O, Viyən kəndinin ən yaşlı sakinlərindən olan -
1932-ci il təvəllüdlü İsmayıl Həsənovun
da dediklərinə biganə
qalmır. "İsmayıl
Həsənovun dediyinə
görə Viyən kəndinin bünövrəsi
təxminən 1600-cü illərin
əvvəllərindən qoyulub".
Daha sonra Q.Cəfərli bu kəndin XX əsrdə keçdiyi və əksər Azərbaycan kəndlərinə
məxsus olan yaxın tarixini vərəqləyir, onun Vətən müharibəsi
illərində və
ondan sonrakı illərdə necə inkişaf etdiyini nəzərə çarpdırır.
Unudulmayan viyənliləri
yada salır. Qarabağ
torpaqlarının erməni
və rus işğalçılarından azad edilməsi uğrunda gedən müharibələrdə qəhrəmanlıq
göstərən oğullardan
söz açır.
Bu, bir yazıçının
öz kəndinə, elinə-obasına, doğulduğu
torpağa necə bağlandığını sübut
edir. Və bizi Qafar Cəfərlinin
yazıçı olana
qədər keçdiyi
həyat yolu daha çox maraqlandırır. Əlbəttə,
yazıçılarımızın bir çoxu başqa peşə sahibləri olmuşlar, bəziləri elə başqa peşə sahibi ola-ola bədii əsərlər yazıb,
bəziləri isə
sonradan ədəbiyyata
meyl göstəriblər.
Qafar Cəfərli həm birincilərdən,
həm də ikincilərdəndir. Belə
ki, o, 28 il xidmət etdiyi
hüquq-mühafizə orqanlarında
işləyərkən oçerklər,
hekayələr yazmış,
amma yazıçı
kimi o qədər də tanınmamışdı.
Amma ikimininci illərdə,
polis mundirini əynindən
çıxardandan sonra
illər boyu müşahidə etdiyi hadisələri hekayələrə,
povestlərə gətirdi.
Qafar Cəfərli 65 yaşı
ərəfəsində özüylə
müsahibə aparır,
özünə 65 sual
verir və əlbəttə, bu üsul da yeni deyil, amma hər bir
müəllifin dünyaya,
gerçəkliyə, insanlara
və xüsusən də ədəbiyyata münasibətində maraqlı
məqamlar meydana çıxır. Və təbii ki, verilən cavabların nə dərəcədə həmin
müəllifin həyatı
və şəxsiyyəti
ilə bağlılığı
diqqəti cəlb etməlidir. Həm də bu sual-cavab
yazıçının həyatı
ilə bağlı bilmədiyimiz çox şeyləri aşkarlayır.
Məsələn, belə
bir sual: "Yazıçı olaraq
ilk kitabın 57 yaşında
işıq üzü
gördü. Gecikmədin
ki?" Cavabı belədir:
"Əslində, uşaqlıqdan
sözə, sənətə,
ədəbiyyata olan sevgi ürəyimin ən uca və
dərin yerində
özünə yuva qurmuşdu. Bu sevgini mütəmadi olaraq ağ varaqlara köçürmüşəm. Sonrakı illərdə, tələbəlikdə, dövlət
işində olanda bu sevginin sübutları
müxtəlif qəzet
və jurnallarda əks olunsa da, etiraf edim ki, bu, təsadüfi və qeyri-sabit olub. Təqaüdə çıxandan sonra həyatımın yeni səhifəsi
açıldı və
yazmaqla daha ciddi məşğul olmağa başladım. Doğrudur ki, ilk kitabım
57 yaşımda işıq
üzü görsə
də bunu fəlakət hesab etmirəm". "Özünü
xoşbəxt hesab edirsənmi?" sualına
cavab verir ki: "Bu ömrü və bu günləri yaşadığım üçün
xoşbəxtəm".
Qafar Cəfərlinin bir xoşbəxtliyi də ondan ibarətdi ki, onu bir yazıçı
kimi etiraf edənlər və qiymətləndirənlər az
deyil. Həyat yolu və yaradıcılığı
haqqında monoqrafiya
da yazılıb - müəllifi
tanınmış ədəbiyyatşünas
Allahverdi Eminovdur. Allahverdi müəllim yazır: "Qafar Cəfərli həyat adamıdır, - desəm,
yanılmaram. Həyat
onun üçün hərəkət və mübarizədir". Şair
Elçin İsgəndərzadə
isə yazır: "Qafar müəllimin xüsusi təşkilatçılıq
bacarığı ilə
Lənkəran bölməsində
mütəmadi olaraq bölmədə ədəbi
vəziyyətin müzakirəsinə
həsr olunmuş tədbirlər keçirilir
və bu tədbirlərdə Lənkəran,
Masallı, Yardımlı,
Lerik, Astara rayonlarının qələm
adamları dəvət
olunmaqla həmin rayonlardakı ədəbi
vəziyyət geniş
təhlil olunur". Qafar Cəfərlinin yaxın dostlarından biri - AYB Şəki bölməsinin sədri -
şair Vaqif Aslanı dinləyək:
"Qafar Cəfərli
ilə üzbəüz
tanışlığım "Vaqif poeziya günləri"ndən
başladı. Səmimiyyət
və istiqanlığı
ilə insanlara doğmalıqdan xəbər
verən bu insanın içindən doğan Günəş üzündə və baxışlarında şəfəq
verib təbəssümündə
dalğalanıb yayılırdı.
Hamı ona hörmət və ehtiramla yanaşırdı.
Mənə elə gəldi ki, bu sadə və səmimi insanı lap çoxdan tanıyıram".
Yeri gəlmişkən
qeyd edim ki, mən də "Vaqif poeziya günləri"nin
hər ikisində
(2021 və 2022-ci illərdə)
iştirak etmişəm
və Qafar Cəfərli ilə Vaqif Aslanın bir-birindən ayrılmadıqlarının,
həmişə bir yerdə gəzib-dolandıqlarının
şahidi olmuşam. Deməli, həqiqi dostluq üçün uzun illər lazım deyilmiş. Nəhayət, mən Qafar Cəfərlini hər gün görən, bölmənin
ədəbi məsləhətçisi
Ağamir Cavada müraciət edirəm:
"Onun yaradıcılığı
təkcə detektiv əsərlərdən ibarət
deyildir. Xüsusilə,
son illərdə o, müxtəlif
həyati mövzulara müraciət etmiş və uğur qazanmağa nail olmuşdur".
Avtobioqrafik romana əlavə
olunan bu rəylər lap yerinə düşür və Qafar Cəfərlini daha yaxşı tanımağa kömək
edir. Xüsusilə Əbülfət Mədətoğlunun
məqalə-müsahibəsində Qafar Cəfərli obrazı, onun bir insan kimi
keçdiyi həyat yoldu daha dolğun
işıqlandırılıb.
Qafar Cəfərli iki bədii filmə də çəkilib və maraqlı rollarla yadda qalıb. Amma
o, həyatda öz rolunu - yazıçı Qafar Cəfərli obrazını mükəmməl
icra edir.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 8 iyul.- S.18.