Filologiya elmləri doktoru, yazıçı
Baba Babayevin dünyasını dəyişməsinə
ağı
"Süleymana qalmayan dünya heç kimə qalmaz!" deyimi bütün zamanlarda təkrarlanacaqdır!
Həmin
gün Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna
işə gəlməyimə
peşman oldum. Dəhlizdə tanınmış
dilçi alim, professor, Əməkdar
elm xadimi Qəzənfər
Kazımov mənə
"Baba müəllimə nə oldu?" sualını verdikdə sanki professorun verdiyi sualı anlamayıb bir də təkrar edərkən özüm özümdən uçundum.
"Necə yəni
Baba müəllimə nə
olub?" Çünki
5 iyunda biz onunla onların "Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində
oturub xeyli söhbət etmişdik. Çöhrəsində həyata,
elmi və ədəbi yaradıcılığa
köklənən bir
hal vardı Baba müəllimin.
Bundan bir gün sonra
isə Baba müəllim
artıq dünyaya göz yummuşdu. Heyif Baba müəllimdən.
Yaxşı insan, məhsuldar tədqiqatçı,
təvazökar yoldaş
idi Baba müəllim.
Ömür-gününü, ülfət-ünsiyyətini ədəbiyyata,
ədəbiyyat tarixiçiliyinə,
ədəbiyyatşünaslığımızın
az öyrənilmiş,
yaxud araşdırılmamış
problemlərinin çözülməsinə
həsr etmişdi. Bu yandan da nəsr yaradıcılığında qələmini uğurla sınamışdı. Neçə-neçə
rəngarəng mövzulu
hekayələrini mətbuat
səhifələrindən, bizə hədiyyə etdiyi kitablarından oxumuşdum Baba müəllimin.
2014-cü
ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
müdafiədən öncə
Baba müəllimin "Azərbaycan
realist nəsrində satiranın
təşəkkülü, inkişaf mərhələləri
və problemləri
(1850-1920-ci illər)" mövzusunda
yazdığı doktorluq
dissertasiyası Elmi seminardan uğurla keçmişdi. Biz də
həmin seminarın üzvü kimi Baba müəllimin dəyərli
bir tədqiqat işi araya-ərsəyə
gətirməsindən ağızdolusu
bəhs etmişdik.
Filologiya
elmləri doktoru Baba
Babayev tədqiq etdiyi mövzu ilə bağlı nəinki Azərbaycan media və mətbuat orqanlarında, həm də respublika və beynəlxalq elmi konfransları və simpoziumlarında Moskva, Kiyev,
Tbilisi, Almatı kimi zəngin elmi reputasiyası
olan mərkəzlərdə
çıxışlar etmişdir.
Azərbaycan realist nəsrində
satira janrının
milli spesifikasını, bizim
müəlliflər tərəfindən
yaradılmış yerli
koloritini səriştəli
nəzəriyyəçi-alim kimi araşdırmışdı.
Baba Babayevin tədqiqatlarında
satira janrının ideya-estetik prinsipləri və qaynaqları, bədii nəsrdə satira və gülüşün poetikası,
komikliyin təzahür
formaları və s. kimi məsələlər
ayıq-sayıq ədəbiyyatşünas-alim
təfəkkürü işığında
Azərbaycan ədəbiyyatı
tarixçiliyinə və
ədəbiyyatşünaslıq elminə ərməğan
edilmişdi. Baba Babayev elmi
potensialı gərəyincə
olan alimlərdən idi. Bundan sonra
onun dissertasiyasının
müddəalarını özündə
əks etdirən monorafik araşdırmasında
da biz əsərin struktur-kompozisiya
elementlərinə, məzmun-mahiyyət
və digər məsələlərə nə
qədər böyük
önəm verdiyinin şahidi olmuşduq. Baba Babayevin istər elmi araşdırmalarında,
istərsə də nəsr yaradıcılığında
onun daim fərdi dünyagörüşünə
və orijinallığa
üstünlük verdiyi
görünməkdədir. Əsərlərinin dolğunluğunu
və konseptuallığını
təmin etmək üçün o, Azərbaycan,
rus və dünya ədəbiyyatşünaslığının
səmərəli yanaşmalarından
yararlanmağı bacaran
alimlərdən idi.
Filologiya
elmləri doktoru Baba
Babayev Azərbaycan realist nəsrində
satiranın çeşidli
problemləri ilə məşğul olmaqla yanaşı, həm də onun araşdırma
prioritetlərində digər
məsələlərə də kompetensiyalı işıq tutmağı özünün məsuliyyəti
hesab edirdi.
Baba müəllim tədqiqatçılıq
səriştəsi ilə
yanaşı, həm də uzun illər
ərzində pedaqoji fəaliyyyətlə yaxından
məşğul olmuşdu.
Onun Azərbaycan ədəbiyyatının müxtəlif
dövrlərini əhatə
edən çeşidli
mühazirələri və
seminar dərsləri tələbələr
arasında lazımınca
dəyərləndirilirdi.
Professionallığı, təfəkkür
aydınlığı, ziyalılığı,
münbit mənəvi
dünyası şəxsiyyəti
ilə bir harmoniya təşkil edir, xeyirxahlığı
isə daxili aləmi ilə uzlaşırdı. O, həyatı
olduğu kimi qəbul etməyi bacaran zəngin təfəkkürlü alimlərdən
idi.
Baba
Babayev müxtəlif illərdə
qələmə aldığı
"Ədəbi etüdlər",
"Mirzə Fətəli
Axundzadənin nəsr
yaradıcılığı", "Ədəbiyyatımızın yaradıcılıq problemləri",
"Əbdürrəhim bəy
Haqverdiyevin məqalə,
məktub və felyetonları", "Həsən
Seyidbəyli həyatı
və yaradıcılığı",
"Həsən bəy
Zərdabinin həyat və yaradıcılığı"
və s. kimi monoqrafik əsərləri
ilə yanaşı, həm də dövrü mətbutda çoxsaylı məqalə
və materiallar müəllifi kimi tanınırdı.
"Ədəbi etüdlər"
araşdırmasında (Bakı,
"Azərbaycan nəşriyyatı",
2018, 188 s.) o, çeşidli bədii təfəkkür
sahibləri Mehdi Hüseyn,
Rəsul Rza, Nigar Rəfibəyli, Süleyman Rüstəm,
Mir Cəlal, Elçin,
Anar, Hüseyn Arif, Cabir Novruz,
Rəşad Məcid,
akademiklər Bəkir
Nəbiyev, İsa Həbibbəyli,
Teymur Kərimli,
professor Təyyar Salamoğlu
və başqa bu kimi söz,
sənət adamları
və ədəbiyyatşünas
alimlərin yaradıcılığının
çeşidli tərəflərindən
söhbət açmışdır.
2021-ci ildə nəşr etdirdiyi "Əbdürrəhim
bəy Haqverdiyevin məqalə, məktub və felyetonları" monoqrafiyasında (Bakı,
"Avropa nəşriyyatı",
2021, 184 s.) müəllif Haqverdiyevin
ədəbiyyat tariximizdə
yerini müəyyənləşdirməklə,
onun milli dramaturgiyamıza
verdiyi əsərlərinin
teatr səhnəmizi
("Yeyərsən qaz
ətini, görərsən
ləzzətini", "Dağılan
tifaq", "Bəxtsiz
cavan", "Pəri
cadu", "Ağa Məhəmməd şah Qacar" və s.) zənginləşdirdiyini, məqalə,
məktub, felyeton və epistolyar irsinin ədəbi düşüncəmizə verdiyi
təkanı da təhlil
edib araşdırmışdır.
Baba Babayevin digər dəyərli əsərlərindən
biri də "Ədəbiyyatımızın yaradıcılıq problemləri"
(Bakı, "Aspoliqraf",
2021, 256 s.) monoqrafiyasında ədəbiyyatımızın yaradıcılıq problemləri
müasirlik müstəvisində
təqdim olunmuşdur.
Diqqət yetirdikdə
görürük ki, burada
Nəsimi, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Tağı
Şahbazi Simurğ, Üzeyir Hacıbəyli,
Abdulla Şaiq, Həsən
Seyidbəyli və b. bu kimi klassiklərimizin
yaradıcılığına çeşidli nəzər
salmağı bacarmışdır.
Baba Babayevin maraqlı araşdırmalarından biri
də "Mirzə Fətəli Axundzadənin
nəsr yaradıcılığı"
(Bakı, "Optimist" MMC çap mərkəzi,
2021, 82 s.) adlı kompakt
məzmunlu monoqrafiyasıdır.
O, Axundzadə nəsrinə
nəzər salarkən
milli bədii nəsrin
təşəkkülünə və formalaşmasına,
"Aldanmış kəvakib"in
ədəbiyyat tariximizdə
ilk bədii nəsr nümunəsi kimi müxtəlif tərəflərinə,
"Felyeton" sərlövhəsi
ilə dərc olunmuş "Qəribə
hekayə" və
s. kimi məsələləri
zəruri şəkildə
işıqlandırmışdır.
Baba müəllimin "Həsən
Seyidbəyli: həyatı
və nəsr yaradıcılığı" (Bakı, "Elm və təhsil", 2022, 220 s.) monoqrafiyasında
isə müəllif bu böyük yazıçı və ssenaristin bədii-publisistikasını,
həyatını və
ədəbi-ictimai fəaliyyətini,
yaradıcılığında boy vermiş nəsr təkamülünü, povest
və romanlarında sosial həyat mənzələrini və
yazıçı fərdiyyətinin
özünəməxsus tərəflərini
uyğun müstəvidə
proyeksiyalaşdırmağı ön plana çəkmişdir.
Filologiya
elmləri doktoru Babayevin yenicə çapdan çıxmış
"Həsən bəy
Zərdabinin həyat və yaradıcılığı"
(Bakı, "Sabah", 2023, 348 s.) monoqrafik tədqiqatında
isə müəllif bu böyük maarifçi və mətbuat banisinin həyat və yaradıcılıq irsini
əsərin üç
çeşidli hissələrində
- Zərdabi irsi klassik və müasir nəzəri təhlildə, darvinist
alim, mühiti və yaradıcılıq istiqamətləri,
"Əkinçi" qəzetindəki
materiallarda, onun maarifçilik ideyalarının
yayılmasında, xeyriyyəçilik
fəaliyyəti kontekstində,
materialist-təbiətşünas alim kimi dünyagörüşünün
özəllikləri, həyat
və fəaliyyətinin
açılmamış səhifələri
və s. kimi məsələləri çevrələməkdədir.
Baba Babayevin bədii yaradıcılıq fəaliyyəti
də yetərincə
zəngin idi. Onun "Günahsız qatil" (Bakı, 2022, 216
s.) hekayələr məcmuəsində
çoxsaylı maraqlı
nəsr nümunələri
toplanmışdır. Fikrimizcə,
"Günahsız qatil",
"Məhəbbət üçbucağı",
"Sevgi cənnətində
cəhənnəm", "Dilarənin taleyi"
"Topal Nurəddin",
"Beşinci güllə",
"Yubiley" və
s. kimi hekayələri,
"Səni axtarıram"
(mənsur şeiri),
"Ay ata" adlı
essesi orijinal təfəkkür məhsulu
olmaqla oxucu diqqətini məşğul
edə biləcək maraqlı nümunələr
sırasındadır.
Qeyd etdiklərimiz göstərir
ki, filologiya elmləri
doktoru Baba Babayevin şəxsində Azərbaycan
ədəbiyyatı və
ədəbiyyatşünaslığı
məhsuldar elmi yaradıcılığa malik olan
bir alimini itirmişdir.
Baba
Babayev heç kəsin
gözləmədiyi halda
Haqqın Dərgahına
qovuşdu. Ədəbiyyat
tarixçiliyimizə, ədəbiyyatşünaslığımıza,
bədii təfəkkür
nümunələri ilə
maraqlananlara çeşidli
nəsr örnəkləri
qoyub getdi...
Allah rəhmət eləsin! Yeri behiştlik olsun!
Nizami Məmmədov Tağısoy
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.24.